29 Noyabr 2019 00:37
2216
İQTİSADİYYAT
A- A+

Təbiətə sevgi insanların müqəddəs borcudur


Ümumdünya Təbiəti Mühafizə Cəmiyyəti 1948-ci ildən başlayaraq dünyanın əksər ölkələrində qeyd edilir. Cəmiyyət özündə 82 dövləti, 111 dövlət qurumunu, 800-dən artıq qeyri-hökumət təşkilatını və dünyanın 181 ölkəsindən olan çoxminli alim və eksperti özündə birləşdirir. 1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi əsasında yaradılan Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) məqsədi indiki və gələcək nəsillər üçün ətraf mühiti və təbiəti qorumaq, bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. Müxtəlif ölkələrdə altı böyük regional ofisi fəaliyyət göstərən UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir və onun himayəsi altında da hər il dünyada Beynəlxalq Ətraf Mühit Günü qeyd edilir.

Ümummilli Lider Heydər Əliyev demişdir: "Kim hansı bir sağlam ağacı kəsirsə, hesab edirəm ki, o, mənim qolumu, barmaqlarımı kəsir. Bundan artıq cinayət olmaz. İnsan qurmalıdır, yaratmalıdır. Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir; o öz ailəsinə, özü özünə xəyanət edir... Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir”.

Əfsuslar olsun ki, bəşəriyyətin inkişafının bütün dövrlərində təbiətə, onun sərvətlərinə, ətraf mühitə dağıdıcı, məhvedici münasibət göstərilmiş, təbii sərvətlər yerlə yeksan edilmiş, onlardan qeyri-səmərəli istifadə olunmuşdur. XX-XXI əsrlərdə elm və texnologiyaların həddən artıq çox böyük sürətlə inkişaf etməsi də, öz növbəsində, insanın təbiətə olan münasibətini dəyişdirdi. Belə ki, təbii resurslardan səmərəli istifadə etmək üçün bu gün insanlar elmin bir sıra nailiyyətlərini istiqamətləndirirlər. Təbiətdən istifadədə ekologiyaya az zərər verən yeni texnologiyaların yaranmasına diqqət artırılır. Lakin təəssüflər olsun ki, inkişafda olan və inkişafa qədəm qoyan ölkələrdə təbiətə qayğı və münasibət inkişaf edən ölkələrlə bir çərçivəyə sığmır. Təbiətə olan münasibəti köklü olaraq dəyişmək, təbii resursların istismarına ehtiyatla yanaşmaq, təbiətlə insanın münasibətinə yenidən baxıb fərqli tərzdə diqqət və təxirəsalınmaz tədbirlərin həyata keçməsini təmin etmək hökmən nəzərdə tutulmalıdır.

İqlim dəyişikliyi, ozon qatı, ümumiyyətlə, təbii və texnogen problemlər, onların törətdiyi fəsadlar haqqında dünyada gedən qızğın müzakirələr, planetimizin gələcəyinin qeyri-müəyyənliyi insanları həmişə düşündürür. Əgər təbiətə bu cür münasibət davam etdirilərsə, yaxın bir necə onillikdən sonra insanları fəlakət gözləyir.

İnsan fəaliyyəti nəticəsində və onların təbiətlə qarşılıqlı əlaqəsi bu gün dünya əhalisinin əksəriyyətinin həyat şəraitinin dəyişməsinə səbəb olur. Bütün bu fəaliyyətlərin nəticələri aşağıdakı kimi təzahür edir.

Meşələr məhv edilir, süni göllər və su tutarlar yaradılır, bir çox səbəblərdən Yer səthinin landşaftı dəyişir. Meşələrin, xüsusən tropik meşələrin sahəsi ildə 200 min hektar azalır, səhraların sahəsi isə ildə 60 min kvadratkilometr artır. Hazırda təbii ekosistemlərin yalnız 40 faizə qədəri pozulmayan qalmışdır. Bu ilin ilk yeddi ayında Braziliyada baş verən yanğınlar 1.8 milyon hektardan çox Amazon meşəsini məhv edib ki, bu da dünyada biominin təxminən 0,44 faizini təşkil edir. Atmosferdə parnik (istilik) effekti yaradan toz və qazların toplanması nəticəsində Yerin istilik balansı dəyişir, qlobal istiləşmə baş verir. Karbon dioksid qazının (CO2) qlobal emissiyası 1990-cı ildən bəri, təxminən, 50 faiz artmışdır. 1880-ci ildən 2012-ci ilədək dünyada orta temperatur 0,85°C artıb. İqlim dəyişikliyinin mənfi təsirləri dünyanın bütün ölkələrini əhatə edir və bu ölkələrin iqtisadiyyatına zərbə vurur, insanların həyatına mənfi təsir edir.

Okeanlarda istiləşmə, Yer səthində mövcud olan qar və buzlaqlar sahəsinin azalması nəticəsində dünyada mövcud olan dənizlərin bir qisminin səviyyəsi yüksəlmişdir. 1901-ci ildən 2010-cu ilədək buzlaqların əriməsi, dünyada baş verən istiləşmə nəticəsində okeanların sahəsi genişlənmiş, orta dəniz səviyyəsi 19 santimetrədək artmışdır. Şimal Buzlu okeanında buz səthi buzların əriməsi səbəbilə 1979-cu ildən etibarən hər onillikdə 1.07 milyon km2 kiçilmişdir. Bu əsrin sonunadək qlobal temperaturun artımı 1850-1900-cü illərlə müqayisədə 1.5°C-ni ötə bilər. Dünya okeanlarının temperaturu yüksələcək və bunun nəticəsində buzların əriməsi davam edəcək. Orta dəniz səviyyəsinin 2065-ci ilə qədər 24-30 sm, 2100-cü ilədək isə 40-63 sm artacağı proqnozlaşdırılır. İqlim dəyişikliyi hətta qaz emissiyaları dayandırılsa belə, əsrlər boyu davam edəcəkdir.

İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün dünya ölkələri 2015-ci il dekabrın 12-də Parisdə keçirdikləri XXI Konfransda Paris sazişini qəbul etmişlər. Saziş qısa müddətdən sonra - 2016-cı ilin noyabrında qüvvəyə minmişdir. Müqavilədə bütün ölkələr qlobal temperaturun artım səviyyəsinin 20C-ni keçməməsini təmin etmək və ciddi riskləri nəzərə alaraq, bu göstəricinin 1.50C-dən aşağı olması üçün tədbirlər görmək barədə razılığa gəlmişlər. Paris sazişinin həyata keçirilməsi dayanıqlı inkişafa nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir və emissiyaların azaldılmasına və iqlimin davamlılığının artırılmasına imkan verə biləcək iqlim tədbirləri üçün yol xəritəsi kimi çıxış edir.

Dünyada torpaqlardan səmərəsiz istifadə edilməsi nəticəsində onun şorlaşması, eroziyaya uğraması, münbitliyin aşağı düşməsi baş verir. Torpağa, suya, havaya zəhərli maddələr daxil olur. Okean sularının səviyyəsi ildə 2 millimetrdən 1 santimetrədək qalxır. Texnogen qəzalar və təbii fəlakətlərin sayı, onların təsiri nəticəsində ziyanlar çoxalır, ölənlərin sayı ildə 5-10 faiz artır.

Bu amilləri nəzərə alan Prezident İlham Əliyev deyib: "...Əsrlər boyu, minilliklər boyu təbiət olub, Kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq”.

Ölkəmizdə təbiətin mühafizəsi işləri müvafiq dövlət orqanları, qoruqları, meşəçilik idarələri, ovçuluq təsərrüfatları və başqa müəssisələr tərəfindən həyata keçirilir. Təbitin mühafizəsi torpağın, su ehtiyatlarının qorunması, havanın sənaye tullantıları və zəhərləyici kimyəvi maddələrlə çirklənməsinin qarşısının alınması, meşə və otlaqların, nadir tapılan və nəsli kəsilməkdə olan bitki və heyvanların mühafizəsi, təbii sərvətlərdən düzgün istifadə edilməsi, təbii abidələrin qeydiyyatı, mühafizəsi və bərpası, balneoloji və iqlim ehtiyatlarından maksimum səmərəli istifadə olunması, termal və mineral mənbələrin mühafizəsi, həmçinin təbiətin mühafizəsinə və qorunmasına yönəldilmiş tədbirlərin təbliği və s. göstərilən sahələrə rəhbərliyi Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi edir. Nazirlik respublika ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ətraf mühitin, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral ehtiyatlardan və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi və onların bərpası, hidrometeoroloji proseslərin mühafizəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən orqandır.

Təbiəti Mühafizə Cəmiyyəti öz fəaliyyətini xeyriyyəçilik prinsipləri əsasında, Azərbaycan Respublikası qanunvericiliyi və ictimai təşkilat haqqında, digər normativ hüquqi aktlar çərçivəsində həyata keçirən könüllü müstəqil ictimai təşkilatdır.

Cəmiyyətin əsas məqsədi müasir ekoloji böhran şəraitində respublika əhalisi arasında onların ekoloji savadının artırılması, Azərbaycanda sağlam və əlverişli ekoloji şərait uğrunda ictimai hərəkatın təşkili, təbiətin mühafizə problemlərinin səmərəli həllinə təkan vermək və ətraf mühitin sağlamlaşdırılması üzrə lazımi tədbirləri yerinə yetirmək üzrə daimi iş aparmaqdır.

Azərbaycanda ekologiyanın mühafizəsində əvəzsiz xidmətləri olan Təbiəti Mühafizə Cəmiyyəti ilk dəfə 1976-cı ildə akademik Həsən Əliyev tərəfindən yaradılmış və ömrünün sonunadək (1993) ona rəhbərlik etmişdir. Akademik Həsən Əliyev 1950-ci ildən Azərbaycanın yüksək dövlət vəzifələrində və Azərbaycan Elmlər Akademiyasında, 1968-ci ildən 1987-ci ilədək Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışaraq, respublikanı dünyanın elm forumlarında təmsil etmiş, ölkənin xaricdə tanınmasında əvəzsiz xidmətlər göstərmişdir.

Hələ 1949-1952-ci illərdə Azərbaycan EA-nın Botanika İnstitutuna rəhbərlik edən Həsən Əliyev qısa müddətdə səkkiz cildlik "Azərbaycan florası” kitabının hazırlanmasına, çapına qayğı göstərməklə bu işin uğurla başa çatmasına böyük əmək sərf etmişdir. Onun təşəbbüsü ilə Botanika İnstitutunun əməkdaşları tərəfindən axtarış-tədqiqat işləri aparılaraq respublikamızın 52 rayonunun 318 obyekt sahəsində 2469 nadir abidə ağaclarının, unikal meşəliklərin olması müəyyən edilmişdir.

1957-ci ildə Həsən Əliyevin təşəbbüsü ilə Bakıda Zaqafqaziya təbiəti mühafizə müşavirəsi keçirilmişdir. Bu müşavirədə ilk dəfə dövlət təbiəti mühafizə xidmətinin yeni təşkilati formaları, təbiəti mühafizə üzrə komissiyanın fəaliyyəti təhlil edilmiş və əməli təkliflər irəli sürülmüşdür. Bir vaxtlar respublikada fəaliyyət göstərmiş Ətraf Mühitə Nəzarət və Təbiəti Mühafizə Komitəsi, Təbiəti Mühafizə Cəmiyyəti bilavasitə böyük alimin şəxsi təşəbbüsü ilə yaradılmışdır.

Azərbaycanın torpaq örtüyündə yeni salınan meşələr, Qalaaltı müalicə suyunun kəşfi, onun şəxsən orada müalicə qəbul etməsi, bu şəfa mərkəzini dünyada məşhurlaşdırması alimin adı ilə bağlıdır. Azərbaycanın zəngin təbiətinin, təbii ehtiyatlarının qorunması, yaxşılaşdırılması və onlardan səmərəli istifadənin təmin edilməsi, eləcə də ətraf mühitə mənfi antropogen təsirinin azalmasına yönələn təşəbbüslər həmişə akademikin diqqətində olmuşdur.

Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən tədbirlərdə ətraf mühit və faunanın qorunması məsələləri həmişə gündəmdədir. IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci il tarixindən fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.

Müxtəlif ölkələrdən olan gənclər bir araya gələrək ətraf mühitin qorunması ilə bağlı layihələr hazırlamışdır. "Bu kampaniya ətraf mühitin müsbət və dayanıqlı inkişafını təmin etmək məqsədilə gənc nəsil üçün vacib olan dialoq, fəaliyyət, liderlik və məlumatlılıq prinsiplərinə əsaslanır” deyən Leyla Əliyeva Azərbaycan hökuməti, IDEA və UNEP-in 2012-ci ilin noyabrında Bakıda "Yaşıl həftə” tədbirini keçirmişdir.

IDEA Qafqazın ən böyük təşkilatıdır və gənclərlə işləyir. Qurumun təşəbbüsü ilə Azərbaycanda milyonlarla ağac əkilmişdir. Bu iş indi də davam etdirilir.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada, o cümlədən Qafqazda nəsli kəsilməkdə olan heyvanların qorunması ilə bağlı bir neçə layihə həyata keçirilmişdir.

Akademik Həsən Əliyevin həyata keçirdiyi təbiəti mühafizə işlərini Heydər Əliyev Fondu və onun vitse-prezidenti Leyla Əliyeva davam etdirir. Bilavasitə onun rəhbərliyi ilə Abşeronda və Azərbaycanın digər bölgələrində hər il ağacəkmə kampaniyası geniş vüsət alır. İldə 100 mindən çox ağac əkilir. Bilavasitə Leyla xanımın təşəbbüsü ilə Xəzər dənizinin və onun çimərliklərinin çirklənməsinə qarşı mübarizə tədbirləri aparılır.

Ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.

Gəlin heç bir gözəlliyi bizdən əsirgəməyən ana təbiətə və onun bütün sərvətlərinə doğma münasibət bəsləyək, qayğı, sevgi və məhəbbətlə yanaşaq, onları qoruyub saxlamağa çalışaq, gələcək nəsillərə təqdim etmək üçün əlimizdən gələni əsirgəməyək, ona qarşı düşmənçilik mövqeyindən əl çəkək, ekoloji genosid törətməyək, ana təbiətin qanlı göz yaşlarını silək və heç vaxt bir də onu yaralayıb ağlatmayaq.

Neron BABAXANOV,

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin professorları

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video