15 Noyabr 2019 02:40
811
SİYASƏT
A- A+

Hədəf Azərbaycanı müasir və inkişaf etmiş ölkəyə çevirməkdir


İlham ƏLİYEV: "Biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir”


Son illərin sosial-iqtisadi mənzərəsi Azərbaycanın qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyən bir ölkə olduğunu göstərməklə yanaşı, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf kursunun praktikada özünü tam doğrultduğunu nümayiş etdirir. Bu baxımdan qazanılmış nailiyyətlər ölkə rəhbərliyinin inkişaf kursunun təməlində dərindən düşünülmüş elmi-iqtisadi əsasların, dövlətin və xalqın maraqlarının təmin olunmasının dayandığını göstərir.


Sosial rifaha xidmət edən siyasət


Bu ildən isə Azərbaycan öz inkişafının tamamilə yeni mərhələsinə daxil olub. Həm iqtisadiyyatda, həm sosial sferada tamamilə yeni, köklü islahatların təməli qoyulub. "2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır”.

Bu fikirləri Prezident İlham Əliyev fevral ayında mətbuata verdiyi müsahibədə söylədi. Və elə fevral ayında imzaladığı müvafiq fərman və sərəncamlar göstərdi ki, dövlət başçısının fəaliyyətinin əsas qayəsini insan amili təşkil edir.

Artıq il ərzində iki dəfə sosial paketin elan olunması Prezidentin fikirlərinin qısa zamanda real həyatda təsdiqini tapdığını göstərir. Beləliklə, 2019-cu ilin mart və sentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan 2 mərhələ üzrə sosial paketlər təsdiqlənib. Bu zəmində minimum əməkhaqqının təxminən 2 dəfə artırılaraq 130 manatdan 250 manata, eləcə də minimum pensiyaların 72,0 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılması bu sahədə atılmış mühüm addımlardandır.

Artımlar eyni zamanda dövlət büdcəsindən maliyyələşdirilən elm, müdafiə, təhlükəsizlik, hüquq mühafizə, təhsil, səhiyyə və digər sahələrdə, habelə dövlət orqanlarında çalışan işçiləri əhatə etmişdir. Bütövlükdə yuxarıda sadalanan artım istiqamətlərinin maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla 4,2 milyon nəfəri əhatə edir.


Şəffaflıq və dürüstlük təmin edilir


Təbii ki, bu artıma imkan verən əsas səbəblərdən biri iqtisadi sferalarda həyata keçirilən islahatlardır. Reallıq ondan ibarətdir ki, Azərbaycanda son illərdə aparılan mükəmməl iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Xüsusən vergi və gömrük sahələrində baş verən keyfiyyət dəyişiklikləri bu sırada böyük rol oynayır. Hələ bu ilin yanvarında Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində Prezident İlham Əliyev bu barədə demişdir: "Xüsusilə vergi və gömrük sahələrində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Bu sahələrdə sağlamlaşdırma prosesi gözəl nəticələr verir. Bizim maliyyə imkanlarımız genişlənir. Görülmüş işlər, yəni artıq apardığımız islahatlar bu il də özünü böyük dərəcədə göstərəcək”.

Xatırladaq ki, gələn il vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat vəsaitin daxil olması nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 559 milyon manat çoxdur. Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu isə 4 milyard manat nəzərdə tutulur. Bu da 2019-cu ilin proqnozundan 298 milyon manat çoxdur. Artımların əsas səbəbi bu sahələrin özündə aparılan islahatlar, şəffaflığın və dürüstlüyün təmin edilməsidir.


İdarəçiliyin təkmilləşdirilməsi diqqət mərkəzindədir


İnkişaf həm də mükəmməl idarəetmə deməkdir. Hər bir inkişaf etmiş dövlətin tarixi sübut edir ki, onun yüksəlişinə uyğun olaraq idarəetmə aparatı da daim yenilənib. Çünki inkişaf dövlət idarəçiliyi sisteminin səmərəliliyinin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən idarəetmə strukturunun formalaşdırılmasını tələb edir. Ölkənin çevik idarəçilik sisteminin olması inkişafın əsas şərtlərindən biridir.

Azərbaycanda inkişafın təmin olunması istiqamətində köklü islahatlar həyata keçirilib. Bu sırada idarəçiliyin təkmilləşdirilməsi daim diqqət mərkəzində olub. Bu məqsədlə ayrı-ayrı dövlət orqanlarında islahatlar həyata keçirilib. Bəziləri ləğv olunub, bəziləri birləşdirilib və ya tamamilə yeni dövlət orqanları yaradılıb. Təbii ki, bu illərdə diqqəti çəkən əsas məqamlardan biri vətəndaşlara dövlət xidmətlərinin göstərilməsinin ən yüksək səviyyəyə çatdırılmasıdır. Artıq ölkədə vətəndaşlara göstərilən xidmətlər daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilir ki, bütün bunlar da cəmiyyətimiz tərəfindən razılıqla qarşılanır. Bu mənada tamamilə şəffaf, çevik və operativ xidmət mexanizminin yaradılması bugünkü Azərbaycanın ən böyük uğurları sırasında yer alır. Təsadüfi deyil ki, Azərbaycanın adı həm də beynəlxalq hesabatlarda ən islahatçı dövlət kimi keçir.

Təbii ki, kadr islahatları da qarşıda duran əsas vəzifələrdəndir. Ümumiyyətlə, Prezident İlham Əliyevin fəaliyyətində yenilikçi, təşəbbükar kadrların, o cümlədən gənclərin irəli çəkilməsi prioritet təşkil edib. Oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə Prezident İlham Əliyev bu barədə demişdir: "Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?”

Dövlət idarəetmə sistemində son dövrlər gənc kadrlara yüksək etimadın göstərilməsi olduqca təqdirəlayiq haldır. Bu, dövlət başçısının müxtəlif sferaların inkişafında onlara böyük etimad göstərməsinin təsdiqidir.

Bütövlükdə Azərbaycanda həyata keçirilən islahatlar məzmununa görə məqsədyönlüdür və konkret hədəfə hesablanıb. Ən əsası, bu islahatlar məhdud sfera ilə məhdudlaşmayaraq kompleks xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, elə islahatlar aparılır ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video