17 Noyabr 2019 01:07
1124
SİYASƏT
A- A+

Bakı dinlərarası dialoqun mərkəzinə çevrilib


İlham Əliyev: "Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir”


Azərbaycan Prezidenti İlham Əliyev hələ Milli Olimpiya Komitəsinin 20 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici dövlətlərin nümayəndələrini qəbul edərkən bildirmişdi ki, bizim artıq beynəlxalq tədbirləri təşkil etməkdə böyük təcrübəmiz var. Biz Azərbaycanda daha çox beynəlxalq tədbirlərə evsahibliyi etmək əzmindəyik.

O tarixi çıxışdan ötən beş il ərzində təsdiqləndi ki, Azərbaycanın Şərqlə Qərbin qovuşuğunda yerləşməsi ölkəmizi dünya dövlətləri üçün bir qədər də maraqlı edib. Son illər respublikamızın sürətli inkişaf yolunda olması da dünyanın diqqətini Azərbaycana yönəldib. Nəinki yerləşdiyi Cənubi Qafqazda, əslində, Avropada, bir qədər də geniş coğrafi məkanda götürsək, dünyanın inkişaf etmiş ölkələri arasında nüfuzu ilə seçilən, regional və beynəlxalq layihələrin iştirakçısı olan Azərbaycan artıq ən mötəbər tədbirlərə, zirvə toplantılarına, forumlara, elmi konfranslara, idman və musiqi yarışlarına, beynəlxalq teatr, kino festivallarına evsahibliyi edir.

Respublikamızın mötəbər beynəlxalq tədbirlərə evsahibliyi Avropa və dünya çapındakı yüksək nüfuzunun göstəricisidir.

Qeyd olunmalı faktlardan biri Azərbaycanın beynəlxalq təşkilatların, dünya dövlətlərinin etimadını qazanmasıdır. Məhz bunun bəhrəsidir ki, Azərbaycanda siyasət, idman, mədəniyyətlə bağlı beynəlxalq tədbirlər artıq silsilə xarakteri daşımaqdadır. Azərbaycanın dini, milli münasibətlər, mədəniyyətlərarası dialoqlar üzrə bir çox tədbirlərə - beynəlxalq konfranslara evsahibliyi, UNESKO-dan ISESCO-ya qədər, BMT-dən Avropa Şurasınadək və başqa beynəlxalq təşkilatlarda böyük fəallıq nümayiş etdirməsi ölkənin bütün sahələrdə inkişafının gətirdiyi uğurlar, Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasətin nəticəsidir.

Bu günlərdə Azərbaycan paytaxtında daha bir beynəlxalq tədbir - Dünya dini liderlərinin II Bakı Sammiti də keçirildi. Belə beynəlxalq tədbirlərin çox böyük əhəmiyyəti var. İlk növbədə ona görə ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə evsahibliyi edirdi. Bu, bir daha onu göstərdi ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu bundan sonra da oynayacaq.

Azərbaycan dövləti qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə belə tədbirlərə evsahibliyi edir. Dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçilərinin, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksəksəviyyəli nümayəndələrinin və dini rəhbərlərinin qatıldığı Dünya dini liderlərinin II Bakı Sammitinin də tarixi əhəmiyyəti ilə yadda qalacağına şübhə yoxdur.

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən "Bakı Prosesi”, "Multikulturalizm” və "İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlər ölkəmizin və xalqımızın dünyada olduğu kimi tanıdılmasında mühüm amillərdən birinə çevrilib. Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamı olan bu sammit də bir sıra məsələlər baxımından diqqət çəkməkdədir.

İkigünlük sammitdə bir sıra qlobal problemlərin həllinə töhfə ola biləcək ("Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, "Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, "Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti”) mövzular ətrafında ciddi müzakirələr aparıldı.

Bakıda belə mötəbər tədbirin keçirilməsini təbii hesab edən dövlət başçısının fikrincə, Azərbaycanın qədim dinlərarası ənənələri var: "Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır...”

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimlərindən ibarət nümayəndə heyətini qəbul edərkən də bildirdi ki, Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir: "...Hamıya yaxşı məlumdur ki, Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır. Biz, sadəcə, atalarımızın, babalarımızın ənənələrini davam etdirir, əlaqələrimizi möhkəmlədir, bununla da Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk. Dəfələrlə dediyimiz kimi, Qafqaz vahid orqanizmdir, o elə bir məkandır ki, orada yerli xalqlar əsrlər boyu yaşayır, qurur, yaradırlar, memarlıq abidələri yaradırlar və gələcəyə inamla baxırlar. Əlbəttə, hesab edirəm ki, Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır”.

Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev də dövlət başçısına səmimi qəbul üçün təşəkkürlərini bildirərkən Ulu Öndər Heydər Əliyevin siyasətinin uğurlu davamının şahidi olduqlarını bildirdi: "...Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda gördüyü işlərin bəhrələrini biz burada Sizin timsalınızda görürük: Çox sağ olun. Biz hər dəfə buraya gələndə Azərbaycanda necə dəyişikliklər baş verdiyini görürük. Burada hər yer gözəldir, xaricdə belə şey yoxdur. Bütün bunlar Sizin sayənizdə mümkün olub. Axı mən Bakını sovet dövründə də, Elçibəyin zamanında da görmüşəm. İndi tamamilə başqadır. Siz nə edirsinizsə, Azərbaycan xalqı üçün edirsiniz. Sovet dövründə biz fəxr edirdik ki, Sov.İKP MK Siyasi Bürosunda bir müsəlman var. Siz onun yolunu davam etdirirsiniz. Bu işi davam etdirmək üçün Allah Sizə qüvvət və sağlamlıq versin”.

Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri fikirlərinin yekununda onu da vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada çox böyük nüfuzu var: "...Biz Prezidentimiz Vladimir Vladimiroviçin Sizə necə münasibət bəslədiyini görürük, o, Sizə hörmətlə yanaşır. O, Sizin atanızı tanıyır. Onlar vaxtilə birlikdə işləyiblər. Belə adamlar heç nəyi gözdən qaçırmırlar, onlar hər şeyi bilirlər. Buna görə Sizin bu dostluğunuz bizim üçün çox dəyərlidir”.

Sammitdə xüsusi vurğulandığı kimi, qədim tariximizi əks etdirən həm də bizim dini abidələrimizdir. Onlar bir daha sübut edirlər ki, Azərbaycan qədim diyardır. Həmçinin ayrı-ayrı dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşayıb-yaratmış və gözəl tarixi miras qoymuşlar. Doğrudan da, bu, xalqımız üçün böyük fəxrdir, bunu dövlət başçısı da öz çıxışlarında dəfələrlə vurğulayıb ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuş bu dini məbəd Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir.

Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri - Şəkinin yaxınlığında yerləşir. Bu, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi - Atəşgah yerləşir. Bu isə zərdüştlük dininin Azərbaycanda qədim köklərinin olduğunu təsdiqləyən faktlardan biridir. Sonrakı dövrlərdə rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilib.

Azərbaycan Prezidenti sammitdə əminliklə vurğuladı ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq: "Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır”.

Azərbaycan Prezidentinin sammitdə qeyd etdiyi kimi, tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəməyən Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilib və ya yenidən tikilib. Bir sözlə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi var: "...Müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Bu da o deməkdir ki, xalqımız və dövlətimiz islam dininə sadiqdir. Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər... Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir...”

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video