20 Noyabr 2019 01:08
1130
SİYASƏT
A- A+

Gələn ilin dövlət büdcəsi Prezidentin şəffaflaşma tələblərinə tam cavab verir


Hər bir ölkənin konstitusiyası ilə müəyyən olunan vəzifələrin yerinə yetirilməsi zəruri maliyyə təminatının formalaşdırılmasını tələb edir və dövlət büdcəsi məhz bu məqsədi daşıyır.

Büdcə, makrosəviyyədə baxsaq, dövlətin müəyyən zaman çərçivəsində gəlir və xərclər smetası, əsas maliyyə sənədidir. Bu baxımdan dövlət büdcəsinin proqnozlaşdırılması xüsusi əhəmiyyətli prosesdir və ölkə vətəndaşlarının istənilən təbəqəsinin həyatına təsir etmək imkanlarına malik olması baxımından hamının maraq dairəsinə daxildir.

Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsinin layihəsinə hazırladığı rəy bu baxımdan geniş təhlillərə əsaslanan məlumatları əks etdirməklə dövlət maliyyəsində şəffaflığın daha da yüksəldilməsi məqsədini daşıyır.


Proqnoz göstəricilərinə təsir edən qlobal meyillər


İlk olaraq dövlət büdcəsinin layihələndirildiyi zaman kəsiyində qlobal meyillərə baxsaq görərik ki, 2019-cu ilin ötən dövrü iqtisadi tərəddüdlər və daha çox siyasi amillərin təsirinə həssas olan iqtisadi proseslərin davranışında qeyri-müəyyənliklər dövrü kimi xarakterizə oluna bilər. Bunlar isə, öz növbəsində, iqtisadi inkişafın artım tempinin azalması, monetar siyasətin daha da mülayimləşdirilməsi və qlobal ticarətin zəifləməsi ilə nəticələnmişdir.

2020-ci ilin dövlət büdcəsinin proqnozlaşdırılmasına başlanıldığı və həyata keçirildiyi dövrdə bu təlatümlü meyillər şəraitində Azərbaycanda iqtisadi artım tempi əvvəlki dövrlə müqayisədə sürətlənmiş, cari əməliyyatlar hesabında profisit qeydə alınmış, inflyasiya məqbul səviyyədə saxlanılmış, ən əsası dövlət başçısının təşəbbüsü və iradəsi ilə əhalinin bütün təbəqələrini əhatə edən islahatların tərkib hissəsi kimi sosial paketin icrası həyata keçirilmişdir.

Məlum olduğu kimi, dövlət büdcəsinin parametrləri və iqtisadi parametrlər qarşılıqlı əlaqəyə və təsirə malikdir. Bu baxımdan öncə qeyd edək ki, ümumilikdə növbəti ilin dövlət büdcəsi neftin qiymətinin əvvəlki illə müqayisədə az nəzərdə tutulması, makroparametrlərin müsbət dinamikalı meyilləri və milli valyutanın ABŞ dollarına nisbətən məzənnəsinin sabit saxlanılması fonunda proqnozlaşdırılmışdır.

Bütün bu qeyd edilənlər dövlət büdcəsinin parametrlərinə təsir göstərmək iqtidarında olan amillərdir. Əlbəttə, burada neftin qiymətinə də diqqət yetirilməlidir.

Yuxarıda göstərilmiş qlobal meyillər səbəbindən neftə tələbin həcmi ətrafında qeyri-müəyyənliyin artması onun ucuzlaşmasına səbəb olmuşdur. Son illər və cari ilin ötən dövrü üzrə neftin qiymətinin siyasi amillərin təsirinə daha həssas olması səbəbindən bu təbii resursla zəngin olan ölkələrdə büdcə tərtibi zamanı ehtiyatlı yanaşmaya üstünlük verilmişdir.

2020-ci il və növbəti 3 ildə neft sektorunun artım tempinin sürətlənməsi ilə ÜDM-in real artım tempinin daha da sürətlənəcəyi, bununla yanaşı, qeyri-neft sahələrinin öz üstün mövqeyini qoruyub saxlayacağı, yəni qeyd edilən meyillər əsasında dövlət büdcəsinin həm gəlir, həm də xərc göstəriciləri artımla proqnozlaşdırılmışdır. Xüsusi vurğulamaq istərdik ki, 2020-ci ilin dövlət büdcəsinin parametrləri müstəqillik illərində manat ifadəsində ən böyük göstərici olmaqla nəzərdə tutulmuşdur.


Dövlət büdcəsinin gəlirlərində neftin xüsusi çəkisi azalacaq


Növbəti ilin dövlət büdcəsini fərqləndirən bir neçə məqam var və bu məqamlar həm gəlir, həm də xərc parametrlərinə xasdır. İlk olaraq gəlirlərlə bağlı bir neçə amil diqqətə çatdırılmaldır.

Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft sektorunun payının çox olması fonunda növbəti ildə qeyri-neft sektorunun daha sürətli artımı nəzərdə tutulmuşdur. Bu, həmin sektordan daxilolmaların ilk dəfə 11 mlrd. manata yaxın proqnozlaşdırılmasına səbəb olmuşdur. Son illərdə müşahidə olunan meyillərin əksinə olaraq 2020-ci ildə cari illə müqayisədə Dövlət Neft Fondundan transfertlərin məbləğinin və ümumilikdə transfertlərin büdcə gəlirlərində payının azalma meyilli olması gözlənilir.

Son zamanlar müşahidə olunan vergi ödəyiciləri üzərində inzibati təzyiqlərin yumşaldılması və vergi inzibatçılığının əsasən intizamsız vergi ödəyiciləri üzərində gücləndirilməsi prosesi könüllü bəyanetmənin səviyyəsini artırmaqla qeyri-neft sektorunun potensialından daha səmərəli istifadə olunmasını təmin edir. Bu meyillər bilavasitə dövlət büdcəsi gəlirlərinin bir sıra əhəmiyyətli parametrlərinin müsbət inkişafını şərtləndirməklə 2020-ci il üçün dövlət büdcəsi gəlirlərinin proqnoz göstəricilərinin də artım prioritetlərini müəyyənləşdirmişdir.

Hesablama Palatası olaraq dövlət büdcəsi gəlirlərinin tərkibində vergi gəlirlərinin, eləcə də qeyri-neft sektorundan ümumilikdə və vergi orqanları xətti ilə yığılan gəlirlərin növbəti il üzrə əhəmiyyətli artımlarla proqnozlaşdırılmasını real sektorun dayanıqlı inkişafı kimi qiymətləndiririk.

Eyni zamanda, cari illə müqayisədə 2020-ci il üçün vergi gəlirləri üzrə 10,0 faizlik (9551,4 milyon manata qarşı 10507,0 milyon manat), qeyri-neft sektorundan ümumi gəlirlər üzrə 12,0 faizlik (9467,7 milyon manata qarşı 10604,5 milyon manat), o cümlədən vergi orqanları xətti ilə qeyri-neft sektorundan yığılan gəlirlər üzrə 14,4 faizlik (4980,0 milyon manata qarşı 5695,0 milyon manat) artımların vergi qanunvericiliyi ilə güzəşt və azadolmaların genişləndirilməsi şəraitində proqnozlaşdırılması kölgə iqtisadiyyatının sürətli şəkildə rəsmi müstəviyə transformasiya olunmasından xəbər verir və hökumətin islahatların səmərəliliyi üçün nə dərəcədə israrlı olduğunu göstərir.

Büdcə gəlirlərinin, xüsusilə vergi gəlirlərinin tərkibində əlavə dəyər vergisi (ƏDV) xüsusi paya malikdir. Bir faktı qeyd edək ki, növbəti il üçün gəlirlərin tərkibində ən böyük artım da məhz bu tədiyə növü üzrə nəzərdə tutulmuşdur. Növbəti ilin dövlət büdcəsinin gəlirlərində dövlət vergiləri daha sürətli artımla proqnozlaşdırılmışdır. Bu baxımdan vurğulanmalıdır ki, son illər ilk dəfə olaraq ƏDV-nin artım məbləği büdcə gəlirlərinin tərkibində ən böyük göstəricidir.

Növbəti ilin dövlət büdcəsinin gəlirlərinin təhlili Vergi Məcəlləsinə 2020-ci ildən tətbiqi nəzərdə tutulmuş dəyişikliklərin də diqqətə alınmasını tələb edir. "Büdcə zərfi”nə daxil edilmiş layihə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Həmin tədbirlərin icrası büdcə gəlirlərinin hesabatlığında şəffaflığın yüksəldilməsinə, rəqabət mühitinin gücləndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmaqla korrupsiya əleyhinə də bir alət kimi təsir edəcək.

Bununla yanaşı, büdcə gəlirlərinin inzibatçılığının potensialın reallaşdırılması istiqamətində böyük əhəmiyyətə malik olması danılmaz faktdır. Son illər həm vergi, həm də gömrük orqanlarının fəaliyyətində müsbət meyillər bu sahədə öz nəticəsini göstərir. Eyni zamanda, ümumilikdə vergi və gömrük inzibatçılığının daha da təkmilləşdirilməsi üçün konkret aralıq və son hədəflər göstərilməklə kompleks inkişaf strategiyasının hazırlanması dövlət gəlirlərinin daha da artırılması üçün münbit şəraiti formalaşdıra bilər.


Büdcə qaydası və indeksləşmə


Dövlət büdcəsinin xərclərinə gəldikdə ilk olaraq "Büdcə sistemi haqqında” qanunla müəyyən edilən büdcə qaydasındakı dəyişikliklərin nəzərə alındığı diqqətə çatdırılmalıdır. Belə ki, 2020-ci ilin büdcəsi xərclərin növbəti ilin proqnozlaşdırılmış inflyasiya göstəricisinə uyğun şəkildə indeksləşdirilməsi həyata keçirilməklə büdcə qaydasının tətbiq edildiyi ilk büdcədir. Məlumat üçün qeyd edək ki, qüvvədə olan qanunvericiliyə görə, büdcə qaydası - orta və uzunmüddətli makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivədir.

Büdcə qaydası icmal büdcənin xərclərinin cari il üçün təsdiq edilmiş məbləğin 103 faizini aşmamasını nəzərdə tutur. Hesab edirik ki, institusional olaraq həddin tətbiq edilməsi məhdudiyyət yaratmır. Burada əsas məsələ xərclərin strukturu və bu xərclərin iqtisadi proseslərlə əlaqəsidir. Məhz bu iki aspekt dövlət maliyyəsinin təsir gücünü artırmaq iqtidarındadır və rəydə bu aspektlərə də xüsusi diqqət yetirilmişdir.

Növbəti ildən isə 103 faizlik hədd indeksləşmə fonunda nəzərə alınmışdır. Məlumat üçün onu da bildirmək istərdik ki, büdcə sektorunda indeksləşdirmə təcrübəsi bir sıra ölkələrdə, o cümlədən Almaniya, Macarıstan, Slovakiya, İspaniya, Çex Respublikası, Rusiya Federasiyası, Ukrayna kimi ölkələrdə tətbiq edilir və bu zaman müxtəlif yanaşmalara əsaslanılır. Tərəfimizdən beynəlxalq təcrübə araşdırılmış və mövcud yanaşmalar təsnifləşdirilmişdir. Qeyd etməliyik ki, indeksləşmə səviyyəsi əksər ölkələrdə inflyasiya səviyyəsi ilə ölçülür. Başqa bir yanaşma isə inflyasiya deyil, əməkhaqqının nominal və ya real artım tempinə əsaslanır.

Apardığımız araşdırma nəticəsində indeksləşmənin tətbiq edildiyi ölkələr aşağıdakı kimi qruplaşdırılmışdır:

1. Əhalinin bütün təbəqələrinin əhatə olunduğu indeksləşdirmə - Belçika, Danimarka, İtaliya, İslandiya.

2. Əhalinin bir sıra sosial qruplarına aid edilən indeksləşmə - Kanada, Fransa, İsveçrə, ABŞ.

3. Antiinflyasiya tədbirləri çərçivəsində indeksləşdirmə - Niderland, Norveç, Finlandiya.

Rusiya Federasiyasında büdcə qaydaları üç istiqaməti əhatə edir:

- neft-qaz gəlirləri neftin bir barel qiyməti üçün 40 dollar olmaqla hesablanılır və 2018-ci ildən hər il 2 faiz civarında indeksasiya olunur. Analoji yanaşma qazın qiymətlərinə də tətbiq edilir;

- qeyri-neft gəlirlərinin baza həcmi müəyyən olunur;

- Milli Rifah Fondu vəsaitlərinin həcminə müəyyən məhdudiyyətlər tətbiq edilir. Belə ki, həmin aktivlər müəyyən edilmiş həddən az olduqda (ÜDM-in 5 faizi) fonddan digər istiqamətlərə ayrılan vəsaitlərin məbləği ÜDM-in 1 faizini aşmamalıdır. Onu da qeyd edək ki, Rusiya bu qaydaları 2018-ci ildən tətbiq etməyə başlamışdır. Əvvəlki qaydalar qlobal böhranın təsiri ilə təkmilləşdirilməyə məruz qalmışdır.

Qazaxıstana gəldikdə, bu ölkədə büdcə qaydası konkret kəmiyyət göstəriciləri ilə ifadə olunan çərçivədir. Belə ki, hər il Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği cari dövrün məzənnəsi ilə 8 milyard ABŞ dollarından çox ola bilməz. Həmin məbləğin müəyyən edilmiş hədd - 15 faiz civarında dəyişdirilməsi yalnız parlament tərəfindən təsdiq edilməklə həyata keçirilə bilər. Həmçinin Qazaxıstanda qüvvədə olan qaydalar dövlət borcu ilə bağlı məhdudiyyətləri də əks etdirir - dövlət borcuna xidmət xərcləri Neft Fondunun gəlirlik səviyyəsindən yüksək ola bilməz və bu xərclərin dövlət büdcəsinin cəmi xərclərinə nisbəti 15 faizi aşmamalıdır. Eyni zamanda Qazaxıstan Respublikasında neft-qaz sektoru üzrə bütün vergilər də həmin fonda daxil olur.

Büdcə qaydasının tətbiqi zamanı bir sıra xərclərin xüsusilə, dövlət borcuna xidmətlə bağlı xərclərin çıxılması təcrübəsi də mövcuddur. Məsələn, Fransada, Finlandiyada, İspaniyada, Yaponiyada belə yanaşma tətbiq edilir. Büdcə qaydası, indeksləşmə ümumilikdə büdcə xərclərinə məhdudiyyət yaratmır, xüsusi diqqət xərclərin strukturuna yetirilir.

Araşdırmaların nəticəsi göstərir ki, beynəlxalq yanaşma diqqətə alınmaqla normativ-hüquqi aktlarda büdcə qaydasında neft, məzənnə, zaman amillərinin nəzərə alınması ilə bağlı təkmilləşdirmələrin aparılması müsbət təsirə malik olar. Eyni zamanda, tətbiq edilən büdcə qaydasının ölkəmizi hara aparacağının, ümumiyyətlə, bu yanaşmanın təsir effektlərini müəyyən edən hədəf göstəricilərinin strateji sənədlərdə əks etdirilməsi gələcəkdə büdcə xərclərinin proqnozlaşdırılması zamanı istiqamətlərin konkret müəyyən edilməsinə şərait yaradacağı qənaətindəyik.


Xərclərin nəticəliyi təmin ediləcək


Büdcə xərclərinin nəticəliyi ilə bağlı qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların bir hissəsi fiskal sferanı əhatə edir. Bu islahatlar xüsusi əhəmiyyət daşıyır və strateji məqsədlərə nail olunmasında dövlət vəsaitlərinin səmərəli və nəticəli istifadəsinə xidmət edəcəkdir. Fiskal sahədə islahatların xüsusi əhəmiyyət daşıyan qolu ortamüddətli xərclər çərçivəsinin tətbiqi ilə bağlıdır və növbəti ildən dövlət büdcəsi həmin çərçivə əsasında tərtib olunacaq. Bu çərçivəyə əsasən büdcə xərcləri növbəti il və sonrakı 3 il üzrə strateji planlar əsasında hazırlanmalıdır ki, bu da nəticə əsaslı büdcəyə keçidi təmin edəcək.

Nəticə əsaslı büdcənin tərtibi onun yuxarıdan aşağı planlaşdırılmasını, başqa sözlə, ölkənin uzunmüddətli hədəflərinin (cəmiyyətin qarşısında duran problemlər məqsəd kimi qəbul edilməklə) reallaşdırılması üçün qəbul edilən məqsədli proqramlar üzrə tərtibi və icrasını nəzərdə tutur.

Ayrı-ayrı istiqamətlər üzrə proqramların tərtibi zamanı bir neçə məqam diqqətdə saxlanılmalıdır:

- bu proqramlar dövlətin iqtisadi inkişaf strategiyasına uyğun olmalıdır. İnkişaf etmiş ölkələrdə bir qayda olaraq uzunmüddətli dövr üçün iqtisadi inkişaf strategiyası və ya ortamüddətli indikativ planlar qəbul edilir və bu planlarda nəzərdə tutulmuş hədəflərə çatmaq üçün maliyyə mənbəyi dövlət büdcəsinin xərcləri olan və əsas istiqamətləri ölkənin sosial-iqtisadi hədəfləri ilə üst-üstə düşən məqsədli proqramlar qəbul edilir.

- məqsədli proqramlar bir qayda olaraq ortamüddətli dövrü əhatə etdiyi üçün bu proqramların ortamüddətli büdcə planlaşdırılması ilə əlaqələndirilməsi zəruridir. Bu məqsədlə öncə ortamüddətli makroiqtisadi çərçivə, sonrakı mərhələdə ortamüddətli fiskal çərçivə, daha sonra ortamüddətli büdcə çərçivəsi hazırlanır. Fiskal çərçivədə ümumi hədəflər (gəlir və xərc limitləri

və s.), büdcə çərçivəsində müvafiq təsnifatlar və strukturlar üzrə qruplaşdırma aparılır. Bir sıra hallarda Ortamüddətli xərclər strategiyası hazırlanır.

- proqramlar çərçivəsində xərclənən vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə bu xərclər üzərində ciddi maliyyə nəzarəti aparılır və hesabatlar təqdim olunur. Bu hesabatlarda xərclərin səmərəliliyini qiymətləndirmək məqsədilə xüsusi (kəmiyyət və keyfiyyət) göstəricilər sistemi öz əksini tapır. Həmin göstəricilər hər bir sahənin inkişaf xüsusiyyətləri nəzərə alınmaqla ümumi meyarlara uyğunlaşdırılaraq hazırlanır.

Beynəlxalq təcrübədə bir çox hallarda məqsədli-proqram metodu büdcə planlaşdırılmasının təkmilləşdirilməsi üçün ilkin institut hesab edilir. Növbəti mərhələdə proqram büdcəsindən fəaliyyət büdcəsinə, sonuncu mərhələdə isə bu iki institutun mövcudluğu nəzərə alınmaqla fəaliyyət auditinə keçid təmin olunur. Bir sıra hallarda proqram büdcəsinin fəaliyyət büdcəsinə keçidi "nəticəyə hədəflənmiş büdcə” metodu adlandırılır.

Müasir çağırışlar, xüsusilə son illər müşahidə edilən böhranlar ali audit institutunun əhəmiyyətliliyini göstərməklə yanaşı, onların qarşısında yeni tələblər qoydu. Bu tələblərdən biri dövlət vəsaitlərinin səmərəliliyinin optimallaşdırılması, digəri "performance audit” institutunun digər büdcə institutları ilə paralel inkişafının (və təkmilləşdirilməsi) zəruriliyidir. Yəni "performance audit” avtonom şəkildə tətbiq edilə bilməz. Onun tətbiqinin keyfiyyət dərəcəsi digər institutların inkişafından da asılıdır.

Ümumiyyətlə, büdcə vəsaitlərinin səmərəli və nəticəli istifadəsi bütün dövrlərin tələbidir. Prezident İlham Əliyev tərəfindən bu tələb dəfələrlə kəskin şəkildə ifadə edilmişdir. Ölkə başçısının "Maliyyə nizam-intizamı gücləndirilməlidir, israfçılığa, izafi xərclərə yol verilməməlidir” tapşırıqları dövlət vəsaitlərindən istifadə zamanı əsas meyar olmalıdır.

Hesablama Palatası Prezidentin büdcə vəsaitlərinin səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarına müvafiq olaraq dövlət büdcəsi ilə bağlı rəylərdə bu istiqamətdə müəyyən etdiyi riskləri də açıqlayır. Rəydə də həmin istiqamətdə məlumatlar əks etdirilmiş, investisiya layihələrinin tərtibi zamanı bu yöndə xərclərin hesablanması ilə bağlı normativlərin müəyyən edilməməsi, dövlət vəsaitlərinin satınalmalara cəlb edilmədən icra olunması hallarının mövcudluğunu və satınalmaların strukturunda bir mənbədən satınalmaların üstünlük təşkil etməsi və ölkə üzrə nağd pul kütləsinin artmasının real sektorda nağd əməliyyatların həcmini artırmaqla vergidən yayınma hallarının artmasına şərait yaratması risk amili olaraq dəyərləndirilmişdir.


Büdcə kəsiri ÜDM-ə nisbətdə kiçik göstərici olacaq


2020-ci il üçün dövlət büdcəsinin kəsiri son illər ilk dəfə olaraq ÜDM-in 3 faizdən çox olmaqla proqnozlaşdırılmışdır. Bu göstəricini vurğulamaqda məqsədimiz son illər büdcə kəsirinin ÜDM-ə nisbətdə kiçik göstərici olmasını vurğulamaqdır.

Ümumiyyətlə, büdcə kəsirinin ÜDM-ə nisbət göstəricisinin hər hansı bir həddinin məqbul hesab edilməsi ölkənin iqtisadi inkişaf səviyyəsindən, müəyyən etdiyi hədəflərdən və bu hədəflərin reallaşdırılması üçün nəzərdə tutulduğu tədbirlərin nəticəliliyindən asılıdır. Qeyd edək ki, dünya təcrübəsi dövlət büdcəsinin deyil, məcmu və ya icmal büdcənin ÜDM-ə nisbətindən istifadə edildiyini göstərir və 3 faiz səviyyəsində sərhəd 1992-ci ildən Maastrixt şəhərində qəbul edilmiş razılaşmanın məhsuludur. Həmin sənəddə nəzərdə tutulmuş bu hədd bir çox ölkələr üçün icmal büdcəni nəzərdə tutur. Əgər biz növbəti il üçün icmal büdcənin proqnozlaşdırılmış kəsirini əsas götürsək, görərik ki, bu göstərici razılaşma ilə müəyyən edilmiş həddən aşağıdır.

Büdcə kəsirinin maliyyələşmə mənbələri digər illərlə müqayisədə sabit saxlanılsa da, növbəti ildə proqnozlaşdırılmış kəsirin yarıdan çoxu vahid xəzinə hesabının vəsaitləri vasitəsilə maliyyələşdiriləcək. Məhz bu, dövlət büdcəsinin digər fərqliliyini - vahid xəzinə hesabının qalığından istifadə məbləğinin son illər üzrə ən böyük göstərici olmaqla proqnozlaşdırıldığını qeyd etmək imkanı verir.

Mövcud qanunvericiliyə görə vahid xəzinə hesabının qalığı - dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemində vəsait qalığıdır. Bu qalıq obyektiv və subyektiv səbəblərdən formalaşır. Obyektiv səbəblərin ekzogen xarakterli olması onların idarə edilməsini çətinləşdirir. Məsələn, təbii resursun qiymətinin dünya bazarlarında dəyişməsi, təbii fəlakətlərin baş verməsi, maliyyə və iqtisadi böhranlar və s. Subyektiv səbəblər isə proqnozların etibarlılıq dərəcəsinin yüksəldilməsi ilə aradan qaldırıla bilər.


Büdcə hesabına dövlət borcunun ödənilməsi azalacaq


Növbəti ildə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər son illərdən fərqli olaraq azalma ilə proqnozlaşdırılmışdır. Bu, həmin məbləğin dövlət büdcəsinin gəlirlərinə nisbətinin azalma ilə nəzərdə tutulmasına gətirib çıxarmışdır. Bu göstəricinin borcun büdcə gəlirləri ilə bağlanılması səviyyəsini ifadə etməsini diqqətə almaqla həmin göstəricinin azalma ilə proqnozlaşdırılması müsbət meyil olaraq qiymətləndirilməlidir.

Borca xidmət xərclərində xarici dövlət borcu üzrə azalma proqnozlaşdırılsa da, xarici borcun payı yüksək olaraq qalmaqdadır. Ümumiyyətlə, qeyd edək ki, növbəti il üzrə xarici dövlət borcunun məbləği azalacaq ki, bu da Prezidentin bu sahədə müəyyən etdiyi hədəflərə - "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğundur. Müxtəlif yanaşmaların tətbiqi ilə aparılmış müqayisəli təhlil ölkəmizin bütün göstəricilər üzrə borc dayanıqlılığı vəziyyətinin məqbul olduğunu vurğulamaq imkanı verir.

Ümumilikdə qeyd edək ki, növbəti il üçün proqnozladırılmış büdcə göstəriciləri ölkənin qəbul edilmiş digər strateji sənədlərində, o cümlədən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə təsdiq olunmuş hədəflərə tamamilə uyğundur və dövlət büdcəsinin xərclərinin təhlili dayanıqlı inkişaf məqsədləri çərçivəsində qəbul etdiyimiz öhdəliklərin icrası ilə bağlı zəruri vəsaitlərin layihədə nəzərə alındığını göstərir.


Büdcə məlumatlarının şəffaflığı təmin edilir


Ümumiyyətlə, dövlət büdcəsi ilə bağlı müzakirələrdə əsas diqqət yetirilən məqamlar vəsaitlərin nəticəliliyi ilə yanaşı, bu sahədə məlumatların əlçatanlığı ilə bağlıdır. Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsinin layihəsi üzrə müzakirə edilən "Büdcə zərfi”, o cümlədən zərfə daxil edilmiş qanun layihəsi "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi tələblərə uyğundur. Burada qarşıya çıxan sual həmin sənədlərin siyahısının və məzmununun müttərəqqi təcrübəyə nə dərəcədə adekvat olması, ədalətli və əsaslı qiymətləndirmələrin həyata keçirilməsinə nə dərəcədə şərait yaratmasıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə cari ilin oktyabr ayında keçirilmiş müşavirədə ölkə rəhbəri növbəti ilin dövlət büdcəsinin xərclərinin daha qənaətli istifadəsi ilə bağlı tapşırıqlarını vermiş, vəsaitlərin səmərəli və qənaətli istifadəsinin təmin olunması yolunun şəffaflığın təmin edilməsindən keçdiyini ifadə etmişdir: "...əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır”.

Kənar dövlət maliyyə nəzarəti orqanı kimi, dövlət maliyyə inzibatçılığında şəffaflığın artırılmasının hesabatlığın gücləndirilməsi sahəsində əhəmiyyətini dərk edərək dövlət vəsaitlərinin istifadəsi, həmçinin dövlət büdcəsinin layihəsi ilə bağlı məlumatlılığın da artırılmasının müsbət təsirlərə malik olacağı qənaətindəyik. Hesablama Palatası olaraq "Büdcə zərfi”nə daxil edilmiş sənədlərin əsasən qanunun tələblərini ödəməsini vurğulamaqla həmin sənədlərin və izahatların məzmununun artırılmasının və siyahısının genişləndirilməsinin tərəfdarıyıq. Bunu ölkə rəhbərinin şəffaflıq sahəsində müəyyən etdiyi siyasət tələb edir.

Ölkə rəhbərinin təqdim edilmiş proqnozların əsaslığı, bu göstəricilərin nə dərəcədə icra edilməsinin qiymətləndirilməsi istiqamətində verdiyi tapşırıqlar da daha ətraflı məlumatların təqdim edilməsini, həm dövlət büdcəsinin layihəsi, həm də icrası ilə bağlı sənədlərin əhatəliliyini tələb edir.

Biz dövlət vəsaitlərinin nəzərdə tutulmuş meyillərinə təsir edən amillərin açıqlanmasını, dövlət vəsaitlərinin tam olaraq əhatə edilməsinin və mövcud resurslar barədə məlumatların əlçatanlığının təmin olunması məqsədilə Toplu Maliyyə Balansında dövlət büdcəsindən maliyyələşən təşkilatlar, publik hüquqi şəxslər, dövlət müəssisələri və özəl müəssisələr barədə məlumatların cəm şəklində deyil, ayrı-ayrılıqda təqdim edilməsini, dövlət büdcəsindən kifayət qədər maliyyə resursları aldıqlarına və vergi güzəştlərindən istifadə etdiklərinə əsaslanaraq dövlətin yaratdığı publik hüquqi şəxslərin gəlir və xərcləri barədə məlumatların ayrı-ayrılıqda olmaqla növbəti ilin büdcə layihəsi ilə birgə təqdim edilən məlumatlara əlavə edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini və s. bu kimi təklifləri irəli sürmüşük.

Hesablama Palatası dövlətin adından maliyyə nəzarətini həyata keçirən orqan olaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etdiyi rəyinin sözün əsl mənasında rəy olması üçün beynəlxalq standart, metodologiya və təcrübə, elmi yanaşmalar tətbiq edilməklə müxtəlif məlumat mənbələri əsasında təhlillər aparır. Əminik ki, qeyd edilən məlumatların və sənədlərin də təqdim edilməsi büdcə şəffaflığının təmin olunmasında xüsusi xidmətə malik olacaq. Hesab edirik ki, rəyimiz dövlət maliyyəsində şəffaflığın artırılmasına töhfədir və daha ətraflı məlumatlar əsasında tərtib olunacaq rəylər bu töhfənin dəyərini də yüksəldər.

Hesablama Palatası ölkə rəhbərinin müəyyən etdiyi tələblərin reallaşdığı dövr üçün fəaliyyətinin daha təkmil mərhələyə çatdırılması üzərində çalışmaqdadır. Məqsədimiz həyata keçirilən islahatların iştirakçısı olmaqla dövlət maliyyəsində inzibatçılığın gücləndirilməsi, şəffaflığın artırılması və hesabatlığın yüksəldilməsi ilə bağlı Prezident tərəfindən müəyyən edilmiş hədəflərə nail olunmasında fəaliyyətimizi gücləndirməkdir.

Vüqar GÜLMƏMMƏDOV,

Azərbaycan Respublikası Hesablama Palatasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video