23 Noyabr 2019 03:23
2961
Təhsil
A- A+

Aqrar elmin inkişaf mərkəzi


Bir əsr yol keçən Dövlət Aqrar Universiteti qazandığı nailiyyətlərlə fəxr edir


Ölkəmizin ali təhsil sistemində özünəməxsus yer tutan və respublikamızın kənd təsərrüfatı kadrları ilə təmin edilməsində əvəzsiz xidmətlər göstərən Azərbaycan Dövlət Aqrar Universitetinin gələn il 100 yaşı tamam olacaq. Bir əsr şərəfli yol keçən və bu müddətdə on minlərlə yüksək ixtisaslı kadrlar hazırlayan bu ali təhsil ocağı bu gün qazandığı nailiyyətlərlə haqlı olaraq fəxr edir.

Universitetin rektoru, Azərbycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, dəfələrlə ilin rektoru seçilən İbrahim Cəfərovla söhbətimiz də bu istiqamətdə oldu. Universitetin tarixini mükəmməl bilən və söhbət zamanı onu ardıcıllıqla diqqətə çatdıran rektor danışdıqca hiss olunurdu ki, yola salınan bir əsr heç də bu ali təhsil müəssisəsi üçün hamar olmayıb.


Universitetin tarixi


1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla Bakı Politexnik İnstitutu təsis edilmiş, dekabrın 14-də bu institutun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi yaradılmış, bununla da ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün Cənubi Qafqaza sürgün edilmiş bir qrup görkəmli rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə ilk məzun buraxılışı olmuşdur. Lakin həmin dövrdə yeni yaradılmış kolxozlara və maşın-traktor stansiyalarına yüzlərlə mütəxəssis tələb olunduğundan ölkədə kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdır. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə kənd təsərrüfatı fakültəsinin bazasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu təşkil edilmiş və institut Xalq Maarif Komissarlığının tabeliyindən Xalq Torpaq Komissarlığının tabeliyinə verilmişdi. 1931-ci ildə Bakıdan Gəncəyə köçürülərək Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytarlıq İnstitutu və Tbilisidəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tərkibinə birləşdirilərək çoxprofilli ali təhsil müəssisəsi yaradılmışdı.

1930-cu ilin dekabr ayında respublikamızda ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmasının 10 illiyi ilə əlaqədar institutda dar çərçivədə yubiley keçirilmişdir. Bu münasıbətlə 50 çap vərəqi həcmində 1000 nüsxə (onun 500 nüsxəsi türk, 500 nüsxəsi isə rus dilində) yubiley toplusu Bakıda "Qızıl Şərq” mətbəəsində nəşr etdirildi. Elə həmin vaxt institutun tarixi də təbii olaraq kənd təsərrüfatı fakültəsinin yarandığı ildən, yəni 1920-ci ildən hesablandı.

1940-cı ildə respublikamızda ali kənd təsərrüfatı təhsili üzrə mütəxəssis hazırlığının 20 illiyi ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yubileyi keçirilmiş, kənd təsərrüfatı istehsalının və elminin inkişafında böyük xidmətləri nəzərə alınaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə institutun bir qrup əməkdaşı Sovet İttifaqının orden və madalları ilə təltif olunmuşdur.

1950-ci ildə isə SSRİ Təhsil Nazirliyinin 10 aprel 594 nömrəli əmrinə əsasən institutun 30 illiyi məhdud çərçivədə qeyd edilmişdir.


Təhsil ocağının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır


1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli Lider Heydər Əliyev digər sahələr kimi ixtisaslı kənd təsərrüfatı kadrlarının hazırlanmasına xüsusi önəm verirdi.

Həmin il iyulun 22-də Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin "S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında” qərar qəbul olunmuş, yubileyin keçirilməsi 1970-ci il dekabr ayının 14-nə təyin edilmiş və Mərkəzi Komitənin katibliyinin sədrliyi ilə 27 nəfərdən ibarət yubiley komissiyası yaradılmış, həmin qərardan irəli gələn müddəaların icrasını təmin etmək məqsədilə müvafiq orqan və təşkilatlara tapşırıqlar verilmişdir. Müəyyən səbəblərdən yubiley təyin olunmuş müddətdə keçirilməmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1979-cu il 13 mart tarixli qərarı ilə yubileyin keçirilməsi yenidən gündəmə gəlmişdir. Həmin illərdə respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin xidməti sayəsində yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli fərmanı ilə "Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. 1980-ci il dekabr ayının 16-da görkəmli dövlət xadimi Heydər Əliyev Gəncəyə gələrək Sovetlər İttifaqının rəhbərliyi adından ordeni kollektivə təqdim etmişdir.

Qeyd edək ki, hazırda universitetdə 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında həyata keçirilir. Tədris 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. 10 ixtisasda rus bölməsi, 6 ixtisasda ingilis bölməsi fəaliyyət göstərir.

Universitetə göstərilən dövlət qayğısının nəticəsidir ki, son yeddi ildə rekord sayda - bakalavriat səviyyəsində 1311, magistratura səviyyəsində 160 tələbə qəbul olunmuşdur. Dövlət başçısı İlham Əliyevin göstərişi ilə 2018-2019-cu tədris ilindən başlayaraq qəbul imtahanlarında kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunmuş tələbələrə 200 manat, 400-499 balla qəbul olunan gənclərə isə 100 manat əlavə təqaüd verilir. Bundan başqa, universitet elmi şurasının qərarına əsasən qeyri kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunmuş və imtahan sessiyasında əlaçı təqaüdü alanlara 120 manat, 400-499 balla qəbul olunmuş və imtahan sessiyasında əlaçı təqaüdü alanlara 80 manat, sessiyada bütün fənlərdən 100 bal alanlara 100 manat, 5 fəndən 100 bal alanlara 80 manat, 4 fəndən 100 bal alanlara 60 manat, ingilisdilli ixtisaslarda sessiyanı müvəffəqiyyətlə başa vuranlara isə 70 manat təqaüd təyin olunur. Universitetdə ən yaşlı tələbəyə - 50 yaşlı Əfsəl Qazıyevə 200 manat, sessiyanı əla qiymətlərlə başa vurduğuna görə 130 manat və bütün fənlərdən 100 bal topladığına görə 100 manat, ümumilikdə 430 manat təqaüd verilir.

Universitet rəhbərliyi məzunların işlə təminatını da daim diqqətdə saxlayır. Bu məqsədlə cari ilin iyun ayının 1-də mühəndislik fakültəsinin tədris binasında ənənə şəklini almış növbəti 11-ci "Məzun-2019” yarmarkası keçirilmişdir. Yarmarkada 230-a yaxın müəssisə və təşkilat iştirak etmiş, 1124 vakant iş yeri təqdim olunmuşdur. Yarmarkada Kənd Təsərrüfatı naziri İnam Kərimov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak etmişdir.


Universitetin maddi-texniki bazası möhkəmləndirilir


Son illər ölkəmizdə aqrar sahənin sürətli inkişafının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər yüksək ixtisaslı kənd təsərrüfatı kadrlarına böyük ehtiyac olduğunu gündəmə gətirdi. Bu vacib işin öhdəsindən layiqincə gələn Azərbaycan Dövlət Aqrar Universiteti bu gün respublikamızı yüksək ixtisaslı kadrlarla təmin etmək iqtidarındadır.

Xüsusilə son illər Prezident İlham Əliyevin universitetə göstərdiyi diqqət və qayğı nəticəsində onun maddi-texniki bazası daha da gücləndirilmiş, tələbələrin seçdikləri peşələrə daha mükəmməl yiyələnmələri üçün zəngin baza yaradılmışdır. Gəncəyə hər gəlişində universitetlə maraqlanan dövlət başçısı onun fəaliyyətinin genişləndirilməsi üçün bir neçə sərəncam da imzalamışdır. 2016-cı il fevralın 17-də və 10 noyabr 2017-ci il tarixində Gəncəyə səfəri çərçivəsində çoxsaylı obyektlərin, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin ikinci müasir tələbə yataqxanasının açılışında iştirak edərək kollektivə uğurlar arzulamışdır. Qeyd edək ki, ümumi ərazisi 13640 kvadratmetr olan kompleks 4-ü 7 mərtəbəli və 1-i 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarlarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx var. Burada vətəndaşların qeydiyyat şöbəsi, 120 nəfərlik akt zalları və fitnes zalları, kafe, məişət və istirahət otaqları, kitabxana, tibbi müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb. Yataqxanaların su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və ayrıca transformator yarımstansiyası inşa edilmişdir. Kompleksin ətrafında geniş abadlıq və quruculuq işləri aparılıb. Burada tələbələr asudə vaxtlarını səmərəli keçirmək üçün hər cür imkana malikdirlər. Bir sözlə, 4 ulduzlu hotel səviyyəsində olan yataqxana kompleksində hər cür şərait yaradılmışdır. Hazırda kompleksdə daha bir yataqxananın da tikintisi nəzərdə tutulmuşdur.

İnşasına keçən il başlanılmış 4 mərtəbəli tədris binasında da tikinti işləri sürətlə davam etdirilir. ADAU-nun nəzdində fəaliyyət göstərəcək lisey binasında isə son tamamlama işləri görülür.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi, kənd təsərrüfatı sahəsində ölkənin kadr hazırlığı mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin bütün laboratoriyaları tamamilə yenilənmiş, müasir avadanlıqlarla təchiz edilmiş və yeni təcrübə bazaları yaradılmışdır. Bu işdə zəngin təcrübə toplamış ölkələrlə əlaqələr daha da genişləndirilmişdir. Məsələn, Türkiyə Respublikası Universitetinin baytarlıq sahəsindəki zəngin təcrübəsindən istifadə edilərək ADAU-da baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris bazasının müasir standartlara uyğunlaşdırılması və "baytarlıq klinikası”nın yaradılması reallaşdırılmışdır. Bundan başqa, ölkədə süni mayalanma üzrə mütəxəssislərə tələbatın artması nəzərə alınaraq baytarlıq təbabəti və zoomühəndislik fakültəsində yeni süni mayalanma tədris mərkəzi yaradılmışdır. Bu məqsədlə vaxtilə baxımsız vəziyyətdə olan bina əsaslı təmir edilmiş, burada 5 auditoriya, heyvanların süni mayalandırılması üçün xüsusi otaq yaradılmış, sanitar qovşaq qurulmuş, binanın ətrafında səliqə-sahman yaradılmışdır.


Kənd Təsərrüfatı Nazirliyi universitetin fəaliyyətini daim nəzarətdə saxlayır


Son bir ildə 4 dəfə universitetdə olan Kənd Təsərrüfatı naziri İnam Kərimov təhsil ocağının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün böyük kömək göstərmişdir. Keçirilən görüşlərdə kənd təsərrüfatının intensiv inkişafının peşəkar kadrlardan birbaşa asılı olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, aqrar sahənin təməl şərtlərindən biri savadlı, müasir dünyagörüşlü mütəxəssislər yetişdirməkdir. Aqrar sahə dövlət dəstəyi ilə yanaşı, bu sahədə çalışan insanların sayəsində inkişaf edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara ehtiyac getdikcə artır. Məhz bu baxımdan tarixi ənənələrə malik, yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Aqrar Universiteti ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilir. Bu gün aqrar ixtisas və peşələr ən çox nüfuz qazanan ixtisaslardan sayılır.

Bu ilin sentyabrın 17-də keçirilən "Bilik” günündə nazir İnam Kərimovun iştirak etməsi isə kollektivdə ruh yüksəkliyi yaratmışdır. Nazir tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdikdən sonra universitetin tədris korpuslarını gəzmiş və bəzi məsləhətlər vermişdir.


Tədris-təcrübə sahələri genişləndirilir


Hazırda universitetdə struktur bölmə kimi, 6 fakültə, 32 kafedra, tədris, elm, kadrlar, tələbə, redaksiya-nəşriyyat, mətbuat, arxiv, təcrübə və karyera, cümhuriyyət muzeyi, elmi-tədqiqat laboratoriyası, magistr hazırlığı mərkəzi, informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsi, elektron kitabxana, mətbəə və "Aqrar mütəxəssis” qəzetinin redaksiyası fəaliyyət göstərir.

Bu gün universitetdə ən çox diqqət yetirilən məsələlərdən biri də tədris-təcrübə təsərrüfatının genişləndirilməsidir. Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi çərçivəsində universitetdə iribuynuzlu heyvanın və atın saxlanması məqsədilə ferma yaradılmışdır. Ferma üçün lazım olan avadanlıq və ləvazimatların alınması həyata keçirilmişdir. Ümumiyyətlə, bu nümunəvi təsərrüfatda heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərinin əyani şəkildə həyata keçirilməsi üçün baytarlıq və zoomühəndislik fakültəsinin tələbələrinə hər cür şərait yaradılmışdır.

Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq müqaviləsi çərçivəsində universitetdə xüsusi təlim otağı da yaradılmışdır. Otaq üçün 40 ədəd stolüstü kompüter, 17 ədəd laptop, 5 ədəd lazer printer, 5 ədəd UPS, 15 ədəd elektron lövhə, 1 ədəd kseroks, 3 ədəd proyektor, 3 ədəd multifunksional maşın, 1 ədəd digital kamera gətirilmişdir.

Aqrokimya laboratoriyası da tamamilə yenidən qurulmuşdur. Respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analizi üçün quraşdırılmış laboratoriyalardan biri burada yaradılmışdır. Laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementləri, torpağın aqrokimyəvi, bioloji, su-fiziki, hava və istilik xassələrini təyin etmək, torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri aşkar etmək mümkündür.

Universitetdə mühəndislik fakültəsində də yeniliklər edilmişdir. Belə ki, burada "John Deere” təlim mərkəzi yaradılmış, mərkəz müasir avadanlıqlarla, texnikaların idarə edilməsi üçün xüsusi stimulyator və digər vasitələrlə təmin edilmişdir. Burada təlimlər Amerika Birləşmiş Ştatlarından dəvət olunmuş mütəxəssislər tərəfindən aparılır.

Uzun illər baxımsız qalmış və acınacaqlı vəziyyətə düşmüş tədris-təcrübə təsərrüfatı da yenidən qurulmuşdur. 5 hektarlıq ərazi hasarlanmış, 2 ədəd giriş qapısı quraşdırılmışdır. Subartezian quyusunun məhsuldarlığını artırmaq üçün əsaslı təmir işləri aparılmışdır. Ərazinin işıq sistemi yenidən qurulmuş, 2 hektar sahədə yeni meyvə bağı salınmışdır. Tikilmiş müasir tövlədə saxlamaq üçün 30 baş damazlıq heyvan alınmış, ərazidə əkilmiş əkin sahələrindən 40 ton arpa, 5,4 ton buğda, 3 ton qarğıdalı götürülmüşdür ki, bu da heyvanların qış mövsümündə yemləndirilməsinə bəs edir. Heyvanların yaşıl yemlə təmin olunması də təşkil edilmiş, belə ki, ərazidə 2 hektar sahəyə yonca səpilmişdir.

Ümumiyyətlə, tələbələrin innovativ texnologiyalara yiyələnməsi daim diqqət mərkəzindədir. Bunun üçün universitetdə hər cür şərait var. Burada yaradılmış aqrobiznes inkubasiya mərkəzi, aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə, kənd təsərrüfatı maşınlarının intellektual idarə edilməsi laboratoriyaları, quşçuluq və bildirçinyetişdirmə mərkəzləri, maşın-traktor parkı, pataloji anatomiya muzeyi-auditoriyası tələbələrin bu sahədə biliklərinin zənginləşdirilməsinə kömək edir. Bundan başqa, 2019-cu il sentyabr ayının 17-dən "ADAU TV” yaradılmış və ilk efir oktyabrın 1-də reallaşdırılmışdır. 100 il şərəfli yol keçən universitetin bugünkü həyatı barədə ətraflı məlumat verilmişdir. İnternet TV-nin yaradılması isə universitetdə baş verənlərin daha geniş yayılmasına imkan vermişdir.


Əcnəbi gənclərin bu ali təhsil ocağına maraqları ildən-ilə artır


Hazırda ADAU-da kənd təsərrüfatının müxtəlif sahələri üzrə 6 minədək tələbə təhsil alır. Onlardan 65 tələbə xarici ölkələrdən gəlmişdir. Əsasən Türkiyə, Konqo, Gürcüstan, İran, Rusiya, Somali, Malayziya, Qazaxıstan və Lesoto Krallığından olan bu tələbələr daha çox baytarlıq və əczaçılıq ixtisaslarına yiyələnirlər. Universitetdə əcnəbi tələbələrin seçdikləri ixtisaslara mükəmməl yiyələnmələri, habelə boş vaxtlarını səmərəli keçirmələri üçün lazım olan bütün şərait yaradılmışdır. Onlar yerli gənclərə qaynayıb-qarışmaqla seçdikləri ixtisasa mükəmməl yiyələnməklə yanaşı, Azərbaycanın milli adət-ənənələrini də mənimsəyirlər. Hətta Azərbaycan dilinə maraq göstərənlər bu dili mənimsəməyə çalışırlar.


Xarici əlaqələr genişlənir


Yarandığı gündən buvaxtadək universitetdə 70 mindən artıq yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisi hazırlanmışdır. Ali təhsil ocağının məzunları arasında görkəmli alimlər, dövlət və ictimai xadimlər, parlament deputatları, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri var. Məzunlardan 14 nəfəri AMEA-nın həqiqi üzvü, 9-u isə müxbir üzvlüyünə namizəd olmuşdur. Universitetin ABŞ, Fransa, Almaniya, Rusiya, Polşa, Macarıstan, Türkiyə, İran, Niderland, İspaniya və MDB ölkələrinin ali kənd təsərrüfatı universitetləri ilə tədris və elmi əlaqələri var. Bu əlaqələrə uyğun olaraq birgə əməkdaşlıq sayəsində beynəlxalq konfranslar, simpoziumlar və digər yığıncaqlar keçirilir. Xarici dövlətlərin universitetlərindən burada mühazirə oxumaq üçün alimlər dəvət olunur, elmi-tədqiqat işlərinin aparılması üçün birgə əməkdaşlıq layihələri həyata keçirilir.

Dünyanın 20 ölkəsinin 50-dən artıq universiteti ilə əməkdaşlıq edən Azərbaycan Dövlət Aqrar Universitetinin ikitərəfli əməkdaşlığa malik olduğu ölkələrdən biri də Almaniyadır. Hər il onlarla tələbə, professor və müəllim heyəti təhsil almaq, təcrübə keçmək, bilik və bacarıqlarını artırmaq məqsədilə Almaniya Federativ Respublikasının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrinə göndərilir. Ümumiyyətlə, ADAU-nun Almaniyanın aqrar sahə üzrə kadr hazırlığı ilə məşğul olan 10-a yaxın ali təhsil müəssisəsi ilə geniş ikitərəfli əlaqələri var.

Bu universitetlərdən Münhen Texniki Universitetini, Vaynştefan Trizdorf Tətbiqi Elmlər Universitetini, Giessen Universitetini, Qrayfsvald Universitetini misal göstərmək olar. Bundan başqa, tələbələrin praktik bilik və bacarıqlarının artırılması məqsədilə ADAU Alaniyanın bir neçə təcrübə təşkilatları ilə də əməkdaşlıq edir.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video