20 Noyabr 2019 01:16
1808
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV islahatlarının yeni mərhələsi


Prezidentin sistem islahatları sosial-iqtisadi inkişafın dinamizmini və dövlət idarəçiliyinin daha da modernləşməsini uğurla təmin edir


Bəzən bir kəlmə söz qələmə almaq istədiklərinin çoxunu ifadə edib düşüncələrini aydınlığa çıxaran bələdçiyə çevrilir.

Son dövrlər ölkəmizdə aparılan köklü islahatlar haqqında fikirlərimi illərimin həmdəmi - kağız-qələmlə bölüşməkdir niyyətim...

Bu davamlı prosesin səbəb və məqsədlərini təfəkkürümdən keçirirəm, yönəldiyi hədəflərə nəzər yetirirəm, gözlənilən nəticələrini təsəvvürümdə canlandırmağa çalışıram. Və elə bu an hiss edirəm ki, düşündüklərimin, demək olar, hamısı elə "islahat” kəlməsinin mənasında əks olunub.

Bu sözün semantikası qüsur və nöqsanları aradan qaldıraraq vəziyyəti arzuolunan hala salmaq, yaxşılaşdırmaq, düzəltmək, qaydasına qoymaqdır. Lüğət fondumuza ərəb dilindən keçmiş "islahat” kəlməsinin mənşə dildə tarixin hansı dövründə formalaşdığını müəyyənləşdirmək indi çox çətindir və bəlkə buna heç ehtiyac da yoxdur. Əsas olan onun ifadə etdiyi məzmundur, bununsa insanlıqla yaşıd olduğunu heç bir araşdırma aparmadan, tarixi soraqlara müraciət etmədən də tam əminliklə iddia etmək olar...

***

Adəm övladı dünyaya göz açdığı gündən islahata ehtiyac duyub.

Ətraf aləmi, həyat şərtlərini öz ehtiyaclarına, tələbatlarına uyğunlaşdırmağa, özü üçün mümkün qədər qaydasına qoymağa, yaxşılaşdırmağa çalışıb, buna bacardığı qədər də nail olub. Əks halda insan həyatda qalıb öz nəslini davam etdirə bilməzdi, bu gün qarşımıza misilsiz maddi-mənəvi nailiyyətlər, möcüzə kimi kəşflər, texnoloji yeniliklərlə çıxan bəşər mədəniyyətini formalaşdırmağı bacarmazdı.

Bu mənada dünyanın hansı dilində, necə səslənməsindən asılı olmayaraq "islahat” mənası verən hər bir kəlmə bəşəriyyətin inkişafının ilk simvoludur. Bu inkişaf prosesi mağarada dünyaya göz açmış ibtidai insanın öz şüurunun diktəsi ilə böyük dünyaya doğru birinci addımlarından başlanıb və bu gün də davam etməkdədir.

Elə tarix də, əslində, islahatların tarixidir...

Zaman bir yerdə durub-dayanmır, cəmiyyətin əsas məhsuldar qüvvəsi olan insan vaxt axarında yeni reallıqlarla, əvvəlkindən tamam fərqli şərtlərlə qarşılaşır və yeniliklərlə uzlaşmaq, onlardan bəhrələnmək, inkişaf axınından qıraq qalmamaq üçün mövcud istehsal münasibətlərini zaman-zaman dəyişib cilalayır.

Bu, istehsal münasibətlərinin məhsuldar qüvvələrin xarakterinə və inkişaf səviyyəsinə uyğunluğu qanunudur.

İstənilən cəmiyyətin yaxın-uzaq tarixinə nəzər yetirsək, bütün inkişaf proseslərinin bu qanun əsasında tənzimləndiyini, davamlı islahatlardan keçdiyini, bu gün ən yüksək inkişaf səviyyəsinə malik cəmiyyətlərin zaman-zaman ən çox və ən geniş islahat aparan toplumlardan ibarət olduğunu görəcəyik.

Bir sözlə, həyat islahat üzərində qurulub...

İslahatın olduğu hər yerdə inkişaf var, uzlaşma var, uğur var...

İslahatın olmadığı yerdə isə durğunluq, ətalət, itirən və itirilən nəsillər...

***

Keçmişə azdan-çoxdan bələdəm. Tarixi romanlar üzərində işləyərkən oxuyub-öyrəndiklərim, bu sahənin mütəxəssisləri ilə apardığım qızğın mükalimələr milli dövlətçilik ənənələrimizin formalaşmasında böyük rol oynamış şəxsiyyətlərimizin islahatçı dünyagörüşü barədə müəyyən qənaətlərə gəlməyimə imkan verir.

Ağqoyunlu hökmdarı Uzun Həsən, Səfəvilər dövlətinin yaradıcısı Şah İsmayıl Xətai, Əfşarlar sülaləsinin banisi Nadir şah haqqında əsərlər yazmışam. Ona görə nisbətən uzaq tariximizin bu üç şəxsiyyəti haqqında danışmağa özümü daha səlahiyyətli sanıram. Bu insanların ruhunu, dövrünü daha aydın duyuram, çünki onlarla asanlıqla təmasa keçə bilirəm.

Onların hər biri öz zəmanələrinin qüdrətli islahatçıları idilər.

Uzun Həsən "Qurani-Kərim”i türk dilinə tərcümə etdirmişdi. Hərbi-tayfa prinsipləri əsasında fəaliyyət göstərən əyanlarının bölücülük fəaliyyətini zəiflədib, ərazicə geniş olan dövlətini gücləndirməkdən ötrü maliyyə və inzibati islahatlar həyata keçirmişdi. Vergilərin həcmini azaltmışdı. Təbəələri arasındakı mübahisə və şikayətlərin ədalətli həlli məqsədilə "Qanunnamə” tərtib etdirmişdi. Qanunları pozan hər kəsin layiqincə cəzalandırılması üçün bütün vilayətlərdə sərt cəza mexanizmı formalaşdırmışdı.

Hələ Şah İsmayıl Xətai...

Bu yenilikçi sərkərdənin öz dövründə cəmiyyət həyatının müxtəlif sahələrində apardığı islahatlar cild-cild tədqiqatlara mövzudur. Qısaca olaraq onu bildirim ki, bu gün üç rəngli, aylı-ulduzlu dövlət bayrağımızın üzərində rənglərin simvolikası ilə qovuşmuş türkçülük, müasirlik və islam ideyasının vəhdəti Şah İsmayılın dövründən, apardığı islahatlardan, cəmiyyət üçün müəyyən etdiyi qayda-qanunlardan, formalaşdırdığı milli dövlətçilik prinsipləridən gəlir.

Nadir şah da siyasi və ictimai həyatın hər sahəsində köklü islahatlar aparıb möhtəşəm və cahanşümül imperiya qurmağı fəaliyyətinin əsas qayəsi kimi görürdü. Onun apardığı islahatlar hətta məzhəb davalarının aradan qaldırılması, dinin dövlətdən ayrılması kimi o dövr üçün son dərəcə çətin və mürəkkəb məsələləri belə əhatə edirdi.

Bu islahatların öz məqsədinə nə dərəcədə çatması indi tarixin bəri üzündən o qədər də önəmli deyil, önəmli olan bu şəxsiyyətlərin irəli sürdükləri islahat təşəbbüsləridir, bu təşəbbüslər işığında formalaşdırdıqları milli ideallardır, illər, əsrlər sonra xalqa rəhbərlik məsuliyyətini öz üzərinə götürəcək dövlətçi xələflərinə mənəvi miras kimi ötürdükləri missiyadır.

***

...Aradan qərinələr, əsrlər ötdü.

Adlarını çəkdiyim tarixi şəxsiyyətlərimizin zamanın sərt reallıqları üzündən axıra çatdıra bilmədikləri islahatlar XX yüzilliyin ortalarında öz layiqli davamçısını tapdı. Böyük şəxsiyyətlərimizin nurlu obrazlarını öz xarizmatik simasında bütünləşdirən, onların arzu və amallarını yerinə yetirməyə qabil olan qüdrətli Liderə qovuşdu. Bu Lider, milli dövlətçilik tariximizin ən böyük islahatçısı olan Ulu Öndər Heydər Əliyev idi.

Tarix haqqında mənimsədiyim bilgilərin öyrətdiyi bir həqiqət də var: xalqın, dövlətin, bir qədər də geniş əhatədə götürsək, bəşəriyyətin yaddaşında o şəxsiyyətlər qalır ki, onlar hansısa islahatların müəllifi olublar, insanlar üçün mütərəqqi yeniliklər yaradıblar, torpağın köksündə ucaltdıqları maddi mədəniyyət nümunələrində, tikililərdə, yollarda, körpülərdə, bulaqlarda nəcib əməllərinin imzası var, həyata keçirdikləri dəyişikliklərin cəmiyyətə az-çox faydası toxunub.

Bu, zamanın xatırlaya bildiyi qüdrətli dövlət adamlarına də aiddir. Qoca dünyanın sinəsindən o qədər sərkərdələr, yaşadığı dövrdə adı-sanı aləmə sığmayan cəngavərlər, yürüşlərin önündə gedən igid bahadırlar, işğalçı qoşun rəhbərləri ötüb keçib ki...

Amma indi hanı onlar?!

Əgər hansısa salnaməçinin qeydlərinə, daş kitabələrə, xalqın yaratdığı folklor nümunələrinə adları düşübsə, bəlkə kimsə epizodik olaraq xatırlasın, şəxsiyyətləri ilə maraqlansın. Əgər belə bir soraq da yoxdursa, bu insanlar, sanki heç olmamış kimidirlər. Buradan hansı nəticə çıxır?! Bir var qılınc gücünə hansısa əraziləri fəth edib, müəyyən müddət öz hökmündə saxlayasan, sonra qoşun-ləşkəri daha güclü bir işğalçı gəlib hər şeyi əldən ala, bir də var, konkret bir coğrafiyada möhkəm təməllərə söykənən elə dövlət institutları formalaşdırasan, maddi-mədəni dəyərlər ərsəyə gətirəsən, xalqın bu günü və gələcəyi üçün elə əsaslar yaradasan ki, bu əsaslar dövlətçiliyi bir də heç zaman sarsılmağa qoymaya... Əsl dövlət xadimləri bu ikincini bacaranlardır.

Ümummilli Lider Heydər Əliyev ötən əsrin 60-cı illərinin sonlarından etibarən, sovetlərin son dərəcə çətin şərtləri çərçivəsində də olsa, Azərbaycan xalqı üçün möhkəm dövlətçilik dəyərləri formalaşdırdı. Zəif inkişaf göstəricilərinə görə keçmiş ittifaq ölkələrinin ardınca sürünən ətalət dolu aqrar ölkəni qısa müddətdə öncül sənaye respublikasına çevirdi. Heydər Əliyev buna həyatın bütün sahələrində apardığı əhatəli islahatlarla nail oldu. O, cəmiyyətdə qayda yaratdı, pozulmuş nizamı düzəltdi, haqq-ədaləti bərqərar etdi, kimliyindən asılı olmayaraq hər bir vətəndaşa sahib çıxdı, haqqı-nahaqqın, gücsüzü güclünün ayağına vermədi.

Heydər Əliyevin o illərdə Azərbaycanda apardığı dəyişikliklər əsl islahat idi və bu islahatdan yüz minlərlə vətəndaşımız bəhrələnirdi.

Tarixin bütün dövrlərində olduğu kimi Ulu Öndərin sovet Azərbaycanında apardığı islahatlar kimlərinsə maraqlarına da toxunurdu, buna qarşı çıxmaq istəyənlər, mane olmağa çalışanlar, mərkəzə "donoslar” ötürüb prosesi dayandırmağa çalışanlar da tapılırdı. Bununla belə bədxahlar öz məkrli niyyətlərinə çata bilmirdilər.

Çünki Heydər Əliyevin verdiyi qərarlar, atdığı qətiyyətli addımlar xalqın arzularından gəlirdi. Ulu Öndər bununla cəmiyyətin sosial sifarişlərini, istəklərini yerinə yetirirdi. Sovet dövlətinin qurucuları kimi kağız üzərində bu formasiyanın guya ən hörmətli təbəqəsi sayılan, reallıqda isə imtiyazlı şəxslərin tədricən sıxışdırıb bir kənara qoyduqları, yuxarıdan aşağı baxdıqları əli qabarlı fəhlənin, kəndlinin illərdən bəri ürəyində qalmış gözləntilərini doğruldurdu.

Məsələn, Ulu Öndər bilirdi ki, onun ali məktəblərə qəbul zamanı ədalət prinsiplərinin qorunması naminə, deyək ki, prokuror övladlarının hüquq fakültəsinə sənəd verməsini məhdudlaşdırmasından rəncidə olan imtiyazlı şəxslər var, amma bu qərarı bayram edən, belə bir yeniliklə arzularına doğru yolları açılan on minlərlə kasıb, zəhmətkeş övladı da var. Ona görə də islahat xəttindən bir addım geri çəkilmirdi.

Cəmi bir neçə ildən sonra isə tale Heydər Əliyevin üzərinə daha böyük bir missiya qoyacaqdı. Dövlət müstəqilliyinə qovuşan Azərbaycanda bir ictimai-iqtisadi formasiyadan digərinə keçidin yaratdığı saysız-hesabsız çətinlikləri xalqın çağırışı ilə o yoluna qoymalı olacaqdı.

Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmi

yyəti quruculuğu, dövrün çağırışlarına uyğun dövlətçilik təsisatlarının yaradılması, beynəlxalq aləmə inteqrasiya, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması, dövlət əmlakının özəlləşdirilməsi, torpaq islahatı kimi son dərəcə çətin, mürəkkəb və çoxşaxəli prosesləri məhz Heydər Əliyev həyata keçirəcəkdi.

Özü də SSRİ-nin süqutundan sonra yeni idarəçilik metodları, demokratik dəyərlər, bazar iqtisadiyyatı prinsipləri haqqında səthi təsəvvürləri belə olmayan cəmiyyətdə. Üstəlik, müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal olunan ölkədə... Əllərinə silah keçirmiş başıpozuq qrupların islahat qərarlarını hər an təhdid etdikləri, hakimiyyət iddiası ilə dövlətə silah çəkdikləri təhlükəli bir ortamda... Azərbaycanın sərvətlərinə, geostrateji imkanlarına göz dikmiş Qərblə Şərqin, Şimalla Cənubun maraqlarının düz kəsişmə nöqtəsində...

Amma Heydər Əliyev bütün maneələri dəf edərək bu islahatları apardı və bu günün qüdrətli Azərbaycanı üçün möhkəm, sarsılmaz təməllər formalaşdırdı.

Bu gün ölkədə aparılan islahatlar Ulu Öndərin ruhunun davamıdır...

Bu islahatlara bütün Azərbaycan xalqı sevinir. Ən çox şad olansa Heydər Əliyevin əbədiyaşar ruhudur, şəksiz ki...

***

"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.

2003-cü ilin prezident seçkisi ərəfəsində Azərbaycan xalqına müraciəti zamanı Ulu Öndər gələcəkdə yerinə yetirilməli olan taleyüklü məsələlər, planlar, işlər deyərkən həm də sistem islahatlarını nəzərdə tuturdu.

Böyük strateq yaxşı bilirdi ki, onun daha çox keçid dövrünün reallıqlarına uyğun formalasdırdığı idarəçilik sisteminin zaman-zaman təkmilləşdirilməsinə, yeniləşən dünyanın çağırışlarına, vətəndaşların gözləntilərinə uyğun qurulmasına ehtiyac olacaq.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev məhz sistem islahatları aparır. Ölkənin idarəçilik sistemini müasir dövrün reallıqlarına uyğunlaşdırır. Daha çevik, mobil, həssas, sıx kommunikasiya mühitində çalışan, bürokratik əngəlləri özündən uzaqlaşdıran, problemlərin həllinə yönəlik səmərəli, effektiv və hesabatlı bir sistem formalaşdırır.

Cənab İlham Əliyevin qətiyyəti, yüksək siyasi iradəsi sayəsində həyata keçirilən ardıcıl islahatlar dövləti gücləndirir, insanların rifah halını yüksəldir, dövləti, dövlət məmurlarını xalqa daha da yaxınlaşdırıb, doğmalaşdırır.

Aparılan bütün bu islahatların mərkəzində isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai obrazı dayanır.

Ölkə rəhbərimizin verdiyi strateji qərarların, islahatların aparılması, müsbətə doğru dəyişikliklərin həyata keçirilməsi niyyəti ilə irəli sürdüyü vəzifələrin uğurla icrasını, öz məqsədinə çatmasını təmin edən başlıca amil də elə məhz Mehriban xanım Əliyeva şəxsiyyətidir.

***

Təkmil və effektiv idarəçilik sistemində hər hansı bir işin yerinə yetirilməsi iki mərhələyə bölünür.

Sistemə rəhbərlik edən şəxs, yaxud kollegial qurum strateji qərarlar verir. Məsələlərin strateji tərəfləri ilə məşğul olur, konkret hədəflər, məqsədlər müəyyənləşdirir.

Verilən qərarları reallaşdırmaq, vəzifələrin yerinə yetirilməsi üçün optimal həllər tapmaq, layihələri ən kiçik detallarına qədər işləyib hazırlayaraq icra etmək, iş prosesini daimi nəzarətdə saxlayaraq mümkün riskləri, hər hansı problemləri, maneələri dərhal aradan qaldırmaq, ortaya konkret nəticələr qoymaq isə peşəkar təşkilatçıların, icraçı menecerlərin işidir.

Ulu Öndərin yetirməsi kimi Heydər Əliyevdən yüksək strateq təfəkkürü, dövlətçilik səriştəsi əxz etmiş Azərbaycan Prezidenti öz ətrafında hər zaman güclü komanda formalaşdırmağa çalışıb, zəif bəndləri, etimadı doğrulda bilməyənləri, tapşırılmış işləri yarıtmayanları dərhal komandadan uzaqlaşdırıb. Azərbaycanın son onilliklərdə əldə etdiyi nailiyyətlərdə, ildən-ilə yüksələn inkişaf göstəricilərində dövlət rəhbərinin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməyə çalışan məmurların əməyi olub, bunu obyektivlik naminə hər zaman qeyd etməliyik.

Bununla belə ölkə rəhbərimizin Azərbaycanın gələcəyini, müasir dünya trendlərini, əhalinin rifah halını nəzərə alaraq verdiyi qərarların icra səviyyəsi, strateji layihələri yerinə yetirməli olan icraçıların öz vəzifələrinə yanaşması bəzən Prezidentin gözləntilərinə adekvat olmayıb.

Ola bilər ki, kimlərsə bu qərarların yenilikçi mahiyyətini köhnə təfəkkürlə doğru-dürüst anlaya bilməyiblər, yaxud hansısa çətinliklər, əngəllər ortaya çıxanda onların aradan qaldırılmasından ötrü lazımi qətiyyət, prinsipiallıq göstərməyi bacarmayıblar, ya da böyük dövlətçilik amallarının reallaşmasına, bunu da etiraf edək, sadəcə xırda, cılız məmur maraqları maneə törədib.

Mehriban Əliyeva şəxsiyyəti isə bütün bu amillərin hamısını istisna edir. Onun fitri təşkilatçılıq istedadı, peşəkar menecer keyfiyyətləri, insanları motivasiya etmək bacarığı Azərbaycan cəmiyyətinə 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondunun yerinə yetirdiyi irimiqyaslı layihələrdən bəllidir.

İllər ötdükcə sırası genişlənən, öz məqsədlərinə çatan, sıravi vətəndaşların həyatında real nəticələri ilə görünən bu sosial-humanitar layihələr, Heydər Əliyev Fondunun hər hansı sosial probleminin həllinə çalışan on minlərlə vətəndaşdan ötrü son ümid yerinə çevrilməsi, Azərbaycanın evsahibliyi etdiyi möhtəşəm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etməsi insanların Mehriban xanım haqqında təsəvvürlərini daha da dəqiqləşdirib möhkəmləndirib.

"Məsələ şəxsən Mehriban xanımın nəzarətindədir”, "Mehriban xanımın rəhbərliyi ilə yeni layihə həyata keçirilir”, "Mehriban xanım tapşırıq verib, problemi yoluna qoyacaqlar”... Sıravi Azərbaycan vətəndaşının təsəvvüründə indi bu kəlmələr istənilən işin uğurla başa gələcəyinə, hər hansı problemin qüsursuz həllini tapacağına, vətəndaşın dövlətdən məmnunluğuna irəlicədən əminlikdir.

Çünki bu ad olan yerdə hansısa dövlət məmurunun problemi həll etmək əvəzinə insanları yola verməsi, işlərin icrasını yubandırması, səhlənkarlıq göstərməsi sadəcə olaraq mümkün deyil. Axı dərhal bütün bunlara görə hesabat vermək, tapşırılan işə səhlənkar münasibətin məntiqi bir izahını tapmaq var...

Əgər bir layihə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilir, bir iş onun nəzarəti altında görülürsə, burada bütün detallar saat mexanizmi kimi nizamlı çalışmalıdır, bir-birini hərəkətə gətirməlidir, əməli nəticə yaratmalıdır. Mehriban xanım icraçı komandaları da konkret layihələr üzrə formalaşdırır. Hər kəsə işin ən yaxşı bildiyi, ən yüksək keyfiyyətlə yerinə yetirə biləcəyi hissəsini həvalə edir. Sonda ortaya qoyulan nəticə də keyfiyyətli olur.

Bu səbəbdən Azərbaycan Prezidenti verdiyi islahat qərarlarının icrasında Mehriban xanıma güvənir. Ona həvalə edilmiş hər bir strateji layihənin öz məqsədinə çatacağına əmindir. Ona görə də cəmiyyət üçün xüsusilə həssas məsələ olan, sıravi vətəndaşların dövlətdən çoxsaylı gözləntilərini əks etdirən, islahatların, demək olar ki, əsas qayəsi sayılan sosial sahədə genişmiqyaslı layihələrin icrası missiyası məhz Mehriban xanımın üzərindədir.

İlham Əliyev bilir ki, sıravi vətəndaşları düşünərək irəli sürdüyü və onlar üçün ən vacib layihələrin icrasına məhz ən çox inandığı şəxs nəzarət etməlidir. Bu halda ölkə rəhbəri vaxtının əsas hissəsini belə cari işlərə sərf etməyib dövlətin bu günü və gələcəyi üçün digər strateji məsələlərlə məşğul ola bilir. Mehriban xanım Əliyeva faktoru dövlətin yükünü azaldır. Dövlət təsisatlarının operativ, çevik, bir-biri ilə əlaqəli şəkildə çalışmasını təmin edir.

***

Cənab İlham Əliyev də, Mehriban xanım Əliyeva da çox tez-tez müxtəlif məkanlarda insanların əhatəsindədirlər, Azərbaycan vətəndaşları ilə birgədirlər, görülmüş hansısa işi, yaradılmış hansısa xoş nəticəni onlara təqdim edirlər, insanların yeni gözləntilərini, istək və arzularını dinləyirlər.

Bəziləri bunu yeni bir yanaşma, yeni bir tərz kimi yozmağa çalışır.

Amma bütün bunlar indinin mənzərəsi deyil axı...

Azərbaycan insanı əzəldən onları öz yanında, yaxınında görüb və belə doğmalıqla tanıyıb. Xatırlayırsınızmı, illər əvvəl Lənkəranda bina uçanda da, Kürqırağı kəndləri su basanda da, başqa fövqəladə hadisələr zamanı da sadə bir geyimdə dərhal hadisə yerinə tələsib insanların dadına yetişən Prezident İlham Əliyev idi.

2005-ci ildə indiki "İçərişəhər” metrosunda qəza baş verərkən xəstəxanaya gedib yaralılara bir-bir baş çəkən, onların bütün müalicə və reablitasiya xərclərinin Heydər Əliyev Fondu tərəfindən ödənilməsini təmin edən Mehriban xanım Əliyeva idi.

Bu xüsusiyyət indi, bir günün içində formalaşmayıb. Bu, Ulu Öndər Heydər Əliyevdən əxz edilmiş davranışdır, dövlətçilik ədəbidir.

Hələ 70-ci illərdə Ulu Öndər rayonlara, sadə zəhmət adamlarının görüşünə gedərkən o zaman hələ yeniyetmə olan İlham Əliyev də onu müşayiət edirdi, insanların qayğılarını, dövlətdən gözləntilərini duyurdu, Heydər Əliyevin vətəndaşlara sevgi dolu münasibətindən görüb-götürürdü. Anlayırdı ki, bir dövlət adamının gücü xalqdan gəlir. Bir dövlət adamının əsas missiyası xalqa verdiyi faydalarla onların inam və dəstəyini qazanmaqdır, ən böyük siyasəti insanlar üçün real işlər görməkdir. Öz xalqını ucaltmağa çalışanı xalq daha çox ucaldacaq.

Və Heydər Əliyevdən əxz olunan keyfiyyətlər bu gün ölkə rəhbərliyinin əsas idarəçilik prinsiplərinə çevrilib.

***

Az yaşım yoxdur, dünyanın, demək olar, hər üzünü görmüşəm. Müəllifi dəqiq bəlli olmasa da, daha çox Çörçilə aid edilən maraqlı bir kəlam var, deyir, "İyirmi yaşında liberal olmayanın ürəyi, qırx yaşında mühafizəkar olmayanınsa ağlı yoxdur”.

İllərin qazandırdığı həyat təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, cəmiyyət üçün liberal gəncliyin enerjisi də, mühafizəkar yaşlı nəslin qoruduğu ənənələr də çox dəyərlidir. Amma bircə şərtlə ki, bunlar bir-biri ilə ziddiyyətə girib cəmiyyəti ya yenilik xatirinə tələskənliklərə, ya da mühafizəkarlıq xatirinə inkişaf proseslərindən geridə qalmağa məhkum etməsin.

Azərbaycan Prezidentinin apardığı islahatların uğur formulu isə bu ikiliyin sintezini yarada bilməsindədir. İlham Əliyev bu islahatlarla müstəqillik tariximizin yeni bir dövlətçilik ənənəsini də yaradır. Azərbaycan dövlətinin inkişafında müəyyən xidmətləri olan, indi isə yaşını, səhhətini nəzərə alaraq istefa mədəniyyəti sərgiləyən insanlar hörmət-izzətlə yola salınır. Prezident onları qəbul edib, təşəkkürünü, dövlətin bu insanlara xoş münasibətini yetirir.

Eyni zamanda yüksək vəzifələrə təyin etdiyi şəxsləri, o cümlədən gənc icra başçılarını qəbul edərək xalqın şahidliyi ilə onlardan gözləntilərini çatdırır, məsuliyyətli olmağı, insanlara, onların problemlərinə həssas münasibət göstərməyi tapşırır, vətəndaşlara bu şəxslərin fəaliyyətinin daimi ictimai nəzarətdə saxlanması mesajını verir.

Bu sivil cəmiyyətlərə xas tərzdir. İnkişaf belə baş verir, tərəqqi belə əldə olunur, vətəndaş cəmiyyəti bu minvalla formalaşır.

***

Azərbaycan Prezidentinin yüksək vəzifələrə təyin etdiyi şəxslərin karyera yoluna nəzər salıram, hər təyinatın arxasında şəxslərin uğur hekayəsi var.

Azərbaycanın yeni Baş Naziri Əli Əsədov iqtisadiyyatı mükəmməl bilən mütəxəssisdir. Heydər Əliyevin başlatdığı dövlət quruculuğu prosesinin ağırlığına ilk gündən çiyin verib. I çağırış Azərbaycan Milli Məclisinin deputatı olub, iqtisadi qanunyaradıcılığı prosesində müstəsna xidmətlər göstərib. Ulu Öndər peşəkarlığına, şəxsi keyfiyyətlərinə güvənərək hələ 1998-ci ildə ona iqtisadi məsələlər üzrə köməkçisi kimi yüksək etimad göstərib.

Əli Əsədov son onilliklərdə Azərbaycanda həyata keçirilən tikinti-abadlıq tədbirlərində, dünyaya səs salan möhtəşəm layihələrdə əsas koordinator kimi yaxından iştirak edib. Tarixinin ən qüdrətli dövrünü yaşayan məmləkətimizdə əldə olunan sosial-iqtisadi nailiyyətlərdə onun da şəksiz payı var. Ən əsası dövlət başçımız tərəfindən son dövrlərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyan islahatlar strategiyasının icrasında da fəaldır, təşəbbüskardır. Bu zəngin təcrübə ilə ölkəmizin Baş Naziri kimi də Prezidentin etimadını yenə də doğruldacağına böyük inamımız var.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni rəhbəri Samir Nuriyev xaricdə təhsil almış gənc, peşəkar kadrlardandır. Karyera irəliləyişləri gözlərimizin önündə baş verdi. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri kimi bu tarixi məkanda yerinə yetirdiyi layihələrlə onun bəşəriyyətin tarixi incisinə çevrilməsinə mühüm töhfə verdi. Prezident daha sonra ölkəmiz üçün yenilik olan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) formalaşmasını bu gənc şəxsə həvalə etdi. Samir müəllim də dövlət başçısının böyük dəstəyi, birbaşa nəzarəti altında sosial mənzil sistemini çox uğurla qura bildi, minlərlə ailə ev sahibi oldu, qarşıdakı dövrlərdə isə daha on minlərlə ailə dövlətin bu lütfündən yararlanacaq. Bu nailiyyətləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də davam etdirdi. Yenə də Prezidentin dəstəyi ilə bu sahədə köklü dəyişikliklərə imza atdı, illərlə davam edən, xaotik və eybəcər hal alan şəhərsalma prosesinin yerində Prezidentin istədyi müasir, modern sistem bərqərar etdi. Bu prosesdə üzdəniraq mətbuatın vasitəsilə "tikinti maqnatlarının” şantajına, bədnam təsirlərinə məruz qalsa da, düz yolundan çəkinmədi, Prezidentin tapşırıqlarını əvvəldən sonadək qətiyyətlə, prinsipiallıqla icra etdi. İndi isə Prezident Administrasiyasının yeni rəhbəri kimi daha mühüm missiyanı yerinə yetirməlidir. Yetirəcək də...

Yeni İqtisadiyyat naziri Mikayıl Cabbarov da gənc olmasına baxmayaraq uzun illərdir ki, yüksək dövlət qulluğundadır. Hələ gənc yaşlarından ona göstərilmiş etimadları doğrultduğundan peşəkar menecerlik səriştəsindən məqsədyönlü istifadə üçün ölkənin təhsil naziri vəzifəsinə təyin edildi. Uzun illər ətalət mühitində olan təhsil sektorunda nəzərəçarpacaq yeniliklər yaratdı. Bu sahəni xeyli gücləndirdi, bacardığı qədər prinsipiallıq göstərdi. Sonra rəhbər təyin olunduğu vergi sistemində də köklü dəyişikliklərə başladı. Şəffaflığı, qanunlara riayət olunmasını, vergidən yayınma hallarının qarşısının alınmasını təmin etdi. Prezidentin bu sahədə sistem dəyişikliklərinə keçilməsi barədə tapşırığını sözün düzü, heç birimizin gözləmədiyi qədər operativliklə və keyfiyyətlə icra etdi.

Bilirəm ki, Mikayıl Cabbarovun indiyə qədərki fəaliyyət sahəsinin gedişi, uğurları təkcə bir şəxsdən asılı deyil. Təhsil də, vergi də, ümumən iqtisadiyyat da saysız-hesabsız faktorlardan asılı olan kifayət qədər mürəkkəb, qəliz sektorlardır. Ona görə də ola bilər ki, gənc nazirin effektivlik göstəriciləri hələ yüz faizə çatmayıb. Amma əsas odur ki, Mikayıl Cabbarov indiyədək səhvlərə də yol vermir və ona tapşırılan vəzifələri doğru-dürüst, halallıqla yerinə yetirməkdən ötrü bütün potensialını ortaya qoyur.

Prezidentin apardığı kadr islahatları, nümayiş etdirdiyi mövqe belə bir qənaəti də formalaşdırır ki, daha bir vəzifədə uzun müddət qalmaq söhbəti yoxdur. Hər şey, müasir biznes dilində desək, şəxsin KPİ-dan, yəni əsas fəaliyyət göstəricilərindən asılıdır. Kim işi yarıda biləcəksə, ona yenə etimad göstəriləcək, yeni işlər, yeni layihələr tapşırılacaq, özünü doğrulda bilməyənlərsə qısa müddətdən sonra vəzifəsi ilə vidalaşmalı olacaq.

Bu, cənab İlham Əliyevin dövlət idarəçiliyi sistemində qurduğu motivasiya sistemidir, həm də...

***

Nə gizlədim, bəzən yaşlı nəslin cavanlara tərəddüdlə yanaşdıqlarını, bədgüman fikirlərə düşdüklərini də hiss edirəm. Açığı, onu da ayırd edə bilmirəm, bu, səmimi tərəddüd duyğusudurmu, yoxsa cavan yaşda yüksək vəzifələrə təyinat alan şəxslərə adicə qibtə?!.

Amma elə, ya belə, bu hissə yer olmamalıdır. Biz yaşlı nəsil gənclərə həm yol verməliyik, həm də təcrübəmizlə onlara dəstək olmalıyıq. Əziz həmyaşıdlarım, gəlin dövlət rəhbərimizin etimad göstərdiyi, iş tapşırdığı cavanlar haqqında bədgümanlıq etməyək.

Prezident İlham Əliyev apardığı islahatlarla, etdiyi müsbət dəyişikliklərlə Azərbaycanı yenidən qurur, yenidən yaradır, müasirləşən dünyamızda ölkəmizi önə çıxarır. Onun reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Cənub qaz dəhlizi”, Böyük İpək yolu kimi layihələr təkcə Azərbaycan vətəndaşına, Qafqaz İnsanına deyil, ümumilikdə bəşəriyyətə töhfə verir...

Mən yazıçıyam, yazıçınınsa gücü xəyallarındadır. Bir vaxtlar Nazım Hikmət yazırdı ki, "Ən gözəl günlər hələ yaşanmamış günlərdir”. Mən də xəyallarımın gücü ilə illər sonranı, hələ yaşanmamış günlərin gözəlliklərini düşünə bilirəm, illər sonranın Azərbaycanını düşüncələrimdə şəkilləndirməyi bacarıram.

Aradan cəmi 30 il ötəndən sonra - 2050-ci ilin Azərbaycanını indikindən də möhtəşəm, indikindən də qüdrətli görürəm...

Bu xəyallar reallıqdan doğur.

İlham Əliyevin sayəsində, İlham Əliyevin islahatları nəticəsində hər şey çox gözəl olacaq!..

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video