20 Noyabr 2019 00:37
2791
Mədəniyyət
A- A+

Qanlı dərənin sirləri


Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndən sonra sovet hökumətinin qoyduğu qadağalar aradan götürüldü. Qadağalar çox sahələrə şamil olunmuşdu. Sovet dövründə son dərəcə məxfi saxlanan məsələlərdən biri də bolşeviklərin və erməni daşnaklarının birgə planı əsasında 1918-ci ildə həyata keçirdikləri Quba qəzasındakı irimiqyaslı qırğınlar idi. Arxivlərə sipər çəkilməklə bərabər, həmin hadisələrin iştirakçısı və şahidi olmuş insanlara da bu barədə danışmağa imkan verilmirdi.

Tanınmış yazıçı-jurnalist Müzəffər Məlikməmmədov "Qanlı dərə: 1918-ci il Quba faciəsi” kitabında bu barədə belə yazıb: "Erməni quldurlarının darmadağın etdiyi Qubanın Digah kəndində boya-başa çatdığım və daşnaklara qarşı döyüşmüş əmilərimdən, həmkəndlilərimdən, hadisə zamanı 10 yaşı olan atamdan faciə barədə eşitdiyim çoxlu söhbətlər bu məsələni araşdırmağa məndə böyük maraq oyatdı. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kursunda oxuyarkən əsaslı axtarışlar aparmaq fikrinə düşdüm. Bu məqsədlə Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləmiş digahlı alim, tarix elmləri doktoru Əlisultan Quliyevə dedim: "Tarixçi olduğunuz halda indiyədək bu məsələlərdən niyə yazmamısınız”. Sadəlövhlüyümə gülüb demişdi: "Sənin bilmədiyin işlər var, bala. 1918-ci ildə erməni daşnaklarının Quba qəzasında törətdikləri qırğınlarla bağlı çoxlu arxiv materialları mövcuddur. Amma həmin materiallar son dərəcə məxfi saxlanılır. Görünür, sovet hökuməti Quba faciəsinin aşkarlanmasına imkan verməyəcək. Şahid kimi gördüklərini və bildiklərini qeyd etdirib dedi: "Dünyanın işini bilmək olmaz. Bəlkə elə bir vaxt gələcək ki, həqiqətən də bu məsələlərdən yazmaq mümkün olacaq”.

Arxiv məsələsinə gəldikdə, kömək göstərə bilməyəcəyini etiraf etdi. O dövrün daha bir neçə tanınmış tarixçi alimindən də eyni cavablar alan müəllif 1997-ci ilədək Azərbaycanın, Dağıstanın, Moskvanın arxivlərində axtarışlarını davam etdirdi. 1918-ci ildə erməni daşnaklarına və bolşeviklərinə qarşı qanlı döyüşlərdə iştirak etmiş 73, həmin hadisələrin şahidi olmuş 316 nəfər Azərbaycan və Dağıstan vətəndaşları ilə görüşüb xatirələrini qələmə aldı. Həmin axtarışların nəticəsi olaraq "Qanlı dərə” kitabı 2009-cu ildə işıq üzü gördü.

Bu yaxınlarda həmin kitabın ikinci nəşri "Azərbaycan” nəşriyyatında çapdan çıxmışdır. İkinci nəşrin birincidən fərqi odur ki, 1918-ci ilin Quba soyqırımını daha dolğun əks etdirir. Bununla bağlı müəllif özü də qeyd edir ki, birinci kitabın materialları əsasən sovet dövründə toplanmışdı. O vaxt arxivlər indiki qədər geniş texniki imkanlara malik deyildi. İkinci kitab tərtib edilərkən oxucuların marağı nəzərə alınaraq birinci nəşrdəki əsas materiallar da saxlanmışdır.

Müəllif yazır ki, Quba qırğını əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq görülmüşdü. Qırğına başlamaq üçün səbəb və bəhanə lazım idi. Ən yaxşı bəhanə milli münaqişə ola bilərdi. Özü də Şamaxıda soyqırımı yalnız azərbaycanlı əhaliyə qarşı yönəlmişdisə, Quba qəzasında etnik düşmənçilik azərbaycanlılarla yanaşı, digər millətlərə - ləzgilərə, ləzgidilli xalqlar olan qrızlara, buduğlara, ceklərə, həmçinin bütün tat əhalisinə qarşı yönəlmişdi. Məqsəd qırmızılar hakimiyyətə gələnədək Azərbaycanın bir sıra rayonlarını müsəlmanlardan təmizləyib çoxlu erməni rayonları yaradıb gələcək planın təməlini qoymaq idi. Təpədən dırnağadək silahlanmış erməni daşnakları rus əsgərlərinin köməyi ilə Quba qəzasında 167 kəndi dağıtmış, onlardan 27-ni əhalisi ilə birlikdə yandırmış, 16 mindən çox müsəlmanı qətlə yetirmişlər.

Hadisələrin iştirakçısı olmuş Əlisultan Quliyevin xatirələrində deyilir ki, həmin dövrdə bolşeviklərin ordu qərargahının rəisi daşnak Avetisov idi. O, Quba qəzasına 10 minlik qoşun yeritsə də, ermənilərin və bolşeviklərin qazandıqları uğurlar müvəqqəti oldu. İyulun axırlarında və avqustun əvvəllərində onlar kuzunlu Möhübəli əfəndinin, cağarlı Hatəm ağanın, gədəzeyxürlü Gülməmməd Nurəli oğlunun, buduğlu Nacıbəy Qasımbəy oğlunun başçılıq etdikləri təxminən 8 minlik ləzgi silahlı dəstələrinin, həmçinin Dəvəçi nahiyəsindən Həmdulla əfəndinin və Rustov nahiyəsindən Mayıl Zahirovun dəstələrinin birgə səyi ilə darmadağın edilərək Quba qəzasından qovuldular.

Bu mübarizəni Ulu Öndər Heydər Əliyev yüksək qiymətləndirərək demişdir: "Azərbaycanın ləzgi əhalisi torpaqlarımızın müdafiəsində erməni işğalçılarına qarşı mübarizədə qanlarını tökmüş, şəhidlər vermişdir. Mən bunu yüksək qiymətləndirirəm, xalqımız yüksək qiymətləndirir, tarix də yüksək qiymətləndirəcəkdir. Mən şəhidlərimizin, o cümlədən respublikamızın ləzgi əhalisindən olan şəhidlərimizin qarşısında baş əyir və ləzgi əhalisinə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm”.

Bu kitab qiymətli tədqiqat əsəri olmaqla bərabər, mübariz ruhlu qəhrəmanlıq və vətənpərvərlik salnaməsidir. Tədqiqat əsəridir ona görə ki, erməni daşnaklarının və bolşeviklərin 1918-ci ildə Quba qəzasında törətdikləri qırğınlar arxiv sənədləri, həmin dövrün mətbuat orqanlarının materialları, işğalçılarla döyüşmüş insanların və hadisələrin şahidlərinin xatirələri əsasında qələmə alınmışdır. Mübariz ruhludur ona görə ki, vətən tarixini öyrədir, keçmişimizin qaranlıq səhifələrinə işıq salır. Vətənimizin igid övladlarının canı-qanı bahasına Azərbaycanı yadellilərdən necə qorumasından söhbət açır.

"Qanlı dərə: 1918-ci il Quba faciəsi” kitabına Quba qəzasında 1918-ci ildə erməni daşnaklarına qarşı döyüşlərdə fərqlənmiş Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından 300-ə yaxın insanın adı düşmüşdür. Belə mərd insanların sayəsində təpədən-dırnağa qədər silahlanmış nizami qoşun hissələrinə qarşı yerli əhali həmin döyüşlərdə işğalçıların 5 mindən çox əsgərini məhv etmişdir. Müəllif o vaxt erməni daşnaklarına və bolşeviklərə qarşı döyüşlərə rəhbərlik etmiş qubalı Əli bəy Zizikski, qusarlı Hatəm ağa Cağarvi, Möhübəli əfəndi Kuzunvi, şabranlı Həmdulla əfəndi kimi qəhrəmanların yaddaqalan obrazlarını yaratmağa nail olub.

Kitabın üstün cəhətlərindən biri də odur ki, oxucunu daim ayıq-sayıq olmağa, dövlət müstəqilliyimizi göz bəbəyi kimi qorumağa səsləyir. Bu, belə də olmalıdır. Çünki bizim hələ həll olunmayan Qarabağ problemimiz var.

Rüstəm RÜSTƏMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video