2019-cu il Gəncə Dövlət Universitetinin kollektivi üçün əlamətdar hadisələrlə zəngin olmuşdur. Belə hadisələrdən biri də bu günlərdə Bakıda "StarturFest 2019” adı altında keçirilən respublika müsabiqəsində reallaşmışdır.
Universitetin Biologiya-kimya fakültəsinin tələbələrindən ibarət komandanın "DiaDondurma” adlı startap ideyası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən ilk dəfə keçirilən bu müsabiqədə maraqlı və gərgin anlar yaşanmışdır.
Qeyd edək ki, cari ilin aprel-iyul aylarını əhatə edən layihə çərçivəsində Bakı, Gəncə və Lənkəran şəhərlərində yerləşən 8 ali və 1 peşə təhsili müəssisəsində startap müsabiqəsi təşkil olunmuş və qalib komandalar respublika müsabiqəsində iştirak etmək hüququ qazanmışdır. Noyabrın 25-də layihənin bağlanış mərasimində isə qalib komandalar arasında final yarışı keçirilmişdir. Yarışda münsiflər heyətinin qərarı ilə Gəncə Dövlət Universiteti komandası birinci yerə layiq görülmüşdür.
Qeyd edək ki, layihənin məqsədi ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması, o cümlədən innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olmasıdır.
Layihə internet biznesinin, innovasiyaların, startap hərəkatının güclənməsinə, maarifçilik işlərinin təşkilinə, startapçıların formalaşmasına və şəbəkələşməsinə xidmət edir.
Sabir ƏLİYEV,
"Azərbaycan”