15 Noyabr 2019 18:26
536
CƏMİYYƏT
A- A+

Tur-aksiyanın üçüncü günü məktəblilərin bölgələrlə tanışlığı davam edib


Noyabrın 15-də "Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Şəki şəhərinin, Balakən, Zaqatala və Qax rayonlarının məktəbliləri Lənkəranla tanışlıqdan sonra Masallı və Astara rayonlarına, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı rayonlarının şagirdləri isə Lənkərana səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallıda maarifləndirici tur-aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səfər edən məktəblilərə ən xoş arzularını çatdırıb.

Məktəblilər Ümummili Liderin parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Bildirilib ki, Mərkəzin ikimərtəbəli binası Ümummilli Liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilib. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə dahi rəhbərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Masallıya səfərlərinə dair fotolar nümayiş olunur. Burada Ümummilli Liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və ölkəmizin regionlarında keçirdiyi görüşləri əks etdirən fotoguşələr yaradılıb.

Sonra tur-aksiyanın iştirakçıları Masallı Uşaq İncəsənət Məktəbi ilə tanış olublar. 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni binası Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib.

Ümumi sahəsi 2743 kvadratmetr olan ikimərtəbəli binada 33 sinif otağı var. Sinif otaqlarının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Prezident İlham Əliyev 2016-cı ilin sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Tur-aksiyanın iştirakçıları "ASAN həyat" kompleksindəki "ASAN xidmət” və "ABAD Mərkəz”, İncənət Məktəbi və kinoklubla, Bayraq Meydanı, Azərbaycan Dövlət Rəmzləri Muzeyi, Masallı Olimpiya Kompleksi, Viləşçay su anbarı və Masallı Sənaye Məhəlləsi ilə də tanış olublar.

Məktəblilər günün ikinci yarısında Astaraya gəliblər. Tur-aksiya iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasındakı rolundan danışaraq bildirib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. Qeyd olunub ki, ölkəmizdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran, Astara, Masallı rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur.

Bildirilib ki, ölkəmizin cənub bölgəsi sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir.

Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Sonra tur-aksiyanın iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gəliblər. Məlumat verilib ki, 2014-cü ildə 6 hektar ərazidə salınmış park-bulvar kompleksin ərazisi 9 hektar artırılaraq 15 hektara çatdırılıb. İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil boyunca inşa edilən park-bulvar kompleksinin yeni ərazisində tikilən Bayraq Meydanı, mehmanxana və hotellər, idman və müxtəlif əyləncə mərkəzləri, xidmət obyektləri Astara şəhərinə xüsusi gözəllik verir.

Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə də məktəblilərə məlumat verilib. Qeyd olunub ki, Astara zəngin təbiətə və qədim tarixə malik, nadir el sənətkarlığının, qədim adət-ənənlərin və folklorun qorunduğu qədim yaşayış məntəqəsidir.

Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları rayonun Ərçivan kəndindəki "Yanar bulaq”da suyun alovlanmasını maraqla izləyiblər.

Məktəblillər "Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada yaradılmış "Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olublar.

Masallı və Astara rayonları ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları Lənkəran rayonuna qayıdıblar.

X X X

Tur-aksiyanın Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı rayonlarından olan iştirakçıları isə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində, Rayon Tarix-Diyarşünaslıq Muzeyində, "Qoşa Qala Qapıları” meydanında, "Dairəvi Qala”da, "Mayak” binasında, general Həzi Aslanovun ev-muzeyində, Bayraq Meydanında, Hirkan Milli Parkında, çay plantasiyasında və sitrus meyvə bağlarında olublar.

Şam yeməyindən sonra tur-aksiyanın iştirakçıları Lənərandakı "Şah sarayı”nda musiqili-əyləncəli proqramda iştirak ediblər.

X X X

"Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxan Xaçmaz, Siyəzən, həmçinin paytaxtın Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov və Nəsimi rayonlarının şagirdləri də noyabrın 15-də bu bölgənin tarixi, mədəni və turizm məkanları, istehsalat müəssisələrinə baş çəkib, bölgədə aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video