03 Dekabr 2019 11:14
850
İQTİSADİYYAT
A- A+

Bakıda ECO ölkələrinin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclası keçirilib


Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparatının və tabeli qurumlarının mütəxəssisləri, üzv ölkələrin kənd təsərrüfatı nazirliklərinin mütəxəssisləri və ECO-nun müvafiq qurumlarının nümayəndələri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin təmsilçiləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının rəsmiləri iştirak edib.

AZƏRTAC xəbər verir ki, iclası açan Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkə iqtisadiyyatının digər sahələri kimi, aqrar sahənin də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib: "Artıq aqrar sektorda yeni iqtisadi münasibətlər yaranıb, bu sahənin idarəetmə strukturunun dövrün tələblərinə uyğun olaraq formalaşdırılması, dövlət dəstəyi siyasətinin təkmilləşdirilməsi, istehsal edilən məhsulların rəqabətədavamlılığının artırılması ilə bağlı stimullaşdırıcı tədbirlərin görülməsi bu sahənin son dövrlərdə inkişafına təkan verən amillərdən biri olub. Məhz bunun nəticəsidir ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar nəticəsində kənd təsərrüfatında artım tempi dayanıqlı xarakter alıb, dinamik inkişaf trendi cari ildə də davam edib. 2019-cu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 7,1 faiz artım qeydə alınıb və aqrar sektorun ÜDM-də payı 6,2 faizə çatıb”.

Nazir müavini əlavə edib ki, dayanıqlı inkişaf məqsədlərinə, xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün qida və ərzaq təhlükəsizliyinin bütün mərhələləri üzrə beynəlxalq əməkdaşlığın formalaşdırılması zəruridir: "ECO-ya üzv ölkələr arasında əməkdaşlıq həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi olaraq davam etdirilir. İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında elmi tədqiqat sisteminin inkişafı, mütərəqqi təcrübələrin mübadiləsi, müasir texnologiyalar və metodologiyaların ötürülməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi nailiyyətlərin paylaşılması və digər əməkdaşlıqlar üçün vacib platformadır”.

Tədbirdə çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinin kənd təsərrüfatı və sənaye üzrə direktoru Memduh Unal bildirib ki, Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirləri uğurla davam etdirir: "Son 15 ildə Azərbaycan ECO ölkələri arasında iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə olub. Eyni zamanda, Azərbaycan təşkilata üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişafına dəyərli töhfələr verir”.

İclasda üzv ölkələr arasında iqtisadi əlaqələr, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ECO ölkələrində kənd təsərrüfatı sahəsində əməkdaşlığın artırılması və ölkələrarası ticarətin genişlənməsi üçün böyük potensial var.

Daha sonra ECO-ya üzv ölkələrin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlər qrupunun V iclasının sədri seçilib və gündəlik təsdiqlənib. Tədbirdə "ECO-Vision 2025”in kənd təsərrüfatına aid hissəsinin həyata keçirilməsi yolları ilə bağlı müzakirələr aparılıb. Həmçinin tədbirdə ECO-ya üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin V iclasından bəri Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Fəaliyyətinə dair Katibliyin Tərəqqi Hesabatının təqdimatı olub. Gündəliyə daxil edilən digər məsələlər də ECO-ya üzv ölkələrin ekspertləri tərəfindən geniş müzakirə olunub və razılaşdırılıb. Bundan başqa, Kənd Təsərrüfatı Nazirlərinin VI iclasının gündəliyinin layihəsi müzakirə olunaraq qəbul edilib.

Qeyd edək ki, sabah "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Kənd Təsərrüfatı Nazirlərinin VI iclası işə başlayacaq. İclasda ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri, təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, aqrar sahə üzrə ekspertlər iştirak edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video