21 Noyabr 2019 00:43
4953
SİYASƏT
A- A+

Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyəti və Yeni Azərbaycan Partiyasının yaranması


(Yanvar 1990 - iyun 1993)


Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Görkəmli siyasətçi, ictimai-siyasi xadim və unikal şəxsiyyət kimi onun istər sovet, istərsə də müstəqillik dövründəki xidmətləri, Azərbaycana rəhbərliyi illərində respublikanın sosial-iqtisadi tərəqqisi istiqamətində atdığı addımlar, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı sahəsində gördüyü işlər haqqında indiyə qədər çoxsaylı elmi-siyasi araşdırmalar aparılmış və kitablar yazılmışdır. Lakin Heydər Əliyevin malik olduğu xarizmatik liderlik və milli iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı və dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi və digər keyfiyyətləri onun həyatının mühüm bir mərhələsini təşkil edən 1990-1993-cü illərdəki fəaliyyətində - Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə daha qabarıq formada üzə çıxmışdır. Xüsusən 1990-cı ilin əvvəllərində Azərbaycan xalqının ciddi və taleyüklü problemlər qarşısında dayandığı bir dövrdə Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atılmış, misilsiz tarixi xidmətlər göstərmiş və Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyinin, milli birliyinin qorunub saxlanılmasında, xalqın məhv olmaq təhlükəsindən xilas edilməsində qurtuluş missiyası həyata keçirmişdir. Hə qədər ağır və çətin olmasına baxmayaraq, həmin dövr Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir.

Heydər Əliyevin müstəqil və demokratik Azərbaycan uğrunda apardığı mübarizə, respublikanın ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan qurtuluşu naminə öz üzərinə götürdüyü missiya müxtəlif mərhələlərdən keçmişdir. 1980-ci illərin sonlarında SSRİ və dünyada, keçmiş sosializm sistemində yaşanan proseslər bir çox digər xalqlar kimi, Azərbaycan xalqının da çoxəsrlik müstəqil dövlətçilik ideyalarının reallığa çevrilməsi üçün tarixi şans yaratdı. Lakin belə əlverişli tarixi şəraitdə Azərbaycan bir çox obyektiv və subyektiv çətinliklərlə üzləşdi, həm daxili, həm də xarici aləmdən qaynaqlanan problemlər yaşadı, xalqın müstəqillik əzmi və iradəsi ciddi sınağa çəkildi. Həmin dövrdə bir yandan ermənilərin Dağlıq Qarabağa ərazi iddiaları ilə çıxış etməsi və işğalçı rejimin SSRİ rəhbərliyi tərəfindən dəstəklənməsi, digər tərəfdən respublikaya rəhbərliyinin səriştəsiz və məsuliyyətsiz siyasəti, milli maraqlara zidd mövqeyi, vətəndaş birliyi və effektli dövlət idarəçiliyi yarada bilməməsi ölkəni ciddi daxili böhrana düçar etmişdi. Xüsusən 1988-1993-cü illərdə getdikcə dərinləşməkdə olan ictimai-siyasi və iqtisadi böhran, vətəndaş qarşıdurması, hakimiyyət uğrunda silahlı mübarizənin qızışması, Dağlıq Qarabağ münaqişəsinin həllində rəhbərliyin cəsarətsiz mövqeyi və s. həm Azərbaycan torpaqlarının işğalına şərait yaratdı, həm də respublikada daxili siyasi böhranı dərinləşdirdi. Bundan başqa, SSRİ rəhbərliyinin 1988-ci ilin martında Dağlıq Qarabağın "sosial-iqtisadi inkişafı”, 1989-cu ilin yanvar ayında isə "Muxtar vilayətdə xüsusi idarəçilik formasının tətbiqi” haqqında verdiyi qərarlar DQMV-nin faktiki olaraq Azərbaycanın tərkibindən çıxarılmasına şərait yaratdı. Respublikanın dövlət suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasına təminat yaradan bu qərarlar Azərbaycan KP MK-nın və Ali Sovetin Rəyasət Heyəti rəhbərliyinin razılığı ilə qəbul olunsa da, respublika əhalisinin kütləvi narazılığına səbəb oldu. Təəssüf ki, Azərbaycan hakimiyyəti xalqın tələblərini eşitmək, respublikanın ərazi bütövlüyünü qorumaq, mərkəzdən qızışdırılan təhlükəli separatçı meyillərin aradan qaldırılması istiqamətində tədbirlər görmək əvəzinə ermənilərin Dağlıq Qarabağla bağlı iddialarına etiraz edərək mübarizəyə qalxan xalqa təzyiq göstərmək yolunu tutdu. Əsas tələbi vətəndaşların təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının konstitusiya haqlarının qorunması və ərazi bütövlüyünün təmin edilməsi olan ümumxalq hərəkatına qarşı SSRİ və respublika rəhbərliyinin eyni mövqedən çıxış etməsi həmin dövrdə Bakıda və respublikanın digər ərazilərində qanlı faciələrə gətirib çıxardı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələrinin hərbi kontingenti müxtəlif bəhanələrlə Bakı şəhərinə yeridildi, ermənilərin Azərbaycan xalqına, onun konstitusiya hüquqlarına, ərazi bütövlüyünə qarşı həyata keçirdikləri məqsədyönlü fəaliyyətə və SSRİ rəhbərliyi tərəfindən dəstəklənməsinə etiraz edən milyonlarla dinc insanın üzərinə ağır hərbi texnika yeritdi, yüzlərlə əliyalın vətəndaşın qanını tökdü və Bakı sakinlərini hərbi təcavüzə məruz qoydu.

Həmin dövrdə Moskvada SSRİ rəhbərliyinin təqib və təzyiqləri altında yaşamasına baxmayaraq, xalqımızın görkəmli oğlu Heydər Əliyev heç nədən qorxmadan və çəkinmədən SSRİ və respublika rəhbərliyinin antimilli qərarına özünün kəskin etirazını bildirdi. 1990-cı il yanvarın 21-də Moskvadan Azərbaycan rəhbərliyinə və xalqa göndərdiyi teleqramda 20 Yanvar hadisəsini "SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı antidemokratik, qanunazidd və düşünülmüş aksiyası” kimi qiymətləndirdi.1 Ozamankı SSRİ rəhbəri Mixail Qorbaçovun və onun əlaltılarının istənilən an ona qarşı təxribat törədə biləcəyinə baxmayaraq, Heydər Əliyev öz həyatını təhlükə altına ataraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş və orada sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat konfransı keçirmişdi. O, mətbuat konfransında SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyini bu faciənin əsas təqsirkarları kimi ittiham etmiş, Azərbaycanın mövcud ictimai-siyasi vəziyyətinin və siyasi idarəçiliyinin antidemokratik, hüquqi dövlət prinsiplərinə zidd olduğunu vurğulamışdır.2 SSRİ səviyyəsində Heydər Əliyev ilk dəfə olaraq 20 Yanvar faciəsinə siyasi qiymət verdi, faciədə əli olanların, əsas günahkarların adını çəkdi, Azərbaycana qarşı aparılan xəyanətkar siyasətin mahiyyətini açıqladı və təqsirkarların Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyacağını bəyan etdi. Heydər Əliyevin bu bəyanatı faktiki olaraq o vaxta qədər Azərbaycanda SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsində nümayiş etdirdiyi siyasətə etiraz edən və mərkəzdən "ədalətli qərar” tələb edən kortəbii xalq hərəkatının mütəşəkkilləşərək müstəqillik uğrunda milli azadlıq hərəkatına keçidi üçün əsas oldu və respublikada ciddi ümummilli mübarizə ovqatı yaratdı. Həmin dövrdə SSRİ və respublika rəhbərliyi Heydər Əliyevin dünya ictimaiyyətinə və Azərbaycan xalqına ünvanlanmış müraciətindən və səsləndirdiyi fikirlərdən o dərəcədə təşvişə düşdü ki, dərhal ona qarşı mərkəzi və yerli mətbuatda qərəzli kampaniya başlatdı, əleyhinə sifarişli yazılar, məqalələr dərc etdirdi.

Heydər Əliyev Moskvada M.Qorbaçovun, onun ermənipərəst ətrafının təqib və təzyiqləri altında böyük çətinliklə 1990-cı il iyulun 20-də Bakıya yola düşdü. Azərbaycan hakimiyyəti onun respublikaya dönüşündən ciddi təşvişə düşdü və ona qarşı müxtəlif təxribatçı hərəkətlərə rəvac verdi. Siyasi hakimiyyətin təzyiq və təxribatları altında iki gün sonra o, anadan olduğu Naxçıvana yollandı. 1990-cı ildən onun Naxçıvanda yaşaması, əhali ilə fəal təmasları, parlament seçkilərinə qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana üz tutması, Heydər Əliyevlə təmasa can atması, insanlarla günü-gündən genişlənən çoxsaylı və kütləvi görüşlər Azərbaycanda milli azadlıq hərəkatının vüsət almasına və getdikcə daha mütəşəkkilləşməsinə müsbət təsir göstərməyə başladı.

Həmyerliləri ilk gündən görkəmli dövlət xadiminin Naxçıvana gəlişini böyük sevinc hissi ilə qarşıladılar. Azərbaycanın üzləşdiyi siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xalqı yalnız onun xilas edə biləcəyini nəzərə alaraq 1990-cı ildə Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatlığına namizədliyini irəli sürdülər. Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR, 2 nömrəli Naxçıvan seçki dairəsindən isə muxtar respublika xalq deputatlığına namizəd göstərildi. 1990-cı ildə Nehrəm kənd seçiciləri ilə görüşündə Heydər Əliyev özünün seçki platforması ilə çıxış edərək ilk dəfə rəsmi formada Azərbaycanın gələcək inkişafı ilə bağlı siyasi fikirlərini açıq formada bəyan etdi. O, Azərbaycanı tam müstəqil, azad, demokratik respublika kimi görmək istədiyini xüsusi vurğulayaraq, bu məqsədə gedən yolun xalqın milli iradəsindən, həmrəyliyi və vətəndaş birliyindən keçdiyini bəyan etdi. O öz çıxışında qeyd edirdi ki, "indi hər şeydən əvvəl bütün siyasi qüvvələr vahid amal ətrafında birləşməli, Azərbaycanın gələcəyi naminə birgə mübarizə aparmalı, xalqımıza düşmənçilik edən qüvvələrə qarşı durmalı, rəhbərliklə xalqın yekdilliyi tam təmin olunmalıdır”.3

Azərbaycanın milli müstəqilliyi və demokratik dövlət quruculuğu hərəkatı uğrunda mübarizə platforması ilə seçkilərə qatılan Heydər Əliyev hər iki dairədə xalqın yekdil dəstəyi ilə qalib gəldi.

1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında deputatlar iclasın aparılmasını yekdilliklə görkəmli dövlət xadimi, 2 nömrəli seçki dairəsindən deputat seçilmiş Heydər Əliyevə tapşırdılar. Sessiyada Azərbaycanda gedən ictimai-siyasi proseslər, milli dövlət quruculuğu və suverenlik məsələləri geniş müzakirə olundu, tarixi əhəmiyyət kəsb edən bir sıra qərarlar verildi. Bu qərarların sırasında Naxçıvan Muxtar Respublikasının və Ali Sovetinin adından "Sovet Sosialist” sözlərinin çıxarılması, Azərbaycan Demokratik Respublikasının rəmzi olan üçrəngli bayrağın rəsmi şəkildə dövlət bayrağı kimi qəbul olunması və s. var idi. Bundan başqa, Heydər Əliyevin təklifi ilə Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Ali Məclisin qəbul etdiyi bu rəsmi qərarlar Azərbaycanda milli-azadlıq hərəkatının vüsət alması və müstəqil dövlətçiliyin yaranması yönündə atılan mühüm tarixi addım oldu. Ali Məclis bu qərarlarla bağlı 1990-cı il noyabrın 19-da Azərbaycanın siyasi rəhbərliyinə və rəsmi KİV-ə müraciət etdi.4 Lakin bu müraciətlər haqda rəsmi mətbuatda ictimaiyyətə hər hansı bir informasiya verilmədi. Ən maraqlı cəhət isə o oldu ki, ozamankı Azərbaycan rəhbərliyi Naxçıvan MR Ali Məclisinin atdığı addımları öz adına çıxmaq, dolayısı ilə respublikada guya hər şeyin əvvəlcədən planlaşdırılması görüntüsünü yaratmaq məqsədilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tələm-tələsik Ali Sovetin növbəti sessiyasını çağıraraq Azərbaycan SSR-in adının və dövlət rəmzlərinin dəyişdirilməsi haqqında qərar verdi. Partiya rəhbərliyi bu addımı ilə özünün səbatsız mövqeyini və siyasi naşılığını ört-basdır etməyə, milli dirçəliş yolunda Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan MR Ali Məclisinin siyasi uzaqgörənliyinə və təşəbbüslərinə kölgə salmağa çalışırdı.

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin ilk sessiyalarında irəli sürdüyü təkliflərdən biri 1990-cı ilin 20 Yanvar hadisələrinə qiymət verilməsi ilə bağlı oldu. O, Ali Məclisin 1990-cı il noyabrın 20-də keçirilən sessiyasında çıxış edərək 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət vermədiyinə görə Azərbaycan rəhbərliyini günahlandırdı, onu faciənin səbəblərinin üstünü ört-basdır etməkdə və təqsirkarları hələ də müəyyənləşdirməməkdə ittiham etdi. Həmin dövrdə ölkə ictimaiyyətinin ciddi tələblərinə baxmayaraq, respublika rəhbərliyi bu yöndə hansısa prinsipial tədbirlər görmək istəmirdi. Odur ki, Heydər Əliyev bu məsələnin ciddiliyini və prinsipiallığını nəzərə alıb "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi hazırlayaraq Naxçıvan MR Ali Məclisinin müzakirəsinə təqdim etdi. Ali Məclis bu sənədi qəbul edərək 1990-cı il 21 noyabr tarixli qərarı ilə 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Qərarda SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyinin 20 Yanvar faciəsinə görə birbaşa məsuliyyət daşıdıqları göstərildi. Sənəddə həmçinin bundan sonra 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd edilməsi qərara alınaraq, Azərbaycan SSR Ali Sovetindən xahiş edilirdi ki, yanvarın 20-si hər il Azərbaycanda Milli Matəm Günü kimi qeyd olunsun.5

Naxçıvan MR Ali Məclisinin 1990-cı il noyabrın 21-də keçirilən sessiyasında isə Heydər Əliyevin təklifi ilə Azərbaycanın ən ağrılı problemi hesab olunan Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu. Ali Məclis 1990-cı il dekabrın 14-də onun tərəfindən hazırlanmış "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında” qərar qəbul etdi. Qərarda Azərbaycanın partiya və dövlət rəhbərliyinin DQMV-də yaranan vəziyyətin qiymətləndirilməsi və normallaşdırılması məsələsində kobud səhvlərə, yanlışlıqlara yol verdiyi, qətiyyətsizlik göstərərək respublikanın dövlət suverenliyini və ərazi bütövlüyünü, Azərbaycan xalqının şərəf və ləyaqətini müdafiə etmədiyi bildirildi.6

Ali Məclisin bu qərarı, təbii ki, respublika rəhbərliyinin maraqlarına uyğun deyildi və onun Dağlıq Qarabağ məsələsinin həllində tutduğu yanlış, prinsipsiz mövqeyinin mahiyyətini açıb göstərirdi. Xüsusən Heydər Əliyevin Ali Məclisdə milli maraqlardan çıxış edərək Azərbaycanda müstəqil dövlətçiliyin yaradılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsaslandırılmış təkliflər irəli sürməsini siyasi hakimiyyət həzm edə bilmirdi.

1991-1992-ci illərdə A.Mütəllibov hakimiyyətinin dünyada gedən prosesləri, o cümlədən respublikadakı ictimai-siyasi mühiti, əhalinin müstəqillik iradəsini və s. düzgün qiymətləndirə bilməməsi M.Qorbaçov tərəfindən SSRİ-nin qorunub saxlanması ilə bağlı "yeni ittifaq müqaviləsi” layihəsinin ortaya çıxarılmasına münasibətdə də özünü göstərirdi. İmperiya iddialarından əl çəkə bilməyən SSRİ rəhbərliyinin hazırladığı bu layihə Azərbaycan xalqının milli müstəqillik və dövlətçilik ideyalarına daban-dabana zidd idi. Ən təəssüf doğuran hal isə ondan ibarət idi ki, layihə SSRİ Ali Sovetinin sessiyasında müzakirə olunarkən Azərbaycan SSR Ali Sovetinin Sədri orada çıxış edərək sənədi müdafiə etmişdi. Bu isə müstəqillik əzmi ilə yaşayan Azərbaycan xalqından fərqli olaraq, respublikaya rəhbərlik edən bir qrup insanın hələ də imperiya boyunduruğunda yaşamaq istəyinin bariz ifadəsi idi.

Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin 1991-ci il yanvarın 14-də keçirilən sessiyasında bu məsələ ilə bağlı çıxış edərək yeni ittifaq layihəsinin milli maraqlara zidd olduğunu əsaslandırdı. O, bildirdi ki, Naxçıvan MR Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğu üçün Ali Məclis bu barədə çox təfsilatlı, mükəmməl qərar qəbul etməli, onu təxirə salmadan Azərbaycanın və SSRİ-nin Ali sovetlərinə göndərməlidir. Əsaslandırılmalıdır ki, hansı səbəblərə görə bu layihəni qəbul etmirik və yeni ittifaq müqaviləsinə qoşulmağın əleyhinəyik.7 Bu məsələ ilə bağlı Heydər Əliyev 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin birinci sessiyasında da təkidlə söz alaraq tarixi bir çıxış etdi. O öz çıxışında xüsusi uzaqgörənliklə "kommunist partiyası hakimiyyətinin sonunun çatdığının, SSRİ-nin tezliklə dağılacağının və respublikalarda başlanan müstəqillik mübarizələrinin qalib gələcəyinin dönməz bir proses olduğunu” xüsusi vurğuladı və öz mövqeyini tutarlı faktlarla əsaslandırdı.8

Ali Sovetin 1991-ci il martın 7-də keçirilən sessiyasında Heydər Əliyev növbəti dəfə Azərbaycanın milli müstəqillik və suverenliyi məsələsinə qayıtdı, müstəqilliyin tarixi şans olduğunu və vacibliyini, ona çatmağın yollarını, əsas vasitələrini, demokratik dövlət quruculuğunun prinsiplərini göstərən tarixi çıxış etdi. O öz çıxışında onu da vurğuladı ki, respublika rəhbərliyinin imzalamağa hazırlaşdığı "yeni ittifaq müqaviləsi” Azərbaycan üçün tam yararsızdır. ...Mən yeni ittifaqa daxil olmağın və bunun üçün hər hansı referendum keçirməyin əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır”.9

Dövlət müstəqilliyinin təmin olunması ilə bağlı Heydər Əliyevin bu çıxışı və sonrakı fəaliyyəti, uzaqgörən çağırışları həmişə olduğu kimi, yenə də Azərbaycan xalqı tərəfindən xüsusi rəğbətlə, SSRİ və respublika rəhbərliyi tərəfindənsə ciddi hiddətlə qarşılandı. Rəsmi KİV-də Azərbaycanın müstəqil dövlətçiliyinə tərəfdar çıxanlara qarşı kampaniya başlatdılar, onları tənqid edir, yeni ittifaq müqaviləsinin guya çox əhəmiyyətli olması haqqında birtərəfli təbliğat aparırdılar. Siyasi hakimiyyət milli mənafelərin və xalqın etirazlarının əksinə olaraq, 1991-ci il martın 17-də "SSRİ-nin qorunub saxlanması ilə bağlı” Azərbaycanda saxta bir referendum da keçirdi və guya əhalinin 98 faizinin ittifaqın saxlanılmasına tərəfdar çıxması haqda mərkəzə yalan məlumat verdi. Amma sonrakı hadisələr göstərdi ki, 1990-ci ildən başlayaraq SSRİ-nin və kommunist idarəçiliyinin perspektivsizliyi, Azərbaycanın müstəqil, demoktatik dövlət qurmasının mümkünlüyü və mütləqliyi haqqında Heydər Əliyevin uzaqgörən bəyanatları, bunu əsaslandıran siyasi baxışları öz işini görmüş, gələcək proseslərin gedişinə həlledici təsir göstərmişdir.

1990-cı illərin əvvəllərində Azərbaycanın kommunist rəhbərliyinin müstəqillik və milli dirçəliş ideyalarına zidd mövqe tutmaqda davam etməsi, ölkənin hələ də kommunist partiyası tərəfindən idarə edilməsi respublikadaxili ictimai-siyasi gərginliyi getdikcə artırırdı. Xüsusən 20 Yanvar hadisəsindən sonra respublikanın kommunist rəhbərliyinə və bütövlükdə kommunist partiyasına ölkə əhalisinin münasibəti həddən artıq mənfi idi. Lakin mövcud hakimiyyət həm əhalinin münasibətini, həm də bütövlükdə sovet məkanında gedən proseslərin axarını nəzərə almaq istəmir və respublikada kommunist rejimini təkidlə sürdürməyə çalışırdı. 1991-ci il avqustun 19-da Moskvada baş verən "Avqust qiyamı”ından sonra Qorbaçov öz fərmanı ilə SSRİ Kommunist Partiyasının fəaliyyətini dayandırsa da, onun tərkib hissəsi olan Azərbaycan Kommunist Partiyası öz fəaliyyətini dayandırmaq istəmirdi. Lakin Naxçıvan MR Ali Məclisinin hələ 1991-ci il avqustun 26-da keçirilən sessiyasında Naxçıvan Partiya Komitəsi və onun bütün strukturları ləğv olunmuşdu. Ali Məclis Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il sentyabrın 4-də növbəti qətiyyətli addım ataraq "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” qərar qəbul etdi. Sənəddə Azərbaycan Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin fəaliyyətinin yolverilməz olduğu göstərildi, Ali Sovetdən xahiş edildi ki, ölkədə gedən demokratik proseslərə uyğun olaraq Azərbaycan Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin fəaliyyətini dərhal dayandırmaq haqqında qərar qəbul etsin və qısa müddətdə partiyanın bütün təşkilatlarının əmlakının milliləşdirilməsi təmin olunsun.10

Heydər Əliyevin istəyi o idi ki, ermənilərin xalqımıza qarşı ərazi iddiaları irəli sürdükləri və bu məqsədlə hərbi təcavüzə əl atdıqları bir vaxtda Azərbaycanda daxili qarşıdurmanın aradan qaldırılması, vahid ideya əsasında milli birlik və həmrəyliyin yaradılması, bütün əhalinin vahid məqsəd - müstəqil dövlətçilik və demokratik idarəçilik ətrafında birləşdirilməsi vəzifəsi öz həllini tapmalıdır. Bunun üçün ilk növbədə keçən illərdə xalqın gözündə özünü ifşa etmiş Azərbaycan Kommunist Partiyası buraxılmalı və onun yerində milli etimad hökuməti yaradılmalıdır. Bu məqsədlə Heydər Əliyev Ali Sovetin 1991-ci il avqustun 29-da keçirilən sessiyasında yenidən söz alaraq çıxış etdi. O bildirdi ki, Azərbaycan Kommunist Partiyası dərhal hakimiyyətdən getməlidir. Bu, Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsidir. Sovet İttifaqı Kommunist Partiyası isə dağılmışdır...11

Təbii ki, Heydər Əliyevin belə qətiyyətli fikirlər irəli sürməsi bütün xalqın istəyinə tam cavab versə də, ozamankı siyasi hakimiyyətin maraqlarına qətiyyən uyğun deyildi. Həmin dövrdə öz seçicilərinin iradəsinin əleyhinə gedərək mövcud iqtidara yarınan bəzi deputatlar Ali Sovetin sessiyalarında Heydər Əliyevin çıxış etməsinə imkan verməməyə çalışırdılar. Amma sonrakı hadisələr göstərdi ki, respublika rəhbərliyi bu müdrik siyasətçinin getdikcə liderə çevrildiyi Azərbaycan xalqının milli azadlıq mübarizəsinin, müstəqil və demokratik dövlətçilik hərəkatının qarşısında tab gətirmək iqtidarında deyil. Respublika Ali Sovetinin 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” bəyannamə qəbul etmək məcburiyyətində qalması faktı bu həqiqəti bir daha sübut etdi. Həmin dövrdə Heydər Əliyev başda olmaqla Naxçıvan MR Ali Məclisi bu sənədi dəstəkləyərək bəyan etdi ki, Azərbaycan Respublikası bəyannamə ilə kifayətlənməməli, özünün tam milli dövlət müstəqilliyini əldə etməli və mövcud SSRİ formatında yaradılacaq heç bir ittifaqa daxil olmamalıdır.

Müstəqilliklə bağlı bəyannamə qəbul etməkdən uzağa getmək istəməyən ozamankı Azərbaycanın kommunist rəhbərliyi Heydər Əliyevin siyasi qətiyyəti və günü-gündən xalq arasında, milli azadlıq hərəkatında artan nüfuzundan ciddi təşviş keçirir, görkəmli şəxsiyyəti ləkələmək üçün müxtəlif təxribatlara əl atırdı. Lakin bütün bu cəhdlər əbəs idi və respublika rəhbərliyi öz qərəzli niyyətinə nail ola bilmədi, əksinə, Heydər Əliyev 1991-ci il sentyabrın 3-də muxtar respublika deputatlarının yekdil qərarı ilə Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bu hadisə bir tərəfdən Azərbaycan xalqında böyük sevinc hissi yaradaraq onları Heydər Əliyevin apardığı müstəqil və demokratik dövlətçilik mübarizəsinə, ümummilli maraqların təmin olunması yolunda həyata keçirdiyi respublika səviyyəli tədbirlərə qoşulmağa ruhlandırdı, digər tərəfdən respublika rəhbərliyini Heydər Əliyevə qarşı daha kəskin addımlar atmağa, Naxçıvan MR Ali Məclisinin normal fəaliyyət göstərməsinə bütün vasitələrlə maneçilik törətməyə sövq etdi. Siyasi hakimiyyət tərəfindən idarə olunan bir çox qüvvələr ictimai rəydə belə bir fikir formalaşdırmağa çalışırdılar ki, guya Ali Məclis Naxçıvan Muxtar Respublikasını Azərbaycandan təcrid edir, respublikanın tərkibindən çıxmaq haqqında qərar qəbul etməyə hazırlaşır və s. Bu cür əsassız və qeyri-obyektiv informasiyalar yaymaqda əsas məqsəd Heydər Əliyev başda olmaqla muxtar respublikada həyata keçirilən demokratik proseslərə kölgə salmaq, Ümummilli Liderin Naxçıvanda başladığı və getdikcə bütün Azərbaycanda vüsət alan milli azadlıq və müstəqillik mübarizəsindən xalqı çəkindirmək idi.

Amma çox keçmədi ki, pespublikanın siyasi hakimiyyəti Heydər Əliyev və Azərbaycan xalqının müstəqil və demokratik dövlətçilik uğrunda apardıqları mübarizənin qarşısında tab gətirə bilməyərək, 1991-ci il oktyabrın 18-də, nəhayət ki, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinə razılıq verdi. 1991-ci il oktyabrın 19-da Azərbaycan Ali Sovetinin sessiyasına ünvanladığı müraciətdə bu hadisəni yüksək qiymətləndirən Heydər Əliyev qeyd edirdi ki, "biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikasının ali hakimiyyət orqanı milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atdı. Azərbaycan xalqı tam əmin ola bilər ki, bütün Naxçıvan əhalisi milli azadlıq hərəkatı uğrunda başladığımız mübarizəni heç vaxt dayandırmayacaq və bundan sonra daha əzmlə davam etdirəcəkdir”.12

Bunun ardınca 1991-ci il dekabrın 5-də Naxçıvan MR Ali Məclisi qərar verərək həmin il martın 17-də SSRİ-nin qorunub saxlanması ilə əlaqədar Azərbaycanda keçirilən referendumun nəticələrini saxta elan etdi. Ali Məclisin atdığı mühüm addımlardan biri də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı idi. Belə ki, Ali Məclisin 1991-ci il 16 dekabr tarixli qərarı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik Günü elan olundu, həmin günün hər il bayram edilməsi nəzərdə tutuldu. Qərarda dekabrın 31-nin Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Ali Sovetə təklif verilməsi də öz əksini tapmışdı.13

Bəhs olunan dövrdə müxtəlif ictimai-siyasi qüvvələrin hakimiyyət uğrunda ölüm-dirim mübarizəsi aparması və öz məqsədlərinə çatmaq üçün silahlı qarşıdurmalar, vətəndaş müharibəsi törətməsi Azərbaycanı ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Ölkə əhalisi yaranmış ağır və mürəkkəb vəziyyətdən çıxış yolunu yalnız müdrik dövlət xadimi Heydər Əliyevi ali hakimiyyətə dəvət etməkdə görürdü və bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edirdi. Lakin respublika rəhbərliyi bu müdrik liderin hakimiyyətə gedən yolunu bağlamaq üçün əvvəlcədən düşünülmüş bir çox tədbirlər görmüşdü. Belə ki, "Azərbaycan Respublikasının prezident seçkiləri haqqında” qanununa son beş il ərzində respublikada yaşamayan və yaşı 65-dən yuxarı olan şəxslərin namizəd verilməsini qadağan edən maddə əlavə etmişdi. Əslində bu qanun yalnız Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin qarşısını almaq üçün məqsədli şəkildə atılan addım idi. Buna etiraz əlaməti olaraq 1992-ci il aprelin 25-30-da Bakıda Ali Sovetin binası qarşısında keçirilən kütləvi xalq mitinqlərində çıxış edənlər Heydər Əliyevin respublika prezidentliyinə namizədliyinin irəli sürülməsini məhdudlaşdıran maddənin qanundan çıxarılmasını, Milli Liderə qarşı təzyiq və təqiblərin dayandırılmasını, Ali Sovetin sessiyasının çağırılmasını və təcili tədbirlərin görülməsini tələb edirdilər. Analoji mitinq 1992-ci il mayın 5-də Naxçıvan MR, sonrakı aylarda Azərbaycanın digər bölgələrində də keçirildi. 1992-ci il mayın 18-də Ali Sovetin növbədənkənar sessiyasında parlamentin yeni sədrini seçmək məsələsinin müzakirəsi zamanı bir qrup deputat tərəfindən Heydər Əliyevin namizədliyi irəli sürüldü. Lakin Cəbhə-Müsavat qüvvələrini və keçmiş kommunist nomenklaturasını təmsil edən bir qrup şəxs bu təkliflərin həyata keçirilməsinə cidd-cəhdlə mane oldu. Çünki onlar Heydər Əliyevin xalq arasındakı yüksək nüfuzunu, zəngin idarəçilik təcrübəsini qısqanclıqla qarşılayır və hesab edirdilər ki, onun Azərbaycanın rəhbərliyinə gəlişi onların hakimiyyətə yolunu bağlayacaq. Təəssüf ki, həmin dövrdə bu birliyin anti-Əliyev və antixalq mövqeyi parlamentdə üstünlük təşkil etdi.

1992-ci ilin mayında Azərbaycanın siyasi hakimiyyətində dəyişiklik baş verdi və Cəbhə-Müsavat qüvvələri kommunist partiyası hakimiyyətini əvəz etdi. Bu dövrdə ermənilər Dağlıq Qarabağda və Azərbaycanın digər bölgələrində işğalçılıq siyasətini günü-gündən genişləndirirdi. Naxçıvanın Ermənistanla sərhəd kəndlərində vəziyyət xüsusilə ağır idi. Ermənilərin kəndlərə hücumları intensivləşir, doğma torpaqları uğrunda mübarizə aparan yerli insanlar şəhid olurdu. Azərbaycanın yeni hakimiyyəti Naxçıvanın müdafiəsinə kömək göstərmək əvəzinə yerli rəhbərliyə qarşı siyasi təzyiqləri artırır, ictimai-siyasi prosesləri nəzarətdən çıxarmağa cəhd edirdi. Mərkəzi hakimiyyətin yarıtmaz siyasəti və idarəçiliyi fonunda xalq arasında Heydər Əliyevə günü-gündən Milli Lider və XİLASKAR kimi baxırdılar. Xüsusən tanınmış ziyalılar Mütəllibov dövründə olduğu kimi, yeni iqtidarın da antixalq və antidövlət siyasətinə, Naxçıvan MR rəhbərliyinin qərarlarına saygısız yanaşmasına, blokadada olan Naxçıvana təzyiq göstərməsinə etiraz edir, Heydər Əliyevlə həmrəy olduqlarını bildirir, Azərbaycanın müstəqilliyi və suverenliyi naminə Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi tarixi qərarları yüksək qiymətləndirir, muxtar respublikada gedən demokratik proseslərə böyük dəyər verirdilər. Naxçıvanın blokadaya salınmasına baxmayaraq və siyasi hakimiyyətin qərəzli münasibətinə fikir vermədən Heydər Əliyev muxtar respublikanın sosial-iqtisadi böhran vəziyyətindən çıxarılması üçün mühüm addımlar atırdı. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısı alındı, əhali aclıqdan və qışın soyuğunda donmaqdan xilas edildi, MR-in sosial-iqtisadi həyatı öz ahəngi ilə idarə olundu. Türkiyə Cümhuriyyəti tərəfindən Azərbaycanla Türkiyə arasında sərhəd keçidi yaratmaq məqsədilə Araz çayı üzərində körpü tikildi və 1992-ci il mayın 28-də onun rəsmi açılışı oldu. "Ümid körpüsü” adlandırılan bu körpünün istifadəyə verilməsi Türkiyə ilə Naxçıvan arasında 1992-ci il martın 24-də imzalanmış əməkdaşlıq protokolunda göstərilən məqsədlərin həyata keçirilməsi, qardaş dövlətin Naxçıvana maddi, texniki və mədəni yardımının təmin olunması üçün geniş imkanlar açdı.

Heydər Əliyev İran İslam Respublikası ilə də müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətləri yaratdı və blokadada olan muxtar respublikanın təhlükəsizliyinin təmin olunması, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində onun imkanlarından istifadə etdi. Heydər Əliyevin əldə etdiyi bütün bu uğurlar onun xalq arasındakı nüfuzunu daha da artırır, respublika vətəndaşları bu müdrik dövlət xadiminin Azərbaycan rəhbərliyinə gəlməsinin zəruri olması ilə bağlı çoxsaylı müraciətlər edir və ayrı-ayrı təşkilati tədbirlər həyata keçirirdi. AXC-Müsavat hakimiyyəti isə ona qarşı qərəzli mövqeyini daha da sərtləşdirirdi. Onların Naxçıvandakı tərəfdarları Ali Məclisin işini pozmağa cəhd göstərir, öz çıxışlarında muxtar respublikanın ali hakimiyyət orqanının qanuni seçilmiş sədrini antikonstitusion, zorakı yollarla vəzifəsindən kənarlaşdırmağa çalışır, ona qarşı müxtəlif qanunsuz aksiyalar keçirirdilər. AXC-Müsavat hakimiyyəti 1992-ci il oktyabrın 24-də zorakı vasitələrlə Naxçıvan MR-də dövlət çevrilişinə cəhd göstərdi. AXC-yə məxsus yerli silahlı dəstələr mərkəzi hakimiyyətin dəstəyi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binalarını zəbt etdi, xidməti vəzifə başında olan insanları fiziki və mənəvi təzyiqlərə məruz qoydular. Sözsüz ki, mərkəzi hakimiyyətin belə qanunazidd əməllərə əl atması Heydər Əliyevi milli maraqlara söykənən prinsipial və qətiyyətli mövqeyindən çəkindirə bilməzdi. Naxçıvanda dövlət çevrilişi cəhdi 1992-ci il oktyabrın 25-də Ali Məclisin fövqəladə sessiyasında müzakirə edildi və dövlət çevrilişinə cəhd kimi qiymətləndirildi. Ali Məclis Naxçıvanda AXC-nin qanunsuz silahlı dəstələrinin ləğv olunması və onlara məxsus bütün silahların muxtar respublikada yerləşən Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrinə təhvil verilməsini tələb etdi.

Təbii ki, AXC-Müsavat hakimiyyətinin respublikanı gündən-günə uçuruma yuvarlayan yarıtmaz siyasət aparmaqda davam etməsinə Azərbaycan vətəndaşları biganə qala bilməzdi. Bu məqsədlə 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı "Səs” qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdi. Müraciətdə Azərbaycan hakimiyyətinin səriştəsizliyi ucbatından respublikada siyasi hərc-mərcliyin getdikcə dərinləşməsi və ictimai-siyasi proseslərin nəzarətdən çıxması, cəmiyyətdə cinayətkarlığın artması, vətəndaş qarşıdurmasının vüsət alması, ictimai-siyasi, mənəvi, iqtisadi böhranın gündən-günə dərinləşməsi faktı qeyd olunur, dövlət idarəçiliyində və iqtisadi sistemdə, hüquqi dövlət quruculuğunda real addımların atılmadığı, hakimiyyətin fərsiz kadr siyasətinin cəmiyyətin durumunu daha da çətinləşdirdiyi və s. bildirilirdi. Müraciətdə Azərbaycanı üzləşdiyi ağır vəziyyətdən yalnız müdrik siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin xilas edə biləcəyi vurğulanır, onun rəhbərliyi ilə Azərbaycan xalqını öz ətrafında səfərbər edərək, ölkəni ağır durumdan çıxarmağa qadir olan yeni bir güclü siyasi təşkilatın yaranmasına ehtiyac olduğu qeyd edilirdi. Ziyalılar öz müraciətində ölkənin milli elitasının, on minlərlə fəal respublika əhalisinin və bütün xalqın adından Heydər Əliyevdən yeni bir partiyanın yaradılmasına və ona rəhbərlik edilməsinə razılıq verməsini xahiş edirdi.14

Heydər Əliyev 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab verdi. Cavab məktubunda "Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsini, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, ölkə vətəndaşlarının dövlətçilik ətrafında birləşdirilməsini, bütün imkanları səfərbər edərək hərtərəfli, genişplanlı iş aparılmasını mövcud dövrün ən mühüm vəzifələri kimi qiymətləndirən Heydər Əliyev bu istiqamətdə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və milli-mənəvi potensialından maksimum istifadə etməklə qarşıda dayanan əsas problemləri həll etməyin mümkün yolları haqqında öz fikirlərini söyləyir. O, qarşıda duran taleyüklü milli vəzifələrin həyata keçirilməsində yaxından iştirak etmək məqsədilə müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya, siyasi plüralizm şəraitində yeni bir partiyanın yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğulayaraq, bu istiqamətdəki fəaliyyətlərinə görə ölkə ziyalılarına öz təşəkkürünü bildirmişdir. Müraciətdə Heydər Əliyev qeyd etmişdir ki, belə bir partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazırdır.15

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis edildi və Heydər Əliyev onun sədri seçildi. Həmin gün YAP-ın qəbul etdiyi bəyanatda partiyanın başlıca proqram məqsədinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, demokratik hüquqi dövlətin yaradılması, sosial istiqamətli iqtisadiyyatın bərqərar edilməsi və s. ibarət olduğu göstərilmişdir. YAP təsis olunduqdan sonra tezliklə respublikanın bütün bölgələrində partiyanın təşkilatlanması prosesi başladı. Azərbaycan xalqının Heydər Əliyevin şəxsiyyətinə, dərin və uzaqgörən siyasətinə bəslədiyi sevgi və inamının nəticəsi idi ki, partiyanın sıraları sürətlə genişləndi. Lakin YAP-a respublika vətəndaşlarının kütləvi axını Cəbhə-Müsavat iqtidarını narahat etməyə başladı. Onlar bütün vasitələrlə partiyanın təşkilatlanması prosesinə maneçilik törədir, partiyanın yaranmasında iştirak edən insanları təqib edir və başqa təzyiqlərə əl atırdılar. Sonrakı müddətdə iqtidarın bu yanlış siyasəti son nəticədə Azərbaycanı vətəndaş müharibəsi və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoydu. 1993-cü il iyunun 4-də Gəncə şəhərində hökumət qüvvələri ilə ordu komandiri Surət Hüseynovun silahlı dəstələri arasında hərbi toqquşma baş verdi. Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin Rəyasət Heyəti Gəncə şəhərində baş verən hadisələrlə bağlı 1993-cü il iyunun 7-də bəyanat verdi. Sənəddə Azərbaycanda faktiki olaraq vətəndaş müharibəsinin başlandığı bildirildi və bu, Azərbaycanın ağır və tarixən məsuliyyətli bir dövründə baş verən dəhşətli hadisə kimi qiymətləndirildi.16

Respublikadakı ictimai-siyasi vəziyyətə nəzarəti tam itirdiyini görən və hadisələrin sonrakı gedişindən ciddi təşviş keçirən AXC-Müsavat hakimiyyəti çıxış yolunu Heydər Əliyevi Bakıya dəvət etməkdə gördü. Parlamentin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Parlamentdəki ilk çıxışında Heydər Əliyev Ali Sovetin Sədri kimi qarşıda dayanan bir çox vəzifələr haqqında danışdı. Onların sırasında dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi; Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad edilməsi; ölkədə demokratik inkişaf və siyasi plüralizmə nail olunması; dövlət quruculuğu prosesində demokratik prinsiplərin və qanunçuluğun təmin edilməsi; bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və inkişafı məsələsini xüsusi qeyd etmək lazımdır.

Tarixi proseslərin sonrakı gedişi göstərdi ki, Heydər Əliyev həm Ali Sovetin Sədri, həm də sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti kimi daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və effektli idarəçilik həyata keçirdi, Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin BANİSİ və LİDERİ kimi həkk etdi.

Əli HƏSƏNOV,

Azərbaycan Respublikasının Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri


1 Bax: Qayıdış (1990-1993). Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. - Bakı, "Azərbaycan” nəşriyyatı, 2008, s.15

2 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində 1990-cı il yanvarın 21-də keçirilmiş yığıncaqda Heydər Əliyevin çıxışı // Heydər Əliyev. Şəxsi mövqe. - Bakı, "Azərbaycan” nəşriyyatı, 1994, s.3

3 Qayıdış (1990-1993). S.104

4 Azərbaycan SSR Prezidentinə, Azərbaycan SSR Ali Sovetinin Sədrinə, Azərbaycan SSR Nazirlər Sovetinin sədrinə, Azərbaycan SSR rəsmi mətbuat və informasiya vasitələrinin rəhbərlərinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müraciəti // Qayıdış (1990-1993). S.134

5 "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı // Qayıdış (1990-1993). S.148-150

6 Bax: Qayıdış (1990-1993). S.150-157

7 Yenə orada, S.169

8 Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin çıxışı //Heydər Əliyev. Şəxsi mövqe. S.6-14.

9 Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Heydər Əliyevin çıxışı // "Səs” qəzeti, 15 mart 1991-ci il

10 Bax: Qayıdış (1990-1993). S.200-201

11 Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Heydər Əliyevin çıxışı //Qayıdış (1990-1993). S.182-183

12 Yenə orada, S.239

13 "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı // Qayıdış (1990-1993). S.274

14 Azərbaycan ziyalılarının Heydər Əliyevə müraciəti // Qayıdış (1990-1993). S.503-507

15 Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı // Qayıdış (1990-1993). S.507-511

16 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin Rəyasət Heyətinin Bəyanatı //Qayıdış (1990-1993). S.797

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video