22 Noyabr 2019 02:47
1114
Mədəniyyət
A- A+

Hüquqşünas, müəllim, alim ömrü...


O, hər zaman inanıb ki, düzgünlüyə, haqqa-ədalətə tapınanların nəsibi sonsuz rəğbət və sevgidir. Özünə münasibətdə də hər yerdə bunu görüb. Görkəmli hüquqşünas, professor Məsumə Məlikova həyat yolunu müəyyənləşdirdiyi gündən insanların haqlarını, hüquqlarını qorumağı amalına çevirib.

Buna görə də hüquqşünaslıq peşəsini seçdi, prinsipiallığı, haqsızlıqla, ədalətsizliklə barışmazlığı öz həyat devizinə çevirdi. Hüquqşünas, müəllim, alim ömrü yaşamağın məsuliyyəti ilə çalışdı. Hüquq elmləri doktoru alimlik dərəcəsini almış ilk azərbaycanlı qadın, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, əməkdar hüquqşünas... Adının qarşısında yazılan bu fəxri adlar onun uzun illik gərgin zəhmətinin, elmi araşdırmalarının bəhrəsi oldu. Və bir də heç zaman işlərinin çoxluğunu qayğılardan qaçmaq üçün bəhanəyə çevirmədi. Laqeydlik, biganəlik ona yad oldu. Tələbələri Məsumə Məlikovanın simasında elmdə, təhsildə güzəştə getməyən gözəl alim, tələbkar olduğu qədər də qayğıkeş müəllim, xalqına böyük məhəbbətlə bağlı bir insan tanıdılar.

M.Məlikova 1929-cu il noyabrın 22-də dəmiryolçu Fazil kişinin ailəsində dünyaya göz açmışdır. Doğulub böyüdüyü ailə ziyalı köklərə bağlı idi. Fazil kişi övladlarının hamısının mükəmməl biliyə yiyələnmələri üçün əlindən gələni əsirgəməmişdir. Həyat yoldaşı Mürqüzər xanım da ömrünü beş övladının xoşbəxtliyinə həsr etmişdi. Belə xoş mühitdə böyüyən uşaqların hərəsi bir sahəyə üz tutdu. Ailənin üçüncü övladı olan Məsumə isə hüquqşünaslığı seçdi.

Məsumə Məlikova 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nu) Hüquq fakültəsini bitirəndə onun biliyinin və zəhmətsevərliyinin şahidi olan müəllim və professorlar ona universitetdə qalıb çalışmasını təklif edirlər. Gənc hüquqşünas bu təklifi qəbul edərək ali məktəbdə pedaqoji və elmi fəaliyyətə başlayır.

AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Vahid Qəhrəmanov elmi şuranın qərarı ilə Məsumə Məlikovanın elmi rəhbəri təyin edilir və o, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına ezam edilir.

M.Məlikovanın namizədlik dissertasiyası "M.F.Axundovun ictimai-siyasi baxışları” adlanırdı. 1956-cı ilin iyun ayında dissertasiya ilkin müzakirəyə təqdim edilir. Müdafiə həmin ilin sentyabrına təyin olunur.

Lakin bu zaman ortaya daha bir maneə çıxır. Avqust ayında keçmiş SSRİ-nin mərkəzi mətbuatında Sov. İKP MK-nın namizədlik dissertasiyaları kimi nəzərdə tutulan tədqiqat əsərləri ilə bağlı qərarı dərc olunur. Qərara görə, namizədlik dissertasiyaları qabaqcadan kitab şəklində nəşr olunmalı və yalnız bundan sonra açıq müdafiəyə buraxılmalı idi.

Məsumə Məlikova üçün Moskvada buna nail olmaq çətin idi. Sentyabrda Bakıya qayıdır. Həmin vaxt "Azərnəşr”in direktoru olan yazıçı Qılman İlkin əsərin nəşrinə kömək göstərir. Beləliklə, müdafiə 1958-ci ildə baş tutur və MDU-nun Elmi Şurası M. Məlikovaya hüquq elmləri namizədi alimlik dərəcəsi verir.

Qeyd etdiyimiz kimi, gənc alimin dissertasiya işi Mirzə Fətəli Axundovun ictimai-siyasi baxışlarına həsr olunmuşdu. Bu onun həm də ilk monoqrafik tədqiqat kitabı idi. Həmin əsərlə milli siyasi və hüquqi təlimlərin öyrənilməsinin əsası qoyulmuşdur.

Professor M.Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir. Onun elmi fəaliyyəti barədə danışarkən onu da qeyd etmək lazımdır ki, alimin əsərləri hüquqşünaslığın iki mühüm sahəsini əhatə etmişdir. Bunlardan biri siyasi və hüquqi təlimlər tarixinin tədqiqidir. Digəri dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinə həsr olunmuşdur.

Professorun doktorluq dissertasiyası "XIX əsr - XX əsrin başlanğıcında Azərbaycanda siyasi və hüquqi təlimlər tarixi” adlanırdı. Əslində, bu əsər alimin namizədlik dissertasiyası mövzusunun məntiqi davamı idi. Bunu deməyə hər iki əsərdəki tarixi ardıcıllıq əsas verir. XIX əsrdə və XX əsrin başlanğıcında yaşayıb-yaradan mütəfəkkirlərimizin maarifçilik ideyaları M.Məlikovanın digər əsərlərində olduğu kimi, burada da elmi cəhətdən ətraflı təhlil olunmuşdur.

Məsumə xanım doktorluq dissertasiyasını 1973-cü ildə müdafiə etmiş, növbəti ildə professor adını almışdı. 15 il sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. O, AMEA-nın müxbir üzvü seçilən ilk hüquqşünas qadındır.

Məsumə xanımın elmi və pedaqoji fəaliyyəti bir-biri ilə ayrılmaz vəhdət təşkil edir. Onun mənalı həyatın nurundan, zəkasından yüzlərlə gəncin ömür yollarına işıq düşmüşdür. Görkəmli alim 1958-1968-ci illərdə Hüquq fakültəsinin Dövlət hüququ kafedrasının müəllimi olmuşdur. Sonra Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası təşkil edilmiş, 1968-ci ildə Məsumə Məlikova onun müdiri seçilərək uzun illərdir ki, bu kafedraya bacarıqla rəhbərlik edir.

Professor M.Məlikovanın Azərbaycanda hüquq elminin inkişafına verdiyi töhfələr təkcə bununla məhdudlaşmır. Bu sahədə mükəmməl, yüksəkixtisaslı kadr potensialının formalaşmasında, hüquq elminin dərinliklərinə bələd olan yeni mütəxəssislərin yetişdirilməsində də bir pedaqoq, elm ustadı kimi əvəzsiz xidmətlər göstərib.

Alimin yetişdirdiyi yüksəkixtisaslı kadrlar hüquq elmimizin inkişafına, həm də müstəqil Azərbayanda hüquqi dövlət quruculuğu prosesinə öz dəyərli töhfələrini verməkdədirlər. Yəqin ki, bir elm xadimi, insan üçün bundan ali mükafat ola bilməz.

Ötən illərin 60-cı illərindən etibarən professor M.Məlikovanın əsasını qoyduğu bu məktəb müvafiq sahələr üzrə genişhəcmli tədqiqat işlərinin aparılmasına rəvac vermişdir. Onun elmi rəhbərliyi ilə 35-dən artıq dissertasiya, o cümlədən 4 doktorluq dissertasiyası müdafiə edilmişdir.

M.Məlikova Azərbaycanda dövlət-hüquq quruculuğu, ölkə qanunvericiliyinin intensiv formalaşması və inkişafı dövründə də tarixi prosesdən kənarda qalmamış, Azərbaycanın suverenliyi haqqında 23 sentyabr 1989-cu il Konstitusiya qanununu tərtib edənlərdən biri, Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi 1978-ci il Azərbaycan SSR Konstitusiyasının və 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması üzrə komissiyanın üzvü olmuşdur.

M.Məlikova bir çox tədris proqramlarının da müəllifidir. 1979-cu ildə "Azərbaycanın siyasi nəzəriyyələr tarixi”ni, 1985-ci ildə "Siyasi və hüquqi nəzəriyyələr tarixi”ni , 1994-cü ildə "Müsəlman hüququnun əsasları”nı, 1996-cı ildə "Ümumi dövlət və hüquq tarixi”ni, 1998-ci ildə "Dövlət və hüquq nəzəriyyəsi”ni, "Azərbaycanın dövlət və hüquq tarixi”ni və bir sıra başqa tədris proqramlarını nəşr etdirmişdir.

Uzun illər qazandığı bilik və təcrübə Məsumə xanıma "Hüquq ensiklopedik lüğəti”nin böyük müəlliflər dəstəsinə rəhbərlik etməyə imkan vermişdir. Bu lüğətdə 80-dən çox elmi məqalənin müəllifi Məsumə Məlikovadır. Bundan əlavə, "Bakı Universitetinin Xəbərləri” rüblük jurnalının sosial-siyasi elmlər seriyasının redaktorudur.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra "Azərbaycan Konstitusiyası və insan hüquqları”, "Azərbaycanda hüquqi islahatlar və Konstitusiya Məhkəməsi” adlı məqalələr yazmış və hüquqi dövlət quruculuğu prosesini sürətləndirmək istiqamətində yeni təkliflər vermişdir.

Professor M.Məlikova hələ sovet dönəmindən digər müttəfiq respublikalardakı həmkarları arasında böyük hörmət və nüfuza malikdir. Təsadüfü deyil ki, Rusiyanın hüquq alimləri onunla indiyədək sıx əməkdaşlıq edirlər. Bunun nəticəsində azərbaycanlı alim bir çox monoqrafik tədqiqatlarda - SSRİ Elmlər Akademiyasının nəşr etdiyi "Siyasi və hüquqi təlimlər tarixi” üçcildlik kitabının birinci "Qədim dünya” cildində, ikinci "Orta əsrlər və intibah dövrü” cildində və XVII-XVIII əsrləri əhatə edən üçüncü cildində, eləcə də Moskvada nəşr olunan "Siyasi və hüquqi təlimlər tarixi” dərsliklərində bir sıra bölmələrin müəllifləridir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası yarandığı gündən Məsumə xanım orada iqtisadiyyat, fəlsəfə və hüquq elmləri üzrə ekspert şurasının sədri olmuşdur. Eləcə də Respublika Ali Məhkəməsinin və Baş Prokurorluğunun elmi-məsləhət şuralarının üzvü kimi indi də fəaliyyət göstərir.

Professor Məsumə Məlikovanın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Ona 1969-cu ildə Azərbaycan SSR-in Əməkdar hüquqşünası fəxri adı verilmişdir. 1976-cı ildə "Şərəf nişanı” ordeni, 2000-ci ildə "Şöhrət” ordenləri, 1985-ci ildə "Əmək veteranı” medalı, bir neçə fəxri fərman, o cümlədən 1994 və 1999-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, 1999 və 2004-cü illərdə AMEA-nın, həmçinin DİN-nin fəxri fərmanları, 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi döş nişanı” ilə təltif edilmişdir. Prezident İlham Əliyevin 30 oktyabr 2009-cu il tarixli sərəncamına əsasən Azərbaycanda təhsilin və elmin inkişafında böyük xidmətlərinə görə ona fərdi Prezident təqaüdü verilmişdir.

Bu gün Məsumə xanım yaşadığı mənalı illərə boylanıb qürur hissi keçirir. Bu qüruru ona bəxş edən təkcə övladları deyil, həm də yetişdirdiyi hüquqşünas kadrlardır. İndi onlar Azərbaycanımızın müxtəlif elmi-hüquqi müəssisələrində, hüquqi xidmət idarələrində, ədliyyə, hüquq mühafizə orqanlarında çalışırlar.

Məsumə xanım, həmçinin xalqımıza hüquq elminə aid böyük bir irs ərməğan etmişdir. Bu, Azərbaycanda və onun hüdudlarından kənarda çap olunmuş 200-dən çox monoqrafiya, dərslik, dərs vəsaiti, çoxsaylı elmi məqalələrdir. 2019-cu ildə işıq üzü görən "Hüquq nəzəriyyəsi” adlı əsəri hüquqşünasların stolüstü kitabına çevrilmişdir. Tələbələr, gənc hüquqşünaslar bu elmi xəzinədən geniş istifadə edirlər.

Böyük alimin formalaşdırdığı elmi məktəbin indi yüzlərlə davamçısı var və bu, bir ustad kimi onun xidmətləridir. Məsumə xanımın elm sahəsində qazandığı uğurlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqımızın elmi potensialının daha da gücləndirilməsinə xidmət göstərmiş və göstərməkdədir. Nə vaxtsa Məsumə xanımın özünə ideal seçdiyi şəxsiyyətlər, şübhəsiz ki, olmuşdur. Bu gün isə özü 90 illik şərəfli bir ömürlə çoxları üçün idealdır. Onu özünə ideal seçən hər kəs təkcə Məsumə Məlikovadan alim olmağı deyil, həm də necə insan olmağı öyrənir.

Alış QASIMOV,

BDU-nun kafedra müdiri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video