23 Noyabr 2019 03:34
1291
SİYASƏT
A- A+

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır


Dövlətimizin dünya birliyində mövqeyi möhkəmlənir


Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir və bu dəyərləri təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətidir. Ölkəmizdə bu istiqamətdə bir çox önəmli addımlar atılmış, mötəbər beynəlxalq tədbirlər keçirilmişdir.

Qoşulmama Hərəkatının ötən ay Bakıda keçirilmiş XVIII Zirvə Görüşü zamanı bəşəri dəyərlərin təbliğinə xüsusi diqqət yetirildi, bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqlik nümayiş etdirildi. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır.

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmət, inam və etimadın təzahürüdür. Bununla bağlı Prezident İlham Əliyev demişdir: "Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır. Bu inkişaf özünü bütün sahələrdə büruzə verir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Bu gün biz dünya miqyasında çox böyük hörmətə layiq ölkə kimi öz fəaliyyətimizi aparırıq. Qoşulmama Hərəkatının bu yaxınlarda Bakıda keçirilmiş Zirvə Görüşü bunu bir daha təsdiqlədi. Biz artıq BMT-dən sonra dünya miqyasında ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edirik və üç il ərzində sədrliyi davam etdirəcəyik. Bu sədrlik 120 ölkənin rəyi əsasında yekdil qərarla əldə edilibdir. Yəni bu, onu göstərir ki, dünya birliyinin ən azı üçdəiki hissəsi Azərbaycanı dəstəkləyir və bizim siyasətimizə böyük qiymət verir”.

Bu günlərdə Bakı daha bir mötəbər tədbirə - Dünya dini liderlərinin II Sammitinə evsahibliyi etmişdir. Dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-yə yaxın yüksək səviyyəli nümayəndəsinin qatıldığı sammitin ölkəmizdə keçirilməsi təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri var. Əsrlər boyu ölkəmizdə bütün dinlərin və etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu birgə yaşayış tərzi dünyanın digər ölkələrinə nümunədir.

2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardım göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi dünyanın ayrı-ayrı regionlarında yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması və digər sahələrdə layihələr həyata keçirir.

Azərbaycanın müstəqil xarici siyasəti milli maraqlara, ədalətə əsaslanır və ölkəmizə yeni-yeni dostlar qazandırır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi buna bariz nümunədir. TŞ-yə üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfə vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir.

Azərbaycan BMT TŞ-nin mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə evsahibliyi edir. Dünyada 200-ə qədər ölkə var və bu ölkələr arasında görüşlər üçün Azərbaycanın seçilməsi müstəqil xarici siyasətimizə hörmətin göstəricisidir.

Dövlətimiz demokratiya, insan hüquq və azadlıqları kimi ali dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri var. Müsəlman Şərqində ilk dəfə demokratik respublika Azərbaycanda qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə hətta əksər Qərb ölkələrindən də irəlidəyik. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur.

Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Milli iqtisadiyyatımıza 270 milyard dollardan artıq sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə dünyada 9-cu yerdəyik. Ölkədə yoxsulluq 5 faiz səviyyəsindədir. Təkcə bu il minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artmışdır. 280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır və hər bir ailə təxminən 140 ABŞ dolları ekvivalentində aylıq sosial yardım alır. Bu müddətdə 3200-dən çox məktəb və 640-dan çox xəstəxana və tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir. Bizdə savadlılıq səviyyəsi 100 faizə yaxındır. Üç yüz mindən çox məcburi köçkün pulsuz evlər və mənzillərlə təmin edilmişdir. Məcburi köçkün ailələrinə orta hesabla 180 ABŞ dolları ekvivalentində aylıq müavinət verilir.

Azərbaycan artıq kosmik ölkədir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən üç peykimiz var. Əhalinin 80 faizi internet istifadəçisidir.

Ölkəmizin əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə "Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Dünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.

Eyni zamanda, Azərbaycan bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində iş aparır. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir.

On bir il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başlamış "Bakı prosesi” təşəbbüsü BMT tərəfindən də dəstəklənir. BMT-nin Baş katibi Antonio Quterreş "Bakı prosesi”ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirmişdir. "Bakı prosesi”nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildənbir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınmışdır.

Beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verməklə Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır. Dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır.

Rizvan HİLALOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video