16 Noyabr 2019 02:37
565
İQTİSADİYYAT
A- A+

Ölkəmiz regiondakı əlverişli imkanından səmərəli istifadə edir


Prezident İlham ƏLİYEV: "Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir”


Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm coğrafi mövqeyə malik ölkədir. Başqa sözlə, bu iki marşrutun əsas qovşaq mərkəzidir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan qədim İpək yolunun bərpasında təşəbbüskar ölkə kimi çıxış etdi. Məqsəd bu coğrafi imkandan istifadə edərək dünyanın ən işlək tranzit marşrutlarından birinin Azərbaycandan keçməsinə nail olmaq idi.

Prezident İlham Əliyev noyabrın 13-də "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanovu qəbul edərkən ölkədə həyata keçirilən infrastruktur layihələrinin beynəlxalq əhəmiyyət daşıdığını bir daha vurğuladı.

Qeyd etdi ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə ölkəmiz dünya miqyasında 34-cü yerdə qərarlaşır. Nəqliyyat infrastrukturunun səviyyəsinə görə isə Azərbaycan dünyada 31-ci yerdədir. Sözsüz ki, bu nailiyyətlərin qazanılması dövlət başçısının son 16 ildə gördüyü böyük işlərin real nəticəsidir.

Prezident İlham Əliyev həmin görüşdə ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "...Vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu xətti çox mühüm əhəmiyyət daşıyır. Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir... "Şimal-Cənub” və "Şərq-Qərb nəqliyyat dəhlizi”nin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir”.

Azərbaycandan keçən ikinci beynəlxalq əhəmiyyətli dəmir yolu marşrutu "Şimal-Cənub nəqliyyat dəhlizi”nin ayrılmaz hissəsidir. Həmin nəqliyyat xəttinin ölkəmizin ərazisindən keçən hissəsində bütün işlər yekunlaşaraq İran sərhədinədək uzanıb. Artıq bu marşrut fəaliyyət göstərir. Belə ki, ötən il "Şimal-Cənub nəqliyyat dəhlizi” vasitəsilə daşınan yüklərin həcmi 8 dəfə, cari ilin 9 ayında isə daha 70 faiz artıb. "Şimal-Cənub dəhlizi” Azərbaycanda daha iki istiqamətdə - Şimal-Qərb, Şərq-Qərb marşrutu üzrə fəaliyyət göstərir. Ölkəmiz həm də bu marşrut xətlərini özündə cəmləşdirən mühüm nəqliyyat qovşağıdır. Belə coğrafi imkan, üstəgəl yüksək inkişaf etmiş infrastruktur Azərbaycanı dünyada etibarlı tranzit ölkə kimi tanıdır.

Dövlət başçısı beynəlxalq əhəmiyətli dəmir yollarının çəkilməsi ilə yanaşı, yerli əhəmiyyətli xətlərin çəkilməsinə xüsusi önəm verir. Cəmiyyət tərəfindən bu istiqamətdə bir çox işlər görülür. Bakı-Sumqayıt dəmir yolu xətti bərpa olunaraq yeni qatarlarla təchiz edilib. Bunun sayəsində hazırda 12 min sərnişin daşınır. Gələcəkdə 25-30 min sərnişinin daşınması nəzərdə tutulub. Bakıətrafı marşrutların uzun illərin istismarı sayəsində sıradan çıxmış yol yataqları da bərpa edilir. Bakı və Abşeron marşrutlarının dəmir yolu üzrə işlərin 80, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib, 11 yeni modern stansiya tikilib. Yol üzərində 18 piyada və 16 avtomobil keçidi inşa olunub, yol boyu çirkab və tullantı suları yığışdırılıb.

Bakıdan Gəncəyə gedən dəmir yolunda həyata keçirilən yenidənqurma işlərindən sonra müasir tipli qatarlar bu xətt üzrə sərnişin daşıyır. Həmin qatarlar Bakıdan Gəncəyə və geriyə 4 saat ərzində çatır. Qatarların sürətini saatda 140 kilometrə çatdırmaqla həmin müddəti 3 saata endirmək də mümkündür. Digər tərəfdən, Bakı-Gəncə dəmir yolu xəttinin Ağstafa şəhərinədək uzadılması nəzərdə tutulub. Məqsəd Qərb bölgəsi üzrə sərhədyanı rayonların sərnişinlərini mənzilbaşına rahat çatdırmaqdır.

Gələn il Ləki-Qəbələ dəmir yolunun istifadəyə verilməsi planlaşdırılır. Bakıdan sonra ən böyük turizm mərkəzi olan Qəbələyə qonaqların rahat gediş-gəlişi üçün bu marşrutun böyük əhəmiyyəti var. Bundan başqa, dünyanın ən böyük qış-xizək istirahət mərkəzi olan Şahdağa da dəmir yolu çəkilməsi nəzərdə tutulub. Xaçmaz və Qusar rayonlarını əhatə edəcək bu dəmir yolunun da çəkilməsi yaxın illərdə reallaşacaq. Beləliklə, dəmir yolu şəbəkəsi ölkə ərazisində yük və sərnişinlərin daşınması üçün mükəmməl səviyyəyə çatacaq.

Dövlət başçısı, həmçinin bu sahədə təcili görülməli işlər barədə də tapşırıq verdi. Qeyd etdi ki, Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz. Orada vaxtında təmir işləri görülmədiyindən hazırda qatarlar saatda təqribən 40, maksimum 50 kilometr sürətlə hərəkət edir. Bu da "Şimal-Cənub nəqliyyat dəhlizi” ilə böyük həcmdə yüklərin daşınmasına və sərnişinlərə xidmət göstərilməsinə imkan vermir. Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova bu qatarların sürətinin saatda minimum 140 kilometrə çatdırılması barədə göstəriş verdi.

Biləcəri-Yalama istiqamətində yolun uzunluğu 348 kilometrdir. Bu yolun yenidən qurulması üçün Dünya Bankı, Fransa İnkişaf Agentliyi ilə aparılan danışıqlar müsbət nəticəsini verib. Həmin marşrutun kreditləşməsi sayəsində işlərə cari ilin dekabr və ya gələn ilin yanvar ayında başlanması nəzərdə tutulub. Marşrut üzrə yenidənqurma işləri həyata keçirildikdən sonra həm yüklərin, həm də sərnişinlərin daşınması keyfiyyət və sürət baxımından xeyli yaxşılaşacaq.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video