21 Noyabr 2019 00:24
1696
Təhsil
A- A+

Xaricdə təhsil sahəsində növbəti uğurlu layihə


Hədəf Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını təmin etməkdir


Qloballaşma dövründə təhsilin iqtisadi həyatda artan rolu bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının hərtərəfli inkişafını zərurətə çevirib.

Bu reallıq ölkədə ali təhsil sisteminin modernləşdirilməsini və beynəlxalq rəqabətliliyinin artırılmasını tələb edir. Dünyanın irəlidə gedən ölkələri davamlı inkişaf yoluna məhz ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətliliyinin gücləndirilməsi sayəsində nail olublar.

Bu mənada Azərbaycan növbəti dəfə müstəqillik illərində xaricdə təhsil sahəsində həyata keçirilmiş ən mühüm layihələrindən birinin icrasına başlayır. Hədəf Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını təmin etməkdir. Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən 2018-ci il noyabrın 16-da "2019-2023-cü illərdə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması barədə Dövlət Proqramı” təsdiq olunub. Növbəti mərhələdə isə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli qərarı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları” və "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları” təsdiq edilib.


Məqsəd yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsidir


Dövlət proqramı milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini nəzərdə tutur. Proqramda Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri müəyyənləşib. Buna uyğun olaraq, dünyanın nüfuzlu universitetlərində yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək. Məqsəd yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsidir. Doktorantlara ayrılan dəstək eyni zamanda ölkədə elmi tədqiqatların inkişafında mütləq rol oynayacaq, gənclərin elmə marağını artıracaq, onlar tədqiqatların aparılmasında maraqlı olacaqlar.


Prioritet istiqamətlər


Dünya ali təhsil sistemində baş verən dəyişikliklərə cavab olaraq Azərbaycanda intellektual potensialın gücləndirilməsinə xidmət edən bu sənəddə ölkə iqtisadiyatının inkişaf trendlərinə uyğun ən zəruri istiqamətlər əksini tapıb. Belə ki, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib: təbiət ixtisasları istiqaməti: riyaziyyat; mexanika; astronomiya; fizika; kimya; biologiya elmləri; yer elmləri; coğrafiya.

Kənd təsərrüfatı ixtisasları istiqaməti: aqrar elmlər.

Səhiyyə və rifah ixtisasları istiqaməti: tibb elmləri; əczaçılıq elmləri; səhiyyənin idarə edilməsi.

Texniki və texnoloji ixtisaslar istiqaməti: texnika elmləri.

İqtisadiyyat və idarəetmə ixtisasları istiqaməti: iqtisad elmləri.

Təhsil ixtisasları istiqaməti: pedaqogika; psixologiya; təhsilin idarə edilməsi.

Humanitar və sosial ixtisaslar istiqaməti: tarix; sosiologiya; hüquq elmləri.


İl ərzində 100-ə yaxın şəxsin təhsili maliyyələşdiriləcək


Doktoranturaya qəbulun çətin proses olduğu nəzərə alınaraq xaricdə doktorantura təhsili almaq üçün hər semestr ərzində təxminən 40-50 şəxsin proqramdan yararlanması nəzərdə tutulub. İlkin olaraq il ərzində 100-ə yaxın şəxsin təhsilinin maliyyələşdirilməsi həyata keçiriləcək. Gələcəkdə müraciət sayı çoxalarsa, bu rəqəm artırıla bilər. Bir şəxs üçün nəzərdə tutulan ödəniş məbləği ölkə və universitetə görə fərqlənir. Çünki hər ölkənin yaşayış və təhsil xərcləri eyni deyil. Xaricdə təhsil çərçivəsində proqram iştirakçılarının təhsil, viza və təhsil aldığı ölkədə qeydiyyat, aylıq yaşayış, tibbi sığorta, beynəlxalq nəqliyyat xərcləri ödəniləcək.

Seçim qaydalarına əsasən, dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil ocaqlarında, elmi müəssisə və təşkilatlarda, Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsi üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, doktorantura səviyyəsi üzrə təhsilini başa vurmuş, habelə Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq müqavilələri çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslər proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirak edə bilməzlər.

Digər mühüm məqamlardan biri də odur ki, xaricdəki reytinqli universitetlərə qəbul olunan və hazırda təhsillərini davam etdirən şəxslər də proqramdan istifadə edə bilərlər.

Xaricdə doktorantura təhsilinin maliyyə hissəsi Azərbaycan Dövlət Neft Fondu tərəfindən ödəniləcək. Doktorantura səviyyəsi üzrə istiqamətlər may ayından müəyyənləşib və bütün ixtisasları özündə ehtiva edir. 2020-ci ilin yaz semestri üçün sözügedən Dövlət proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün artıq noyabrın 18-dən müvafiq elan verilib. Sənəd qəbulunun ildə 2 dəfə aparılması gözlənilir.


Doktorantura hazırlığı reytinqli universitetlərdə həyata keçiriləcək


Seçim qaydalarına əsasən, doktorantura səviyyəsində mütəxəssis hazırlığı dünyanın ən reytinqli universitetlərində aparılacaq. Belə ki, proqram iştirakçılarının seçimi meyarları arasında namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (namizədin təhsili iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hər birinin) "Times Higher Education (THE) World University Rankings”, "Academic Ranking of World Universities (Shanghai)” beynəlxalq reytinqlərin hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alması şərti əksini tapıb.

Bundan başqa, namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması, bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması, təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi-tədqiqat işlərini aparmaq, məntiqi mühakimə yeritmək, kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti də müsahibə zamanı qiymətləndirilir.

Qeyd edək ki, növbəti Dövlət proqramı ölkəmizin ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Yeni proqram doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin elmi-pedaqoji sahədə tətbiqinə, məzunların işlə təmin olunmasına imkan yaradacaq. Həmçinin ayrı-ayrı ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparılması, beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsi elmdə müsbət nəticələrə gətirib çıxaracaq.

Qeyd olunmalıdır ki, doktorantura təhsilinin yenilənməsi ölkə universitetlərinin dünyanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlığına təkan verəcək. Proqramın əhatə dairəsinin genişlənməsi, beynəlxalq təcrübənin öyrənilməsi gənclərin təhsilinə, onların zəruri bilik və səriştələr əldə etməsinə töhfə olacaq. Proqramda nəzərdə tutulmuş mühüm hədəflərə nail olunması gələcəkdə ölkəmizin ali təhsil sisteminə müsbət təsirini göstərəcək.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video