15 Noyabr 2019 02:39
627
İQTİSADİYYAT
A- A+

Payızlıq taxıl əkininin mühüm dövrüdür


Hazırda əkinçi üçün mühüm dövrdür. Düzdür, onun üçün il boyu iş var - əkir, becərir, toplayır, satışın qayğıları ilə yaşayır. Bu işlər, konveyer prosesi tək bir-birini tamamlayır.

Bütün bunların hamısının başlanğıcında isə əkin dayanır. Torpaq mülkiyyətçisi üçün keyfiyyətli şum aparılması, torpağın aqrotexniki tələblər səviyyəsində əkinə hazırlanması və sahəyə yüksək məhsuldarlıqlı toxum səpilməsi başlıca şərtdir.

Atalar əbəs yerə demişlər: "Nə əkərsən, onu da biçərsən”. Bizcə, buraya "necə əkərsən” sözlərini də əlavə etmək olar.

Qeyd etmək lazımdır ki, başa çatmaqda olan 2019-cu il kənd təsərrüfatı ilə məşğul olan fermerlər, torpaq mülkiyyətçiləri üçün uğurlu olmuşdur. Taxıl, pambıq, digər məhsul istehsalçıları yüksək nəticələr əldə etmişlər. Təbiətin mərhəməti pambığın itkisiz yığılmasına imkan yaratmışdır. Kartofçuluq, çayçılıq, çəltikçilik, üzümçülük, meyvəçilik və digər sahələrdəki nailiyyətlər də ürəkaçandır. Yüksək məhsul yetişdirmək, yaxşı nəticələr əldə etmək isə yaxşı qazanc, xoş güzəran, firavan həyat deməkdir. Kəndli əldə etdiyi qazancla ev tikir, oğul evləndirir, qız köçürür, başqa problemlərini həll edir.

Həyata keçirilən islahatlar növbəti illərdə qazanılan uğurların daha çox və dinamik olacağından xəbər verir. Doğrudur, havaların mülayim, yağmursuz keçməsi taxılçılıq üçün çox da əlverişli deyil, lakin taxıl əkən fermerlər ümidsiz deyillər, yaxşı bilirlər ki, təbiət mərhəmətlidir. 10-15 gün o yan-bu yana etsə də, nəticə çox zaman yaxşı olur. Elə bu ümidlə də kəndlilər yeri şumlayır, malalayır, toxum səpirlər.

Salyan

Salyan ölkənin iri kənd təsərrüfatı rayonlarından biridir. Taxılçılıq burada aqrar sektorun mühüm sahələrindəndir. Keçən ilin payızında cari ilin məhsulu üçün 16 min 734 hektar sahəyə toxum əkilmişdi. Bunun da 9 min 917 hektarı arpa, 6 min 817 hektarı buğda idi. Fermer və torpaq mülkiyyətçiləri əkdikləri sahələri daim diqqət mərkəzində saxlamış, aqrotexniki tədbirləri vaxtında və yüksək keyfiyyətlə aparmışlar. Suvarma, yemləmə, alaq otlarına, xəstəliklərə qarşı mübarizə işlərini optimal müddətdə həyata keçirmişlər.

Çəkilən zəhmət öz bəhrəsini vermişdir. Muğan şəraitində arpa əkilən hər hektardan orta hesabla 36,2, buğda sahələrindən 40,5 sentner məhsul əldə edilmişdir ki, bu da böyük nailiyyətdir. Ayrı-ayrı sahibkarlar isə daha yüksək nəticələrə nail olmuşlar. Aşağı Noxudlu kəndində yaşayan Əli Novruzov hər hektardan 50,4, Sarvan kənd sakini Mərdan Cəlilov 42, Xələc kəndindən Sədrəddin İbrahimov 41, Qızılağacdan olan fermer Arif Cəlilov 40 sentner arpa və buğda götürmüşlər. Bütün fermer və torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulu satmaq üçün heç bir çətinliklə qarşılaşmamışlar.

Əldə etdikləri nəticələrdən ruhlanan taxılçılar gələn ilin məhsulu üçün cari ildə də payızlıq əkini mütəşəkkil aparırlar. 10 min 100 hektarda arpa, 8 min 643 hektarda buğda əkilməsi proqnozlaşdırılıb. Hələlik 4 min hektardan çox sahədə əkin başa çatdırılmışdır. Torpağa səpilməsi nəzərdə tutulan toxumun 2,217 tonu rayonun sertifikat almış taxılçıları tərəfindən istehsal edilmişdir. Qalan 1400 ton digər regionlardakı müxtəlif toxumçuluq təsərrüfatlarından alınıb gətirilmişdir. Bunlar əsasən "Qobustan”, "Taleh-38”, "Murov” buğda, "Qarabağ-22”, "Qarabağ-33” arpa sortlarıdır. Əkinə 113 traktor, 113 mala və 50 səpin aqreqatı cəlb olunmuşdur.

Cəlilabad

Cəlilabad ölkəmizin iri taxılçılıq rayonlarından sayılır. Keçən əsrin 60-70-ci illərində burada rekord miqdarda buğda yetişdirilmişdir. O vaxtlar xalq arasında Cəlilabada "Azərbaycanın Ukraynası” deyilmişdir. Rayonda üzüm, kartof, çiyələk və başqa kənd təsərrüfatı məhsulları istehsalı genişləndirilsə də, taxıl istehsalı yenə ön sıradadır.

Cari ildə rayon üzrə 63 min 241 hektar sahədə taxıl yetişdirilmişdir. O cümlədən 54 min 908 hektar buğda zəmilərindən 203 min 708, 4 min 509 hektar arpa sahələrindən 15 min 871, 3 min 824 hektar vələmir əkilmiş sahədən 10 min 18 ton məhsul götürülmüşdür. Buğdanın orta məhsuldarlığı hər hektarda 37,1, arpanınkı 35,2, vələmirinki 26,2 sentner olmuşdur. Fermerlərdən Etibar Hüseynov, Lətif Ağayev, Xasay Feyziyev, Səfər Səfərov və başqaları daha yaxşı nəticələr əldə etmişlər. Onlar taxıl toxumçuluğunun inkişaf etdirilməsində də yaxından iştirak edirlər.

Gələn ilin məhsulu üçün bu payız 60 min hektarda taxıl əkilməsi nəzərdə tutulur. Mütəxəssislərin rəyinə əsasən, bu mövsüm daha çox "Bərəkətli-95”, "Qobustan”, "Şəfəq-2”, "Taleh-38” buğda və "Cəlilabad-19” arpa sortları əkilir. Əkin zamanı istifadə olunan toxumun 630 tonu yerli fermerlər tərəfindən yetişdirilib. Əkin kampaniyası başlamışdır.

Biləsuvar

Biləsuvarın əhalisi torpağa bağlı insanlardır. Əldə etdikləri çoxillik təcrübə əsasında torpağın dilini bilir və sirlərinə yaxından bələddirlər. Buna görə də bütün sahələr üzrə bol məhsul yetişdirirlər. Rayonun taxılçılıqda da uğurları az deyil. Bir çox rayonlardan fərqli olaraq, indinin özündə biləsuvarlılar əsasən yetişdirdikləri buğdadan istifadə edirlər.

Rayonda yüksək məhsul əldə etməyin ən mühüm şərtlərindən biri növbəli əkin sisteminə ciddi əməl olunmasıdır. Bundan əlavə, torpağa mineral və üzvi gübrələrin verilməsi də həmişə diqqət mərkəzində saxlanılır.

Cari ilin məhsulu üçün ötən ilin payızında 30 min 12 hektardan artıq sahəyə taxıl əkilmişdi. Bunun 13 min 556,7 hektarı buğda və 16 min 456,1 hektarı arpa olmuşdu. Nümunəvi qulluq sayəsində zəmilərdən bol məhsul biçilmişdir. Buğda sahələrinin hər hektarından orta hesabla 32,4, arpa sahələrindən 30,6 sentner məhsul əldə olunmuşdur. Fermerlərdən Rüstəm Əzizov, Fəxrəddin Quliyev, Etibar Əcəmov, Ramiz Əliyev və başqaları daha çox - hər hektardan 40-45 sentner taxıl biçərək daha yüksək məhsuldarlığa nail olmuşlar.

Gələn ilin məhsulu üçün 30 min hektarda taxıl əkini aparılması nəzərdə tutulmuşdur. Bunun üçün 29 min 350 hektarda keyfiyyətli şum aparılmışdır. Səpin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün 24 şum, 60 nəqliyyat traktoru, 80 toxumsəpən və digər texnikalar cəlb edilmişdir. Əkin zamanı mülkiyyətçilər toxumla birlikdə torpağa amafos, nitroamafos, karbamid gübrələri verirlər. Sahələrin müəyyən hissəsi suvarılmış və həmin yerlərdə çıxış alınmışdır.

Hacıqabul

Bu rayonda da digər bitkilərlə yanaşı, taxılçılığa böyük əhəmiyyət verilir. Keçən ilin payızında rayonda 31 min hektardan çox sahədə arpa və buğda əkilmişdir. Çəkilən zəhmət nəticəsində bol məhsul əldə olunmuşdur. Zəmilərdən 31 min 385 ton arpa, 41 min 717 ton buğda biçilmişdir və onlardan 3 min 500 tonu yüksək kondisiyalı toxum olmuşdur. Həmin toxumlar yerli fermerlərə satılmışdır.

Gələn ilin bol məhsulu üçün indi möhkəm təməl qoyulmaqdadır. 33 min hektar sahədə taxıl əkilməsi hədəf götürülmüşdür. Bunun 11 min hektarı arpa, 22 min hektarı buğda olacaq. Səpini yüksək keyfiyyətlə və vaxtında başa çatdırmaq məqsədilə rayonda xüsusi qərargah yaradılmışdır. Səpin kampaniyasına 120-dən artıq müxtəlif traktor, 60 mala və 38 səpin aqreqatı cəlb olunmuşdur.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video