15 Noyabr 2019 02:38
650
İQTİSADİYYAT
A- A+

Kəmərlər Səngəçalda qovuşur


Səngəçal terminalı regionun neft-qaz ixracı mərkəzidir. Azərbaycan neftini və qazını dünya bazarlarına aparan boru kəmərləri başlanğıcını buradan götürür.

Səngəçal terminalı fəaliyyət göstərdiyi qısa dövr ərzində Azərbaycanın təkcə neft-qaz sənayesində deyil, bütün tarixində əhəmiyyət kəsb edən hadisələrin şahidi olub. 1997-ci ildə "Əsrin müqaviləsi”nin "Çıraq”dan alınan ilk neftini, sonrakı illərdə "Azəri”nin mərkəzi, qərb və şərq hissələrinin, "Dərinsulu Günəşli”nin, "Şahdəniz-1” və "Şahdəniz-2”nin karbohidrogenlərini qəbul edib.

2002-ci ildə burada Ulu Öndər Heydər Əliyev dünyanın müxtəlif yerlərindən gəlmiş mötəbər qonaqların iştirakı ilə üçüncü minilliyin nəhəng mühəndis qurğusu - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməlini qoyub. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın dövlət başçılarının, eləcə də tərəfdaş şirkətlərin nümayəndələrinin iştirakı ilə kəmərə ilk neft vurulub. Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşən "Cənub qaz dəhlizi” kimi qlobal bir layihənin təməlqoyma və açılış mərasimləri də Səngəçalda olub.

Terminal bu layihələrlə birgə böyüyüb. Hər yeni yatağın hasilatını qarşılamaq, ilkin emaldan keçirmək, saxlamaq və nəhayət, ixrac etmək üçün bir az da genişlənib. Buradakı çənlərin, boru xətlərinin, avadanlıq və qurğuların sayı ildən-ilə artır. "Şahdəniz-2” qazını qəbul edib istehlakçılara ötürmək üçün tikilən yeni obyektlərin sayəsində keçən il terminal daha möhtəşəm görkəm alıb.

Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin operatoru olan BP şirkətindən aldığımız məlumata görə, "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqlarından hasilatın sualtı boru kəmərləri vasitəsilə terminala göndərilməsi davam edir. Hazırda Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və "Şahdəniz” qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Cari ilin ilk üç rübü ərzində terminaldan dünya bazarlarına 198 milyon bareldən çox neft və kondensat daşınıb. Bu həcmin 178 milyon bareldən çoxu Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri və 20 milyon bareldən çoxu Qərb İxrac Boru Kəməri marşrutu ilə ixrac edilib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri, bu kəmərin genişləndirilmiş sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz” sistemi ilə birləşdirən, SOCAR-a məxsus xətlə nəql olunur.

Bu ilin 9 ayı ərzində terminaldan həmçinin gündə orta hesabla 44 milyon standart kubmetr (təqribən 1 milyard 548 milyon standart kubfutdan çox) "Şahdəniz” qazı ixrac edilib.

Misilsiz iqtisadi əhəmiyyəti ilə yanaşı, Səngəçal həm də öz gözəlliyi ilə seçilən bənzərsiz sənaye nəhəngidir. Azərbaycan neftçiləri indiyədək çox möcüzələr yaradıblar. Təkcə polad dirəklər üzərində qurulan Neft Daşlarını xatırlatmaq kifayətdir. Bir möcüzə də Azərbaycanın yeni neft strategiyasındakı tərəfdaşları ilə birlikdə tikib-qurduğu Səngəçal terminalıdır. Bakıdan 55 kilometr cənubda, daim güclü küləklərin əsdiyi, əvvəllər payızda-qışda palçıq, yayda bürkü və toz içində olan yarımsəhra zonada misilsiz bir obyekt baş qaldırıb. Bu, gündüz də, gecə də əsrarəngiz görkəmi ilə diqqəti cəlb edən Səngəçal terminalıdır. Dünyanın ən böyük neft-qaz terminalı...

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video