21 Noyabr 2019 00:41
758
CƏMİYYƏT
A- A+

Məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi zamanın yeni çağırışlarına əsaslanır


Hüquqi dövlət və vətəndaş cəmiyyətinə keçid prosesini alternativsiz inkişaf yolu kimi qəbul edən müstəqil Azərbaycan Respublikası sosial-iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsinə adekvat şəkildə məhkəmə-hüquq islahatlarının ardıcıllığını təmin edir. Səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması məqsədilə ictimai həyatın bütün sahələri üzrə islahatların dərinləşdirilməsi fonunda müasir məhkəmə-hüquq sisteminin formalaşdırılması ölkəmizin müasir inkişaf trendinin mühüm tərkib hissəsinə çevrilmişdir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatlarını 2003-cü ilin oktyabrından inamla davam etdirən və yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olaraq məhkəmə hakimiyyətinin yeniləşdirilməsini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Hüquqi dövlət quruculuğuna xidmət edən bu strategiyanın nəticəsidir ki, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsinə, obyektiv və şəffaf şəraitdə hakim korpusunun formalaşdırılmasına, bu sahədə şəffaflığın təmin edilməsinə, elektron xidmətlərin genişləndirilməsinə yönəldilən islahatlar son illər daha geniş vüsət almışdır.

Prezident İlham Əliyev məhkəmə sistemində islahatların insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, ədalətin bərpası baxımından əhəmiyyətini xüsusi diqqətə çəkmişdir: "Həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda, əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul olunmuş qərarlar, aparılan islahatlar bax bu məqsədi güdür”.

Prezident İlham Əliyev məhkəmələrə olan ictimai inamın möhkəmləndirilməsi baxımından ilk növbədə hakim korpusunun sağlamlaşdırılmasını və yeniləşdirilməsini, seçim prosesinin tamamilə şəffaf və ədalətli meyarlar əsasında həyata keçirilməsini ilk gündən mühüm vəzifə hesab edir. Ölkəmizdə 2004-cü ildən geniş vüsət almış islahatların əsas hədəfi məhkəmə-hüquq sistemini müasirləşdirmək, məhkəmə orqanlarının özünüidarə imkanlarını genişləndirmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaq olmuşdur. Bu istiqamətdə ən mühüm addımlardan biri də 2004-cü ildə Məhkəmə-Hüquq Şurası haqqında qanunun qəbulu və həmin qanun əsasında Məhkəmə-Hüquq Şurasının yaradılması olmuşdur. Demokratik cəmiyyətlərdə mühüm yer tutan bu təsisatın yaradılmasında əsas məqsəd məhkəmələr və hökumət arasında yeni qurum yaratmaqla məhkəmə sisteminin müstəqilliyini, məhkəmələrin özünüidarə funksiyalarını gücləndirmək olmuşdur.

Məhkəmə-Hüquq Şurasının 2005-ci ildə fəaliyyətə başlaması ilə məhkəmə sistemində köklü dəyişikliklərə səbəb olan islahatlar geniş vüsət almışdır. Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və digər məsələlərin həlli ötən 14 ildə şuranın xüsusi diqqət mərkəzində olmuşdur.

Ölkə Prezidentinin 19 yanvar 2006-cı il tarixdə imzaladığı Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdırilməsi ilə bağlı fərmanında Məhkəmə-Hüquq Şurasına tövsiyələrdən biri də məhz məhkəmələrdə hakimlərin sayının artırılması ilə bağlı olmuşdur. Bu məqsədlə ən mütərəqqi qaydalar tətbiq edilmiş, "Məhkəmə-Hüquq Şurası haqqında” və "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanunlarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən təsis olunmuş Hakimlərin Seçki Komitəsinin uğurlu fəaliyyəti səmərəli nəticələr vermişdir. Hakimliyə iddialılar 2005-ci ildən çoxmərhələli prosedurlara - test üsulu, habelə yazılı və şifahi imtahanlara cəlb olunmuş, sonrakı mərhələdə onlar üçün tədris kursları təşkil edilmişdir.

Xatırlatmaq lazımdır ki, Azərbaycanda sürətli iqtisadi inkişaf və məhkəmə müdafiəsi mexanizmlərinin genişləndirilməsi nəticəsində məhkəmələrə müraciətlərin sayının dəfələrlə çoxalması hakimlərin də iş yükünün xeyli artmasına gətirib çıxarmışdı. Bununla əlaqədar dövlət başçısının müvafiq fərmanları ilə hakim ştatlarının sayı son 10 ildə 2 dəfədən çox artırılaraq 600-ə çatdırılmışdır. Hakimlərin işinin asanlaşdırılması, habelə vətəndaşlara göstərilən xidmətlərin yaxşılaşdırılması məqsədilə məhkəmə aparatı işçilərinin sayının 75 faizdən çox artırılması, hər bir hakimə ayrıca köməkçi ştatının ayrılması da mühüm addımlardan biri olmuşdur.

Məhkəmə-Hüquq Şurası tərəfindən açıqlanmış statistika da bu baxımdan maraq doğurur: iş həcminin çoxluğu ilə xarakterizə olunan apelyasiya instansiyası məhkəmələrinin hakimlərinin ştat sayı 2007-ci ildə 63 idisə, bu rəqəm hazırda 2 dəfədən çox artaraq 140-a çatdırılmışdır. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərmişdirsə, artıq onların sayı 100-ü ötmüşdür.

Ümumiyyətlə, son illər 3000 namizəd arasından 400-dən çox yüksək hazırlıqlı hüquqşünasın seçilərək hakim vəzifələrinə təyin olunması nəticəsində ölkə üzrə hakim korpusunun 60 faizi, Bakı şəhəri üzrə 80 faizi yenilənmişdir. Eyni zamanda, apelyasiya instansiyaları məhkəmələri hakimlərinin yarıya qədərini məhz bu cür şəffaf seçimlərdən müvəffəqiyyətlə keçərək təyin olunmuş yeni nəsil hakimlər təşkil edirlər.

Hakimlərin müstəqilliyinin artırılması da həyata keçirilən islahatların ana xəttini təşkil edir. Əvvəllər hakimlər birinci instansiya məhkəmələrinə 5 il, yuxarı instansiya məhkəmələrinə 10 il müddətinə təyin edilirdilər. Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan məhkəmə islahatları nəticəsində artıq hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı müəyyən olunmuş, bu da onların müstəqilliyini daha da möhkəmləndirmişdir.

Ötən illərdə qanunvericiliyə edilmiş əsaslı dəyişikliklərlə hakimlərin fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması və məhkəmələrin maliyyə müstəqilliyinin təminatının əlavə mexanizmləri təsbit edilmiş, hakimlərin maaşlarının azaldılması qadağan olunmuşdur. Bəzi Avropa ölkələrində hakimlərin məvaciblərinin azaldılması onlara qarşı ciddi təzyiq vasitəsi kimi nəzərdən keçirildiyi halda, Azərbaycan bunun yolverilməzliyini qanunvericiliklə təsbit edərək siyasi iradə göstərir. Yeri gəlmişkən, 23 iyul 2019-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış bir sıra yeniliklər hakimlərin sosial-maddi təminatının gücləndirilməsinə xidmət etmişdir.

Həyata keçirilən islahatların beynəlxalq miqyasda yüksək qiymətləndirilməsi də xüsusi vurğulanmalıdır. Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) öz hesabatlarında Azərbaycanda hakimlərin seçki və təyinatı sahəsində həyata keçirilən islahatları bir çox Avropa dövlətlərinə nümunə göstərmişdir. Ölkəmizin bu sahədə nailiyyətlərini və uzunmüddətli səmərəli əməkdaşlığını nəzərə alan təşkilat plenar iclaslarından birini Bakı şəhərində keçirmişdir. Ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olmuşdur. Bir sıra inkişaf etmiş Avropa ölkələrində məhkəmələrlə bağlı ciddi problemlərin hökm sürdüyü, hakimlərə təzyiqlərin göstərildiyi və bu halların aşkar tənqid edildiyi bir zamanda CEPEJ-in ölkəmizdəki məhkəmə islahatlarını təqdir etməsi, şübhəsiz, qürurverici haldır.

Son illər hakimlərin sayının artırılması həm də yeni məhkəmələrin yaradılması və fəaliyyətə başlaması ilə bağlıdır. Əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkə regionlarının inkişafı məqsədilə son illərdə 20-dək yeni məhkəmə, o cümlədən regionlarda yeni inzibati-iqtisadi, hərbi, ağır cinayətlər məhkəmələri yaradılmış, məhkəmə aparatlarının strukturu təkmilləşdirilmişdir. Hazırda respublikamızda birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir. Bundan əlavə, hazırda 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq yeni inzibati və kommersiya məhkəmələrinin, habelə Ali Məhkəmənin və apelyasiya instansiyası məhkəmələrinin yeni məhkəmə kollegiyaları üçün hakim korpusunun formalaşdırılması işi davam etdirilir.

Məhkəmə-Hüquq Şurasının məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində infrastrukturun müasirləşdirilməsi, məhkəmələr üçün yeni binaların inşası, onların maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması, müasir informasiya texnologiyaları ilə təmini, habelə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə Bakının Yasamal və Sabunçu rayonlarında, habelə Gəncə, Oğuz, Gədəbəy, Şəki və Qəbələdə yeni məhkəmə kompleksləri inşa edilərək istifadəyə verilmişdir. Hazırda daha 8 məhkəmə binasının tikintisi davam etdirilir. Bütün bunlar, şübhəsiz, bir başlıca məqsədə - cəmiyyətdə məhkəmə hakimiyyətinə olan inamı artırmağa, ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini yüksəltməyə xidmət edir.

Dövlət başçısı İlham Əliyevin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı bir daha göstərmişdir ki, ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesində humanizm prinsipi daim önə çəkilir. Həyata keçirilən sistemli tədbirlər ədalət mühakiməsinin yüksək keyfiyyətini, cəzanın tərbiyəvi əhəmiyyətini və səmərəliliyini təmin edir, vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, humanizm ideyalarının tam bərqərar olmasına geniş imkanlar açır.

Sərəncam əsasında Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Baş Prokurorluq tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı qanunvericilik və məhkəmə-istintaq təcrübəsinin əhatəli təhlil olunması və irəli sürülmüş təkliflər əsasında 2018-ci ilin may ayında Cinayət və Cinayət-Prosessual məcəllələrinə 300-ə yaxın dəyişikliyin edilməsi də xüsusi vurğulanmalıdır. Həmin dəyişikliklərə əsasən 15-dən çox cinayət tərkibi dekriminallaşdırılaraq cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçirilmişdir.

Mühüm bir sıra dəyişikliklərlə zərərçəkmiş şəxslə barışmaqla cinayət məsuliyyətindən azadetmə institutu təkmilləşdirilmiş, habelə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azadetməni nəzərdə tutan yeni normalar müəyyən edilmişdir. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə cəmiyyətdən təcridetmə ilə bağlı olmayan yeni cəza növü müəyyən edilmiş və 158 maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən yeni cəza növü olan azadlığın məhdudlaşdırılması əlavə olunmuş, 36 cinayətə görə isə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilmişdir.

2018-ci ilin 28 dekabrında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilərək iqtisadi mübahisələr üzrə işlərə kağızsız, elektron qaydada baxılmasına keçilmiş, hakim və sahibkarlar arasında münasibətlərin tamamilə elektron qaydada tənzimlənməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac vermiş, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirmişdir. Fərmanda "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi və digər məsələlərlə bağlı tövsiyə və tapşırıqlar verilmiş, məhkəmə hakimlərinin ümumi sayının 200 nəfər artırılması tapşırılmışdır. Fərmanda göstərilən tədbirlərin yerinə yetirilməsi təkcə hakim korpusunun deyil, həm də məhkəmə hakimiyyəti heyətinin bütün işçilərinin rifahına müsbət təsir göstərəcəkdir.

Məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilmiş ikinci qanun layihələri paketi də məhkəmə sistemində mühüm dəyişiklikləri özündə ehtiva edir. Xatırladaq ki, bu istiqamətdə ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul edilmiş və islahatların institusional komponentini əhatə etmişdir. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək həmin dəyişikliklərə əsasən ixtisaslaşmış məhkəmələrin iki sisteminin - inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulmuşdur.

Təklif edilən dəyişikliklərə əsasən yeni bir hüquqi institut - özəl məhkəmə ekspertizası institutunun yaradılması nəzərdə tutulur və özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir. Layihəyə əsasən mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə öz hesabına ekspertiza aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək.

Bütün bunlar təsdiqləyir ki, yaranmasının 101-ci ildönümünü qeyd edən məhkəmə və ədliyyə orqanlarında müasirləşmə zamanın yeni çağırışlarına, ölkənin iqtisadi inkişaf dinamikasına və ictimai şüur səviyyəsinə uyğun olaraq davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə başlanmış genişmiqyaslı, sistem xarakterli islahatların mühüm tərkib hissəsi olaraq məhkəmə orqanlarının fəaliyyətinin də nəzərəçarpacaq dərəcədə müasirləşdirilməsi insan və vətəndaş hüquq-azadlıqlarının etibarlı təminatına zəmin yaradır.

İslam ƏLİYEV,

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video