Alternative content

23:04 11 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İcbari tibbi sığorta sağlamlığın qarantıdır
İcbari tibbi sığorta sağlamlığın qarantıdır
ANA SƏHİFƏ / Səhiyyə
01:17 30.11.2019


Müasir dövrdə, xəstəliklərin çoxaldığı zamanda səhiyyənin rolu əhəmiyyətli dərəcədə artır və əhalinin sağlamlığının qorunması prioritet məsələyə çevrilir. Təsadüfi deyil ki, hələ 2000-ci ildə BMT-nin təşəbbüsü ilə 183 millətin, 147 dövlətin nümayəndələrinin iştirak etdiyi Minilliyin Sammitində bütün dünyada yoxsulluğun azaldılması və insan inkişafının təmin edilməsinə təsir göstərən amillər arasında səhiyyə ön sırada yer almışdır.

Belə ki, 8 inkişaf məqsədindən 3-ü, 18 hədəfdən 6-sı səhiyyə sisteminin inkişafı ilə bağlı olmuşdur. Bu məqsədlərdə əks olunan 48 indikatordan 18-i səhiyyə xarakterlidir.

"BMT 2030: Dayanıqlı İnkişaf Məqsədləri”ndə də səhiyyəyə xüsusi yer verilmişdir. Belə ki, "sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ etmək”, "hər kəs üçün su və sanitariyanın davamlı idarəetməsini və mövcudluğunu təmin etmək” kimi məqsədlər səhiyyə xarakterlidir.

Minilliyin İnkişaf Məqsədləri çərçivəsində ölkəmizin səhiyyə sisteminin qarşısında uşaq ölümü hallarının azaldılması, anaların sağlamlığının qorunması, İİÇV/QİÇS, malyariya və digər xəstəliklərə qarşı mübarizənin genişləndirilməsi kimi bir sıra məqsədlər qoyulmuşdur. Bu məqsədlərin həyata keçirilməsi, əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə istər paytaxtda, istərsə də bölgələrdə səhiyyə müəssisələri əsaslı təmir olunmuş, yüzlərlə tibb ocağı tikilmişdir.

"Regionların sosial-iqtisadi inkişafı” Dövlət proqramlarına uyğun olaraq Lənkəran, Gəncə, Şirvan, Qazax, Zaqatala, Cəlilabad, Bərdə, Qəbələ, Şamaxı, Quba rayonlarında Müalicə-Diaqnostika mərkəzləri tikilib əhalinin istifadəsinə verilmişdir.


Səhiyyənin maliyyələşməsi


Əhalinin sağlamlığının qorunması əsasən səhiyyənin maliyyələşməsindən, xüsusilə də dövlət maliyyələşməsindən birbaşa asılıdır. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus qeyd etmişdir ki, səhiyyəyə ayrılan vəsaitlər əlavə xərc deyil, əksinə, yoxsulluğun azaldılmasına qoyulan investisiya, iş yerlərinin yaradılması, məhsuldarlığın yüksəldilməsi, hərtərəfli iqtisadi artım və daha sağlam, təhlükəsiz və ədalətli cəmiyyət deməkdir.

Azərbaycanda səhiyyənin maliyyələşməsinə nəzər salsaq görərik ki, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlər ildən-ilə artırılmışdır. Belə ki, dövlət büdcəsinin xərcləri 2000-ci illə müqayisədə 2018-ci ildə 29 dəfədən çox, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlər isə müvafiq dövrdə 17 dəfədən çox artırılmışdır.

Səhiyyənin maliyyələşdirilməsində diqqət yetirilməli məsələlərdən biri də dövlət büdcəsindən İlkin Səhiyyə Xidmətlərinə ayrılan vəsaitlərlə bağlıdır. İlkin Səhiyyə Xidmətlərinin səmərəli təşkili xəstəlikləri vaxtında aşkara çıxarmaqla yanaşı, onun müalicəsini asanlaşdırır və çəkilən xərcləri də azaldır. Odur ki, səmərəli səhiyyə siyasəti tətbiq edən ölkələr İlkin Səhiyyə Xidmətlərinə daha çox vəsait ayırırlar. 1978-ci ildə Alma-Ata Bəyannaməsinin qəbulundan sonra 1984-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu ilkin tibbi yardımın gücləndirilməsi məqsədi ilə əlavə olaraq 38 vəzifə müəyyənləşdirmişdir. Bu vəzifələr səhiyyə sisteminin inkişafı və sağlamlıq baxımından İlkin Səhiyyə Xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir.


İcbari tibbi sığortanın tətbiqi


Mövcud problemləri həll etməkdən və dövlət səhiyyə vəsaitlərinin səmərəli istifadəsindən ötrü ölkəmizdə 2020-ci ildən icbari tibbi sığorta sistemi formalaşdırılacaqdır. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin maliyyələşməsində daha çox icbari tibbi sığorta üsulundan istifadə edilir. İcbari tibbi sığorta əhalinin sosial müdafiəsinin gücləndirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığorta - əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. İcbari tibbi sığortanın bir sıra üstünlükləri var. Belə ki, sözügedən sistem dünyada səhiyyənin maliyyələşməsinin ən mütərəqqi üsullarından hesab olunur. İcbari tibbi sığorta səhiyyə sistemində şəffaflığı, tibbi xidmətlərin keyfiyyətini artırır, tibb personalının əməkhaqlarını yüksəldir, əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur və tibbi xidmətlərə xərclənən vəsaitlərin payını azaldır.

Məlumat üçün bildirək ki, bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əhalinin böyük əksəriyyəti icbari tibbi sığorta ilə təmin edilmişdir. Məsələn, Kanada, Böyük Britaniya, Yaponiya, İtaliya, Finlandiya, İsveçrə kimi ölkələrdə icbari tibbi sığorta ilə təmin olunma səviyyəsi 100 faizdir. İcbari tibbi sığorta ilə əhatə səviyyəsi postsosialist ölkələrindən - Çexiya Respublikasında 100 faiz, Estoniyada 93,9 faiz, Litvada 92 faizdir. Onu da qeyd edək ki, qonşu ölkələrdə də (Rusiya, Gürcüstan və s.) icbari tibbi sığorta fəaliyyət göstərir.

Ölkəmizdə icbari tibbi sığortanın formalaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür. Hazırda Azərbaycanın 3 pilot rayonunda (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) icbari tibbi sığorta fəaliyyət göstərir və ilkin müsbət nəticələrini verməkdədir. Əhalidən heç bir ödəniş tələb olunmadan onlara tibbi müayinə və müalicə xidmətləri göstərilir. Hər ailə həkiminə orta hesabla 2500 nəfər təhkim olunaraq siyahı hazırlanmış və müvafiq elektron sistemə yüklənmişdir. Təhkim olunmuş əhalinin ailə həkimi seçmək və dəyişmək hüququ vardır. İcbari tibbi sığortanın həyata keçirilməsi ilə əlaqədar olaraq həkimlərin həvəsləndirilməsi məqsədilə əməkhaqlarına stimullaşdırıcı əlavələr edilmişdir. Tibbi heyətin maaşları artırılmışdır. Ağdaşda həkimlərin əməkhaqları 2,5-3 dəfə, orta və kiçik tibb işçilərinin əməkhaqları 2 dəfə, inzibati idarəetmə işçilərinin əməkhaqları 2,5-3 dəfə artmışdır.

Bütün bunlar icbari tibbi sığortaya keçidin tibbi heyətin sosial təminatı üçün də nə qədər zəruri olduğunu bir daha sübut edir. Bunlarla yanaşı, icbari tibbi sığortanın tətbiqi zamanı mühüm məsələlərdən biri də bütün əhali qrupları üçün onun əlçatan olmasıdır. İcbari tibbi sığorta sistemi sosial xarakter daşıdığından bütün ölkə əhalisini əhatə etməlidir.

İcbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, agentlik 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini nəzərdə tutur. Birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Qeyd olunan regionlara Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. Qeyd edək ki, hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) də icbari tibbi sığorta sisteminin tətbiqi 1 yanvar 2020-ci ildən başlanacaq. İlkin mərhələdə ölkə əhalisinin 23,82 faizinə tibbi xidmət göstəriləcək.

İkinci mərhələdə - aprel-iyun aylarında 17 region - Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan rayonları sözügedən sistemə qoşulacaq. Belə ki, bu regionlarda yaşayan ölkə əhalisinin 24,60 faizi icbari tibbi sığortadan yararlanacaq.

İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19,53 faizinə sistem çərçivəsində tibbi xidmət göstəriləcəkdir.

Dördüncü mərhələdə - oktyabr-dekabr aylarında Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcəkdir. Bu isə ölkə əhalisinin 32,05 faizini təşkil edir.

Mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyativacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcəkdir.

Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:

* Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);

* İlkin səhiyyə (ailə həkimi) xidməti;

* Ambulator şəraitdə müayinə və müalicə;

* Stasionar müalicə;

* Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.);

* Fizioterapevtik xidmətlər;

* Laborator müayinələr;

* Hamiləlik və doğuş xidməti;

* Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);

* Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;

* Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyativacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.);

* Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.


Maarifləndirmə


2020-ci ildən bütün ölkə boyu formalaşdırılacaq bu mexanizmin tətbiqi zamanı bir sıra problemlərin də yaranması labüddür. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin reallaşdırdığı "İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” layihəsinin icrası zamanı da ölkəmizdə icbari tibbi sığortaya keçidin mərhələli tətbiqinin daha səmərəli olacağına bir daha əmin olduq. Düşünürəm ki, yeni sistem nə qədər mütərəqqi olsa belə, onun tətbiqi zamanı bir sıra problemlər meydana çıxacaqdır. Bu problemlərin öyrənilməsi və aradan qaldırılması digər iqtisadi rayonlarda və ya bölgələrdə sistemin səmərəli fəaliyyətinə zəmin yaradacaqdır. Onu da qeyd edim ki, hazırda icbari tibbi sığorta sisteminin çox uğurla fəaliyyət göstərdiyi ölkələrdə də bu mexanizmin tətbiqi mərhələlərlə həyata keçirilmişdir.

İcbari tibbi sığortanın mərhələli tətbiqini zəruri edən amillərdən biri də əhali arasında maarifləndirmə işinin aparılmasıdır. Bu istiqamətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin apardığı işlər təqdirəlayiqdir. Lakin geniş əhali kütləsi arasında icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsi aşağıdır. Geniş əhali qruplarının maarifləndirilməsi üçün icbari tibbi sığortadan istifadə mexanizmi ilə bağlı sosial çarxların hazırlanması və KİV-də, sosial şəbəkələrdə yayımlanması, posterlərin artırılması, bukletlərin paylanması, təlimlərin verilməsi zəruridir. Prosesə qeyri-hökumət təşkilatlarının cəlb olunması bu işin səmərəliliyini artıracaqdır. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birlikdə elan etdiyi qrant müsabiqəsi kimi fəaliyyətlər bu işə öz töhfələrini verəcəkdir.

Rəsmiyyə ABDULLAYEVA,

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi katibi, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM