15 Noyabr 2019 02:30
1684
İQTİSADİYYAT
A- A+

Sahibkarlığın inkişafı iqtisadi artımın təminatıdır


Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir


Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə çağdaş tariximizdə keyfiyyətcə yeni dövrün, müstəqil dövlət quruculuğuna aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyev Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, iqtisadi müstəqilliyin əsasını qoydu.

Hələ o dövrdə Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, qarşıdakı illər üçün Azərbaycanda Sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olunmuşdur.

Məhz bu görüşlərin və görülmüş işlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi təsis edilmişdir.

Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ötən dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın inkişafı üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu artırmaqla, sahibkarlığın inkişafına güclü təkan verir.

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.

Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahının yüksəlməsinə hesablanmış müxtəlif layihələrin, xeyriyyəçilik aksiyalarının həyata keçirilməsi, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu aktuallıq ilk növbədə onunla şərtlənir ki, elmi-texniki inqilabın məhsulu olan müasir informasiya-kommunikasiya texnologiyaları müsbət tərəfləri ilə yanaşı, bəzi hallarda insanlar arasında mənəvi uçurumu, psixoloji səddi dərinləşdirir, mənəvi idealları ifrat maddiləşmənin mənfi təsirlərinə məruz qoyur. Bu təsirləri zərərsizləşdirmək, ictimai düşüncədə xeyirxahlıq, humanizm, insanpərvərlik, mərhəmət kimi ali keyfiyyətlərin möhkəmlənməsinə nail olmaq missiyası isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ülu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri var.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olduğu qısa müddətdə öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmış, Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmağın qarşıda duran ən başlıca məqsəd olduğunu bəyan etmişdir.

Millət vəkili olduğu dövrdə ölkədə iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarlığın qanuni mənafelərinin qorunması və işgüzar fəliyyətinin gücləndirilməsi istiqamətində Mehriban xanımın fəliyyəti aktual problemlərə olan həssas münasibətinin ifadəsi idi.

Son illərdə ölkədə qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır ki, bu işdə Birinci vitse-prezident kimi Mehriban xanımın rolu danılmazdır. Belə ki, ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir.

Mehriban xanımın zəngin fəaliyyəti yalnız bir məqsədə - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.

Reallıq da göstərir ki, son 16 ildə respublikada uğurla həyata keçirilən siyasət ilk növbədə ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişaf məqsədinə yönəlmişdir. Bu dövrdə Azərbaycanın inkişafı sürətlənmiş, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir.

2019-cu il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə ölkə Prezidentinin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı olmuşdur. Ölkə Prezidenti iclasda bildirdi ki, "bizim əsas vəzifəmiz iqtisadi artımımızı birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlamaqdır”.

Aparılmiş islahatların nəticələri beynəlxalq hesabatlarda da öz əksini tapıb, "Doing Business 2020” hesabatında Azərbaycan ümumilikdə 190 ölkə arasında 34-cü mövqedə qərarlaşıb. Belə ki, Azərbaycan biznesə başlama üzrə 9-cu, tikinti üçün icazələrin alınması üzrə 59-cu, əmlakın qeydiyyatı üzrə 44-cü, kreditlərin alınması üzrə 1-ci, vergilərin ödənilməsi üzrə 40-cı, müqavilələrin icrası üzrə 28-ci və müflisləşmənin həlli indikatoru üzrə 47-cidir. Göründüyü kimi, Azərbaycanın "Doing Business 2020” hesabatında ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində "Daşınar əmlakın yüklülüyü haqqında” qanuna və Mülki Məcəlləyə edilən dəyişikliklərlə uyğunlaşdırmaların aparılması daha çox səmərə verib.

Bu hesabata görə, Azərbaycan ötən ildə olduğu kimi, bu il də 20 ən islahatçı ölkə sırasındadır. Üstəlik Azərbaycandan başqa ilk 25-likdə olan heç bir ölkə top-20 siyahısına daxil edilməyib. Çünki etalona yaxınlaşdıqca ən çox islahat aparan ölkə statusunu qorumaq da çətinləşir.

Aparılan kompleks islahatlar nəticəsində "Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Azərbaycan 270 milyard dollardan çox sərmayə cəlb etməklə hər nəfərə düşən sərmayə həcminə görə regionun lider ölkəsidir. Bu ilin ilk 9 ayında da qeyri-neft sektorunda əsas kapitala yönəldilən vəsaitlər 8,9 faiz artaraq 6,3 milyard manatı üstələyib. Sərmayə cəlbinin artması isə həm yeni iş yerlərinin yaradılması, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılması deməkdir.

Prezident İlham Əliyevin uğurlu il kimi qiymətləndirdiyi 2019-cu ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər, islahatlar davam etdirilir.

Bu ilin doqquz ayı ərzində ümumi daxili məhsulun 3 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 15,0 faiz artması dövlətin apardığı mütərəqqi iqtisadi siyasətin bariz nümunəsidir.

2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlara yazılacaq.

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Bu baxımdan dövlət başçısının yeni sosial paketi kimi təqdim olunan 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü vətəndaş rifahı naminə atılan mühüm addımlardır.

Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.

Görülən işlərə əsasən deyə bilərik ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən fərqlənən il olacaq. Prezidentin söylədiyi kimi, Azərbaycan bu il də uğurlar və inkişaf yolu ilə gedəcək.

Dövlət başçısı fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Problemli kreditlərin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən insanlarda olan narahatlığa son qoyuldu. Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. Bu fərman sahibkarlarla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri sahibkarın xeyrinə həll olundu.

Təbii fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş sahibkarlara dəymiş ziyanın dəqiq hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, onların qısa müddətdə işlə təmin edilməsi bir daha təsdiq etdi ki, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman sahibkarın yanındadır.

Artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Belə ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora üstünlük verilir.

Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 16 il ərzində artması nəticəsində özəl sektorda iş yerlərinin əsaslı şəkildə artması bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir. Bu tədbirlərdən biri də sahibkarların güzəştli kreditlərlə təmin edilməsidir. Belə ki, fondun fəaliyyəti dövründə 36 min sahibkara 2,2 milyard manat güzəştli şərtlərlə kreditlər verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minədək yeni iş yerinin açılmasına imkan yaradılmışdır. 2019-cu ilin əvvəlindən bugünədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 mln. manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 mln. manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74%-i aqrar sektorun, 26%-i sənaye istehsalı və digər sahələrin, 66%-i regionların, 34%-i isə Bakı qəsəbələrinin payına düşür.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

Bunu nəzərə alaraq İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin qarşısında qoyulan əsas vəzifə ölkədə Kiçik və Orta Sahibkarlığın iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabətqabiliyyətliliyinin artırılması, inkişafının dəstəklənməsi, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir. Hazırda kiçik və orta sahibkarların ümumi daxili məhsulda payının 15 faizə, qeyri-neft ixracında isə 10 faizə çatması üçün əhəmiyyətli islahatlar həyata keçirilməkdədir.

Cari ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunan mallar və göstərilən xidmətlər 2 faiz artaraq 31 milyard manat təşkil etmiş, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunda məhsul istehsalı 15,2 faiz artmış, həmin dövrdə sənayedə özəl sektorun payı 82 faizə çatmışdır. Bu isə qeyri-neft sektorunda sahibkarların lider olduğunu bir daha təsdiq edir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır.

Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınıb. Prezident İlham Əliyevin rəhbərliyi altında son on altı ildə respublikamız dünyada güclü, müstəqil, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən bir ölkə kimi nüfuz qazanıb.

Hazırda dünyanın nüfuzlu iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, ölkə rəhbəri cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq reallığa çevrilib. Təsadüfi deyil ki, Azərbaycan iqtisadi keçid dövrünü başa çatdırıb və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.

Ölkə iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir.

Biznes mühitinin dinamik inkişafı ilə bağlı onu da xatırladaq ki, respublikada təkcə yerli sərmayədarlara deyil, həm də xarici investorlara əlverişli mühit yaradılıb. Biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində güzəştlər müəyyən edilib, sahibkarlığın və ixracın təşviqinə yönələn tədbirlər reallaşdırılıb.

Dövlət başçısının "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə davam etdirilib.

Belə ki, Azərbaycan modeli olan, habelə əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsi məqsədilə yaradılmış "ASAN xidmət” mərkəzləri də məhz bu zərurətdən irəli gəlmişdir. "ASAN xidmət” mərkəzləri tərəfindən idarə olunan Elektron Hökumət Portalı dövlət orqanlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, istifadəçilərin onlardan bəhrələnməsinə, dövlət orqanlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət göstərir.

Ölkə Prezidentinin sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış "DOST” mərkəzləri - Azərbaycanın məşğulluq və sosial təminat siyasəti dünyada mövcud olan ən yaxşı təcrübəni özündə ehtiva etmişdir. Belə ki, əhalinin məşğulluğunun təmin olunmasında bir tərəfdən iş adamlarına yeni iş yerləri açmaq üçün əlverişli şərait yaradılmış, digər tərəfdən isə dövlət əmək bazarında özünə iş tapa bilməyən insanlara aktiv məşğulluq tədbirləri, işsizliyə görə müavinət, işsizlikdən icbari sığorta, işsizlərin səriştələrinin artırılması mexanizmləri vasitəsilə öz dəstəyini əsirgəmir.

Keçid dövrünü geridə qoyan respublikamızın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq olduğundan ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması, dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

İxracın genişləndirilməsi, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının zənginləşdirilməsi istiqamətində dövlət başçısının "Made in Azerbaijan” brendinin xarici bazarlarda genişmiqyaslı təşviqinə dair fərmanı mühüm əhəmiyyət kəsb edir. Fərmana uyğun olaraq potensial ixrac ölkələrinə ixrac missiyaları təşkil edilir, ölkəmizin beynəlxalq əhəmiyyətli sərgilərdə "Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirakı təmin olunur, Azərbaycan məhsulları xarici kütləvi informasiya vasitələrində reklam edilir, ixrac təşviqinin geri ödənilməsi mexanizmi tətbiq edilir.

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə son illərdə xarici ölkələrdə Azərbaycan ticarət evləri açılmışdır. Bu il yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində açılan "Azərbaycan Ticarət Evi” ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur. Xarici ölkələrdə "Azərbaycan Ticarət Evi”nin açılması və Azərbaycanın şərab evlərinin yaradılması prosesi bu ildə də davam etdirilməkdədir.

Həyata kecirilən iqtisadi islahatlar Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşısında cox böyük vəzifələr qoyur. Azərbaycanın möhtəşəm uğurlarına, şübhəsiz ki, sahibkarlar ordusu da özünəməxsus töhfələr verməyə çalışır və bu, dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir.

Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yalnız dayanıqlı dövlət-özəl əməkdaşlığı mexanizmləri vasitəsilə dayanıqlı iqtisadi inkişafa xidmət edəcək effektiv qanunvericilik və idarəetmə çərçivəsi yaratmaq mümkündür. Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.

Azərbaycan hökumətinin son illərdə apardığı iqtisadi islahatlarla əlaqədar sənədlərin hazırlanmasında sahibkarların iştirakının vacibliyi qeyd olunur. Azərbaycan Sahibkarlar Konfederasiyası da öz təcrübəsindən qeyd edə bilər ki, bütün maraqlı tərəflərin iştirakı olmadan hazırlanan qanunvericiliyə dəyişikliklər və əlavələr, islahat layihələri praktikada müxtəlif problemlərlə üzləşir.

Konfederasiya öz işini özəl sektorda sağlam qüvvələrin birləşməsi əsasında qurur. Üzvlərimiz sırasına, demək olar ki, ölkə iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən müxtəlif şirkətlər daxildir. Konfederasiya üzvlərinin milli və beynəlxalq platformalardan səmərəli istifadəsi üçün təşkilatımızın nəzdində iqtisadiyyatın sahələri üzrə bölünmüş tematik komissiyalar fəaliyyət göstərir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini quraraq sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir və sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.

Biznes mühiti barədə beynəlxalq aləmə geniş məlumatların verilməsi, ölkələrarası biznes əlaqələrinin genişləndirilməsi istiqamətdə konfederasiyanın 15-dən artıq xarici dövlətdə rəsmi nümayəndələrinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Nümayəndələrimizin fəaliyyət istiqamətləri əsasən Azərbaycandakı investisiya imkanları haqqında məlumatların çatdırılması və ölkəmizin ixracyönümlü məhsul və xidmətlərinin xarici bazarlara çıxarılmasına dəstək olmaqdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Azərbaycan Sahibkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq İşəgötürənlər Təşkilatının, İpək Yolu Beynəlxalq Ticarət Palatasının, Sahibkarlar və Sənayeçilərin Beynəlxalq Konqresinin, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür.

Azərbaycan Sahibkarlar Konfederasiyası 5 oktyabr 2019-cu il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzvü olan ölkələrin Biznes və İnvestisiya Forumunda yaxından iştirak etmiş, 14 oktyabr 2019-cu il tarixdə isə Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Biznes Forumunun təşkilatçısı olmuş və forumun yüksək səviyyədə keçirilməsini təmin etmişdir.

11 beynəlxalq sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcəkdir.

Sahibkarlar Konfederasiyasının yaxından iştirak etdiyi və eyni zamanda təşkilatçısı olduğu tədbirlərdən biri də ölkəmizdə hər il Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən tədbirlərdir.

2008-ci ildə başlayaraq hər il bütün dünyada keçirilən və artıq dünyanın 160 olkəsini əhatə edən Qlobal Sahibkarlıq Həftəsi yeni ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan və biznes fəaliyyətləri vasitəsilə insanların rahatlığını təmin edən innovasiya sahiblərini və iş yerləri yaradanların fəaliyyətini əks etdirən vacib hadisədir.

Cari ilin 18-23 noyabr tarixlərində keçiriləcək Qlobal Sahibkarlıq Həftəsi bütün dünyada milyonlarla insanı, o cümlədən yeni nəsil sahibkarları müxtəlif tədbir və müsabiqələrə cəlb etməklə onları daha da ruhlandıracaq.

Bir məsələ də qeyd olunmalıdır ki, ölkədə qadın sahibkarlığının xüsusi çəkisi ilbəil artmaqdadır. Sahibkar qadınların fəaliyyətini gücləndirmək üçün Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələr qadınlara kiçik və orta biznes müəssisələrinin açılmasında kömək edir. Xüsusilə nisbətən daha aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahibkarlıqla məşğul olmasında belə layihələr mühüm əhəmiyyətə malikdir.

Bütün bunlarla yanaşı, Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü olan xanım iş adamları Qadın sahibkarlığın inkişafı komissiyasının iclaslarında fəal iştirak edərək ölkədən kənarda təşkil edilən tədbir və sərgilərə cəlb olunmaqla Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdə iştirak edirlər və beynəlxalq təcrübədən yararlanırlar.

Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçiriləcək tədbirlərlə bağlı plan hazırlanmış, buna uyğun olaraq 19 noyabr tarixdən etibarən konfederasiyanın təşkilatçılığı ilə "Qadın sahibkarlara yaşıl işıq”, "Qadın sahibkarlar üçün "dəyirmi masa”, "İqtisadiyyat Nazirliyi ilə Konfederasiyanın iri sahibkarlarla görüşü”, "Təcrübəli sahibkarların gənc sahibkarlara tövsiyələri”, "Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti”, "Sahibkarlar üçün intellektual oyunun təşkili” və digər bu kimi tədbirlər keçiriləcəkdir.

Konfederasiya Azərbaycan iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində genişmiqyaşlı işlər aparır.

Ölkə Prezidentinə sadiqlik nümayiş etdirən sahibkarlarımız əminliklə bildirirlər ki, cənab İlham Əliyevin rəhbərliyi altında İnkişafın Azərbaycan Modeli keyfiyyətcə yeni mərhələdə də öz nailiyyətləri ilə davamlı inkişafın istinadına çevriləcəkdir.

Biz Sahibkarlar Konfederasiyası olaraq Azərbaycanda fəaliyyət göstərən bütün iş adamlarını Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etməyə dəvət edirik.

İnanıram ki, ölkə sahibkarları dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək xalqımızın rifah halının daha da yüksəldilməsi, rəqabətədavamlı istehsal potensialının artırılması üçün öhdələrinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə və düzgün istifadə edərək ölkəmizin iqtisadi qüdrətinin artması üçün bütün qüvvələrini səfərbər edəcəklər.

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video