Parlament 2020-ci ilin dövlət büdcəsini qəbul etdi
Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İlk olaraq "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuş üçün müzakirəyə çıxarıldı.
2020-ci il dövlət büdcəsi ölkənin milli maraqlarına cavab verir
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Qeyd etdi ki, gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi Milli Məclisin plenar və komitə iclaslarında ətraflı müzakirə olunmuş və deputatlar tərəfindən müsbət qiymətləndirilmişdir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar ölkənin davamlı və keyfiyyətli inkişafına xidmət edir, vətəndaşların sosial məsələlərinin həlli üçün yeni imkanlar açır. 2020-ci ilin dövlət büdcəsi "Büdcə sistemi haqqında” qanunun tələblərinə tamamilə cavab verir.
Qeyd olundu ki, deputatlar tərəfindən irəli sürülən təkliflər Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi tərəfindən səmimiyyətlə qarşılanmış və onlara münasibət bildirilmişdir.
Birmənalı şəkildə qeyd edilmişdir ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsi ölkənin milli maraqlarına cavab verir və beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edən irimiqyaslı transmilli layihələrin uğurla həyata keçirilməsinə, eyni zamanda iqtisadiyyatın bütün sahələrində islahatların səmərəliliyinin artırılmasına, genişləndirilməsinə zəmin yaradır.
Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə (üçüncü oxunuş) məlumat verdi. Komitə sədri layihədə edilən müəyyən dəyişiklikləri diqqətə çatdırdı. Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.
Daha sonra iclasda büdcə zərfinə daxil olan digər məsələlər - "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri üçüncü oxunuşda qəbul olundu.
Deputatlar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə üçüncü oxunuşda müsbət münasibət bildirdilər.
İclasda büdcə zərfinə daxil olan Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında sənədlər də təsdiq olundu.
Bununla da dövlət büdcəsi və büdcə zərfinə daxil olan məsələlərin üçüncü oxunuşda müzakirəsi başa çatdı. Oqtay Əsədov 2020-ci ildə büdcənin həyata keçirilməsində hökumətə uğurlar arzu etdi.
İnsan hüquqları üzrə yeni müvəkkil seçildi
Gündəlikdəki növbəti məsələ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında idi. Bu məsələ ilə bağlı Milli Məclis Sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Prezidentinin 15 noyabr 2019-cu il tarixli məktubu ilə İnsan hüquqları üzrə müvəkkilin seçilməsi üçün namizədlər Milli Məclisə təqdim olunub. Milli Məclisin İnsan hüquqları komitəsi 22 noyabr tarixli iclasında bu məsələyə baxıb və rəy verib. Təqdim olunan namizədlər cəmiyyətdə kifayət qədər tanınırlar, onların hər biri şəxsi keyfiyyətlərinə görə və tərcümeyi-hallarındakı məlumatlara əsasən bu vəzifəni tuta bilərlər. Bildirildi ki, namizədlərdən Səbinə Əliyeva Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini, Kəmalə Əliyeva Ali Məhkəmənin Aparatının İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Kəmalə Abıyeva isə Bakı Apelyasiya Məhkəməsinin hakimidir. "Bu təqdimat və onların yaşı, keçdikləri həyat yolu bu gün Azərbaycanda həyata keçirilən siyasətə, yeniləşmə ruhuna tam uyğundur”, -deyə Bahar Muradova bildirdi.
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Elmira Axundova, Qüdrət Həsənquliyev, Azər Badamov fikirlərini bildirdilər.
Yekunda səsvermə keçirildi və Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə seçildi.
Səbinə Əliyeva Azərbaycanın insan hüquqları üzrə müvəkkili vəzifəsində səlahiyyətlərini şərəflə, ləyaqətlə yerinə yetirəcəyinə, respublikamızın Konstitusiyasına və qanunlarına əməl edəcəyinə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyinə and içdi. İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə seçilməyin onun üçün böyük şərəf olduğunu deyən Səbinə Əliyeva ona yüksək etimad göstərib bu vəzifəyə namizədliyini Milli Məclisə təqdim etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Eyni zamanda təklif olunan namizədlər sırasından omdudsman vəzifəsinə onu seçdiklərinə görə, deputatlara təşəkkürünü ifadə edən Səbinə Əliyeva onları əmin etdi ki, ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf proseslərinin dəstəklənməsi üçün səylərini əsirgəməyəcək.
Məhkəmə-hüquq islahatlarına xidmət edən dəyişikliklər
İclasda məhkəmə-hüquq islahatlarından irəli gələn 9 qanun layihəsi də üçüncü oxunuşda müzakirə olundu. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələlər barədə məlumat verdi. Qeyd etdi ki, qanun layihələrinin qəbulu ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarına mühüm töhfələr verəcək.
Beləliklə, "Məhkəmələr və hakimlər haqqında”, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, "İnzibati icraat haqqında”, "Məhkəmə-Hüquq Şurası haqqında”, "Lisenziyalar və icazələr haqqında” qanunlarda, Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda təsdiq olundu.
İclasda son olaraq "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verdi. Qeyd etdi ki, birinci oxunuşda müzakirələrdən sonra deputatların səsləndirdiyi fikirlər öyrənilmiş və onların bir qismi nəzərə alınmışdır.
Qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
Yekunda Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri beşinci çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edilməsi haqqında məsələni müzakirəyə çıxarmaq barədə ona müraciət ediblər. Bu təşəbbüsə dəstək verdiyini deyən Oqtay Əsədov məsələnin Milli Məclisin dekabrın 2-də keçirilən iclasında müzakirəyə çıxarılacağını bildirdi.
Rəşad CƏFƏRLİ,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
29 Mart
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq e...
29 Mart
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərba...
29 Mart
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitəl...
29 Mart
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tari...
29 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası...
29 Mart
“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydala...
29 Mart
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” ...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!