21 Noyabr 2019 00:39
980
CƏMİYYƏT
A- A+

Azərbaycan ədliyyəsi uğurlu inkişaf yolundadır


Azərbaycan ədliyyəsinin yaranmasından 101 il ötür. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq bu sahədə əsaslı dönüş yaradılmışdı. Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin qəbul edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdi.

Artıq 19-cu ildir ki, ədliyyə işçiləri böyük ruh yüksəkliyi və Ulu Öndərə dərin minnətdarlıq hissi ilə öz peşə bayramlarını qeyd edirlər. Azərbaycan ədliyyəsinin inkişafı üçün həyata keçirilən genişmiqyaslı islahatlar bu gün də davam etdirlir.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk gündən dövlət mexanizminin sürətlə formalaşdırılması başlandı. Cümhuriyyətin ilk parlamenti və hökuməti yaradıldı. Eyni zamanda, yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılır, dövlət qurumları tərəfindən qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilirdi. Şərqin ilk demokratik dövləti öz varlığını bütün sahələrdə göstərirdi. Bu istiqamətdə hökumətlə yanaşı, parlamentin gördüyü işlər dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə parlament tərəfindən ictimai həyatın müxtəlif sahələri üzrə münasibətləri tənzimləyən, iqtisadiyyatın, mədəniyyətin, bütövlükdə cəmiyyətin inkişafını ehtiva edən 230-a yaxın qanun qəbul olunmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti hüquq sisteminin inkişafına xüsusi əhəmiyyət verdiyinə görə elə yarandığı ilk gündə Ədliyyə Nazirliyini təsis etdi. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt - nazirliyin əsasnaməsi təsdiq olundu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu təməl əsasında Azərbaycan ədliyyəsinin müasir dövlətçilik ənənələrinə və konsepsiyasına söykənən tarixi yazılmağa başlandı. Həmin vaxtdan etibarən Azərbaycanda dövlətçiliyin yeni mərhələsi - demokratik idarəçilik ənənələrinin formalaşması prosesi getdi.

Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin bərpası ilə başlamış, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən formalaşmış, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilmişdi.

Cəzaçəkmə yerlərində aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, "Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, AXC-nin yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdı.

Fəaliyyəti unudulmaz hadisələrlə yadda qalan Ədliyyə Nazirliyi üçün o illər həm də çətin və mürəkkəb dövr olmuşdur. 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, səlahiyyətləri xeyli məhdudlaşdırılmış, iki dəfə ləğv olunaraq yenidən təsis edilmiş, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilmişdir. Ədliyyə sisteminin müxtəlif vaxtlarda sabit funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törətmişdir.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə qurulması, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1969-cu ilə - Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, bu qurumun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır.

Müstəqillik illərində ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafına, müstəqil dövlətimizin hüquqi əsaslarının yaradılmasına müstəsna əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yeni milli Konstitusiya qəbul olunmuş və hüquqi sahədə islahatların mütəşəkkil qaydada aparılması məqsədilə Hüquqi islahat komissiyası yaradılmış, qısa müddət ərzində çox mühüm qanunlar qəbul edilmiş, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılmışdır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu özünəməxsus şəkildə davam etdirən möhtərəm Prezident İlham Əliyev hüquqi, sivil, demokratik dövlətin daha möhkəm hüquqi baza əsasında bərqərar olunmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Son 16 il ərzində digər sahələrdə olduğu kimi, Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

2006-cı ildə Ədliyyə Nazirliyinin yeni Əsasnaməsi qəbul edilərək, ona hüquq mühafizə orqanı statusu verilmişdi. Dövlət başçısı ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin daha da müasirləşdirilməsi haqqında fərmanlar imzalamış, beynəlxalq aləmin tələblərinə uyğun qanunvericilik aktları qəbul edilmiş, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” yeni qanun, habelə ədliyyənin inkişafına dair ayrıca dövlət proqramı qəbul edilmişdir.

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Bu qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarının, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmətin, yerli, regional qurumların, tədris, elm və məhkəmə ekspertizası idarələrinin, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir.

Son illər ölkəmizin sürətli sosial-iqtisadi yüksəlişi, ölkədə aparılan islahatlar və dövlət başçısının insan amilinə xüsusi önəm verməsi vətəndaşlarımıza mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli, o cümlədən digər problemlərin aradan qaldırılması üçün geniş imkanlar yaratmışdır. Bu da notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayının artmasında öz əksini tapır. Belə ki, 2003-cü illə müqayisədə notariat hərəkətlərinin sayı 4 dəfə, qeydə alınmış vətəndaşlıq vəziyyəti aktlarının sayı isə 2 dəfəyədək çoxalmışdır.

"Vətəndaşlıq vəziyyəti aktları”, "Elektron notariat” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemləri qurularaq notariat kontorlarının və qeydiyyat orqanlarının vahid elektron şəbəkədə birləşdirilməsi bu sahədə həyata keçirilən islahatların yeni mərhələsidir. Onu da qeyd edək ki, belə bir sistemə beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətdə rast gəlmək mümkündür. Qürurverici haldır ki, həmin ölkələrdən biri də Azərbaycandır. Bu yenilik notariat hərəkətlərinin rəsmiləşdirilməsini xeyli sadələşdirmişdir.

Ədliyyə Nazirliyinin mühüm sahələrindən olan notariat institutunun inkişafı, notarius işinin şəffaf prosedurlar əsasında formalaşdırılması, xüsusi notariatın və elektron notariatın geniş tətbiqi ədliyyə sisteminə böyük töhfələr verir. Təsadüfi deyil ki, Azərbaycanın notariat sahəsindəki nailiyyətlərinə maraq göstərilərək xarici dövlətlərin notariusları tərəfindən müsbət təcrübəmiz öyrənilir, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq seminarlar keçirilir. Notariat sahəsində aparılan islahatlar nəticəsində ölkəmizdə beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradılıb. Bu institutun inkişafı notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfəsini verib.

Bir əsrdən artıq yaşı olan Ədliyyə Nazirliyinin əməkdaşları dövlət başçısının ətrafında sıx birləşərək ölkədə qanunvericiliyin daha da zənginləşdirilməsi, məhkəmə-hüquq sistemində şəffaflığın təmin olunması istiqamətində fəaliyyətlərini daha da gücləndirirlər.

Səadət İSMAYILOVA,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə müşaviri, hüquq elmləri üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video