15 Noyabr 2019 02:37
693
CƏMİYYƏT
A- A+

Seçki Məcəlləsində səlahiyyətli nümayəndələrin hüquq və vəzifələri , həmçinin fəaliyyətlərinin əsasları təsbit edilib


Azərbaycan Respublikasının Konstitusiyasında yerli özünüidarəetmə orqanı kimi təsbit edilmiş bələdiyyələrə seçkilər 2019-cu il dekabrın 23-nə təyin edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsində göstərilir:

I. Yerli özünüidarəni bələdiyyələr həyata keçirir.

II. Bələdiyyələr seçkilər əsasında yaradılır.

III. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 213-cü maddəsinə əsasən bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası (MSK) təyin edir.

MSK bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar müxtəlif maarifləndirmə tədbirlərini həyata keçirir. Maarifləndirmə tədbirləri sırasında hazırda geniş ictimaiyyətə təqdim olunan mövzu xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almalıyıq ki, 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 1606 bələdiyyəyə 15156 bələdiyyə üzvü seçilməlidir və bu seçkilərdə vətəndaşların özləri tərəfindən, seçicilərin təşəbbüs qrupu və seçkilərdə iştirak edən siyasi partiyalar tərəfindən bələdiyyə üzvlüyünə namizədlər irəli sürülür.

Qeyd edək ki, hər bir qeydə alınmış namizədin və siyasi partiyanın səlahiyyətli nümayəndələr və vəkil edilmiş şəxslər təyin etmək hüququ vardır.

Seçki Məcəlləsinin 52-ci maddəsində siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin, 72-ci maddəsində isə vəkil edilmiş şəxslərin təyin edilməsi qaydası, onların hüquq və vəzifələri, həmçinin fəaliyyətlərinin əsasları təsbit edilib.

MSK öz səlahiyyətləri daxilində Seçki Məcəlləsinin qeyd edilən maddələrin tətbiqi ilə əlaqədar "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında” Təlimat və "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin statusu haqqında” Təlimat hazırlayıb təsdiq edib.

Həmin təlimatlar kütləvi informasiya vasitələrində dərc edilib, MSK-nın internet səhifəsində yerləşdirilib və toplu şəklində çap edilərək seçicilərin və maraqlı subyektlərin istifadəsi üçün bütün seçki komissiyalarına çatdırılıb.

İlkin olaraq Seçki Məcəlləsinə və təlimata əsasən bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrin təyin edilməsi qaydası, onların hüquq və vəzifələri və fəaliyyətlərinin əsasları barədə oxuculara məlumat verək.

Seçki Məcəlləsi ilə nəzərdə tutulan seçki hərəkətlərinin həyata keçirilməsi üçün namizəd səlahiyyətli nümayəndə təyin edə bilər. Namizəd irəli sürmüş siyasi partiyalar və siyasi partiyaların blokları səlahiyyətli nümayəndələrini təyin etməlidirlər. Namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri, həmçinin siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri öz səlahiyyətləri daxilində namizədin iradəsi ilə, siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların qurultayı, konfransı, habelə onların rəhbər orqanının iclasının və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı ilə təyin edilirlər.

Seçki Məcəlləsinin 52.1-ci maddəsində göstərilir ki, səlahiyyətli nümayəndələr, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr müvafiq olaraq siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı, yaxud onların qurultayı, konfransı və ya rəhbər orqanın iclasının qərarı ilə təyin edilirlər.

Yuxarıda qeyd edilən müvafiq təlimatın 1.2-ci maddəsinə əsasən namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndələrin sayı qanunvericiliyə uyğun olaraq onların öz mülahizəsi əsasında müəyyən edilir.

Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi öz funksiyalarını onun səlahiyyətini, soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini, yaşayış yerinin ünvanını, iş və ya xidmət yerini, vəzifəsini (bu olmadıqda - fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə həm də maliyyə sənədlərinin və həmin sənədlər üçün möhürlərin nümunələrini əks etdirən, siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların qurultaylarının, yaxud konfranslarının və ya siyasi partiya nümayəndələrinin birgə iclasının qərarı əsasında, müəyyən olunmuş səlahiyyətlər həddində həyata keçirirlər.

Siyasi partiyanın səlahiyyətli nümayəndələrinə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və ya notariat qaydasında, namizədin səlahiyyətli nümayəndəsinə isə yalnız notariat qaydasında rəsmiləşdirilən vəkalətnamə verilməlidir.

Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahıları MSK-nın müəyyən etdiyi qaydada və formada tərtib edilərək MSK-ya təqdim edilir. Siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri istisna olmaqla, digər səlahiyyətli nümayəndələrin siyahısı dairə seçki komissiyalarına da təqdim edilir.

Təqdim edilmiş müvafiq siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə olmağa razılığı barədə yazılı məktubu, habelə arxasında həmin şəxsin şəxsiyyətini müəyyənləşdirməyə imkan verən qeyd aparılmaqla, 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil əlavə olunmalıdır. Namizədin səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinə MSK-nın müəyyən etdiyi nümunəyə uyğun hazırlanmış lövhəcik verilir. Səsvermə günü səsvermə otağında olarkən səlahiyyətli nümayəndənin həmin lövhəciyi olmalıdır.

Seçkilərin digər iştirakçıları kimi, səlahiyyətli nümayəndələr də Seçki Məcəlləsinin 2.6-cı maddəsində göstərilən şərtlərə riayət etməlidirlər.

Namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin aşağıda qeyd edilən hüquqları vardır:

- namizədin qeydə alınması üçün seçki sənədlərini müvafiq seçki komissiyasına təqdim etmək, imza vərəqələrinin müvafiq seçki komissiyasına verilməsi barədə yazılı arayış almaq və imzaların yoxlanılmasında iştirak etmək, imza vərəqələrinin yoxlanmasının nəticələri haqqında protokolun surətini almaq;

- namizədin qeydə alınması barədə qərarın surətini həmin qərarın qəbul edildiyi gündən etibarən 1 gün müddətində almaq, namizədin qeydə alınması üçün təqdim olunan seçki sənədlərində yol verilmiş və aradan qaldırılması mümkün olan səhvlər barəsində 24 saat müddətində xəbərdar edilmək və həmin səhvləri düzəltmək;

- dairə seçki komissiyalarından hüdudları, ünvanları və telefonları göstərilməklə seçki məntəqələrinin, məntəqə seçki komissiyalarının siyahısını və səsvermə yerlərinin ünvanlarını əldə etmək;

- qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku üçün seçkiqabağı təşviqat materiallarının dərc edilməsi tarixinin müəyyənləşdirilməsi məqsədilə keçirilən püşkatmada iştirak etmək, seçkiqabağı təşviqat materiallarının ödənişli əsaslarla dərc edilməsi ilə bağlı dövri nəşrlərin redaksiyalarına müraciət etmək, seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün ayrılmış yerlərin siyahısını müvafiq seçki komissiyasından almaq;

- müşahidəçi qismində seçkilərin gedişini izləmək, seçici siyahıları ilə tanış olmaq, səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq, seçicilərin barmaqlarının mürəkkəblənməsini və ultrabənövşəyi lampalarla yoxlanılmasını müşahidə etmək;

- seçki bülletenlərinin seçicilərə verilməsini müşahidə etmək, səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək, seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;

- müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək, seçki komissiyasının qanuni fəaliyyətinə mane olmadan, müşahidə aparmağı təmin edən şəraitdə və maneəsiz müşahidə aparmağa imkan verən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri və seçkilərin yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu və digər seçki sənədləri ilə tanış olmaq;

- səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;

- seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının kilidləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara əlavə olunmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri MSK tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq;

- səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq, müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;

- seçki sənədlərinin dairə seçki komissiyasına və MSK-ya göndərilməsini müşahidə etmək, müvafiq seçki komissiyasının qərarından, onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət etmək, qanunla qadağan edilməyən digər hərəkətlər etmək.

Namizədin, siyasi partiyanın, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinə aşağıdakı hərəkətləri etmək qadağandır:

- seçkiyə təsir etmək məqsədilə seçki kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul olmaq, seçkilərə təsir etmək məqsədilə digər fiziki və hüquqi şəxslərə maddi və maliyyə yardımı etmək, seçicilərə və təşkilatlara maliyyə yardımı, maddi yardım və ya xidmət göstərmək təklifi ilə müraciət etmək;

- teleradio verilişləri və kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalist və yaradıcı işçi olduğu halda seçkilərin gedişini kütləvi informasiya vasitəsilə işıqlandırmaq, dövlət və bələdiyyə orqanlarında müəyyən vəzifə tutduqda isə seçkilərin gedişi zamanı öz vəzifə və xidməti mövqelərindən istifadə etmək;

- seçicilərə seçki bülletenləri vermək, seçiciyə necə səs verəcəyi və necə səs verdiyi haqqında sual vermək, seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək, seçicinin xahişi ilə seçki bülletenini doldurmaq, seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;

- seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək, seçicilər arasında təşviqat aparmaq, bu və ya digər namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun dəstəklənməsinə yönəldilən və dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və çağırışlar etmək, müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək, seçicilərin barmaqlarını mürəkkəblə işarələmək və ya ultrabənövşəyi lampa ilə seçicilərin barmaqlarının işarələnib-işarələnmədiyini yoxlamaq, qanunla qadağan edilən digər hərəkətlər etmək.

Səlahiyyətli nümayəndənin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin səlahiyyət müddəti və səlahiyyətlərinə xitam verməsi qaydası Seçki Məcəlləsi ilə müəyyən edilib.

Namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən gec olmayaraq başa çatır.

Seçki Məcəlləsinin 52.5-ci maddəsində göstərilir ki, siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar etməklə nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti MSK-ya və dairə seçki komissiyalarına göndərilməlidir.

Yuxarıda qeyd edilən təlimatla müəyyən edilmişdir ki, namizəd, siyasi partiya, siyasi partiyaların bloku müvafiq seçki komissiyasını xəbərdar etməklə səlahiyyətli nümayəndələrini istənilən vaxt geri çağıra və onların əvəzinə başqalarını təyin edə bilər. Belə xəbərdarlıq olduqda müvafiq seçki komissiyası geri çağırılan səlahiyyətli nümayəndənin lövhəciyini etibarsız sayır.

Səlahiyyətli nümayəndə namizədi, habelə siyasi partiyanı, siyasi partiyaların blokunu xəbərdar etməklə ona verilmiş lövhəciyi istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq səlahiyyətlərindən imtina edə bilər.

Seçki Məcəlləsinin 72-ci maddəsi ilə vəkil edilmiş şəxslərin təyin edilməsi qaydası və onların fəaliyyətinin əsasları müəyyən edilmişdir.

Məcəllənin həmin maddəsində göstərilir ki, qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər namizədi qeydə almış müvafiq seçki komissiyası tərəfindən qeydə alınır. Vəkil edilmiş şəxslərinin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində vəkil edilmiş şəxslər qeydə alınırlar. Ərizədə və ya təqdimatda vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi göstərilməlidir. Siyasi partiyaların, siyasi partiyalar bloklarının müvafiq təqdimatlarına Seçki Məcəlləsinin 52-ci və 64-cü maddələrində müəyyən edilən qaydalar şamil edilir.

Vəkil edilmiş şəxslər müvafiq seçki komissiyasından lövhəcik alırlar. Vəkil edilmiş şəxs qeydə alınmış namizədin seçilməsi ilə bağlı təşviqat aparır və digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir.

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədlərin vəkil edilmiş şəxslərinin sayı Seçki Məcəlləsinin 220.1-ci maddəsi ilə müəyyən edilir. Həmin maddədə göstərilir ki, bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır.

"Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin statusu haqqında” Təlimatda göstərilir ki, vəkil edilmiş şəxs təyin edilərkən Seçki Məcəlləsinin 74.4.2-ci və 90.2-ci maddələrinin tələbləri mütləq nəzərə alınmalıdır.

Seçki Məcəlləsinin 74.4.2-ci maddəsinin tələbinə görə, öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağandır.

Seçki Məcəlləsinin 90.2-ci maddəsi ilə bir sıra şəxslərə seçkiqabağı təşviqat aparmaq və seçki fəaliyyətinin maliyyələşdirilməsi üçün yaradılan seçki fondunun formalaşdırılmasında iştirak etmək qadağan edilir. Həmin şəxslər sırasına xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, 18 yaşına çatmayan vətəndaşlar, öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və ya təşkilatlarında vəzifədə olan şəxslər aiddir.

Namizədin, siyasi partiyaların, siyasi partiyalar blokunun vəkil edilmiş şəxsləri öz funksiyalarını müvafiq olaraq onları təyin etmiş namizəd tərəfindən verilmiş vəkalətnamə və ya siyasi partiyalar, siyasi partiyalar blokunun müəyyən edilmiş qaydada qəbul etdikləri qərar əsasında həyata keçirirlər.

Siyasi partiyanın, siyasi partiyalar blokunun təyin etdikləri vəkil edilmiş şəxslərin siyahıları müvafiq seçki komissiyasına təqdim edilir.

Səlahiyyətli nümayəndələrin qanunla müəyyən edilmiş hüquqlarından əlavə olaraq vəkil edilmiş şəxslərin qeydə alınmış namizədin seçkiqabağı təşviqat kampaniyasında iştirak etmək, qeydə alınmış namizədin seçicilərlə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə müvafiq icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət etmək hüquqları vardır.

Seçki qanunvericiliyi ilə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun dövlət və bələdiyyə orqanlarında müəyyən vəzifə tutan vəkil edilmiş şəxslərinə seçkilərin gedişi zamanı öz vəzifə və xidməti mövqelərindən istifadə etmələri qadağan edilir. Namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə seçkilərin gedişində qadağan edilən hərəkətlərin edilməsi vəkil edilmiş şəxslərə də qadağan edilir.

Seçkilərin digər iştirakçıları kimi vəkil edilmiş şəxslər də Seçki Məcəlləsinin 2.6-cı maddəsində göstərilən şərtlərə, həmçinin seçki prosesində müşahidə apararkən Məcəllənin 41-ci və 42-ci maddələrinin tələblərinə riayət etməlidirlər.

Qeydə alınmış namizəd, namizədi qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku, müvafiq seçki komissiyasını xəbərdar etməklə vəkil edilmiş şəxsləri istənilən vaxt geri çağıra və onların əvəzinə başqalarını təyin edə bilər. Bu barədə qəbul edilmiş qərarın surəti müvafiq seçki komissiyasına göndərilməlidir. Belə xəbərdarlıq olduqda vəkil edilmiş şəxsə verilmiş löhvəcik etibarsız sayılır.

Vəkil edilmiş şəxs onu təyin edən subyekti xəbərdar etməklə, ona verilmiş löhvəciyi istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq səlahiyyətlərindən imtina edə bilər.

Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyasının onları qeydə aldığı gündən başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq, habelə seçki hüquqlarının pozulması barədə şikayət üzrə məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec olmayaraq, Seçki Məcəlləsinin 72.4-cü maddəsində göstərilən hallar istisna olunmaqla, təmsil etdikləri namizədlərin, siyasi partiyanın və ya siyasi partiyalar blokunun statusunun itirilməsi ilə başa çatır.

Ramiz İBRAHİMOV,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video