20 Noyabr 2019 01:00
2720
PARLAMENT
A- A+

Məhkəmə-hüquq sistemində islahatlar dərinləşir


Milli Məclis Prezident İlham Əliyevin bu sahənin daha da təkmilləşməsi ilə bağlı imzaladığı fərmanı yüksək dəyərləndirdi


Milli Məclisin dünən keçirilən plenar iclasında bir sıra qanun layihələri qəbul edildi. Eyni zamanda Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən məhkəmə-hüquq sistemində həyata keçiriləcək islahatlarla bağlı parlamentə təqdim olunmuş mühüm sənədlər ikinci və birinci oxunuşda geniş müzakirə mövzusu oldu.


Uşaqların zərərli informasiyadan qorunmasına görə cərimələr sərtləşdi


İlk olaraq iclasda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında” və "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), həmçinin "Kinematoqrafiya haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Nəşriyyat işi haqqında”, "Televiziya və radio yayımı haqqında”, "İctimai televiziya və radio yayımı haqqında”, "Telekommunikasiya haqqında” və "Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihə (üçüncü oxunuş) müzakirəyə çıxarıldı.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, bu sənədlərə edilən dəyişiklik "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsi uşaqların hüquq və azadlıqlarının, sağlamlığının və inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.

Sənədlər səsverməyə çıxarılaraq təsdiqləndi.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (üçüncü oxunuş) məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu sənəd də "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyəti müəyyənləşdirir.

Dəyişikliyə əsasən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması, yəni uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılması, informasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı, hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsi və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməməsinə görə cərimələr tətbiq ediləcək.

Qanunun tələbləri pozularsa fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək cərimə ediləcəklər. Hüquqi şəxslərin isə 3000 manatdan 4000 manatadək cərimələnməsi nəzərdə tutulur. Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.

İclasda Ailə və Mülki Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), həmçinin "Uşaq hüquqları haqqında” və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də (ikinci oxunuş) müzakirə edilərək təsdiqləndi.


"Diaspor” deyil, "diaspora” yazılsın”


Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar "orden və medalların təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verdi.

Deputat təkliflə çıxış edərək dedi ki, Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi var. Hər yerdə bu qurumun adı elə bu cür də yazılır. Hətta müzakirəyə çıxarılan qanun layihəsində də təsis edilən medalın "Diaspor fəaliyyətində xidmətlərinə görə” nəzərdə tutulduğu qeyd olunur: "Lakin dünyanın bir çox ölkələrində bu söz diaspora kimi işlədilir. İngilis, rus dilində də bu ifadə belə işlənir”.

Komitə sədri bildirdi ki, "diaspor” sözü hidroksidlərə, kimyəvi birləşmələrə, maddələrə verilən bir addır: "Təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsi hidroksidlərlə işləmir. Komitənin fəaliyyəti xaricdə yaşayan həmvətənlərimizlə bağlıdır. Düşünürəm ki, biz də bu ifadəni həm Azərbaycan dilində, həm də komitənin adında rəsmi olaraq diaspor deyil, diaspora kimi qeyd etməliyik”.

Sənəd səsverməyə çıxarılaraq təsdiqləndi.

Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Azərbaycan Respublikası Hərbi-Dəniz bayraqları haqqında” və "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini ikinci oxunuşda təqdim etdi. Z.Əsgərov dedi ki, dövlət başçısının bu ilin aprel ayında imzaladığı fərmanla "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə” və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri” təsdiq edilib. Həmin fərmanla Ali Baş Komandanın bayrağının vahid forması müəyyənləşdirilib. Bu səbəbdən də dəyişikliklər edilməsi təklif olunan bu qanunlarda həmin münasibətlərin tənzimlənməsinə ehtiyac qalmır. Deputatlar dəyişikliyə müsbət münasibət bildirdilər.

Həmçinin iclasda "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, eləcə də Əmək Məcəlləsində və "Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda təsdiqləndi.


Məhkəmə ekspertizası yalnız dövlət tərəfindən həyata keçiriləcək


Sonra iclasda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi müzakirəyə çıxarıldı. Qanunvericilik paketi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi.

Qeyd edildi ki, dəyişikliklər edilməsi nəzərdə tutulan qanun layihələri "Məhkəmələr və hakimlər haqqında”, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrində, "İnzibati icraat haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında”, "Məhkəmə-Hüquq Şurası haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik edilməsi barədədir. İlk oxunuşda müzakirəyə çıxarılan dəyişiklikləri izah edən komitə sədri vurğuladı ki, yeniliklərə əsasən bundan sonra cinayət işlərində məhkəmə ekspertizası yalnız dövlət tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul olunub və islahatların institusional komponentini əhatə edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək həmin dəyişikliklərə əsasən, ixtisaslaşmış məhkəmələrin iki sisteminin - inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub.

Hazırkı sənədlər toplusuna daxil olan layihələr 12 normativ hüquqi akta, o cümlədən Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, "Məhkəmələr və hakimlər haqqında”, "Məhkəmə-Hüquq Şurası haqqında”, "Dövlət məhkəmə ekspertizası haqqında”, "İnzibati icraat haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.

Qeyd edilən layihələrin hazırlanması ilə əlaqədar Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun nümayəndələrindən ibarət işçi qrupları yaradılıb, statistik məlumatlar və mövcud təcrübə təhlil edilib, qabaqcıl beynəlxalq təcrübə öyrənilib. Həmçinin hüquq ictimaiyyətinin, akademik dairələrin, sahibkarların iştirakı ilə geniş ictimai dinləmələr keçirilib.

Müzakirəyə çıxarılan layihələr vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir.

"Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişikliyə əsasən vahid məhkəmə təcrübəsi yaradılmasının məqsədi ədalət mühakiməsi həyata keçirilərkən məhkəmələr tərəfindən hüquq normalarının eyni cür tətbiqini təmin etməkdir.

Layihəyə əsasən Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini həm baxdığı ayrı-ayrı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, həm də Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırmalıdır. Ali Məhkəmə izahların dövrün tələblərinə uyğunluğunu təmin etmək məqsədilə onları daim yeniləməlidir.

Qanun layihələrinə əsasən məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi nəzərdə tutulur. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınacaq.


Özəl məhkəmə ekspertizası institutu yaradılır


Sənədlər paketinə daxil olan ikinci mühüm istiqamət məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişləndirilməsidir. Təklif edilən dəyişikliklərə əsasən yeni bir hüquqi institut - özəl məhkəmə ekspertizası institutu yaradılır, özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir.

Layihəyə əsasən mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək: "Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin yaradılması vacibdir. Bu qanun layihələrinin qəbul edilməsi özəl məhkəmə ekspertizası institutu yaratmağa imkan verəcək. Bu qanun layihəsi dövlət başçısının fərmanının icrası ilə bağlıdır. Bu qanun layihələrinin tətbiqinin 2020-ci il yanvarın 1-də qüvvəyə minməsi nəzərdə tutulub”.

Hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir. Bu sənədlər toplusuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi, mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlili və təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması ilə bağlı qanunvericilik aktlarının layihələri daxildir.

Komitə sədri dedi ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında imzaladığı fərmanın icrası ilə bağlı gələcəkdə yeni böyük qanunlar paketinin təqdim olunması nəzərdə tutulur.

Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fəzail Ağamalı, Qənirə Paşayeva, Çingiz Qənizadə, Aytən Mustafazadə, Fərəc Quliyev bildirdilər ki, Prezident İlham Əliyevin bu sahədəki problemlərin aradan qaldırılması ilə bağlı imzaladığı fərman tarixi sənəddir və ölkədə aparılan islahatların ən önəmlilərindən biridir.

Deputat Qüdrət Həsənquliyevin fikrincə, hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir: "Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxslər Məhkəmə-Hüquq Şurası tərəfindən necə vəzifədən uzaqlaşdırıla bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdırlar. Hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxılmalıdır. Əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.

Deputat Fərəc Quliyev dedi ki, parlamentdə təmsil ounan müxalifət partiyaları da Prezident İlham Əliyevin islahatlar paketini dəstəkləyir və bundan sonra da aparılacaq islahatlara töhfə verməyə hazırdırlar.

Deputat təklif də səsləndirdi. Onun fikrincə, Azərbaycanda özəl detektiv fəaliyyəti ilə bağlı qanun qəbul edilməlidir. Belə bir qanunun qəbuluna ciddi ehtiyacın olduğunu bildirən deputat hesab edir ki, axtarış əməliyyatları məhz belə xüsusi detektivlər tərəfindən həyata keçirilə bilər.

Alternativ müstəqil ekspertizaların yaradılması prosesini alqışlayan deputat Qənirə Paşayeva hesab edir ki, bölgələrdə vəkillik institutu gücləndirilməlidir.


Məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm hazırlanmalıdır


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə dedi ki, bu məsələ müzakirə edilərkən ilk növbədə prosesə konseptual şəkildə baxmalı, daha sonra maddələrlə bağlı təkliflər verilməlidir: "Qanunun fəlsəfəsi ölkəmizdə bu istiqamətdə aparılan islahatlara uyğundur. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də islahatlar həyata keçirilir. Bu proses gələcəkdə də davamlı olacaq”.

Komitə sədrinin sözlərinə görə, uzun müddətdir Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar həyata keçirilir. Yeni məhkəmə binalarının tikintisi, onların texniki təchizatı, hakimlərin sayının artırılması, vəkillərin test üsulu ilə seçilməsi və digər məsələlər üzrə mühüm işlər görülür: "Bəzi hallarla biz də rastlaşırıq ki, hansısa bir strukturun qanunu pozması nəticəsində məhkəmə elə qərar çıxarmağa məcbur qalır ki, nəticədən narazı qalan tərəflər mütləq olur. Məsələn, əgər bir mənzillə bağlı 4 şikayətçi varsa, onun 1 nəfəri üçün məsələ müsbət həll olunur. Belə olan halda digərləri narazı qalacaq. Elə səbəblər var ki, insanlar zamanında hüquqi addımlar atmır və nəticədə işlər gəlib məhkəməyə çatır. Belə olan halda müxtəlif yollar axtarmağa başlayırlar. Əmək müqaviləsi bağlamadan işə qəbul məsələləri ilə bağlı da problemlər bəzən məhkəməyə qədər gəlib çıxır. Bu baxımdan qanunda məsələlərə kompleks yanaşmalıyıq”.

Siyavuş Novruzov söylədi ki, məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır: "Qərar qəbul olunduqdan sonra onların icrası yerinə yetirilməlidir. Bu gün çoxlu sayda belə qərarlar var ki, onların icrası yerinə yetirilmir”.

Deputat çıxışı zamanı məhkəmələrin ixtisaslaşdırılmasını da təklif etdi: "Məhkəmələr həm mülki məsələlərlə, həm cinayət, həm də uşaq hüquqları ilə məşğul olur. Burada ixtisaslaşmanın müəyyənləşməsi vacib şərtlərdən biridir. Biz dünya təcrübəsindəki yenilikləri də nəzərə almalıyıq. Avropadakı prinsipləri də öz qanunvericiliyimizə tətbiq etməliyik ki, vətəndaşlarımız razı qalsın və ədalət zəfər çalsın”.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov da layihələrə münasibət bildirdi. Komitə sədri dedi ki, daxil olan qanun layihələri ilə bağlı 3 suala cavab verilməlidir: "Cənab Prezidentin bizə göndərdiyi qanun layihələrində məsələ qoyulur ki, bu və ya digər hüquqi məsələlərin həllinə vahid yanaşma olsun. Bu vahid yanaşma da ikinci məsələni doğurur - ədalət mühakiməsinin keyfiyyəti yüksəlsin. Bunun üçün Ali Məhkəməyə tövsiyə edilir ki, ümumiləşdirmə aparsın və bütün məhkəmələr üçün məcburi olan sənəd hazırlasın. Çünki bəzən müstəntiqlər eyni növ cinayətlər üzrə müxtəlif yanaşmalar tətbiq edə bilirlər ki, bu da nəticədə müəyyən narazılıqlara səbəb olur”.

Vitse-spiker xüsusi ekspertlərin səlahiyyəti ilə bağlı məsələyə də toxundu: "Gəlin, bunu sınaqdan keçirək, görək özəl ekspertlər necə fəaliyyət göstərəcək. Narkomaniya, ağır avtoqəzalarla bağlı biz ekspertizanı özəl ekspertlərə həvalə etsək, onların nəticəsinin necə olacağını bilmirik. Məhkəmə həmin ekspertizanın nəticəsini əsas götürüb insan taleyi ilə bağlı qərar çıxaracaq. Ekspertiza o qədər ağlabatan olmalıdır ki, məhkəmə qərar verə bilsin. Bu qanunları alqışlamaq və səs vermək lazımdır”.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi. Milli Məclisin plenar iclası başa çatdı.

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video