21 Noyabr 2019 00:34
1526
Təhsil
A- A+

Milli Qəhrəmanın adını daşıyan məktəb-liseyin uğurları


Prezident İlham Əliyev 2010-cu ilin 22 iyulunda Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi (ölümündən sonra) barədə Sərəncam imzalamışdır.

Dövlət başçısının həmin gün imzaladığı başqa bir sərəncamı isə Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqındadır. Qəhrəmanın adını əbədiləşdirmək üçün 29 sentyabr 2010-cu ildə Biləsuvar şəhərindəki məktəb-liseyə Milli Qəhrəmanın adı verildi və həmin məktəbin bazasında Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi yarandı. Kompleks 18 oktyabr 2010-cu ildən fəaliyyət göstərir. Bu təhsil müəssisəsi öz fəaliyyətində şagirdlərə milli və bəşəri dəyərləri, vətəndaşlıq şüurunu aşılamaq, hər şagirdin şəxsiyyətini və yaradıcı potensialını inkişaf etdirmək, müstəqil həyata hazır intellektuallar yetişdirmək, liderlik keyfiyyətlərini təlqin etmək və s. kimi dəyərləri əsas götürür. Məktəb-liseydə çalışan müəllimlər ona nail olmaq istəyirlər ki, burada təhsil alan hər bir şagird xalqımızın igid qəhrəmanı Mübariz İbrahimovun adına layiq vətəndaş kimi yetişsin.

Cəmiyyətin yüksək savadlılığı ölkənin inkişafının təməl prinsiplərindən biridir. Belə bir dəyərin formalaşmasında əsas məsuliyyət peşəkar təhsilverənlərin - pedaqoqların üzərinə düşür. Elə ona görə də təhsil ocağında çalışan pedaqoqların məqsədi bu istiqamətdə fəaliyyətlərini genişləndirmək və ölkə miqyasında fərqlənən, effektiv tədris metodikası yaratmaqdan ibarətdir. Biləsuvardakı bu məktəbdə müasir idarəetmə sistemi qurulmuş, beynəlxalq təhsil ocaqları ilə müxtəlif layihələrin icrasına başlanılmışdır. 2015-ci ildən etibarən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul imtahanlarının orta bal göstəricisinə görə kompleks 5 ildir ki, respublika birincisi olmaqdadır. Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin məzunlarının ali məktəblərə qəbul üzrə ümumi orta balı 2014-2015-ci tədris ili imtahanlarında 623, 2015-2016-cı tədris ilində 607, 2016-2017-ci il tədris ilində 636, 2017-2018-ci tədris ilində isə 626 bal olmuşdur. 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul üzrə ümumi orta bal göstəricisi 629 bal olmaqla qəbulun orta balına görə respublika üzrə yenə də birinci yeri tutmuşdur. Cari tədris ilində məzun olan 31 şagirddən 14-ü 640 baldan, 12 şagird 600 baldan, 5 şagird isə 500 baldan yuxarı nəticə göstərmişdir. İndiyə kimi şagirdlərdən 4 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.

Kompleksdə şagirdlərlə iş müasir təhsilin tələblərinə uyğun qurulmuşdur. Tədris prosesində fəal təlim üsullarından, pedaqoji innovasiyalardan istifadə olunur, İKT texnologiyaları tətbiq edilir. Liseydə şagird dərs prosesində hazır biliyi qəbul edən yox, axtaran, araşdırandır. Tədrisin "qızıl qayda”sı olan əyanilik burada sözdə deyil, işdə həyata keçirilir. Şagirdlərlə iş yalnız tədrislə məhdudlaşmır. Belə ki, şagirdlər bir sıra sosial layihələrə, dərnək və klublara da cəlb edilir ki, bu da onların bir vətəndaş kimi formalaşmasına, dünyagörüşlərinin zənginləşməsinə müsbət təsir göstərir. Kompleksin idarə heyəti və müəllimləri ilə yanaşı, beynəlxalq əlaqələr və sosial proqramlar qrupu da bu məsələdə öz işlərini görür. Məqsəd şagirdlərə müasirliyi, tolerantlığı, xalqlar və mədəniyyətlərarası dostluğu, dünyagörüşlü və mədəni olmağı aşılamaq olsa da, öz soy-kökünə, əcdadlarına bağlı gənc nəslin yetişməsindən də yan keçilmir. Kompleksdə heç bir tarixi gün diqqətdən kənarda qalmır. Nəticədə şagirdlər ulularımız kimi mərd, iradəli, məğrur gənclər olaraq yetişirlər. Təhsil müəssisəsində tez-tez təşkil olunan ekskursiya və gəzintilər zamanı şagirdlərə etik normalar aşılanır.

Sosial Proqramlar və Tyutor fəaliyyəti qrupunun tərtib etdiyi illik tədbirlər planına əsasən kompleksdə tədris ili ərzində bır sıra tədbirlər: yarışlar, ekskursiyalar, müsabiqələr keçirilməsi nəzərdə tutulub. Kompleksdə şahmat, teatr, musiqi alətləri, debat, "Xəmsə” kimi intellektual dərnəklər fəaliyyət göstərir. Tədbirlərin təşkili zamanı şagirdlərin natiqlik, şeir, mahnı, musiqi alətində ifa, rəqs, əl işləri və sairə kimi bacarıqları kəşf olunur, onlara istiqamət verilir və ya onlara yeni bacarıqlar aşılanır. Beləliklə, şagirdlərə özünə, öz bacarıqlarına inanaraq ictimaiyyət qarşısında sərbəst çıxış etmək imkanı verilir.

Kompleksin kitabxanası indiki təhsil sisteminə uyğunlaşdırılmışdır. Belə ki, şagirdlərin və müəllimlərin istifadəsi üçün kitabxanada hər cür şərait var. Kitabxana dörd hissədən ibarət olaraq oxucuya və istifadəçilərə xidmət göstərir. Burada proyektor və elektron lövhə quraşdırılmışdır. Kitabxana fondu da çox geniş və zəngindir. Dərs kitabları, dərs vəsaitləri, bədii və elmi-publisistik ədəbiyyatlar kifayət qədərdir.

Kompleksdə şagirdlərə və əməkdaşlara gün ərzində iki dəfə (səhər 4 çeşid və naharda 8 çeşid) milli və Avropa mətbəxinin ləziz təamları tenderlə seçilmiş Keytering şirkəti tərəfindən təqdim edilir. Yeməklərin gigiyenik və şagirdlərin ağız dadına uyğun olması üçün mətbəxdə ixtisaslı aşbaz və işçi heyəti çalışır. Bundan əlavə, şagirdlərə çay, meyvə və desert olaraq şirniyyatlar təqdim edilir.

Şagirdlərin 60 faizininin uzaq məsafədə yaşadığı nəzərə alınaraq onlar nəqliyyat vasitəsi ilə təmin olunub. Bunun üçün 5 avtobus fəaliyyət göstərir.

Bütün bu deyilənlər məktəbin fəaliyyətində ilk baxışda nəzərə çarpan cəhətlərdir. Məktəb-liseydə görülən uğurlu işlər daha çoxdur. Xüsusən hər bir fənnin tədrisində məktəbin öz dəst xəti mövcuddur. Bir sözlə, Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi respublikamızın ən qabaqcıl təhsil müəssisələrindən biri kimi öz işlərini günün tələbləri səviyyəsində və adını daşıdığı Milli Qəhrəmana yaraşan bir şəkildə qurmuşdur.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video