Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda "Quşçuluqda innovativ yanaşma” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda müxtəlif bölgələrdə fəaliyyət göstərən kiçik və iri quşçuluq təsərrüfatlarının nümayəndələri, fermerlər, Azərbaycan Dövləq Aqrar Universitetinin tələbələri, elmi-tədqiqat müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev son illər aqrar sahədə aparılan islahatlara toxunaraq bildirib ki, əhalinin ət və ət məhsullarına olan təlabatının ödənilməsi sahəsində intensiv metodların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, müasir dünya təcrübəsinə əsaslanaraq qapalı və yarımqapalı quşçuluğun heyvandarlığın yeni bir sahəsi kimi inkişaf etdirilməsi günün tələbidir: "Hazırda Azərbaycanda bütün təsərrüfat kateqoriyaları üzrə quşların baş sayı 30 milyon 473 mini, yumurta istehsalı isə 1 milyard 676 milyon ədədi ötüb. Əhalinin quş əti ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlib”.
Türkiyə İğdır Universitetinin seminarda iştirak edən əməkdaşı Mete Türkoğlu çöl və ev quşları arasında identifikasiya sisteminin qurulması, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri Sevil Abbasquliyeva quşçuluqda innovativ yanaşmanın məhsuldarlığa təsiri, Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının aparıcı elmi işçisi Şahmar Məmmədov ətlik istiqamətli toyuqlarda valideyn sürülərinin yetişdirilməsində innovativ texnologiyaların tətbiqi haqqında təqdimatla çıxış ediblər. ADAU-nun professoru Arif Tağıyev seminar iştirakçılarına quşçuluğun yeni bir istiqaməti kimi bildirçin təsərrüfatlarının iqtisadi əhəmiyyəti haqqında məlumatlar verib.
Seminar çərçivəsində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yeni istifadə verilmiş yem və süd analizi laboratoriyalarına baxış keçirilib, müasir avadanlıqların iş mexanizmi iştirakçılara izah olunub.