20 Noyabr 2019 12:31
432
SİYASƏT
A- A+

MSK aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb


Bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki subyektləri üçün genişmiqyaslı layihələr davam etdirilir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 20-dən etibarən növbəti layihəyə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb. Hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq şəraitində əsası qoyulan və ilbəil təkmilləşdirilərək 2008-ci ildən daha da genişləndirilən bu layihə bütün seçkilərdə mütəmadi şəkildə keçirilməklə dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsində olduqca mühüm rol oynayır.

Qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı iki mərhələli treninq layihəsi hazırlanıb. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə noyabrın 20-dən start götürən ilk mərhələnin dörd gün davam etməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyasının Treninq Qrupu tərəfindən müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməklə tamamilə praktiki formada keçirilən "Trenerlər üçün treninq”lərdə hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə 230-a yaxın yerli trenerinə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələrinə dair rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və hərtərəfli məlumat verilir.

Gündəliyə uyğun olaraq treninqlərdə, həmçinin Mərkəzi Seçki Komissiyasının Treninq Qrupunun mütəxəssisləri tərəfindən seçki günü prosedurları, səsvermə hərəkətləri və baş verə biləcək müstəsna hallar praktiki məşğələlərin gedişində əyani formada səhnələşdirilərək iştirakçılara nümayiş etdirilir, müzakirələr aparılır və onları maraqlandıran suallar cavablandırılır.

Treninqlərin məntəqə seçki komissiyalarının üzvlərini əhatə edən ikinci mərhələsinə noyabrın 25-də başlanacaq və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq təqribən bir həftə davam edəcək. Bu mərhələdə keyfiyyətin və səmərəliliyin daha da yüksəldilməsi məqsədilə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin Mərkəzi Seçki Komissiyasının Treninq Qrupu tərəfindən hazırlanan cədvəl əsasında kiçik qruplar şəklində - hər treninq sessiyasında 36 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Treninqlər zamanı aşağı seçki komissiyalarının hər bir üzvünə yaxından tanış olmaq və təlimlərdə istifadə etmək məqsədilə MSK tərəfindən hazırlanan "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri materiallar da təqdim olunacaq.

Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi kifayət qədər genişmiqyaslı maarifləndirmə layihəsi olan treninqlər bələdiyyə seçkiləri keçirilən seçki məntəqələrinin bütün 30 minə yaxın üzvünü əhatə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video