21 Noyabr 2019 00:38
655
CƏMİYYƏT
A- A+

Dalğalarla döyüşən qəhrəmanlar


Mayın 8-i idi... Havanın qaş-qabağı yerlə gedirdi. Sanki, göylər yer üzünə qalın bir pərdə çəkmişdi, hər yer qaranlıq idi, göz-gözü görmürdü. Elə bil ki, Şuşa dağlarının başı üzərindəki duman yürüyərək Bakını, Xəzər dənizini dövrəyə almışdı...

Və bu zaman Xəzərin qoynunda üzən "Citadel” adlı gəminin heyəti elə indicə aldıqları məşum bir xəbərlə bağlı qızğın müzakirə aparırdılar. Dənizdə olan "İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş vermişdi və indi oradakı insanların təcili köməyə ehtiyacı vardı. Amma qatı duman şəraitində həmin gəmiyə yan almaq çox təhlükəli idi. Buna baxmayaraq kapitan bir an belə tərəddüd etmədən son qərarını verir. Vəziyyət nə qədər çətin olsa da, onlar insanların həyatını xilas etməyə yollanacaqlar...

Qəhrəmanlıq zaman, məkan məfhumunun fövqündədir...

Ruhu ucadır qəhrəmanların...

Bəşəriyyət aşiqi olurlar, yaradılışın, insanlığın var olmasıdır qayələri...

Amalları can qoyub, can verib, can yaşatmaqdır... Bir an belə düşünmədən bu uğurda ölümün gözünə dik baxmaq, ona meydan oxumaqdır...

Adətən belə qəhrəmanlara ən çox filmlərdə aşina oluruq, düşünürük ki, onlar rejissorun təxəyyülündən yoğrulublar...

Amma yanılırıq...

Zaman hər an əsl qəhrəmanlar yetişdirir...

Yalnız nağıllarda, əfsanələrdə, tarixin dərin qatlarında axtarmamalıyıq onları...

Ətrafımızdadırlar, realdırlar...

Vətən uğrunda canından keçərək təkbaşına düşmənə dağ çəkən şanlı qəhrəmanımız Mübariz İbrahimovun müasirləri deyilikmi?!

Bəli, saysızdır Azərbaycanın belə vətənpərvər, cəsur, qorxmaz, darda qalanların imdadına yetən uca könüllü övladları...

Elə bu yazıda da belə qəhrəmanlarımızdan bir neçəsi barədə söhbət açacağıq...


Təhlükəli olduğunu bilsək də, bir an tərəddüd etmədik...


Bu il may ayının 8-də "SAIPEM” şirkətinin Xəzər dənizində borudüzmə əməliyyatları üçün istismar olunan "İsrafil Hüseynov” gəmisinin borudüzmə zonasında texnoloji avadanlıqların birində baş verən qəza nəticəsində yanğın olmuşdu. "SaIpem” şirkəti tərəfindən əməliyyat işləri aparılan gəmidə hadisə nəticəsində 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri almışdı. Həmin yaralıların sağ-salamat təhlükəsiz əraziyə və oradan da Bakı limanına çatdırılması isə "Citadel” gəmisinin heyətininin şücaəti nəticəsində olmuşdu...

Gəminin kapitanı Elbrus İsmayılov qəza baş verən həmin günü belə xatırlayır: "Mayın 8-i biz tapşırıq almışdıq ki, tədqiqat yerinə gedək. Havada qatı duman var idi. Bu zaman "İsrafil Hüseynov” gəmisindən məlumat gəldi ki, təcili bizə yaxınlaşın. Biz bu barədə rəhbərliyə məlumat verdik ki, adıçəkilən gəmidən onlara yaxınlaşmağımızı istəyirlər. Rəhbərlik isə göstəriş verdi ki, yaxınlaşın, amma havanın qatı duman olmasını nəzərə alın, tam təhlükəsizliyə riayət edin. Əslində biz onlara yaxınlaşanda bilmirdik ki, vəziyyət necədir. Sonra məlumat aldıq ki, gəmidə yanğın baş verib və zərərçəkənlər var. Bu barədə ardıcıl olaraq aidiyyəti qurumlara məlumatlar çatdırmağa başladıq”.

E.İsmayılov söyləyir ki, həmin zaman Dövlət Dəniz Agentliyindən də göstəriş gəldi ki, xilasetmə zamanı tam təhlükəsizliyə riayət olunsun. Verilən tapşırıqlar məsuliyyətlə, təhlükəsiz şəkildə yerinə yetirilsin. Əsas da ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunsun. Çünki qatı duman idi və görünüş sadəcə 5 metrə qədər idi: "Verilən təlimata uyğun olaraq öz işlərimizi görməyə və xilasetmə əməliyyatı aparmağa başladıq”.

Kapitanın sözlərinə görə, bu zaman onların öz həyatları üçün də təhlükə olub: "Həyəcanlı idim, çünki o gəminin vəziyyəti barədə heç nə bilmirdik. Partlayış baş verərdi, bizə də xəsarət yetirə bilərdi. Həm də ki, gəmimizin bortunda Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbilər də var idi. İstəmirdim ki, onları da təhlükəyə atım. Ümumiyyətlə, məqsədim o idi ki, heyətin heç bir üzvü təhlükə ilə üzləşməsin”.

Amma bu məsələlərə baxmayaraq, insanların həyatını xilas etməyə üstünlük verdik. Çünki bu, biz dənizçilərin qarşısında duran ən böyük məsuliyyətdir, borcdur. O zaman 1 nəfərin vəziyyətinin pis olması barədə məlumat verdilər. Elə bir yol seçməli idik ki, sahilə təhlükəsiz və tez çataq. Tam gücümüzlə bütün bu məsələləri həll etmək üçün çalışırdıq. Allaha şükür ki, buna da nail olduq. Gəmidə heç bir ölüm hadisəsi olmadı. Biz onları verilən tapşırığa uyğun olaraq təhlükəsiz zonaya çatdırdıq”.

"O gün getsin, gəlməsin. Həmin gün Şuşanın işğalı ilə əlaqədar tədbir keçirmişdik, hamımız kədərli idik və bu hadisə ilə də üst-üstə düşməsi əhvalımızı tamamilə korlamışdı. İndi də həmin anları xatırlayanda pis oluram, həyəcanlanıram” deyə E.İsmayılov əlavə edir.


Əmrinizdəyik, cənab kapitan!


Gəmidə elektrik mühəndisi işləyən Ramin Ələsgərov bildirir ki, xilasetmə əməliyyatında əlindən gələn hər şeyi etməyə çalışıb, bunu bir dənizçi borcu bilib: "Təkcə mən yox, Azərbaycanın bütün mərd övladları bu addımı atardı. Təhlükədə olanı xilas etmək bizim qanımızdadır. Bütün dənizçilərimiz dəfələrlə bundan da çətin vəziyyətlərdə eyni addımı atıblar. Özlərinin ölüm təhlükəsi olsa belə, mütləq köməyə tələsiblər, nə qədər insanlar xilas ediblər. Əminliklə deyirəm ki, dənizçilərimizin hamısı bu əhvali-ruhiyyədə tərbiyə alıblar”.

R.Ələsgərov qeyd edir ki, kapitanlarının bu cür havada məsuliyyətli addım atıb gəmi ilə hadisə yerinə yan alması əsl möcüzə idi: "Amma o, insan həyatının xilası üçün bu təhlükəni gözə aldı. Bütün heyət də onun əmrlərini icra edərək insanların köməyinə çatdı”.

Matros Ruslan Babayev deyir ki, gəmi heyəti olaraq arzuolunmaz hadisəyə görə əllərindən gələni etməyə çalışıblar: "Hər birimiz bilirdik ki, əslində ora yaxınlaşmaq təhlükəsizlik baxımından düzgün deyildi. Amma bu, bizim insanlıq və vəzifə borcumuz idi”.

Motorçu Elnur Xəlilov da qəhrəman xilasedicilər arasında olub: "Hava şəraitinə görə xilasetmə əməliyyatı çətin idi, amma öhdəsindən gəldik. Yaralıların hər birini xilas etdik, onları öz otaqlarımızda yerləşdirdik, mənəvi dayaq durduq. Ailələrinə sağ-salamat qayıtmaları üçün əlimizdən gələni etdik. Nə xoşbəxtəm ki, o insanların sağ qalmasında mənim də kiçik əməyim var”.


Şücaətlərinə yüksək qiymət verildi


Qeyd etdiyimiz kimi, gəminin kapitanı Elbrus İsmayılovun rəhbərliyi altında 17 nəfərdən ibarət gəmi heyət üzvləri hadisə zamanı yaralı personalın təxliyə olunmasında təqdirəlayiq şücaət göstəriblər. Sevindiricidir ki, onların bu qəhrəmanlığı diqqətdən yayınmayıb...

Ötən gün Dövlət Dəniz Agentliyində gəmi heyətinin döş nişanı və fəxri fərmanlarla təltifetmə mərasimi təşkil edildi. Görüşdə çıxış edən Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov iştirakçılara may ayında "SAIPEM” şirkətinin Xəzər dənizində borudüzmə əməliyyatları üçün istismar olunan "İsrafil Hüseynov” gəmisində baş verən partlayışla bağlı məlumat verdi. Direktor söylədi ki, hadisə barədə məlumat Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən xilasetmə əməliyyatlarının koordinasiyası, aidiyyəti qurumların hadisənin nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi Milli Mərkəzin təcrübəli kapitanları tərəfindən təmin edilib. "BUE CASPİAN LTD” şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Dövlət Dəniz Agentliyinin rəhbərliyinə rəsmi müraciət ünvanlanaraq qəzada xəsarət alanların xəstəxanaya çatdırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər, dənizçilərin göstərdiyi şücaətlə bağlı məlumat verilib.

Q.Qurbanov bildirdi ki, hadisə baş verən zaman pis hava şəraiti ilə əlaqədar helikopterin və digər xilasedici vasitələrin qəza yerinə cəlb olunması mümkün olmadığından "BUE CASPİAN LTD” şirkətinə məxsus "CİTADEL” gəmisindən yaralı personalın dərhal təxliyə edilməsi göstərişi verilib. Gəminin kapitanı Elbrus İsmayılovun rəhbərliyi altında 17 nəfərdən ibarət gəminin heyət üzvləri hadisə zamanı yaralı personalın təxliyə olunmasında təqdirəlayiq şücaət nümayiş etdiriblər: "Dənizdə qatı duman şəraitində gəminin dəniz qurğusuna təhlükəsiz yanalmasının təmin edilməsi, zərərçəkən personalın gəmiyə təhlükəsiz transferi və onların tibbi yardım müəssisəsinə vaxtında çatdırılmasında operativliyin təmin olunması, dənizçilərimizin peşəkarlığından və yüksək fədakarlıqla cəsarətli addım atmasından xəbər verir”.


"Dənizdə müstəsna cəsarətə görə”


Q.Qurbanov o barədə də məlumat verdi ki, hər il Beynəlxalq Dəniz Təşkilatı dəniz nəqliyyatı sahəsində müstəsna cəsarət göstərən dənizçilər arasında seçim edərək xüsusi fərqlənən bir nəfərə Beynəlxalq Dəniz Təşkilatının "Dənizdə müstəsna cəsarətə görə” mükafatını təqdim edir. Gələn il Beynəlxalq Dəniz Təşkilatının "Dənizdə müstəsna cəsarətə görə” mükafatına kapitan Elbrus İsmayılovun namizədliyi təqdim ediləcək. Direktor vurğuladı ki, dövlətə sədaqətlə xidmət edən dənizçilər insan həyatının xilası üçün hər zaman öz həyatları bahasına qəhrəmanlıq nümayiş etdiriblər: "Tarixən belə olub, olacaq da. Vəzifələrini layiqincə yerinə yetirən, vicdanla, şərəflə peşələrinə xidmət edən dənizçilərimizə təşəkkür edirəm. Məlum hadisə zamanı dənizçilərimizin göstərdiyi şücaət tarixən bu sahədə xidmət edən şəxslərin işinə, peşəsinə böyük sevinc və fədakarlıqla yanaşmasının göstəricisidir”.


Bakıda belə duman görməmişdim...


Tədbirdə çıxış edən "SAIPEM” şirkətinin direktoru Giorgio Danieli bildirdi ki, qəza baş verən gün müşahidə olunan duman, əslində Bakı üçün xarakterik deyildi: "Bu cür hava şəraiti üzən gəmilərə böyük çətinlik yaradır. Biz qəza baş verən gəmiyə yaxınlaşanda fiziki olaraq onu görmürdük. Bu isə ona yan almanı çətinləşdirir və təhlükəli edirdi. Biz həmin gün nə qədər çətin olsa da, "Citadel”in Bakı limanına yan almasına qərar verdik. Çətin səfər idi, amma biz bunun öhdəsindən gəldik. Təbii ki, həmingünkü gərginlik, həyəcan mənim də yadımdan çıxmır. Arzulayıram ki, belə qəzalar heç zaman olmasın və əgər olsa belə, biz yenə də xilasetmə yolunda öz səylərimizi əsirgəməyəcəyik. Əminəm ki, həmin gəmidən xilas edilən insanlar bu çətinliyi anlayır və hər biri ogecəki xilaskarlarını minnətdarlıqla xatırlayırlar”.

"BUE CASPİAN LTD” şirkətinin regional direktoru cənab Filip Çemberleyn də söylədi ki, həmin gün "Citadel” dənizdə növbədə idi və bu xəbəri aldıqda kapitanın rəhbərliyi altında gəmi heyəti müəyyən hazırlıqlara başladı. Getdikcə duman daha da qatılaşırdı. Təxirəsalınmaz təhlükəsizlik tədbiri həyata keçirilməli idi və bunu bizim heyət üzvləri bacardılar. Zərərçəkən 14 gəmi heyəti əvvəlcə təhlükəsiz zonaya gətirildi, onlara ilkin tibbi yatdım göstərildi və iki həkimlə bərabər Bakıya çatdırıldı. Bu əməliyyatı kapitan Elbrus İsmayılovun rəhbərliyi ilə gəminin nümayəndə heyəti çox məsuliyyətlə və nizamla həyata keçirdilər”.


Dənizçilərin əməyinə minnətdarlıq


Tədbirdə çıxış edən qonaqlar bildirdilər ki, Azərbaycan nümayəndəsinin Beynəlxalq Dəniz Təşkilatının "Dənizdə müstəsna cəsarətə görə” mükafatını alması çox sevindirici hal ola bilər. Həmçinin ən azından Londonda Beynəlxalq Dəniz Təşkilatının Baş Qərargahında müvafiq komissiya tərəfindən kapitan İsmayılovun göstərdiyi peşəkarlığın və cəsarətin müzakirə olunması nəticədən asılı olmayaraq hər birimiz üçün qürurvericidir.

Görüşdə vurğulandı ki, dövlətə sədaqətlə xidmət edən dənizçilər insan həyatının xilası üçün hər zaman öz həyatları bahasına qəhrəmanlıq nümayiş etdiriblər. Vəzifələrini layiqincə yerinə yetirən, vicdanla, şərəflə peşələrinə xidmət edən dənizçilərin əməyi minnətdarlıq hissi ilə xatırlandı və sonda "İsrafil Hüseynov” gəmisində partlayış baş verən zaman xəsarət alanların xilasedilməsi zamanı şücaət göstərən dənizçilər "Donanmanın fəxri işçisi” döş nişanı və fəxri fərmanlarla təltif edildilər.

Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video