ABŞ administrasiyası İranda benzinin qiymətinin bahalaşmasına etiraz edən nümayişçiləri dəstəkləmişdir. "Assoşieyted Press” agentliyinin xəbərinə görə, ABŞ İranda nümayişçilərə qarşı ifrat qüvvədən istifadə olunmasını pisləmişdir. Bundan əlavə, Ağ ev İran hökumətini tənqid etmişdir.
Tehran ABŞ-ın bəyanatını ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirmişdir. Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Musəvi məlumat vermişdir.
"Fars” agentliyinin xəbərinə görə, noyabrın 15-dən ölkədə yanacağın qiyməti artmışdır. Bununla əlaqədar ölkənin 100-ə yaxın yaşayış məntəqəsində etiraz aksiyaları keçirilmişdir. Nümayişçilər arasında olan ayrı-ayrı qruplar bank ofislərinə, marketlərə və yanacaqdoldurma məntəqələrinə od vurmuşlar. Toqquşmalar nəticəsində 25 nəfər həlak olmuş, 140 nəfərdən çox adam yaralanmışdır. Min nəfərə yaxın nümayişçinin saxlandığı bildirilir.