26 Noyabr 2019 01:31
884
SİYASƏT
A- A+

Yüksələn xətlə inkişaf edən ikitərəfli əməkdaşlıq


Azərbaycan-Rusiya əlaqələri belə səciyyələnir


Qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətlərin möhkəmləndirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindəndir.

Dövlətimiz müstəqilliyini bərpa edəndən bəri bu məqsədə nail olmaq üçün əhəmiyyətli məsafə qət etmiş, qonşularını mehriban dost kimi qəbul edərək onlarla sıx əlaqələr qurmağa müvəffəq olmuşdur. Nəticə etibarilə təcavüzkar Ermənistan istisna olmaqla, Azərbaycanı bütün qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq, qarşılıqlı hörmət bağları birləşdirir.

Bu baxımdan Azərbaycan-Rusiya əlaqələrinin hazırkı mərhələsi səciyyəvidir. İki ölkənin maraq dairəsində olan məsələlərin spektri kifayət qədər genişdir və ona görə də Bakı və Moskva daim təmasda olur, bu və ya digər problemin həlli üçün qarşılıqlı səylər göstərir. Bir məqamı xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çatmasında iki dövlətin başçıları İlham Əliyev və Vladimir Putinin siyasi iradəsi və şəxsi səmimi münasibətləri həlledici rol oynamışdır. Prezidentlər mütəmadi olaraq bir araya gəlib ikitərəfli əlaqələrin dərinləşdirilməsi naminə yeni-yeni təşəbbüslər irəli sürür, konkret addımlar atırlar. Artıq Bakı ilə Moskva arasında əməkdaşlığın yetərli müqavilə-hüquqi bazası yaradılmış, 200-dən çox sənəd imzalanmış, tərəflər iki ölkənin və xalqın mənafeyinə cavab verən strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuş və nəticələr də özünü çox gözlətməmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına başa çatmış rəsmi səfəri ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılmış növbəti addım oldu. Bəri başdan qeyd etmək lazımdır ki, səfərin nəticələri gözləntiləri tamamilə doğrultdu. Azərbaycanın Birinci vitse-prezidenti Moskvada Rusiya Prezidenti Vladimir Putin, hökumətin başçısı Dmitri Medvedev və parlamentin yuxarı palatasının - Federasiya Şurasının sədri Valentina Matviyenko ilə bir araya gələrək ikitərəfli əməkdaşlığı möhkəmləndirib inkişaf etdirməyin yollarını müzakirə etdi.

Təqdirəlayiq haldır ki, iki ölkə arasında əməkdaşlıq get-gedə intensivləşir. Moskvada keçirilmiş görüşlər zamanı razılıqla vurğulandı ki, son illər müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafı istiqamətində ardıcıl addımlar atılmışdır. Xüsusilə əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin yüksələn xətlə inkişafı nəzərə çarpır. Rəqəmlər bu reallığı əks etdirir: keçən ilin yekunlarına görə, qarşılıqlı ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olmuş, cari ilin 9 ayı ərzində isə artım 26 faizə çatmışdır.

İnvestisiya sahəsində də ikitərəfli əməkdaşlıq genişlənir. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınmış, Rusiya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatmışdır. Eyni zamanda Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar sərmayə qoymuşdur. Hazırda maşınqayırma və avadanlıq istehsalı, kimya sənayesi, əczaçılıq, nəqliyyat kimi sahələrdə müştərək layihələr həyata keçirilir. Belə ki, "SOCAR Polymer” zavodu inşa edilmişdir, "Azərikimya” müəssisələri modernləşdirilir, Gəncə Avtomobil Zavodunda "KamAZ” səhmdar cəmiyyətinin və "Ural” avtomobil zavodunun yük avtomobillərinin istehsalı və yığılması həyata keçirilir. Hacıqabul Sənaye Məhəlləsində QAZ markalı avtomobillərin yığılması üzrə zavod tikilir. "P-farm” əczaçılıq preparatları zavodunun birinci növbəsinin tikintisi başa çatmaq üzrədir. Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda iştirak edir. Elektrik enerjisi mübadiləsi həyata keçirilir. Azərbaycan, Rusiya və İran arasında "Şimal-Cənub” enerji dəhlizinin yaradılması işi davam edir.

Kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədilə tədbirlər görülür. Məlum olduğu kimi, Rusiya Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarının əsas istehlakçısıdır. Azərbaycan isə Rusiyadan kənd təsərrüfatı texnikası və mineral gübrələr alır. Yaxın gələcəkdə 2020-2022-ci illər üçün aqrar sənaye kompleksində əməkdaşlıq proqramının imzalanması planlaşdırılır.

Başqa bir istiqamət - nəqliyyat-tranzit Azərbaycan-Rusiya əməkdaşlığının mühüm istiqamətlərindəndir. "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” layihəsi bu sahədə böyük əhəmiyyət kəsb edir. Layihənin reallaşdırılması ilə ötən il bu marşrut ilə tranzit daşımalarının həcmi 8 dəfə, cari ilin birinci yarısında isə 60 faizdən çox artmışdır. 2020-ci ildə yeni Bakı-Rusiya sərhədi avtomagistralının tikintisinin başa çatdırılması, habelə Samur çayının üstündə avtomobil körpüsünün birgə tikintisi planlaşdırılır.

Azərbaycan iqtisadiyyatının yüksələn sahəsi - turizm Rusiya ilə əməkdaşlıq əlaqələrində əhəmiyyətli rol oynayır. Rusiya ölkəmizə gələn turistlərin sayına görə birinci yeri tutur. Keçən il 900 minə yaxın rusiyalı turist Odlar yurdunu ziyarət etmişdir. Cari ilin yekunlarına görə bu göstəricinin artması gözlənilir. Öz növbəsində azərbaycanlı iş adamları Rusiyanın Şimali Qafqaz regionunda turizm infrastrukturuna sərmayə qoyurlar.

Eyni zamanda son illər iki ölkə arasında humanitar sahədə, xüsusilə təhsil sahəsində əməkdaşlığın fəallaşması müşahidə olunur. Bakıda Rusiyanın iki ali məktəbinin - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılmışdır. Eyni zamanda Rusiyanın ali təhsil müəssisələrində 11 mindən çox azərbaycanlı gənc təhsil alır.

Azərbaycan-Rusiya əlaqələrinin inkişafında qonşu ölkənin regionları mühüm töhfə verir. Birinci vitse-prezident Mehriban Əliyeva səfərin gedişində X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etdi. Qeyd olundu ki, hazırda Rusiya Federasiyasının 72 subyekti Azərbaycanla ticarət münasibətləri, humanitar əlaqələr saxlayır. Moskva şəhəri, Moskva vilayəti, Sankt-Peterburq, Çelyabinsk, Volqoqrad, Saratov, Nijni-Novqorod, Həştərxan, Sverdlovsk vilayətləri, Stavropol və Krasnodar diyarları bu sahədə liderdir. Nəzərə çarpdırıldı ki, iki qonşu ölkənin regionları, işgüzar dairələri və təşkilatları arasında praktik əməkdaşlığın genişlənməsində əsas rol oynayan Azərbaycan-Rusiya Regionlararası Forumuna tələbat, onun iştirakçılarının sayı ildən-ilə artır.

Bakı və Moskva bütün bu uğurlarla kifayətlənmək niyyətində deyil, ikitərəfli əməkdaşlığın mövcud potensialını tamamilə hərəkətə gətirmək əzmindədir. Məlum olduğu kimi, ötən il 2024-cü ilədək olan dövr üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanmışdır. Plan özündə beş "yol xəritəsi”ni ehtiva edir. Bu sənədlər ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasına, nəqliyyat potensialının inkişafına, birgə müəssisələrin yaradılmasına, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsinə, həmçinin humanitar əlaqələrə istiqamətlənmişdir. Yəni ki, ikitərəfli əlaqələrin yeni vüsət alması üçün imkanlar kifayət qədərdir. Şübhə etməmək olar ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin dərinləşməsinə təkan verəcək.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video