Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan "Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu uğurla başa çatıb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə bu ali məktəbin rəhbərliyi, BP şirkətinin nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, iki ay davam edən "Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti mərhələsi müvəffəqiyyətlə yekunlaşıb. Əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılması olan layihə boyunca təcrübəli ekspertlər təlimlər keçiblər.
Proqramda Bakı Ali Neft Məktəbi ilə yanaşı, mühəndislik ixtisası üzrə təhsil alan bir çox ali məktəblərin də tələbələri iştirak ediblər.
"İngilis dilində həyata keçirilən layihə təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmiş tələbələrə, həm də menecment və biznes sahəsində geniş bilgilər verib. Məqsəd gənc mühəndislərə layihələrin idarə edilməsi, biznes səriştəsi və bir sıra digər istiqamətlərdə modullar keçirilərək savadlı, intellektual kadrlar yetişdirməkdir”, - deyə rektor bildirib.
"BP-AGT”nin KİV və əlaqələr üzrə meneceri Tamam Bayatlı deyib ki, Azərbaycanda fəaliyyət göstərdiyi 27 il ərzində BP şirkəti sosial layihələrə sərmayə yatırıb. "Bu layihələr arasında təhsil proqramları üstünlük təşkil edir. Ali məktəblərlə əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbi ilə bir neçə uğurlu layihələr həyata keçirilib ki, bunlardan biri də "Mühəndislər üçün biznes təhsili” layihəsidir”, - deyə T.Bayatlı qeyd edib.
Daha sonra Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərov, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə layihənin tələbələr üçün əhəmiyyətindən danışıblar.
Tələbələrlə iş şöbəsinin böyük metodisti Ləman Hüseynova bildirib ki, "Mühəndislər üçün biznes təhsili”nin proqramına "Təqdimat və kommunikasiya bacarığı”, "Layihələrin idarə edilməsi”, "Vaxtın idarə edilməsi və səmərəlilik”, "Liderlik”, "Risklərin idarə edilməsi”, "Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, "İnsan resurslarının idarə edilməsinin əsasları”, "Danışıq bacarıqları” kimi modullar daxil olub.
Proqramda Bakı Ali Neft Məktəbinin 4-cü və 5-ci kurs, digər ali təhsil müəssisələrinin mühəndislik ixtisasları üzrə təhsil alan və ingilis dili bacarıqları yüksək olan 3-cü və 4-cü kurs tələbələri iştirak ediblər. Təlimlərdə iştirak üçün daxil olan 300-ə yaxın müraciətdən proqramın meyarlarına uyğun olan 250 nəfər seçilib. Layihədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan-Fransız Universitetinin, Bakı Mühəndislik Universitetinin, ADA Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Xəzər Universitetinin tələbələri iştirak ediblər.
Sonda təlimləri uğurla başa vurmuş iştirakçılara Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatları təqdim edilib.