Boliviyanın eks-prezidenti Evo Morales ölkədə çevrilişin təşkilində ABŞ-ı ittiham etmişdir. Onun dediyinə görə, ABŞ Venesuelaya Xuan Quaydonu sırımışdır, indisə Janin Anyesi Boliviya Prezidenti elan edir.
Morales həmçinin ABŞ Prezidenti Donald Trampın Boliviyanın yeni hökumətinin legitimliyini tanımaq qərarını pisləmişdir.
Bundan əvvəl ABŞ dövlət katibinin köməkçisi Maykl Kozak Amerika hökumətinin Boliviyanın müvəqqəti administrasiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir.
Boliviya Prezidentinin səlahiyyətləri Senatın ikinci vitse-spikeri Janin Anyesə həvalə edildikdən sonra bir neçə ölkə, o cümlədən Braziliya, Kolumbiya, ABŞ və Böyük Britaniya onun legitimliyini tanımışdır. Eyni zamanda Meksika, Venesuela, Kuba və Argentinanın seçilmiş Prezidenti Alberto Fernandes Moralesin tərəfini tutmuşlar.