30 Noyabr 2019 01:23
1574
SİYASƏT
A- A+

Dinlərarası və mədəniyyətlərarası dialoqun önəmli platforması


Elm və texnologiyalar maddi aləmə təsir imkanlarını genişləndirdikcə insanın mənəvi dünyası ilə bağlı problemlər də artır. Bəşəriyyət müasir inkişafın mövcud səviyyəsində mədəniyyətlər arasında toqquşmalar, dini dözümsüzlük, ksenefobiya kimi mənəvi xəstəliklərlə üz-üzə dayanır.

Ona görə də müasir dünyamızda insanın qarşısında duran bəşəri problemlərin həlli üçün mədəniyyətlər, o cümlədən dinlər arasında dialoqa nail olmaq ən mühüm vəzifədir.

Dünya dini liderlərinin Bakıda keçirilən II sammiti məhz bu məqsədə xidmət edirdi. İlk dəfə təxminən 9 il əvvəl - 2010-cu ilin aprelində də məhz paytaxtımızda keçirilmiş I sammitdən sonra bu, Azərbaycanın evsahibliyi etdiyi ikinci belə tədbir idi.

Azərbaycanın bu gün islam sivilizasiyasının əsas mərkəzlərindən birinə çevrilməsi tarixi təkamül proseslərinin məntiqi yekunu kimi mümkün olub. Əsrlərin sərt sınaqlarından üzüağ çıxan xalqımız tarixinin ən keşməkeşli, çətin anlarında belə insanlığın yüksəlişinə, mənəviyyatın təntənəsinə xidmət edən dini dəyərlərdən dönməyib, onları daim uca tutub. 70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq xalqımızı tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna əsla nail ola bilməyib.


Həm həyat tərzi, həm də dövlət siyasəti


II sammit dünyada sülhün, anlaşmanın, inkişaf mühitinin əldə olunması üçün son illər davamlı şəkildə qlobal tədbirlərə evsahibliyi edən, Ulu Öndər Heydər Əliyevin ümumbəşəri dəyərlər əsasında müəyyənləşdirdiyi milli dövlətçilik prinsiplərinə sadiqliklə mədəniyyətlər arasında dialoq məkanına çevrilən Azərbaycanın bu sahədə həyata keçirdiyi beynəlxalq təşəbbüslərin davamı kimi qiymətləndirilməlidir.

Bu təşəbbüslər müstəqillik tariximizin xoş ənənələrinə çevrilib.

Məsələn, Azərbaycanda Bakı Humanitar Forumu, BMT tərəfindən də dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri ənənəvi şəkildə təşkil olunur. Elə bir il olmaz ki, Azərbaycan bu silsilədən bir neçə tədbirin təşkilatçılığını öz üzərinə götürməsin.

Bütün bunların mahiyyətini, məqsəd və məramını sammitdəki çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev kifayət qədər dəqiq şəkildə ifadə etdi. Multikulturalizm dəyərlərinin ölkəmizdə həm həyat tərzi, həm də dövlət siyasəti olduğunu diqqətə çatdıran ölkə rəhbəri qeyd etdi ki, bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə töhfə vermək: "Çünki biz yaxşı görürük və mətbuatdan da izləyirik ki, dini zəmində, etnik zəmində, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik”.

Ötən il 10 illiyi qeyd edilən "Bakı Prosesi”nin geniş beynəlxalq dəstək qazanması, o cümlədən BMT-nin "Bakı Prosesi”ni dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul etməsi çox sevindiricidir. Bu, dünyadakı gərginliklərin azaldılması üçün Azərbaycanın üzərinə götürdüyü tarixi missiyanın uğurlarını əks etdirir. Paytaxtımızda təşkil olunmuş qlobal əhəmiyyətli tədbirlərdə təmsil olunan nüfuzlu elm, mədəniyyət, dövlət xadimlərinin Bakıdan bəşəriyyətə ünvanladıqları qlobal çağırışların öz ünvanına çatdığını təsdiqləyir.

Ölkə rəhbəri İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu qlobal təşəbbüslərin reallaşdırılması istiqamətində çəkdikləri zəhmətin, bu işə sərf etdikləri fədakar əməyin hədər getmədiyini göstərir.

Yeri gəlmişkən, elə bu fədakar əməyin qarşılığı olaraq Mehriban xanım Əliyevanın həm Qərb dünyasına aid UNESKO-nun, həm də müsəlman Şərqinin maraqlarını ifadə edən ISESCO-nun xoşməramlı səfiri ali statusuna layiq görülməsi, Azərbaycanın mədəniyyətlər, dinlər arasında dialoqun əldə olunması istiqamətində əldə etdiyi nailiyyətlərin bir simvolu sayıla bilər.

İndi əksəriyyət belə bir həqiqətin fərqindədir ki, bütün bəşəriyyəti təhdid edən ayrı-ayrı problemlərin həlli üçün hamı öz imkanlarını birləşdirməlidir. Ayrı-ayrı dövlətlərin, cəmiyyətlərin təmsilçiləri daha tez-tez bir araya gəlməlidirlər. Fərqli dinlər, mədəniyyətlər arasında dialoqun əldə olunmasına hər kəs səy göstərməlidir.

2008-ci ildə Bakıda start götürən və tarixə "Bakı Prosesi” kimi düşən qlobal platformanın uğurları sübut edir ki, bəşəriyyətin xoşbəxt gələcəyi üçün səmimiyyətlə çalışanda, bu işə zəhmət sərf edəndə belə bir dialoq mütləq alınır.


Qlobal hərəkata çevrilən "Bakı Prosesi”


"Bakı Prosesi” Azərbaycan Respublikasının təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli, effektiv dialoqun qurulması məqsədilə irəli sürülüb. Belə bir təşəbbüsün məhz Azərbaycan tərəfindən ortaya qoyulması isə heç də təsadüfi deyildi. Bu, çoxmillətli ölkəmizin tarixən malik olduğu dini tolerantlıq ənənələrindən, zəngin mədəni müxtəlifliyindən, insanlar arasındakı qarşılıqlı hörmət mühitindən irəli gəlirdi.

Proses belə başlandı: Avropa Şurasına üzv dövlətlərin 2008-ci ilin 2-3 dekabr tarixində təşkil olunan mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi də dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksəksəviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda "Mədəniyyətlərarası dialoqun təşviqinə dair "Bakı Bəyannaməsi” qəbul edildi.

"Bakı Bəyannaməsi” ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş "Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu. "Bakı Prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak etdi.

Konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlərlə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edildi. 2010-cu ildən isə "Bakı Prosesi” qlobal hərəkata çevrilməyə başladı. 2010-cu ilin sentyabrında BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi. Beləliklə, paytaxtımızda bu qəbildən ilk forum 2011-ci ilin 7-9 aprel tarixlərində böyük müvəffəqiyyətlə keçirildi və sonrakı dövrlərdə də Bakıda bu silsilədən növbəti forumların təşkili xoş bir ənənəyə çevrildi.

"Bakı Prosesi” çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və onun strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazandı. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun məhz Bakıda keçirilməsi də bu uğurlu prosesin və fəaliyyətin nəticəsi idi.

Həmçinin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı "Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan "Bakı Prosesi”ni xüsusi vurğulaması qədim dövrlərdən bəri sivilizasiyalar arasında körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələrin beynəlxalq miqyasda xoş etirafı kimi tarixə düşdü.


Tarixi ənənələrimizin gücü


"Bakı Prosesi”nin mövzu dairəsi kifayət qədər genişdir. Dinlər arasında dialoq problemi isə burada hər zaman xüsusi yer tutur. Bütün beynəlxalq tədbirlərdə hansısa formada gündəmə gətirilir. Bu mövzuya xüsusi diqqətin ayrılması sivilizasiyalararası, dinlərarası dialoqun dərinləşməsi, güclənməsi, dünyada risklərin azalması, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilməsi və bu təhlükəli meyillərin qarşısının alınması niyyətindən irəli gəlir.

Dünyanı vahid məkan, bəşəriyyəti isə bir cəmiyyət kimi görmək istəyinin ifadəsi olan bu cür tədbirlər yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa, dini insanın mənəvi dünyasının müqəddəs dəyəri kimi qorumağa, hər cür siyasi məqsədlərdən uzaq tutmağa, dinin əxlaq, tərbiyə, mənəvi təmizlik mərtəbəsindən endirilib çirkli niyyətlər üçün alətə çevrilməsinin qarşısının alınmasına xidmət edir.

Azərbaycan dinlər arasında dialoqun əldə olunmasından ötrü təkcə dünyanın nüfuzlu din xadimlərinin görüş və müzakirə platformalarından deyil, ümumiyyətlə, insanları ortaq məxrəcə gətirə biləcək bütün mümkün vasitələrdən faydalanmağa çalışır. Bunun uğurlu nümunələrini yaradır. 2015-ci ildə ölkəmizdə I Avropa Oyunlarının, iki ildən sonra - 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi buna bir örnəkdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, baxmayaraq ki bu, idman yarışlarıdır, ancaq bu yarışların çox böyük siyasi mənası var: "Çünki təsəvvür edin, cəmi iki il ərzində bir ölkədə, bir şəhərdə islam ölkələrinin və Avropa ölkələrinin idmançıları yarışır və eyni zamanda, dostluq əlaqələri yaradırlar. Çünki bu oyunlar, sadəcə olaraq, idman yarışı deyil. Bu oyunlar Azərbaycanda bir dostluq festivalına, dostluq bayramına çevrilmişdir. Hər iki idman yarışında 100-dən çox ölkə təmsil olunurdu, minlərlə idmançı, məşqçi, qonaq iştirak edirdi və əlbəttə ki, bu oyunların dinlərarası, mədəniyyətlərarası dialoqun təşviqində böyük rolu vardır”.

Azərbaycan bütün bunlara ona görə nail ola bilir ki, bizim əsrlər ərzində formalaşmış tarixi ənənələrimiz var. Yüzilliklər ərzində müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar. Azərbaycan Respublikasının Prezidenti dünya dini liderlərinin II Sammitindəki çıxışı zamanı da bu amili xüsusi vurğuladı. Qeyd olundu ki, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.

Bunu ölkə ərazisindəki dini abidələrdə də görmək olar. Bu abidələrin aid olduğu tarixi dövrlər həm Vətənimizin qədimliyini, həm də müxtəlif dövrlərdə ayrı-ayrı dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqları gözəl tarixi mirası əks etdirir. Prezident İlham Əliyev islam aləminin ən qədim məscidlərindən birinin Azərbaycanda yerləşdiyini, bununla yanaşı ölkə ərazisində digər dinlərə aid qədim abidələrin də qorunub-saxlandığını qürurla sammit iştirakçılarının diqqətinə çatdırdı: "Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir.

Eyni zamanda, qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri - Şəkinin yaxınlığında yerləşir və bu kilsənin qədim tarixi var. Bu, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi - Atəşgah yerləşir. Bu da onu göstərir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri vardır. Sonrakı dövrlərdə rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilmişdir. ... Beləliklə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir”.


Dəyərlərin təbliği hər kəsin vəzifəsidir


Dünyəvilik, demokratik inkişaf prinsiplərinə sadiq olan Azərbaycanda bu gün dövlət-din münasibətləri ən yüksək səviyyədədir. Dövlət hər bir vətəndaşının dini etiqad azadlığına hörmətlə yanaşır. Müsəlman ölkəsi kimi əhalisinin əsas hissəsinin müqəddəs dini olan islamın ali dəyərlərinə sahib çıxaraq bu dəyərləri təbliğ etməklə yanaşı, digər dinlərin nümayəndələrinin sərbəst fəaliyyətinə, öz dini ayinlərini icra etmələrinə də şərait yaradılır. Azərbaycan dövləti ölkə ərazisindəki bütün dini icmalara qayğı göstərir. Hansı dinə aidliyindən asılı olmayaraq hər bir tarixi-dini abidəmizin qorunması, bərpası, təmiri, eləcə də yeni dini məbədlərin inşası istiqamətində addımlar atır.

Azərbaycan dövləti dini dəyərlərə hörmət, dinlər arasında dialoqun əldə olunması məsələsinə başqa bir prizmadan da yanaşır. Din hər bir xalqın milli-mənəvi dəyəridir. Qloballaşan dünyamızda xalqın milli özünəməxsusluğunun, əxlaqi normalarının qorunması üçün bu dəyərlərin böyük təsir gücü var. Gənc nəsillərin milli köklər üzərində yetişməsi, cəmiyyətin tarixi ənənələr işığında müasir inkişafa yönəlməsi üçün bu dəyərin də təsir gücündən istifadə olunmalı, qloballaşma meyillərinin milli-mənəvi dəyərləri aşındırmasına yol verilməməlidir. Bu mühüm məqama toxunan Azərbaycan Prezidenti deyir: "Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni "dəyərlər” aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır”.

Dünyada sülhün, sabitliyin, inkişafın, mədəniyyətlər və dinlər arasında dialoqun bərqərar olması, multikultural dəyərlərin yayılması istiqamətində Azərbaycanın gördüyü işlər böyük bir tarixi missiyadır. Bu missiyanın mühüm bir hissəsi olan "Bakı Prosesi” də dinlər və mədəniyyətlərarası dialoqun önəmli platforması kimi hələ uzun illər davam edəcək və bəşəriyyətin gələcəyinə töhfə verəcək.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video