28 Noyabr 2019 00:55
758
İQTİSADİYYAT
A- A+

10 ayın makroiqtisadi göstəriciləri ilin uğurla sona çatacağından xəbər verir


Dövlət Statistika Komitəsi (DSK) cari ilin yanvar-oktyabr ayları üzrə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəriciləri açıqlayıb. Bildirilir ki, bu dövrdə ölkə üzrə 65,4 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Bu isə ötən ilin eyni dövründəkindən 2,1 faiz çoxdur. Hesabat dövründə əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3,5, neft-qaz sektorunda 0,2 faiz artmışdır.

ÜDM-in 41,8 faizi sənaye, 10 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,2 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 16,2 faizi digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 9 faizini təşkil etmiş, əhalinin hər nəfərinə 6609,6 manat əlavə dəyər düşmüşdür.

On ay ərzində ölkə üzrə 38,1 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2018-ci ilin eyni dövründəkindən 1,4 faiz çoxdur. Ümumilikdə bu dövrdə sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artmışdır. Sənaye məhsullarının 70,3 faizi mədənçıxarma, 24,9 faizi emal, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatı 3,3 faiz azalmış, əmtəəlik qaz hasilatı 27,8 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,3, hazır metal məmulatlarının istehsalı 83,5, tütün məmulatlarının istehsalı 67,6, kompüter, elektron və optik məhsulların istehsalı 37,1, içki istehsalı 39,5, toxuculuq sənayesi məhsulları istehsalı 37, mebel istehsalı 29,5, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri 30,4, rezin və plastik kütlə məmulatları istehsalı 22,7, kağız və karton istehsalı 24,6, kimya sənayesi məhsulları istehsalı 26,5, qida məhsulları istehsalı 13,9, əczaçılıq məhsulları istehsalı 20,8, poliqrafiya məhsulları istehsalı 23,9, geyim istehsalı 12, tikinti materialları istehsalı 3,8, maşın və avadanlıqların istehsalı 4,5 faiz artmışdır. Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınmışdır - müvafiq olaraq 2,4 və 6,4 faiz.

DSK-nın hesabatına əsasən, ötən 10 ay ərzində əsas kapitala 11 milyard 407,4 milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş ümumi vəsaitin 65,5 faizi məhsul istehsalı və 25 faizi xidmət obyektlərinin, 9,5 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 71,1 faizi daxili sərmayələr olan bu vəsaitlərin 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir.

Bütün bu vəsaitlər hesabına ötən dövr ərzində ölkə üzrə bir sıra müxtəlif təyinatlı müəssisə və obyektlər, o cümlədən Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, həmin rayonda icra hakimiyyətinin inzibati binası, rayon Gənclər Mərkəzi, ilk DOST mərkəzinin inzibati binası, 140 yerlik məktəbəqədər tədris müəssisəsi, 200 çarpayılıq xəstəxana, Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, Sumqayıtda "SOCAR karbamid” və polietilen zavodları, Beyləqanda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazlılar-Birinci Aşıqlı-Əlinəzərli, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qobustan rayonunda "Azərxalça” ASC-nin filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Xidmətləri Məkanı, eləcə də Naxçıvan MR-də 1530 şagirdlik 3 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, 3 ambulatoriya-poliklinika, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana, Şəkidə 624, İsmayıllıda 400, Lerik, Cəlilabad və Quba rayonlarının hər birində 180 şagirdlik 3 ümumtəhsil məktəb binası, Ağdaş Rayon Telekommunikasiya Qovşağında "Şəbəkə” xidmət mərkəzi, Biyan Sənaye Parkı, bir çox kəndləri birləşdirən avtomobil yolları, Oğuzda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. istifadəyə verilmişdir.

Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə qeyri-neft-qaz sektorunun inkişafına 7 milyard 136,5 milyon manat vəsait xərclənmiş və həmin vəsaitin 1 milyard 359 milyon manatından (ümumi sərmayənin 11,9 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu dövrdə əsas kapitala 3 milyard 298,8 milyon manat xarici kapital da yönəldilmişdir.

Dövlət Statistika Komitəsi yanvar-sentyabr ayları üzrə ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı barədə də məlumat açıqlamışdır. Bildirilir ki, Azərbaycanda bu dövr orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 603,5 manata çatmışdır. Əhalinin ümumi gəlirlərinə gəldikdə, həmin məbləğ ilin 10 ayında 45,7 milyard manat olmuşdur ki, bu da nominal ifadədə ötən ilin eyni dövründəkindən 6,9 faiz çoxdur.

Yeri gəlmişkən onu da bildirək ki, Prezidentin müvafiq sərəncamları ilə reallaşan kompleks sosial islahatlar nəticəsində sentyabrın 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, büdcədən maliyyəşən bir sıra idarə, müəssisə və təşkilatlarda, eləcə də Dövlət Neft Şirkətində çalışan işçilərin maaşlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində cari ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatmışdır. Bu isə ötən ilin sentyabr ayı ilə müqayisədə 35,8, avqust ayına nisbətən 21,6 faiz artıqdır.

DSK-nın digər bir məlumatı ölkə üzrə pərakəndə ticarət dövriyyəsi haqqındadır. Hesabata əsasən, cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3 faiz üstələyərək 27,5 milyard manatdan çox olmuşdur. Eyni zamanda bu dövrdə əhaliyə 6,5 milyard manatlıqdan çox ödənişli xidmətlər göstərilmişdir.

Qiymətlərə gəldikdə, DSK-nın açıqladığı rəqəmlərə əsasən, ilin əvvəlindən ötən 10 ay ərzində istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətləri 2018-ci ilin eyni dövrünə nisbətən ümumilikdə 2,6, o cümlədən ərzaq, içki və tütün məmulatları üzrə 3,7, qeyri-ərzaq malları üzrə 1,2, ödənişli xidmətlər üzrə 2,2 faiz bahalaşmışdır.

Azərbaycanın bu dövrdə xarici ticarət əlaqələrində də müsbət nəticələr qeydə alınmışdır. Hesabata görə, ilin əvvəlindən ötən 9 ay ərzində gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla cari ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsinin dəyəri 24 milyard 837,2 milyon dollara çatmışdır. Ticarət dövriyyəsinin 58,2 faizini ixrac, 41,8 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 4 milyard 81,2 milyon dollarlıq müsbət ticarət saldosu deməkdir.

Xarici ticarətdə digər mühüm fakt ixracda qeyri-neft məhsullarının xüsusi çəkisinin artmasıdır. Hesabatda bildirilir ki, ilin əvvəlindən ötən 9 ay ərzində Azərbaycandan 1 milyard 413,1 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur. Bu isə ötən ilin analoji dövrünə nisbətən faktiki qiymətlərlə 17,1, real ifadədə 12,1 faiz çoxdur.

Bir neçə fakt da nəqliyyat, informasiya və rabitə barədə: hesabatda bildirilir ki, yanvar-oktyabr aylarında ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 1 milyard 776,4 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 72,7 faizindən əhali istifadə etmişdir. 2018-ci ilin eyni dövrünə nisbətən bu xidmətlərin həcmi dəyər ifadəsində 16,1 faiz artmış, əldə edilmiş gəlirlərin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda da göstəricilər müsbətdir. Belə ki, 10 ay ərzində ölkə üzrə 191,7 milyon ton yük, 1 milyard 671,8 milyon sərnişin daşınmışdır. Yük dövriyyəsi üzrə artım 1,5, sərnişin daşınması üzrə 2,3 faiz olmuşdur.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video