Vaşinqtonda ciddi qarşılıqlı iddialar fonunda ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilmişdir. Bu barədə yerli KİV xəbər verir.
Birgə brifinqdə ABŞ Prezidenti həmkarının ünvanına komplimentlər demiş və bəzi müsbət qərarlar barədə məlumat vermişdir. Amerika KİV-i diqqəti Ağ ev sahibinin göstərdiyi xüsusi qonaqpərvərliyə yönəltmişdir. Türkiyə lideri isə bəyanatında daha təmkinli olmuşdur.
"Türkiyənin Rusiyadan S-400 kimi qabaqcıl hərbi avadanlıq alması bizim üçün çox ciddi çağırışlar yaradır. Ümidvaram ki, bu məsələnin həllini tapa biləcəyik. Biz dövlət katibimizə və Xarici İşlər nazirimizə, habelə milli təhlükəsizlik üzrə köməkçilərimizə müraciət etmişik ki, dərhal S-400 məsələsinin həlli ilə bağlı işə başlasınlar” deyə Donald Tramp bildirmişdir.
"Biz müdafiə sahəsində ilk növbədə S-400 sistemləri və F-35 proqramı ilə bağlı münasibətlərimiz haqqında səmimi söhbət etdik. Maneələri ancaq dialoq vasitəsilə aşa bilərik” deyə Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir.
Xatırladaq ki, ötən ay ABŞ Prezidenti Suriyadakı vəziyyətlə bağlı Ərdoğana ünvanladığı məktubda qeyri-diplomatik ifadələrdən istifadə etmişdir. Türkiyə lideri həmin məktubu özü ilə Vaşinqtona gətirmiş və Trampa qaytarmışdır.