15 Noyabr 2019 02:32
2247
PARLAMENT
A- A+

Mütərəqqi yenilik


Milli Məclis gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin birinci oxunuşda müzakirəsini başa çatdırdı


Dünən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirildi. Milli Məclisin Sədri Oqtay Əsədov diqqətə çatdırdı ki, zərfə daxil olan sənədlərin cəmi 3-ü -”Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, "Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihələri müzakirə olunmayıb və həmin sənədlər bu iclasda geniş müzakirə olunacaq.


Davamlı iqtisadi inkişaf, şəffaflığın artırılması...


İlk müzakirə olunan sənəd "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi oldu. Dəyişikliklərlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi və dəyişiklikləri mütərəqqi yenilik adlandırdı. Ziyad Səmədzadə vurğuladı ki, dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafının təmin edilməsi, eyni zamanda vergi ödənişində uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaratmaqdır. Həmçinin ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır.

Dəyişikliklər yeddi əsas istiqaməti əhatə edir. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılması və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir.

Layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır. Məcəllənin 199-cu maddəsinin (Vergi güzəştləri və azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).


Sənaye parkının rezidenti 10 il müddətinə vergidən azad ediləcək


Məcəllənin 218-1-ci maddəsinin (Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014-cü il yanvarın 1-dən 10 il müddətində vergidən azad olunur.

Məcəlləyə edilən digər dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək-haqqından tutulan gəlir vergisi istisna olmaqla) qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə gəlir vergisindən azad ediləcək.

Yeniliklər əsasən ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini (yalan əqd bağlayaraq əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılmasını, riskli vergi ödəyicilərinə nazərətin gücləndirilməsini, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirməsini), ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsini, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılmasını, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasını, vergitutma bazasının genişləndirilməsini, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsini özündə ehtiva edir.

Qanun layihəsi 162 dəyişiklikdən ibarətdir. Bu əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodunun ləvğ edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır.

Qeyd edildi ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Komitənin sədri Ziyad Səmədzadə atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə inamını ifadə etdi.


Qanunlar hamı üçün eynidir


Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev iclasda iştirak edən İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edərək təklif irəli sürdü: "Bakının mərkəzi köşklərlə doludur. Həmin köşklərdə "Reklam haqqında” qanuna zidd olaraq şüşələrin arxasında siqaretlər düzülüb. Dünyanın heç bir yerində siqaret bu formada reklam olunmur. Hesab edirəm ki, siz bunları aradan qaldırsanız, hər kəs görəcək ki, qanunlar hamı üçün eynidir. İnsanlar bunu görməyincə, heç bir səylər nəticə verməyəcək”.

Vaxtilə orta məktəb dərsliklərinin ƏDV-dən azad olunması ilə bağlı qərarın verildiyini təqdir edən deputat Fazil Mustafa dedi ki, ali məktəb dərslikləri ilə bağlı bu addım atılmayıb. Onun fikrincə, ümumiyyətlə, kitab və çap məhsulları ƏDV-dən azad olunmalıdır: "18 faiz kifayət qədər böyük rəqəmdir. Belə bir addım atılarsa, kitaba münasibət dəyişər. Faiz aşağı salınanda kitabın qiyməti də ucuzlaşacaq. Bunun üçün cəsarətli addım atmaq lazımdır”.

Deputatın "Azərbaycanda məhkəmə islahatı ciddi şəkildə aparılmalıdır. Bu sahə ilə bağlı iki ay ərzində təkliflər verilməsi tapşırılsa da, 7 ay keçməsinə baxmayaraq hələ də bir xəbər yoxdur. Bu o deməkdir ki, islahatların ləngidilməsi istiqamətində müəyyən mesajlar verilir” fikirlərinə cavab olaraq Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, məhkəmə-hüquq sistemində islahatlarla bağlı sənəd Milli Məclisə daxil olub. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov isə məsələyə aydınlıq gətirdi. Dedi ki, məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Milli Məclisə göndərilən sənəd deputatlara da paylanılıb: "Bu sənəddə ölkəmizin davamlı tərəqqisinin təmin olunması üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Cənab Prezident müxtəlif sahələr üzrə təkliflərin hazırlanıb dövlət başçısına təqdim edilməsi tapşırığını da verib. Bunun ləngiməsi ona görə baş verir ki, bəzi sahələrə 2 ay, bəzilərinə 3, digərilərinə isə 6 ay vaxt verilib. Təkliflər hamısı toplanaraq təqdim ediləcək. Ona görə də bunu ləngimə kimi qiymətləndirmək doğru deyil”.


600 min manata yaxın vəsait mətbuat üçün kifayət qədər böyük rəqəmdir


Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə dedi: "Məcəlləyə "yalan əqd” anlayışının daxil edilməsini xüsusilə vacib sayıram. Müəssisələrin hüquqi sahibləri ilə yanaşı, faktiki sahibləri, yəni təsisçiləri də məsuliyyətdən kənarda qalmamalıdırlar. Bunları müsbət qiymətləndirirəm. Kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti - reklam xidmətləri istisna olmaqla - ƏDV-dən azad olduğu layihədə əksini tapır. Ancaq bilirsiniz ki, 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları əlavə dəyər vergisinə cəlb edilir. Çünki vergidən azadetmə vaxtilə məcəllə ilə paralel şəkildə Nazirlər Kabinetinin qərarında da əksini tapmışdı. Həmin qərar 2015-ci ildə ləğv edildiyindən ƏDV tətbiq olunur. Olmazmı ki, biz bu məsələdə Nazirlər Kabinetinin ləğv edilmiş qərarını deyil, Vergi Məcəlləsini rəhbər tutaq? Bu verginin tətbiqindən dövlət büdcəsinə cəmi 600 minə yaxın vəsait daxil olur. Rəqəm elə də böyük deyil. Ancaq mətbuat üçün kifayət qədər böyük rəqəmdir”.

Deputat qeyd etdi ki, layihənin digər maddəsində ümumtəhsil müəssisələri üçün dərslik komplektlərinin - iş dəftərləri istisna olmaqla uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətnin də ƏDV-dən azad olunduğu göstərilir: "Bu imtiyaz niyə mediaya da şamil edilməsin? Ümumən "Vergi ödəməkdən azad edilmə” adlı 164-cü maddədə elə bəndlər var ki, onlar üzrə ayrı-ayrı sahələrlə bağlı vergidən azadetmə KİV fəaliyyəti qədər önəmli deyil. Ət, çörək və digər yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır. Biz hər zaman, hər yerdə bildiririk ki, ölkəmizdə media fəaliyyəti üçün münbit şərait mövcuddur. Bir sıra imtiyazlar var. Mediaya dövlət qayğısı göstərilir. Belə olan halda, məncə, bu sahədə ƏDV-nin ləğvini də növbəti imtiyaz kimi nəzərdən keçirməyə dəyər. Buna ehtiyac var”.

Parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov isə dedi ki, 2020-ci ilin dövlət büdcəsindən Azərbaycan kinosunun inkişafı üçün 7,5 milyon manat vəsait ayrılıb. Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət komitələri və Mədəniyyət Nazirliyinin iştirakı ilə "Kinemotoqrafiya haqqında” yeni qanun layihəsi hazırlanıb: "Həmin qanunda Azərbaycan kinosunun inkişafı ilə bağlı bir neçə məqam əksini tapıb. Onlardan ikisi də vergi məsələləri ilə bağlıdır. Biz verginin vacibliyini anlayırıq. Ancaq kinonun inkişafı naminə müəyyən zaman üçün güzəştlər istəyirik. Bunun üçün keçmiş Vergilər Nazirliyinə, indiki birləşmiş struktura müraciət də etmişik. Müraciət ondan ibarətdir ki, xaricdən gələn investisiyalara və kino istehsalı ilə bağlı vergidən azadetmə və güzəştlər tətbiq edilsin”.

Təklif edilən dəyişikliklərin sahibkarlıq fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın inkişafına böyük dəstək verəcəyini söyləyən parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirdi ki, Azərbaycanda qısa müddət ərzində vergilər sahəsində böyük işlər görülüb. Deputat vurğuladı ki, bu gün Azərbaycanda vergi siyasəti ölkədə aparılan islahatlar konsepsiyasına uyğun həyata keçirilir. Bu baxımdan təklif edilən dəyişikliklərin gözəl nəticələr verməsi şübhə doğurmur. Azərbaycanda "startup”lar həyata keçirilir. Bu "startup”lar iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafına çox böyük töhfədir və bunu təşviq etmək lazımdır. Bu baxımdan deputat istəyir ki, nəzərdə tutulan güzəştlər o sahələrə də tətbiq edilsin.

İclasda deputatlardan Naqif Həmzəyev, Aydın Hüseynov, Qənirə Paşayeva, Novruzəli Aslanov, Rəşad Mahmudov, Kamran Nəbizadə, Rauf Əliyev də çıxış edərək fikir və təkliflərini səsləndirdilər.

İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov səslənən təkliflərə münasibət bildirdi. Nazir bildirdi ki, vergi islahatlarının həyata keçirilməsində və inzibatçılığında xüsusi diqqət yetirilən məqamlardan biri də iqtisadi fəallığın təşviq edilməsidir. 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayında 44 608 nəfər artım olub: "Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən əlavə dəyər vergisi ödəyicilərinin sayında 32,9 faiz və ya 5941 nəfər, obyektlərin sayında isə 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir”.

Nazir ali məktəb dərsliklərinin ƏDV-dən azad edilməsi ilə bağlı təklifi də cavablandırdı. Bildirdi ki, ümumtəhsil və peşə məktəblərindən fərqli olaraq, burada vahid sifarişçi yoxdur: "Ali təhsil çox böyük transformasiyalara uğrayıb. Bir çox hallarda dərslik hansısa məşhur alimin iqtisadi ədəbiyyatı da ola bilər, elmi ədəbiyyat da ola bilər. Bu da ali təhsil məktəbləri üçün dərslik kimi meyarların izlənilməsində çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, biz Təhsil Nazirliyində olan həmkarlarımızla da məsləhətləşmələr aparırıq. Çalışarıq ki, müvafiq qaydada mütləq bu məqamları nəzərə alaq”.

Nazirin çıxışından sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edildi.


Milli Məclisə 45 milyon manat ayrılır


Sonra "Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Parlamentin İşlər müdiri Firudin Hacıyev dedi ki, Milli Məclisin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib. Xərclər smetasının ümumi dəyərinin 79,7 faizi əməyin ödənişi fondu və əmək-haqqı ilə əlaqədar ayırmalar təşkil edir: "Son illər aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. 1980-ci ildə quraşdırılmış eklektrik yarımstansiyalarında yenidənqurma işlərinin aparılması və yararsız hala düşmüş avadanlıqların yenisi ilə əvəz edilməsi nəzərdə tutulub. Həmçinin informasiya texnologiyalarının inkişafı ilə əlaqədar Milli Məclisin inzibati binalarında, data mərkəzlərində avadanlıqların quraşdırılması, iclas zallarında elektron səsvermə sistemini idarə etmək üçün ayrılmış xüsusi otaqlarda yenidənqurma işlərinin aparılması tələb olunur”.

Firudin Hacıyev Maliyyə naziri Samir Şərifovdan göstərilənləri nəzərə alaraq Milli Məclisin 2020-ci il xərclər smetasında bəzi maddələr üzrə vəsaitin artırılmasını xahiş etdi: "Tikili, avadanlıq və cari təmir xərcləri” maddəsinə 50 min, "icarə və muzdlu xidmətlər” maddəsinə 1 milyon manat, "xarici ezamiyyətlər” maddəsinə 200 min manat, "xarici ölkə nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, onlara xidmət göstərilməsi” maddəsinə 200 min manat, "maşın və avadanlıqlar” maddəsinə 100 min manat, nəqliyyat vasitələrinin alınmasına 300 min manat və "torpaq, tikili və avadanlıqlar” paraqrafına 50 min manat vəsaitin ayrılmasını istəyirik”.

"Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında” sənədi isə qurumun rəhbəri Vüqar Gülməmmədov təqdim etdi. Bildirildi ki, palata üzrə xərclər smetasının ümumi məbləği 9 061 223 manat proqnozlaşdırılıb. Qanun layihəsində Hesablama Palatasının xərclər smetası ilə bağlı əməyin ödənişinə 8 167 372 manat (Hesablama Palatası işçilərinin əməkhaqqı 5 671 963 manat, ştatdankənar işçilərin əməkhaqqı 110 898 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri 887 073 manat, məcburi dövlət sığorta haqları 1 442 988 manat, icbari dövlət sığortası 23 279 manat, işsizlikdən sığorta 31 279 manat), malların (işlərin və xidmətlərin) satın alınmasına isə 628 245 manat vəsait ayrılması nəzərdə tutulur.

Məruzələrdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov büdcə zərfinə daxil olan məsələlərin yekunlaşdığını bildirdi. Spiker qeyd etdi ki, sənədlərin 2-ci oxunuşda müzakirəsi noyabr ayının 26-da olacaq.

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video