14 Noyabr 2019 23:44
546
CƏMİYYƏT
A- A+

Doqquz rayonun məktəbliləri “Qızılgüllər diyarı” Zaqatalada

"Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Lerik, Astara, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Xızı və Abşeron rayonlarının məktəbliləri noyabrın 14-də, günün ikinci yarısında Zaqatala rayonuna gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə Zaqatalanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 129 min nəfərdən çox əhalisi olan Zaqatala rayonunda 20-dən artıq xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır.

Diqqətə çatdırılıb ki, Zaqatala rayonunun iqtisadiyyatında tütünçülük, meyvəçilik, o cümlədən fındıqçılıq, baramaçılıq, gülçülük mühüm yer tutur. Rayonda illik istehsal gücü 3500 ton olan tütün emalı zavodu, həmçinin tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. "AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsində ötən ildən etibarən məhsul istehsalına başlanılıb. Bildirilib ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür. Bu il rayonda 15 min tondan çox fındıq istehsal olunub. Rayonun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə iki ildir ki, Zaqatalada Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir.

Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, ümumi sahəsi 2765 kvadratmetr olan ikimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində hər gün onlarla yeniyetmə və gənc məşğul olur.

Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı bildirilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş "Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 15 yerli əhəmiyyətli tarixi abidə var.

Qeyd olunub ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin "Qalada üsyan” romanını yazıb və bu əsər əsasında "Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində lentə alınan "Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalası və onun ətrafında çəkilib.

Tur-aksiya iştirakçıları qalanın ərazisini gəzib, xatirə şəkilləri çəkdiriblər.

Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gəliblər. 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 növ ağac var.

Məktəblilər məşhur "Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə - Dədə Qorqud meydanına gəliblər.

Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı bildirilib ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat nümayiş etdirilir.

Zaqatalaya səfərləri çərçivəsində tur-aksiya iştirakçıları fındıq emalı müəssisəsində də olublar.

Tur-aksiya iştirakçıları "Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video