14 Noyabr 2019 00:45
1137
SİYASƏT
A- A+

Xalqa xidmət missiyası


Prezident İlham Əliyev yeni kadr islahatları ilə daha çevik, daha mobil və müasir çağırışlara dərhal reaksiya verə bilən struktur formalaşdırır


"Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir”.

Noyabrın 12-də Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, ölkədəki siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir.

Dövlət başçısının bu görüşlər zamanı səsləndirdiyi fikirlərdən bəlli olur ki, kadr ishalatları getdikcə daha da dərinləşəcək. Elə son 15 gün ərzində 2 şəhər, 5 rayon icra hakimiyyəti başçısının vəzifədən azad olunub yerlərinə gənc kadrların təyin edilməsi bunu deməyə əsas yaradır.

Əgər dövlət başçısı 2018-ci il prezident seçkisindən sonra ölkədə sosial-iqtisadi islahatların daha da dərinləşəcəyini söyləmişdisə, bu il oktyabrın 17-də keçirdiyi iqtisadi müşavirədə isə struktur və kadr islahatlarının anonsunu vermişdi. Bu gün həm dünya birliyi, həm də ölkə ictimaiyyəti bu islahatlara şahidlik edir. Hazırkı mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünsə də, bir qədər diqqət etsək, bunun digər komponentlərlə paralel həyata keçirildiyini görə bilərik.

Öncə son ildə həyata keçirilən uğurlu sosial islahatlar xalqın rifah halının yaxşılaşmasına xidmət edir. Dövlət başçısının söylədiyi kimi, yoxsulluğun aşağı səviyyəyə düşməsinin əsas səbəbi ondan ibarətdir ki, həyata keçirilən iqtisadi islahatlar, o cümlədən sosial sahə böyük diqqətlə əhatə olunur. Bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunub və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artıb. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz, müavinətlər isə 2 dəfə çoxalıb.

Bu il həmçinin orta əməkhaqqı 35 faiz artıb və hazırda Azərbaycanda orta əməkhaqqı 723 manat təşkil edir. Prezident bu rəqəmin yüksələcəyini də əminliklə vurğuladı: "Əminəm ki, gələcək illərdə bu rəqəm artacaq. İlk növbədə ona görə ki, həm maaşlar artacaq, eyni zamanda, biz kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə apararaq, artıq 100 mindən çox iş yerini kölgədən çıxarıb və onları rəsmiləşdirə bilmişik və bu proses davam edəcək. Biz hələ işin başlanğıc mərhələsindəyik. Amma orta əməkhaqqının 35 faiz artırılması və 723 manata çatdırılması, əlbəttə ki, sosial siyasətimizin bariz nümunəsidir”.

Beynəlxalq təşkilatların da hazırladıqları hesabatlarda Azərbaycanda sosial-iqtisadi islahatların uğurla aparıldığı qeyd olunur. Dünya Bankının "Doing Business 2020” hesabatında da Azərbaycanın dünyanın ən çox islahat aparan 20 ölkəsindən biri kimi seçilməsi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan rəy sorğusunda əhalinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevi - islahatların rəhbərini dəstəkləməsi söylənilənlərin real təsdiqidir.

Əlbəttə ki, Prezidentin söylədiyi kimi, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları gedir: "Təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, vətənə bağlı olsunlar.

Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar”.

Struktur islahatları ilə bağlı cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji kurs ondan ibarətdir ki, icra strukturları çevik, mobil, yeni çağırışlara dərhal reaksiya verən olmalı, eyni zamanda az resurslardan istifadə etməklə şəffaf fəaliyyəti təmin etməlidirlər. Dövlət başçısı vəzifəyə yeni təyin etdiyi icra hakimiyyəti başçıları ilə görüşdə səsləndirdiyi fikirlərlə ilk növbədə onlara öz gündəlik fəaliyyətini nümunə göstərir. Cənab İlham Əliyev nümunəsi göz önündədir. Hər zaman vədəndaşın yanında olmaq, xalqın sevimlisinə çevrilmək, problemini dinləyib onların həlli ilə bağlı dərhal tapşırıqlar vermək... Bu, xalqa xidmət missiyasıdır.

Yeni təyin olunan icra başçılarına tapşırıqlarını çatdırarkən Prezident həmçinin bu məsələyə toxundu və vurğuladı ki, icra başçıları ilk növbədə xalqa ləyaqətlə xidmət etməlidirlər. Çünki xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur: "Dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm - xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.

Dövlət başçısı yeni icra hakimiyyəti başçılarını qəbul edən zaman məmurların diqqətinə çatdırdı ki, qarşılarında duran əsas vəzifə rəhbərlik edəcəkləri rayonların sosial-iqtisadi inkişafına nail olmaqdır. Eyni zamanda, yeni kadrlar daim vətəndaşlarla ünsiyyət əsnasında rayonun problemlərini və insanları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlidirlər. Əks təqdirdə ciddi şəkildə cəzalandırılacaqlar: "Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır”.

Prezident həmçinin yerlərdən gələn hər bir siqnala obyektiv baxılacağını, icra başçılarının fəaliyyətinə doğru qiymət veriləcəyini də bəyan etdi. Yəni onların fəaliyyətləri daim Prezidentin diqqətində olacaq.

Göründüyü kimi, ölkədə kadr islahatlarının yeni dövrü başlayıb. Bütün bunlar, yəni Prezidentin sosial-iqtisadi və siyasi islahatlarının uğurları onu deməyə əsas verir ki, bugünkü sabitliyin, müstəqil həyatın əsas təminatçısı olan xalq-iqtidar birliyi getdikcə daha da möhkəmlənir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video