21 Noyabr 2019 00:42
701
SİYASƏT
A- A+

Cənubi Qafqazın ən böyük siyasi gücü


YAP gəncliyin yeganə istinadgahıdır


Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü tamam olur. 1992-ci il noyabrın 21-də xalqımızın dahi oğlu Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın təsis olunması müstəqil Azərbaycanın gələcək tarixində mühüm rol oynayan siyasi hadisə idi. Məqsədi, məramı ölkəni düşdüyü böhranlı vəziyyətdən xilas etmək, Azərbaycan dövlətçiliyini yaşatmaq, beynəlxalq birlikdə yerini möhkəmləndirmək, milli maraqları qorumaq, xalqı işıqlı gələcəyə aparmaq olan YAP tezliklə qurtuluşun, müstəqilliyin və tərəqqinin simvoluna çevrildi. Beləliklə, YAP-ın yaranması Azərbaycanın siyasi həyatına canlanma və yeni nəfəs gətirdi.

Müstəqilliyimizin ilk illəri tariximizə qanlı-qadalı dövr kimi həkk olunub. Çünki həmin dövrdə hakimiyyətdə bir-birini əvəz edən iqtidarlar təzəcə qazanılmış müstəqillik və yeni siyasi-iqtisadi formasiyaya keçid şəraitində öz vəzifə və məsuliyyətlərini anlaya bilmirdilər. Elə bunun nəticəsi olaraq Azərbaycanda ağır siyasi, iqtisadi və sosial böhran yaranmışdı və vəziyyət elə həddə gəlib çatmışdı ki, hələ kövrək olan müstəqilliyimiz yenidən itirilmək təhlükəsi qarşısında qalmışdı. Təbii ki, ölkənin düşdüyü böhranlı vəziyyət, baş alıb gedən xaos, anarxiya, özbaşınalıq işıqlı sabahını, aydın gələcəyini, müstəqilliyini və dövlətçiliyini düşünən hər kəsi dərindən narahat edirdi. Müstəqilliyindən bəhrələnə bilməyən, Qarabağda erməni işğalı, təxribatlarla üzləşən, vətəndaş müharibəsi ərəfəsində olan respublikamız ümidsizlik ovqatında idi. Məhz buna görə də Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə təcrübəli dövlət xadimi Heydər Əliyevin ətrafında birləşdilər. Çünki hər kəs birmənalı olaraq hesab edirdi ki, Azərbaycanı məhv olmaqdan xilas edə biləcək yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Yüz minlərlə vətəndaş məhz Ulu Öndər Heydər Əliyevin yaradacağı və rəhbərlik edəcəyi yeni siyasi gücdə təmsil olunmağı arzulayırdı. Bu mənada 27 il əvvəl Yeni Azərbaycan Partiyası məhz xalqın və zamanın tələbi, sosial və siyasi sifariş olaraq yarandı.

YAP-ın təsis olunması və meydana çıxması respublikamızın siyasi həyatında şimşək kimi çaxdı. Heydər Əliyevin qədrini yaxşı bilən, onu düzgün qiymətləndirməyi bacaran vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Artıq təsis konfransından bir neçə ay sonra partiyanın sıralarında on minlərlə üzv var idi. YAP müxalifət partiyası kimi yarandı, məramını, məqsədini və fəaliyyət platformasını elan etdi. Bütün bunları hələ təsis konfransında Ulu Öndər Heydər Əliyev proqram xarakterli nitqində müəyyən etmiş və istiqamətləri göstərmişdi. YAP müxalifət partiyası olaraq siyasi meydana çıxsa da, bu gün özünü müxalifət hesab edən bir sıra partiyalardan fərqli olaraq, Azərbaycanın dövlətçiliyinə, ölkənin milli maraqlarına qarşı müxalifətdə deyildi. YAP o vaxt hakimiyyətə hərbi çevriliş yolu ilə gələn, respublikanı idarəolunmaz vəziyyətə salan, Ermənistanla müharibədə hərbi üstünlüyü əldən verən, hələ bərkiməyən müstəqilliyi məhv etmək təhlükəsi qarşısında qoyan hərbi-siyasi qaragüruha qarşı müxalifətdə idi. Ona görə ki, bütün xalq və ictimaiyyət həmin qüvvələrə qarşı barışmaz idi.

1993-cü ilin iyun ayında ölkədə baş verənlər Azərbaycanın gələcək müqəddəratını müəyyən edən hadisələr kimi tarixə düşdü. Həmin hadisələri planlaşdıranların fikrincə, Azərbaycanın müstəqilliyi məhv olmalı və ölkə parçalanmalı idi. Həmin ağır, qanlı-qadalı günlərdə xalqımız tarixi və müdrik addım ataraq təkidlə Heydər Əliyevi Bakıya çağırdı. Məhz Heydər Əliyevin iyunun 9-da Bakıya gəlişindən sonra baş verən proseslər müstəqilliyimizin qorunmasını təmin edən əsas faktor oldu. Azərbaycan dövlət kimi məhv olmaqdan qurtuldu.

Biz gənclər Azərbaycanın müasir tarixindən, oxuduqlarımızdan, eşitdiklərimizdən bilirik ki, xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gələn Heydər Əliyevin 1993-cü ilin oktyabr ayının 3-də Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizin və eləcə də YAP-ın həyatında yeni mərhələ başladı. Çünki Heydər Əliyevin ölkə Prezidenti seçilməsi ilə YAP sivil siyasi mübarizə yolu ilə hakim partiyaya çevrilmişdi. Bu, Azərbaycanın müstəqilliyinin ilkin dövrü üçün olduqca mühüm siyasi hadisə idi. Çünki buna qədər hakimiyyətə gələnlər öz məqsədlərinə silah gücünə nail ola bilmişdilər. Heydər Əliyevin Prezident seçilməsi bütün Azərbaycan xalqının qəlbini alovlandırdı. Çünki xalq gözəl bilirdi ki, məhz Heydər Əliyev ölkəni bütün təhlükələrdən xilas edə bilər. Xalq öz müdrik oğluna inanır və dəstəkləyirdi. Tarixi gedişat Azərbaycan xalqının öz istək və tələbində yanılmadığını, Heydər Əliyevi hakimiyyətə dəvət etməklə ən düzgün addım atdığını sübuta yetirdi.

Bu gün böyük iftixar və qürur hissi duyuruq ki, Azərbaycan xalqını o ağır günlərdə məhz Ümummilli Lider Heydər Əliyevə və onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasına olan inam səfərbər etdi. Həmin inam bugünkü sabitliyin, əmin-amanlığın hökm sürdüyü günlərə gətirib çıxardı.

Son 16 ildə Ulu Öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti, iqtisadi siyasəti nəticəsində Azərbaycan qısa müddətdə möhtəşəm inkişaf yolu keçib. Təbii ki, cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən hər bir nailiyyət həm də Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib. Bu baxımdan YAP-ın hakim partiya kimi cəmiyyətdəki uğurları həm də Prezident İlham Əliyevin fəaliyyəti fonunda nəzərdən keçirilir. Bu gün Azərbaycanın inkişafı istiqamətində əldə olunan tarixi uğurlar həm Ulu Öndər Heydər Əliyevin, həm də ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin siyasi uzaqgörənliklərinin nəticəsi və həm də YAP-ın uğuru kimi səciyyələndirilir.

Onu da xüsusi qeyd etmək lazımdır ki, 1993-cü ildən indiyədək keçirilmiş bütün seçkilərin qalibləri məhz YAP üzvləri olublar. Bu qələbələrin kökündə dayanan başlıca amil Ulu Öndər Heydər Əliyevin və onun layiqli siyasi davamçısı olan Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi siyasət, bu siyasətin Azərbaycanın inkişafına yol açması, ölkənin iqtisadiyyatının, sosial həyatının əhəmiyyətli dərəcədə dəyişməsi, simasının yenilənməsi, müasirləşməsi bugünkü iqtidarın insanlar tərəfindən dəstəklənməsidir. Ulu Öndərin, daha sonra Prezident İlham Əliyevin YAP-ın sədri olması və xalqın öz rəhbərlərinə etimadı seçkilər zamanı YAP-a verilən səslərdə daim ifadəsini tapıb.

Məhz bundan irəli gələrək cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Hazırda partiyamızın sıralarında 742 min nəfərdən çox insan birləşir. Bu, dövlət başçısına, YAP-ın sədrinə olan dərin inamdan və bəslənən ümidlərdən irəli gəlir. Üzvlərinin sayına görə YAP həm də haqlı olaraq Cənubi Qafqazın ən böyük siyasi gücü statusunu daşıyır.

Prezident İlham Əliyev YAP-ın İdarə Heyətinin üzvləri ilə görüşlərinin birində bildirib ki, hər bir partiya üzvü Ümummilli Lider Heydər Əliyevin həyata keçməyən ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir. Biz bu gün bunu Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində qabarıq görürük.

Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının sədr müavini olması ilk növbədə Azərbaycanın Birinci vitse-prezidentinin partiyanın cəmiyyətdəki nüfuzunun yüksəlməsinə verdiyi əvəzsiz töhfələrlə şərtlənir. Mehriban xanım Əliyeva sədr müavini kimi Yeni Azərbaycan Partiyasının inkişafında və cəmiyyətdəki nüfuzunun daha da yüksəlməsində mühüm rol oynayır. Bu gün YAP üzvləri Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə sosial məsələlərin yoluna qoyulması istiqamətində fəaliyyətini yüksək qiymətləndirir və bu prosesə öz töhfələrini verməyə çalışırlar.

YAP öz sıralarında cəmiyyətin bütün təbəqələrini birləşdirir. Ən mühümü odur ki, partiya üzvlərinin əsas hissəsini gənclər təşkil edir. Qeyd edim ki, hazırda Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Dövlətin bu sahədə siyasətinin yaratdığı şərait nəticəsində ortaya çıxan imkanlardan bəhrələnən gənclərin böyük qismi isə YAP-da birləşib. Bu mənada YAP Gənclər Birliyi tək Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqazın ən böyük gənclər təşkilatıdır.

YAP üzvü olan gənclər Ümummilli Lider Heydər Əliyevin ideyalarını, ölkəmizin bugünkü uğurlarını fəal şəkildə təbliğ edərək Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Eyni zamanda, YAP-ın Gənclər Birliyi Azərbaycanın bütün sahələrində baş verən proseslərdə ön mövqedə durur. İstər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahələrdə orijinal layihələrilə öz sözünü deyən YAP üzvü olan gənclər dövlətin bizlərə olan diqqət və qayğısının əyani sübutlarını nümayiş etdirirlər.

Hər bir uğurumuz təsdiq edir ki, YAP Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının daşıyıcısı kimi ölkədə özünün aparıcı mövqeyini daha da möhkəmləndirməkdədir. Partiyanın getdikcə daha çox nüfuz qazanaraq cəmiyyətimizin əsas siyasi qüvvəsi, hakim partiya statusunu özündə saxlaması da yaradıldığı dövrdə olduğu kimi, tarixi zərurətin ifadəsidir. Ona görə YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın inkişafına, dövlətçiliyimizin qüdrətlənməsinə, xalqın sosial rifahının daha da yüksəlməsinə xidmət edəcək, ölkə vətəndaşlarının alternativsiz siyasi etimad ünvanı olaraq layiqincə fəaliyyət göstərəcək.

Sadiq ƏLİYEV,

YAP Xəzər Rayon Gənclər Birliyinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video