28 Noyabr 2019 00:20
1562
Səhiyyə
A- A+

İcbari tibbi sığorta


Vətəndaşlara zəmanətli tibbi xidmət


İcbari tibbi sığortanın tətbiqi vətəndaşlara zəmanətli tibbi xidmət almaq imkanı yaradan və əhalinin sağlamlığının təmin edilməsi istiqamətində mühüm addımdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, tibbi fəaliyyətin hüquqi tənzimlənməsində də islahatlar həyata keçirilmiş, mövcud qanunvericilik aktları təkmilləşdirilmiş və mütərəqqi dünya təcrübəsinin tətbiqini, insan və vətəndaşların tibbi yardım almaq və sağlamlığının qorunması hüquqlarının daha dolğun təminatlarını nəzərdə tutan yeni qanunvericilik aktları qəbul olunmuşdur. Belə aktlardan biri də "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.

"Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun "Tibbi sığorta və onun formaları” adlanan 1-ci maddəsinə görə tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə insanların tibbi və dərman yardımı almasına təminat verir.

Bazar iqtisadiyyatı münasibətlərinə keçidlə əlaqədar hazırkı inkişaf mərhələsi tibb hüququ elmi qarşısında da yeni vəzifələr qoymuşdur. Bu vəzifələr içərisində əhalinin sağlamlığının qorunması sistemində icbari tibbi sığortanın rolu və yerinin müəyyən edilməsi, yeni iqtisadi şəraitdə bu sahənin hüquqi tənzimlənməsinin, təşkilati-hüquqi əsaslarının və təminat mexanizmlərinin təkmilləşdirilməsi xüsusi yer tutur. Ümumilikdə icbari tibbi sığorta sosial xarakter daşısa da, bu gün ölkədə tibbi sığorta sahəsində bazar elementlərinin genişləndirilməsi vacib məsələdir. İnkişaf getdikcə bütün resurslardan səmərəli və minimum xərclər daxilində istifadə edilməsi yolu ilə tibbi sığorta sahəsində resurslara qənaət etmək, xidmətin keyfiyyətini yüksəltmək olar.

Bu sığorta növünün tətbiqi əhalinin xərclərinin strukturuna müsbət təsir göstərərək onların səhiyyə xərclərini azaldır, səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların aradan qalxmasına səbəb olur, dövlət və özəl tibb klinikaları arasında rəqabəti stimullaşdırır.

Respublikamızda 1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın tətbiqinə başlanılır. İcbari tibbi sığortanın tətbiqini həyata keçirən və publik hüquqi şəxs statusuna malik olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirməklə zəruri tibbi xərclərin ödənilməsini təmin edir.

İcbari tibbi sığorta sisteminin məqsədi nədən ibarətdir?

Səhiyyə sisteminin maliyyələşdirilməsini yeni iqtisadi əsaslarla qurmaq; tibbi xidmətlərə əlçatanlığı təmin etmək; əhalini sağlamlığı ilə bağlı üzləşə biləcəyi maliyyə risklərindən qorumaq.

Müasir dövrdə tibbi sığorta institutunun tətbiqinin əhəmiyyətini belə xarakterizə etmək olar:

- ödənişli tibbi yardımın azalması;

- aztəminatlı əhali kateqoriyasının həkim və tibb müəssisəsinin seçilməsi imkanlarının reallaşdırılması;

- tibb işçilərinin öz əməklərinin nəticəsində maraqlı olmasının təmin edilməsi;

- səhiyyə sahəsində mövcud neqativ halların qarşısının alınması;

- tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi;

- vətəndaşların müasir və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması;

- vətəndaşlara Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb təchizatçılarını və ya tibbi ərazi bölmələrini seçə bilmək imkanının yaradılması;

- vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması;

- vətəndaşların həkimə vaxtında müraciət etmələri nəticəsində xəstəliklərin ağırlaşmasının qarşısının alınması və erkən aşkarlanmış xəstəliklərin müalicəsinin mümkün olması.

Məcburi dövlət sosial sığortası şamil edilən şəxslərlə yanaşı, digərləri üçün də icbari tibbi sığorta haqlarının ödənilməsi zəruridir. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlər insanların sağlamlığını qorumaq hüququnu təmin etməlidir. Vətəndaşlara göstərilən tibbi xidmətlərin həcmi icbari tibbi sığorta üzrə sığorta dövrünün müddətindən asılı olmamalıdır. Sığorta hadisəsi baş verən hallarda icbari tibbi sığorta üzrə sığorta təminatı vaxtında təqdim edilməlidir.

İcbari tibbi sığorta sistemi bilavasitə vətəndaşların sağlamlığı ilə bağlı olduğundan həssas bir sahədir. Bu sahədə qanun pozuntusu hallarının əvvəlcədən müəyyən edilərək qarşısının alınması dövlət üçün əhəmiyyətli məsələdir.

İcbari tibbi sığortanın tətbiqi zamanı bir çox məsələlər xüsusi önəm kəsb edir: tibbi xidmətin keyfiyyəti, onların sadə vətəndaşlar üçün mümkünlüyü səviyyəsi, bütövlükdə səhiyyə sistemində fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının vəziyyəti, vətəndaşların qanunvericiliklə müəyyən olunmuş icbari tibbi sığorta vəsaitləri hesabına tibbi yardım almaq hüququnun maliyyə təminatı, icbari tibbi sığortanın vətəndaşların sağlamlığının mümkün olan bütün vasitələrlə qorunması və möhkəmləndirilməsinə yönəldilməsi, Azərbaycan Respublikasının bütün ərazisində vətəndaşlara təqdim edilən tibbi yardımın həcminin və keyfiyyətinin bərabərləşdirilməsi üçün lazımi şəraitin yaradılması, icbari tibbi sığorta sisteminin maliyyə sabitliyinin təşkili, icbari tibbi sığorta vəsaitlərindən məqsədyönlü şəkildə istifadə edilməməsinə görə məsuliyyət və s.

İcbari tibbi sığortanın tətbiqi nəticəsində tibbi xidmətlərin keyfiyyəti yüksələcək.

Dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. 2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub.

İcbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi - baza və əlavə hissələrdən ibarət olmaqla sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.

Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və ya hal sığorta hadisəsi hesab edilir.

Xidmətlər zərfi iki hissədən - baza və əlavə hissədən ibarətdir.

Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Azərbaycan Respublikasının vətəndaşları, habelə ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu xidmətlər üzrə illik 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.

İlkin səhiyyə Xidməti üzrə təminata bunlar daxildir:

- ilkin tibbi müayinə və müalicə;

- hamilə qadınların və yenidoğulmuşların patronajı;

- ixtisas həkimlərinə və əlavə müayinələrə göndərişlərin verilməsi.

İmmunoprofilaktikaya:

- təcili və təxirəsalınmaz hallarda ilkin tibbi yardım;

- əhalinin sanitar maarifləndirilməsi.

Təcili tibbi yardım çağırışları yalnız təcili və təxirəsalınmaz hallarda edilməlidir.

Xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstəxanada yatmaq, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir. Xidmətlər zərfi hazırlanıb və təsdiqlənmək üçün müvafiq quruma göndərilməlidir. Xidmətlər zərfinin əlavə hissəsi üzrə icbari tibbi sığorta haqqı müəyyən edilib.

İcbari tibbi sığortanın xidmətlər zərfinə stasionarda dərman təminatı daxildir.

Xidmətlər zərfi təsdiq olunduqdan sonra bu haqda ictimaiyyətə əlavə məlumat verilməlidir. Xidmətlər zərfi ilə təminata alınmayan tibbi xidmətlər mövcuddur. Belə halda tibbi xidmətlərdən istifadə edən şəxs öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir.

İstisnalar zərfinə əsasən dövlət proqramları çərçivəsində müalicə və müayinəsi nəzərdə tutulan tibbi xidmətlər, kosmetoloji, estetik prosedur və əməliyyatlar daxildir. Bildiyiniz kimi, bir çox xəstəliklərlə bağlı tibbi xidmətlərin göstərilməsi dövlət hesabına, ödənişsiz aparılır. Həmin xəstəliklərlə bağlı bir sıra dövlət proqramları mövcuddur. Misal üçün, vərəmlə mübarizə, şəkərli diabet xəstəliyi, onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə, talassemiya ilə mübarizəyə dair və s. Sözügedən sahələrə dövlətin dəstəyi böyükdür. Həmin xəstəliklərin müayinə və müalicəsi dövlət proqramları çərçivəsində göstərilir. Gələcəkdə bu proqramların icra müddəti bitdikdən sonra İTS (icbari tibbi sığorta) sistemi çərçivəsində həmin xəstəliklərin müalicə və müayinəsinə təminat verilməsi planlaşdırılır. İstisnalar zərfi hazırlanıb və təsdiqlənmək üçün müvafiq quruma göndərilmişdir.

Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2 faizi məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. İki və ya daha çox yerdə əmək müqaviləsi əsasında işləyən şəxslər hər iş yeri üzrə ödənilən aylıq əməkhaqqının 2 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. İşçinin əmək müqaviləsinə xitam verildiyi tarixdən 1 ay ərzində həmin şəxsin sığortaolunan statusu saxlanılır.

Kimlər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək?

* Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

* Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.

Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər)

Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

Əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qruplarının sığortahaqları dövlət büdcəsi hesabına ödənilir:

* 18 yaşınadək şəxslər;

* 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər;

* Pensiyaçılar;

* Sosial müavinət almaq hüququna malik olan şəxslər;

* Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

* Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar;

* Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

İcbari tibbi sığorta haqqı ödənilmədiyi təqdirdə tibbi xidmətlərdən hansı şərtlərlə istifadə edilə bilər?

İcbari tibbi sığorta haqqı ödənilmədiyi hallarda xidmətlər zərfinin əlavə hissəsi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşın öz maliyyə vəsaiti hesabına göstərilir.

Yalnız təcili hallarda vətəndaşın sığortalı olub-olmamasına baxmayaraq ona yardım göstərilə bilər. Ehtiyacdırsa, əməliyyat da edilə bilər. Təcili hallarla bağlı siyahı tərtib edilib, təsdiqləndikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Bu məlumat agentliyin saytında yerləşdiriləcək.

Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xidmətlər zərfinin baza hissəsi üzrə sığortaolunan hesab olunurlar. Baza hissədən (ilin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) istifadə pulsuzdur, bunun üçün hər il 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsindən (ixtisaslaşdırılmış tibbi yardım) istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir.

İşsiz, özünəməşğulluğu olan şəxslərə və digər iqtisadi qeyri-fəal əhali qrupuna tibbi yadım necə göstəriləcək? Və ya mən özüməşğul şəxsəmsə, müvəqqəti gəlirlərim olursa və işsiz kimi qeydiyyata düşməmişəmsə, icbari tibbi sığortahaqqı ödəməliyəm?

Xidmətlər zərfinin baza hissəsindən (ikin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) istifadə hər kəs üçün pulsuzdur. Baza hissə üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.

Xidmətlər zərfinin əlavə hissəsi (ixtisaslaşdırılmış tibbi yardım) üzrə isə icbari tibbi sığortahaqqı ödənilməlidir. Özüməşğul əhali üzrə sığortahaqqı illik 120 manat müəyyən edilir. Sığortahaqları həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək.

"Tibbi sığorta haqqında” qanuna əsasən sığortaolunanın (işçinin) xeyrinə ödənilmiş sığorta ödənişləri barədə məlumat almaq hüququ vardır.

Sığortalı (işəgötürən) tərəfindən sığortahaqları hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər yalnız əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda onların sığortahaqları dövlət büdcəsi hesabına ödənilir.

İcbari tibbi sığortahaqqını ödəməkdən imtina edən və nəticədə sığortaolunmayan vətəndaş xidmətlər zərfinin tariflərinə uyğun olaraq tibb müəssisəsinə ödəniş etməlidir.

İcbari tibbi sığortahaqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.

"Tibbi sığorta haqqında” qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq ediləcək.

Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb təchizatçıları və ya tibbi ərazi bölmələri icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər.

Tibb təchizatçılarının və ya tibbi ərazi bölmələrinin "Tibbi sığorta haqqında” Qanunun müvafiq müddəalarının tələblərinə uyğunluğunun qiymətləndirilməsi agentlik tərəfindən həyata keçirilir. Həmin tələblərə cavab verən tibb təchizatçısı və ya tibbi ərazi bölməsi ilə agentlik arasında tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilə bağlanılır.

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırlıq çərçivəsində tibb işçilərinin fəaliyyətlərinin nəticələrinə görə əməkhaqlarının ödənişi sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Tibb işçilərinin əməkhaqlarının artırlıması barədə təkliflər müvafiq dövlət qurumları ilə razılaşdırılır.

Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslərin icbari tibbi sığortahaqqı rəsmi işləmədiyi halda dövlət büdcəsi hesabına ödənilir.

Mayis ƏLİYEV,

hüquq üzrə elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video