03 Dekabr 2019 01:04
1156
SİYASƏT
A- A+

Siyasi tariximizdə mütərəqqi ilk


Dövlətin qüdrətini göstərən əsas əlamətlərdən biri də budur ki, verdiyi qərarların, atdığı addımların hədəfləri sabahda, birigündə yox, bir neçə onilliklər sonrada görünsün.

Milli dövlətçilik tarixində belə bir mərhələyə gəlib çatmaq nə qədər xalqa nəsib olur, amma?!

Bu səviyyəyə yetişməkdən ötrü gərək çox böyük əziyyətlərdən, sınaqlardan keçəsən. Saysız-hesabsız maneələri aşmağa, üzərinə gələn təhlükələri dəf etməyə təpərin olsun.

Ən mühümü isə xalqın dəstəyindən güc alan ərdəmli, qətiyyətli liderin bu işin misilsiz fədakarlıqlarını üzərinə götürüb toplumu öz dövlətçilik ideallarına qovuşdursun. Dövlətin, xalqın yaxın keçmişi, bugünü qədər gələcəyinin də aydın mənzərəsini yarada bilsin.

Müstəqilliyimizin ilk illərində, onillər sonranı düşünmək nədir, bu gündən sabaha ümidimizin kəsildiyi vaxtlar vardı. O zamanlar ağır təlatümlər içində, hər tərəfdən qəlbimizi sıxan saysız-hesabsız çətinliklərin məngənəsində cəmi beş-altı il sonranın müstəqil Azərbaycanı çoxumuza xəyal kimi görünürdü, bunu da etiraf edək.

Ümummilli Lider Heydər Əliyevin varlığı, 1993-cü ildə dövlət rəhbərliyinə gəlişi, bu böyük dövlət adamının millətin önünə düşməsi can evimizdə günəş boyda ümid çırağı yandırdı.

Heydər Əliyev Azərbaycanın yönünü müəyyənləşdirdi, istiqamətini nişan verdi. Bu minvalla, gələcəyə doğru uzun, incə bir yolumuz yavaş-yavaş zülmətdən, sərt dolanbaclardan aydınlığa çıxmağa başladı...

***

Günlərdən 2017-ci ilin 14 sentyabr günü...

"Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılır.

İmzalanma mərasimini əks etdirən görüntülər ən yeni tariximizin əlamətdar mənzərəsini yaradır, mənsə o görüntüləri izləyə-izləyə belə bir həqiqətin məmnunluğunu bütün ruhumla duyuram ki, Heydər Əliyevin nişan verdiyi istiqamətlə çox böyük bir yol gəlib arzusunda olduğumuz mərhələyə, nəhayət gəlib çata bilmişik. Şükürlər olsun!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqı, dövləti xəyallarımızın ünvanına, ümidlərimizin çiçəkləndiyi çağa yetirib. İndi elə bir dönəmdəyik ki, bu çağda verilən qərarların əhatə dairəsi günləri, ayları, illəri deyil, onilliklər, yarım əsrlər, əsrlər sonranı ehtiva edir.

2050-ci il...

Sabah, biri gün, daha biri gün, bir ay, bir il sonra yox, bu sətirlərin yazıldığı zamandan baxsaq, düz 31 ildən də o tərəfi...

Deməli, 2050-ci ildə də, ondan sonrakı onilliklər, əsrlər ərzində də müstəqil Azərbaycan dövləti var olacaq, dünyada səsimiz, ünümüz daha yüksəkdən eşidiləcək, ölkəmiz yeni başlanğıclara, yeni inkişafa, yeni nailiyyətlərə imza atacaq.

Cənab İlham Əliyevin təməlini qoyduğu bütün qlobal mahiyyətli layihələr, atdığı addımlar, yaxın perspektivlə yanaşı, uzaq gələcəyin də müjdəsidir, əslində. 2050-ci il rəqəmi isə düşüncələrimdə ona görə boy göstərir ki, bu yuvarlaq tarixdə Azərbaycanın güvənli sabahı ilə bağlı ümidlərimizin artıq faktlaşdığını, konkret rəqəmlərlə ifadə olunduğunu görürəm.

Ən önəmlisi isə bu, bizim arzu və ümidlərimiz qədər həm də dünyanın böyük güclərinin, hər qərarını əvvəlcədən azı min dəfə ölçüb-biçən ehtiyatlı xarici sərmayədarların ölkəmizin gələcəyi ilə bağlı xatircəmliyidir, əminliyidir.

Müstəqil dövlətimizi bu reallıqlar dövrünə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çevik qərarları, həyata keçirdikləri davamlı islahatlar, bu islahatların effektiv nəticələri yetirib.

***

Qlobal dünyanın bir hissəsi kimi Azərbaycan da indi zamanla yarışır. Zamansa çox sürətlənib.

Elə bir əyyamda yaşayırıq ki, dünyanın gözlərimiz önündə necə dəyişdiyini, az qala, saatbasaat hiss etmək olur. Tarixin bütün dövrlərində olduğu kimi bu dövrün də qalibləri, zamanın sürəti ilə ayaqlaşa bilənlər, vaxtla birgə yenilənməyi bacaranlar, ilk baxışdan çətinlik kimi görünənləri yeni inkişaf imkanlarına çevirə bilənlər olacaq.

Azərbaycan Prezidentinin apardığı köklü islahatların əsas məqsədləri də budur. Qeyd etdiyim kimi, qarşıda əhatə dairəsi əsrlərlə ölçüləsi böyük dövlətçilik hədəfləri var. Bu hədəflərə çatmaqdan ötrü vaxtın diktəsinə uyğun mühit formalaşdırılmalıdır, ənənələr yaradılmalıdır, davamlı inkişaf proseslərini hər zaman təmin edə biləcək əsaslar möhkəmləndirilməlidir.

Bütün bunlar isə ancaq sistem islahatları sayəsində mümkün ola bilər. Cənab İlham Əliyev də bu gün Azərbaycanda məhz sistem islahatları aparır. Bu islahatların məqsədi elə bir sistem qurmaqdır ki, burada dövlətin bütün qollarına aid strukturlar saat mexanizmi kimi bir-birini hərəkətə gətirsin, biri digərini yubatmasın, hərəkətinə əngəl törətməsin, biri o birini tamamlasın. İş tempi, sürəti bir-birinə tən gəlsin. Yoxsa ümumi sistemin bir hissəsində islahatlar aparıb, digərini diqqətdən kənarda qoymaqla mexanizmin effektiv fəaliyyəti, nəticə yönümlü işi alınmaz.

Yeni Azərbaycan Partiyasının deputat korpusunun V çağırış Milli Məclisin buraxılaraq qanunverici orqanının tərkibinin yenidən formalaşdırılması ilə bağlı parlamentə müraciəti də islahatların kompleks mahiyyətindən, konseptual məzmunundan irəli gəlir.

Və partiyadaşım olan deputat həmkarlarımla birgə biz belə bir qərarı zəruri saydıq.

***

Hakim partiyanın bu qərarı, ilk növbədə, ölkəmizin bu günü və gələcəyi ilə bağlı Yeni Azərbaycan Partiyasındakı yekdil mövqeyin, apardığı inkişaf siyasətində Azərbaycan Respublikasının Prezidentinə dəstək əzminin nümunəsi kimi rəğbət doğurur. İyirmi-otuz nəfərlik üzv arasında hansısa məsələdə vahid fikrə gələ bilməyib, bir neçə yerə parçalanan firqələri çox görmüşük. Yeni Azərbaycan Partiyasının uğur sirri isə bundadır ki, Ulu Öndər Heydər Əliyevin təbirincə desək, dünənin, bu günün və gələcəyin partiyasının bütün qərarları xırda şəxsi maraqlara deyil, ümumdövlət mənafeyinə əsaslanır. Çoxluğun istəklərini, cəmiyyətin sosial sifarişlərini əks etdirir.

Yeni Azərbaycan Partiyasının yüz minlərlə üzvü, daha geniş götürsək, ümumən Azərbaycan vətəndaşları Prezidentin hakimiyyətin icraedici qolunda apardığı islahatların necə müsbət mənzərə yaratdığını görürlər.

Məhz bu islahatlar sayəsində Azərbaycan iqtisadiyyatının bütün sahələrində, xüsusən də qeyri-neft sektorunda böyük canlanma yaranıb. Ölkədə biznes mühiti yaxşılaşıb. Şəffaflıq, azad rəqabət şəraiti təmin edilib. Uzun müddət vətəndaşların haqlı narazılığına səbəb olan bir çox problemlər yoluna qoyulub və qoyulur. Bütün bunlar beynəlxalq ekspertlər tərəfindən də yüksək dəyərləndirilir, həmçinin nüfuzlu qlobal hesabatlarda, reytinq cədvəllərində Azərbaycanın ildən-ilə yaxşılaşan mövqeyində ifadə olunur.

Prezidentin islahatlar konsepsiyasının icrasını həyata keçirən hökumətin tərkibinin daha da təkmilləşdirilməsi, eyni zamanda, dövlət aparatında aparılan köklü dəyişikliklər bu xüsusda mühüm əhəmiyyət kəsb edir. Prezident təşəbbüskarlığı, çevikliyi, səmərəliliyi, şəffaflığı, məsuliyyəti, vətəndaşa həssas münasibəti öz məmurları qarşısında əsas tələblər kimi qoyur.

Prezident yeni islahatlar kursunun icrasını təcrübəli mütəxəssislərə, gənclərdən ibarət peşəkarlar komandasına həvalə edir. İcraedici hakimiyyət strukturlarının rəhbərliyinə cavan, enerjili, müasir inkişaf trendlərinə bələd, peşəkar menecment biliklərinə malik kadrlar gətirilir. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq onlar öz fəaliyyət sahələri üzrə cəmiyyət üçün çox faydalı layihələr yerinə yetirirlər.

***

Bu prosesin davamı olaraq dövlət rəhbərimiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında da struktur dəyişiklikləri apardı. Bu qurumu dövrün reallıqlarına uyğunlaşdırdı. Administrasiyanın strukturunu optimallaşdırdı, onun daha effektiv çalışmasından ötrü zəruri təshihlərini etdi, əvvəlki kadr heyətinin böyük hissəsinə yenidən etimad göstərməklə yanaşı, bu quruma indiyə qədər müxtəlif sahələrdə çalışaraq özünü doğrultmuş təcrübəli kadrlar da cəlb etdi.

İcraedici hakimiyyətdə aparılan islahatlar bu sistemdə köklü yeniliklərə vəsilə olur, inkişafa təkan verir, dövlətin mövcudluq və müstəqilliyin davamlılıq şərtlərini təmin edən inzibati amilləri gücləndirir. İlham Əliyev yeni hədəflərə daha modern və səmərəli idarəçilik modeli ilə addımlayır.

***

İstənilən islahatın, yenilik qərarının ən mühüm nəticəsi onun sadə insanların həyatında yaratdığı müsbət dəyişikliklərdir. Azərbaycan vətəndaşları da Prezidentin həyata keçirdiyi islahatları ona görə dəstəkləyirlər ki, bu dəyişikliklərin xoş təsirlərini gündəlik güzəranlarında duya bilirlər.

Əgər indi vətəndaş hər hansı problemi, qayğıları ilə bağlı sözünün, ərz-halının dövlət qurumlarında daha həssaslıqla dinlənildiyini, müşküllərinə əncam çəkildiyini görürsə, hər hansı çətinliklə üzləşdiyi an dövləti yanında hiss edirsə, həyata keçirilən infrastruktur layihələrindən, sosial proqramlardan faydalanırsa, bu islahatlara təbii ki, dəstək verəcək və müsbət dəyişikliklərin davamlı olmasını arzulayacaq.

Bu gün ölkəmizdə müxtəlif istiqamətlər üzrə həyata keçirilən islahatların öz məqsədinə çatmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fədakar əməyi var.

Ötən əsrin 90-cı illərinin ortalarından ictimai missiyası ilə cəmiyyətimizin yüksək rəğbətini qazanmış Mehriban xanım Əliyeva xüsusilə 2004-cü ildən rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ilə yüksək təşkilatçılığın, nəticəyönümlü işin, insanlara və insanlığa xidmətin parlaq nümunəsini formalaşdırdı. Saleh əməlləri Azərbaycan insanının qəlbində sevgi, xeyirxahlıq, mərhəmət abidəsi ucaltmış Mehriban xanıma daha geniş fəaliyyət imkanının yaradılması, onun mükəmməl təşkilatçılıq, menecerlik bacarıqlarından daha geniş əhatədə istifadə edilməsi ümumxalq arzusu idi.

Bütün qərarlarında toplumun arzularını əks etdirən dövlət rəhbərimiz isə insanların bu istəyini də yerinə yetirdi. Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edildi. Dövlətə, xalqa layiqli xidməti ilə insanların ona olan inamını, Prezidentin yüksək etimadını növbəti dəfə doğrultdu. Ölkədə sosial sahədə aparılan islahatlar birmənalı olaraq məhz Mehriban Əliyevanın fəal icraçılığı, novator təşəbbüskarlığı ilə reallaşdırılır. Amma Birinci vitse-prezidentin fəaliyyət hüdudları şübhəsiz ki, təkcə bu sahə ilə məhdudlaşmır və o, Prezidentin ardıcıl islahatlar kursuna digər sahələrdə də dəstək verir. Onun ictimai obrazı, insanların Mehriban xanım Əliyeva şəxsiyyətinə olan yüksək rəğbəti aparılan islahatların məqsədi, məramı, gözlənilən nəticələri haqqında daha aydın təsəvvür formalaşdırır və atılan addımlara inamı artırır.

***

Şübhəsiz ki, islahatların cəmiyyətin bütün sahələrini əhatə edə bilməsindən ötrü onun hakimiyyətin digər əsas qollarından olan qanunverici hakimiyyətdə də getməsi vacibdir. Azərbaycan parlamentinin yenilənməsi, müasirləşməsi, islahatlar sferasına cəlb olunması Prezidentin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə əlavə təminatdır.

Bununla Azərbaycanın bütün həyatını, hakimiyyətin bütün sferalarını əhatə edən yeniləşmə, müasirləşmə, islahatlar konsepsiyasının əhatə dairəsi daha da genişlənir və bu zəmində ölkəmizin daha sürətli inkişafı üçün daha əlverişli, daha etibarlı imkanlar əldə olunur, həmin imkanlardan faydalanmaq üçün şərait yaranır.

İnkişafın Azərbaycan modelinin əsas xüsusiyyəti də elə budur ki, ölkəmizdə sosial-iqtisadi inkişaf prosesləri hər zaman hüquqi-siyasi təkmilləşmə işinə və demokratikləşməyə paralel aparılıb. Bu iki istiqamət heç vaxt bir-biri ilə ziddiyyətə girməyib. Əksinə, bir-birini tamamlayıb, bir-birinə yol açıb. Biri digəri üçün mühit formalaşdırıb.

Bu, sağlam inkişafın başlıca qanunauyğunluğudur. Yeni dünyaya gəlmiş normal bir körpənin bədən üzvləri, ağlı, şüuru, təfəkkürü, nitqi bərabər inkişaf etdiyi kimi, canlı orqanizmə çox bənzəyən cəmiyyətdə də inkişaf prosesləri bir-birini tamamlamalıdır. İqtisadi yüksəlişi olmayan, insanları ac-yalavac qılınca çapan cəmiyyətdən demokratik meyarlar uma bilməzsən. Demokratiya haqqında moizələrin övladı evdə aclıqdan ağlayan valideynə əsla çatmaz. Bir ata sözümüzdə deyildiyi kimi, "Aca Quran oxumaq haramdır”. Amma mükəmməl hüquqi-siyasi prinsiplərin sabitləşmədiyi dövlətlərdə də əsaslı sosial-iqtisadi nailiyyətlər mümkün olmaz. Belə şəraitdə nə qədər nailiyyət qazanırsan, qazan, anidən yaranan xaos, anarxiya mühiti bir anda hamısını dağıdıb yerlə-yeksan edəcək. Ona görə də yalnız hüquqi dövlət institutlarını inkişaf etdirən, demokratik dəyərlərə xitab edən, şəffaf seçki prosesini davamlı olaraq təkmilləşdirən dövlət dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yarada bilər.

Və Azərbaycan illərdir ki, bunu bacarır, bacarıb və yenə də bacaracaq.

***

Müstəqil Azərbaycan Respublikasında indiyə qədər Milli Məclisə V çağırış seçki olub. Parlamentin hər çağırış üzrə yenilənən tərkibi öz dövrü üçün böyük işlərə imza atıb. Ölkəmizin demokratik inkişafında, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu işlərində, təkmil qanunvericilik bazasının formalaşdırılmasında mühüm işlər görüb.

İndi isə dövrün reallıqları, yenilənmə meyilləri, ölkəmizin bu günü və gələcəyi ilə bağlı taleyüklü qərarların verilməsi Milli Məclisin də xalqdan yeni etimad mandatı almasını zəruri edir. Qeydlərimin əvvəlində də qələmə aldığım kimi, bu gün üzərində işlənən layihələr, proqramlar üç günlük, beş günlük müddət üçün deyil, böyük strateji dövrlər üçün nəzərdə tutulur. Onların əksəriyyəti qarşıdakı onillikləri hədəf götürür. Azərbaycanın gələcəyi üçün bu qədər mühüm, strateji qərarları səlahiyyət müddətinin başa çatmasına cəmi bir il qalmış Milli Məclisin verməsi hüquqi baxımdan tam doğru olsa da, mənəvi baxımdan bir qədər tərəddüd yaradır. Azərbaycan vətəndaşı mövcud Milli Məclisin tərkibini tamam başqa reallıqlar dövründə seçib. Bu tərkibdən gözləntiləri də başqa olub. 2015-ci ildə keçirilmiş seçkilərdən sonra ölkədə köklü dəyişikliklər baş verib. Xüsusilə 2017-ci il referendumundan sonra Azərbaycanın həyatında böyük yenilənmə olub. Belə bir şəraitdə daha ədalətli olar ki, ölkə vətəndaşına qanunverici orqanın tərkibinə də yeni reallıqlar prizmasından baxmaq üçün imkan tanıyasan.

***

Seçkilərin müddətinin təxminən 9 ay əvvələ çəkilməsi yeni islahatlar kursunun vacib proqramlarının icrasını tez bir zamanda başlamaq üçün parlamentin xalqdan yeni etimad mandatı alması məqsədi daşıyır. Nəticə etibarilə, yeni parlament islahatların gedişinin daha da sürətlənməsinə və onun qanunvericilik bazasının təkmilləşməsinə kömək göstərəcək.

Digər tərəfdən, düşünürəm ki, bununla vətəndaşlara da islahatları kənardan seyr etmədən öz səsləri ilə bu prosesdə bilavasitə iştirak imkanı yaradılır.

VI çağırış Milli Məclisə seçkilərin tarixi yaxın vaxtlarda bəlli olacaq. Azərbaycan insanı münasib bildiyi, ölkəmizin, cəmiyyətimizin inkişafından ötrü daha adekvat saydığı, bir sözlə, parlamentdə onu təmsil etməkdən ötrü ən layiqli namizədə etimad göstərməklə Azərbaycan Prezidentinin islahatlar kursuna öz töhfəsini verə bilər.

Çeviklik, zəruri qərarların yubanmadan verilməsi və onların icrasına başlanması, eyni zamanda hesabatlılıq bir lider kimi cənab İlham Əliyevin əsas xüsusiyyətlərindəndir. Yeni iqtisadi-siyasi situasiya islahatların daha geniş əhatədə həyata keçirilməsi ilə yanaşı, həm də vacib qərarların yalnız icraedici orqan miqyasında deyil, həm də qanunverici hakimiyyət səviyyəsində də müasir meyarlarla operativ qəbulunu tələb edir. Əlbəttə, əsas söz yenə də seçicinindir və Milli Məclisin yeni tərkibinin kimlərdən ibarət olmasını yenə də əlahəzrət seçici müəyyənləşdirəcək. Amma Milli Məclisin deputatı kimi yox, şəxsən sıravi bir seçici kimi, mənə görə parlamentin yeni tərkibində, zəngin parlamentarizm təcrübəsinə, qanunvericilik sahəsində səriştəyə malik şəxslərlə yanaşı, müasir dünyanın sosial-iqtisadi inkişaf trendlərini yaxşı bilən, təşəbbüskar, verilən qərarların məzmununu cəmiyyətə sadə və aydın şəkildə doğru-dürüst izah etməyi bacaran, insanlarla yüksək kommunikasiya mühitində çalışmaq imkanlarına malik üzvlər də olmalıdır.

Belə bir parlament aparılan islahatlara, baş verən əsaslı yeniliklərə ümumxalq etimadını daha da gücləndirəcək, cəmiyyətdə hüquqi maarifləndirmə işlərini genişləndirəcək, sivil inkişafın cövhəri olan təfəkkür dəyişikliyinə də rəvac verəcək.

Yeniliyə, müasirliyə, ölkənin, cəmiyyətin ruhunun daim təzələnməsini özünə ad seçən, amal kimi müəyyənləşdirən bir partiyanın ən böyük istəyi də elə bu deyilmi?!

***

Yeni Azərbaycan Partiyasına bu adı partiyamızın qurucusu, Ulu Öndərimiz Heydər Əliyev qoyub. Partiya da hər zaman adını doğrultmağa, yaradıcılarının, ümumən cəmiyyətimizin onun varlığına, fəaliyyətinə olan ümidlərini doğrultmağa çalışıb. Yeni Azərbaycan Partiyası inkişaf proseslərində bir novatordur. Bu partiya Azərbaycanının siyasi tarixindəki bir çox mütərəqqi yeniliklərin müəllifidir.

Əslində, partiya funksionerlərimizin də qeyd etdikləri kimi, ötən əsrin 90-cı illərinin əvvəllərindəki siyasi xaos, hərki-hərkilik, qaragüruhun söz sahibi olduğu mühitdə, cəmiyyətin taleyinə görə narahatlıq hissi keçirən, ölkənin və xalqın gələcəyini düşünən ziyalılarımızın fəal iştirakı ilə 27 il əvvəl belə bir partiyanın yaradılması ən mühüm yeniliklərdən idi.

27 il bir igidin ömrüdür. Böyük tarixdir. Ən önəmlisi isə Yeni Azərbaycan Partiyasının öz fəaliyyəti ilə yaratdığı bu 27 illik tarix Azərbaycanın müstəqillik tarixinin şərəfli parçasıdır.

Partiyamızın sıralarında indi yüz minlərlə insan var. Onlar arasında cəmiyyət həyatının bütün qütblərini təmsil edən insanlara təsadüf etmək olar. Amma kimliyindən, hansı sahədə çalışmasından, təhsil səviyyəsindən asılı olmayaraq Yeni Azərbaycan Partiyası yarandığı ilk günlərdən olduğu kimi yenə də ziyalıların, xalqın gələcəyini düşünən insanların partiyası olaraq qalır, inkişaf edir və özü ilə birgə cəmiyyətin də inkişafına töhfə verir. Kimliyindən asılı olmayaraq bütün partiyadaşlarımızı dövlətçilik idealları, azərbaycançılıq düşüncəsi, müstəqilliyimizin daimiliyi, əbədiliyi qayəsi birləşdirir.

Ona görə də partiyamız öz taleyüklü qərarları, yeni, orijinal yanaşmaları, gələcəyə baxışları, təşkilati ənənələri ilə həmişə fərqlənib.

V çağırış Milli Məclisin buraxılması barədə müraciəti də Yeni Azərbaycan Partiyasının ölkəmizin parlamentarizm tarixinə gətirdiyi daha bir maraqlı yenilik oldu.

Əslində, parlamentlərin buraxılması, yenidən seçilməsi başqa ölkələrin həyatında yeni bir hal deyil. Yaxın-uzaq ölkələrdə buna dəfələrlə şahid olmuşuq. Az qala iki-üç ildən bir növbədənkənar parlament seçkiləri keçirilir. Görürsən ki, parlament seçkisi keçirildi, bir neçə iclasdan sonra hansısa məsələlərdə fikir ayrılıqları yarandı, yaxud dövlətdə ikitirəliklər, siyasi təlatümlər başlandı və ölkə rəhbərliyi parlamenti buraxıb yenidən seçki təyin etmək qərarına gəldi. Hamı da bunu adi, sıradan təcrübə kimi qəbul edir və belə qərarlarda qeyri-adi nəsə axtarmır.

Bizdə də necə deyərlər, stəkanda fırtına qoparmağa gərək yoxdur.

Ölkəmizdə növbədənkənar parlament seçkisi siyasi tariximiz üçün mütərəqqi ilk olacaq. Amma bunu təkcə Azərbaycanın deyil, dünyanın yeni siyasi tarixindəki ilklərdən də saymaq olar. İlk dəfədir ki, hansısa ölkədə siyasi xaosun, gərginliklərin, fikir ayrılıqlarının, qarşıdurmaların deyil, məhz dinamik inkişafın diktəsi ilə parlamentin buraxılmasına qərar verilir, hakimiyyət qollarında aparılan islahatların uzlaşdırılması, proseslərin paralelliyinin təmin olunması üçün çoxluq parlamentin yenidən formalaşdırılmasını zəruri sayır. Bununla ölkənin inkişafına, dövlətçilik institutlarının möhkəmlənməsinə, effektiv fəaliyyətinə zəmin yaradır. Ölkənin hər bir vətəndaşına islahatlar prosesində öz səsi ilə şəxsən iştirak imkanı verir.

***

Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sivil seçki ənənələrinin yaradıcısıdır, həm də... Milli Məclisin buraxılması barədə müraciəti isə partiyamızın həm də seçkiyə hazırlıq qərarı saymaq olar. Yeni Azərbaycan Partiyası uzun illər ərzində ölkəmizdə keçirilən bütün seçkilərin alternativsiz qalibi olub.

Partiyamız VI çağırış Milli Məclisə seçkilərə də böyük ruh yüksəkliyi, qələbəsinə şəksiz inam, zəfər əzmi ilə gedir. Bu, partiyanın qurucusu, Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası qarşısında müəyyən etdiyi dövlətçilik yolunun yaratdığı əminlikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə qazandırdığı tarixi nailiyyətlərin xatircəmliyidir. Aparılan davamlı islahatlara Azərbaycan vətəndaşlarının verdiyi dəstəkdir.

Adətən partiyalar, namizədlər seçkilərə platformalar, proqramlar, seçicilər qarşısında vədlərlə gedirlər. Yeni Azərbaycan Partiyasının hər bir namizədinin seçki platfoması, proqramı, vədləri bu gün cənab İlham Əliyevin ölkəmizin gələcəyi, vətəndaşlarımızın rifahı üçün gördüyü işlərdir. Bu işlərlə ortaya qoyulan nəticələrdir. Cəmiyyət Yeni Azərbaycan Partiyasının və partiyamızın dəstəklədiyi bitərəf namizədlərin simasında bu siyasətə, bu işlərə, bu nəticələrə dəstək verəcək.

Cəmiyyət ən layiq olanları seçəcək.

Azərbaycan seçicisi tarixiliklə müasirliyin, ənənə və novatorluğun, yaşlıların müdrikliyi ilə gənclərin enerjisinin vəhdətinə səs verəcək.

Yaşından asılı olmayaraq cəmiyyət üçün fayda verən, ölkənin davamlı inkişafına töhfələr gətirən hər bir layiqli namizəd Milli Məclisə xalqdan mandat qazanacaq.

Beləliklə, növbədənkənar parlament seçkiləri Azərbaycanın milli dövlətçilik tarixində yeni bir başlanğıca çevriləcək.

Vətənə, millətə xeyirli-uğurlu olsun.

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video