03 Dekabr 2019 19:16
1121
Elm və texnika
A- A+

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb


Dekabrın 3-də Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 100 illik yubileyi münasibətilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq universitetin öz məzunları üçün keçirdiyi "BDU xatirələrdə” və KİV nümayəndələri arasında elan etdiyi "100 ilin zirvəsində” müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə rektor Elçin Babayev açaraq 100 yaşlı universitetin tarixinə nəzər salıb. Bildirib ki, 100 il bir zərrədir, zərrədən də kiçikdir. Amma onun ictimai-siyasi, elm-təhsil mühitinə verdiyi töhfədən danışırıqsa, 100 illik tarix kifayət qədər zəngin və əhəmiyyətli bir dövrdür. Müxtəlif formatlarda keçirilən yubiley tədbirləri haqqında məlumat verən rektor yekun tədbirin Prezident İlham Əliyevin iştirakı ilə noyabrın 26-da qeyd edildiyini bildirərək dövlət başçısının yubiley tədbirində iştirakını universitetin timsalında elmə, təhsilə böyük dəstək, xüsusi münasibət kimi qiymətləndirib.

Universitetin 100 illiyinə həsr olunmuş Məzun Forumundan və yekun olaraq məzunlar arasında akademik, elmi, texnoloji və biznes sahələrində əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün "Beynəlxalq Məzun Assosiasiyası”nın yaradılmasından danışan rektor yubileylə əlaqədar kitabların nəşr olunduğunu, "Bakı Universiteti” qəzetinin xüsusi buraxılışının hazırlandığını, pul sikkələrinin və markaların buraxıldığını diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin təhsil aldığı Bakı Dövlət Universitetinin məzunu statusunu daşımağın şərəfli olduğunu vurğulayan rektor "100 ilin zirvəsində” adlı müsabiqədə qalib olanların əsasən universitet məzunları olduğunu bildirib.

Müsabiqəyə təqdim edilmiş yazılar və xatirələr haqqında məlumat verən rektor yazıların münsiflər heyəti tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb.

Sonra qaliblər elan edilib. KİV nümayəndələri arasında elan edilmiş "100 ilin zirvəsində” adlı müsabiqədə 1-ci, 2-ci və 3-cü yerin ümumilikdə altı nəfər qalibi müəyyənləşib. Digər 4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov "Bu universitet bir palıd ağacına oxşar ki...” yazısına görə 1-ci yerə layiq görülüb. Real TV-nin xüsusi müxbiri Ləman Ələşrəfqızı "Mənim universitet xatirələrim” və Lent.az saytının xüsusi müxbiri Səbuhi Məmmədli "Güllələnən 4 rəhbər, Uruqvaydan məktub, Moskvaya qəfil teleqram” yazılarına görə 2-ci, Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova "Mənim doğma universitetim”, "525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva "Əsrin zirvəsində parlayan elm ocağı” və "Yeni Azərbaycan” qəzetinin əməkdaşı Aqşin Şahinoğlu "Azərbaycan təhsilinin flaqmanı. İlk milli universitetimiz 100 yaşında” yazılarına görə 3-cü yerin qalibi olublar.

Birinci yerin qalibinə 1000, ikinci yerin qaliblərinin hər birinə 500, üçüncü yerin qaliblərinə isə 300 manat pul mükafatı və universitetin xüsusi diplomu təqdim edilib.

Tədbirdə Azərbaycan radiosunun əməkdaşı Zaur Rzayevə "İllərin tarixi” adlı radioverilişinə, "İqtisadiyyat” qəzetinin əməkdaşı Mətanət Hüseynovaya "BDU 100 ilin zirvəsində”, Məktəbguşəsi.az saytının əməkdaşı Orxan Qərimana "Sarsılmaz məbəd – Bakı Dövlət Universiteti 100” və müstəqil jurnalist Aytəkin Alxaslıya "Müqəddəs məkanım mənim” adlı yazılarına görə 200 manat pul mükafatı və universitetin xüsusi diplomu təqdim olunub.

Bundan əlavə, müsabiqəyə yazı təqdim edən Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi, "Olimpiya dünyası” qəzetinin əməkdaşı Kənan Novruzov "100 ilin zirvəsində”, Heydər Əliyev adına liseyin 10-cu sinif şagirdi Nuray Məmmədli isə "Qovuşacağımız günə az qaldı” yazılarına görə mükafatlandırılıblar.

Tədbirdə universitet məzunları arasında elan edilmiş "BDU xatirələrdə” müsabiqəsinin qalibləri də elan edilib. Birinci yerə Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2002-ci il məzunu, Mingəçevir Dövlət Universitetinin əməkdaşı Cəmilə Musayeva, ikinci yerə Tarix fakültəsinin 2007-ci il məzunu, Türkiyə Respublikası, Diyarbəkir Polis İdarəsi Təhlükəsizlik şöbəsinin əməkdaşı İbrahim Karataş, üçüncü yerə isə Jurnalistika fakültəsinin 1994-cü il məzunu, "Paralel” qəzetinin əməkdaşı Nigar Vaqifqızı layiq görülüblər.

Qaliblərdən bəzilərinin yazısı "Bakı Universiteti” qəzetinin "BDU-100” xüsusi buraxılışında dərc olunub.

Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli və digər çıxış edənlər qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video