Alternative content

00:30 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə dövlətin iqtisadi konstitusiyasının müzakirəsi başlayıb
Milli Məclisdə dövlətin iqtisadi konstitusiyasının müzakirəsi başlayıb
ANA SƏHİFƏ / PARLAMENT
02:54 13.11.2019


Ötən həftə Milli Məclisin bütün komitələrində müsbət rəy alan "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin dünən parlamentin plenar iclasında geniş müzakirəsi başlandı.

Baş Nazir Əli Əsədov və hökumət üzvlərinin iştirak etdiyi iclasda çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyinə 11 məsələnin daxil edildiyi bugünkü iclas əlamətdar bir günə - Konstitusiya Gününə təsadüf edir. 1995-ci il noyabr ayının 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyası qəbul edilib.


Düşünülmüş siyasət innovativ inkişafı, dövlətə etimadı daha da möhkəmləndirib


Gündəliyin təsdiqindən sonra parlamentin Sədri dövlət büdcəsi haqqında məlumat verərək dedi ki, Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyası 2019-cu ilin ötən dövründə də iqtisadiyyatın yüksəlişini təmin edib.

Ölkənin bütün makroiqtisadi göstəricilərində artım müşahidə olunur. Keçən ilin aprel ayında cənab İlham Əliyevin andiçmə mərasimindəki çıxışında müəyyənləşdirdiyi strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar iqtisadi inkişafa yeni dinamika gətirib. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sahəsində, xüsusən vergi və gömrük sistemində islahatlardan sonra bu gün geniş-miqyaslı struktur islahatları aparılır, dövlət idarəçiliyinə yeni yanaşmalar tətbiq edilir, o cümlədən gəncləşdirmə siyasəti həyata keçirilir.

Ona görə də tamamilə məntiqlidir ki, Dünya Bankının hazırladığı sonuncu "Doing Business 2020” hesabatına əsasən, Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsindən biri olub. Biznesə başlama göstəricisinə görə ölkəmiz dünyada 9-cu yeri tutur. Azərbaycanda ardıcıl xarakter daşıyan islahatlar iqtisadi inkişaf üçün əvvəlki illərdə yaradılmış potensialı daha da möhkəmləndirir və artırır: "Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə zərfi sənədləri ölkə iqtisadiyyatında müşahidə olunan müsbət dəyişiklikləri dolğun əks etdirir. Oktyabrın 15-də keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı İlham Əliyevin dediyi kimi, "Son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.

Oqtay Əsədov ötən 9 ayda ölkənin sosial-iqtisadi göstəricilərinə nəzər yetirərək bildirdi ki, ölkəmizin valyuta ehtiyatları son 1 ildə 9 faizdən çox artaraq 48,5 milyard dollar təşkil edib. Bu müddətdə ölkə iqtisadiyyatına 10 milyard manatdan çox investisiya yatırılıb. Bu vəsaitin 60 faizindən çoxu qeyri-neft sektoruna yönəldilib. 9 ayda əhalinin gəlirləri 8,9 faiz artıb, inflyasiya isə 2,6 faiz təşkil edib. Bunlar əhalinin sosial rifahının daha da yüksəlməsinin mühüm göstəriciləridir.

Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət innovativ inkişafı və dövlətə etimadı daha da möhkəmləndirib: "Parlamentə təqdim edilən sənədlərdən aydın olur ki, iqtisadi göstəricilərin artımı 2020-ci ildə də davam edəcək. İlk növbədə bunu söyləmək lazımdır ki, gələn il dövlət büdcəsinin gəlirləri 24,1 milyard manat, xərcləri 26,9 milyard manat olacaqdır. Bu, cari ilin göstəricilərindən müvafiq olaraq 4,2 faiz və 6,8 faiz çoxdur. Proqnozlara görə, əsas iqtisadi göstərici olan ümumi daxili məhsul 3 faiz, o cümlədən qeyri-neft sektorunda yaradılacaq məhsul 3,8 faiz artacaqdır. Bunun nəticəsində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 70 faizə yaxınlaşacaq.


4 milyon 200 min nəfəri əhatə edən 2 sosial paket


Hər il olduğu kimi, 2020-ci ilin dövlət büdcəsi də əhalinin sosial rifahının yüksəlməsinə, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin güclənməsinə, iqtisadiyyata investisiya qoyuluşunun daha da artmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, dövlət borcu üzrə öhdəliklərin icrasına möhkəm maliyyə əsasları yaradır”. Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturunda diqqəti çəkən mühüm məqamlardan biri cari xərclərin həcminin artmasıdır. Belə ki, 2020-ci ildə cari xərclərin həcmi bu ilə nisbətən ciddi şəkildə, yəni 40 faizə yaxın, ölkə üçün strateji sahələr olan təhsil xərcləri 38 faizdən çox, elm xərcləri 42 faiz, müdafiə və təhlükəsizlik xərcləri 21 faiz artırılacaq. Digər strateji sahələrdə də ciddi artımlar nəzərdə tutulur.

Spikerin sözlərinə görə, büdcə sənədlərindən göründüyü kimi, 2020-ci ilin büdcəsi də sosialyönümlü olacaqdır. Gələn il sosial müdafiə və sosial təminat xərcləri 31 faiz artırılacaq. Nəticədə dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 39 faizə yaxınlaşacaq: "2019-cu ildə həyata keçirilmiş iki sosial paketin icrasının gələn il davam etdirilməsi üçün 4 milyard manatadək əlavə vəsait nəzərdə tutulub. Bu sosial paketlərin əhatə dairəsinə 4 milyon 200 min nəfər, bütövlükdə isə hər bir azərbaycanlı ailəsi düşür. 2020-ci ildən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə xərcləri 1 milyard 369 milyon manata çatdırılır. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən daimi diqqət gələn il də davam etdiriləcək”.

Sonda isə Oqtay Əsədov nəzərə çatdırdı ki, dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin birgə iclaslarında ətraflı müzakirə olunub və müzakirələrdən sonra komitələr dövlət büdcəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər. Hesablama Palatası da büdcə zərfinə öz müsbət rəyini bildirib.


Hərbi xərclərin artması obyektiv zərurətdən doğur


Çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsindədir. İllər keçdikcə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz büdcə parametrlərinin daha da yaxşılaşdırılması üçün tədbirlər görür.

Büdcə layihəsi "Büdcə sistemi haqqında” qanuna uyğun olaraq vaxtında Milli Məclisə təqdim edilib və bütün komitələrdə geniş müzakirə aparılıb. Səslənən təkliflərə münasibət bildirilib. Komitə sədrinin sözlərinə görə, gələn ilin büdcəsi həm sosial, həm də investisiyayönümlüdür. Büdcə layihəsi başlıca iqtisadi sənəd olaraq 2020-ci ildə həyatımızın müxtəlif istiqamətlərini əhatə edən, dünya və ölkə iqtisadiyyatında gözlənilən meyillərin təhlilinə uyğun hazırlanıb.

Ziyad Səmədzadənin sözlərinə görə, Azərbaycanın dövlət büdcəsi son illər dəfələrlə artıb və bundan sonra daha çox artacaq: "Bəzi təşkilatlar bizi tənqid edir ki, Azərbaycanda müdafiə xərcləri də artır. Lakin diqqət yetirmək vacibdir ki, hərbi xərclərin artması obyektiv zərurətdən doğur. Bu sahəyə bundan sonra da diqqət yönəldiləcək: "Artıq Azərbaycanın çox güclü müdafiə potensialı var. Bu, bölgədə ən güclü potensialdır və biz bunu daha da artırmalıyıq. 2020-ci ilin büdcəsi bu tələblərə cavab verir. Azərbaycan həm müdafiə qabiliyyətini, həm iqtisadi təhlükəsizliyini gücləndirmək, həm də ölkənin iqtisadi gücünün artması və bu əsasla əhalinin keyfiyyətli yaşayış səviyyəsini yüksəltməsi istiqamətində daha cəsarətli addımlar atmaq imkanına malik olmalıdır”.


Büdcənin sosialyönümlülüyü təmin ediləcək


Gələn ilin dövlət büdcəsinin əsas parametrləri barədə məlumat verən Maliyyə naziri Samir Şərifov bildirdi ki, 2020-ci il və ortamüddətli dövrdə Azərbaycanın milli iqtisadiyyatının başlıca sektorları üzrə strateji yol xəritələrinin icrası, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi büdcə xərclərinin əsas istiqamətlərindən biri olacaq.

Ənənəvi olaraq büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet istiqamətlərdən olacaq. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci il və ortamüddətli dövrdə də davam etdiriləcək. İnsan kapitalının inkişafı, əmək məhsuldarlığının artırılması, kompetensiyalı işçi qüvvəsinin yaradılması üzrə tədbirlər büdcə siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq. Bu əsasda təhsil islahatlarının davam etdirilməsi, məktəbəqədər təhsilin maliyyə təminatı, habelə ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulunun daha da genişləndirilməsi məqsədilə müvafiq maliyyə təminatı ayrılacaq. Xərc siyasətinin digər mühüm istiqaməti ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaq. Bununla əlaqədar aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün müvafiq təşviq mexanizmləri formalaşdırılacaq, maliyyə dəstəyi və subsidiyalar ayrılacaq. 2020-ci ilin xərc siyasətinin əsas istiqamətlərindən biri səhiyyə sahəsində islahatların dəstəklənməsi olacaq. Belə ki, 2020-ci ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır ki, bu məqsədlə dövlət büdcəsində əhəmiyyətli maliyyə vəsaiti nəzərdə tutulub. 2020-ci il və ortamüddətli dövrdə nəqliyyat, kommunal infrastruktur, meliorasiya, sənaye və energetika, kənd təsərrüfatı kimi prioritet sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi, habelə təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil və şəhid ailələri üçün evlərin tikintisi dövlət əsaslı vəsait qoyuluşunun prioritet istiqamətlərindən olacaq.


Dövlət Neft Fondundan büdcəyə 11 milyard 350 milyon manat transfert olacaq


2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb. Bütövlükdə ortamüddətli dövr üçün də icmal və dövlət büdcəsinin layihələri hazırlanarkən həmin qiymətin əsas götürülməsi planlaşdırılır.

Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi 3 faiz bənd artıb. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır.

Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14 milyon manat az transfert nəzərdə tutulur.

İcmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq.


Elm, təhsil, səhiyyə, sosial təminat xərclərinə 8 milyard manat ayrılır


2019-cu illə müqayisədə növbəti ildə elm xərclərinə 42,1 faiz, təhsil xərclərinə 38,3 faiz, səhiyyə xərclərinə 31,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 31,1 faiz, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 29,3 faiz, müdafiə və hüquq mühafizə orqanlarının saxlanması xərclərinə 22,5 faiz çox vəsait nəzərdə tutulub.

Dövlət büdcəsinin 10 milyard 210 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Nazir bildirdi ki, sosial xərclər büdcənin prioritetini təşkil edəcək. Sosialyönümlü xərclər 10 milyard 642 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat çoxdur. Əhalinin aztəminatlı təbəqəsinin sosial durumunun yaxşılaşdırılması istiqamətində gələn il ehtiyac meyarı həddinin və yaşayış minimumunun məbləğinin artırılması nəzərdə tutulub.

Gələn il üçün elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinə 8 milyard 402 milyon manat vəsait sərf olunacaq. İcbari tibbi sığortanın tətbiqi də nəzərə alınmaqla səhiyyə xərclərinin məbləği 1 milyard 369 milyon manata yüksələcək. Sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 245 milyon manat olacaq.

Müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüquq mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün 5 milyard 827 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.


Milli Məclisə keçiriləcək seçkilər üçün 51 milyon manat...


Hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə etməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub. Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq.

Beynəlxalq münasibətlər və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclərin maliyyələşdirilməsinə 413 milyon manat nəzərdə tutulub. Həmin vəsaitin 226 milyon manatı beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı xərclərə, 145 milyon manatı isə xaricdəki diplomatik nümayəndə və səfirliklərin saxlanması xərclərinə yönəldiləcək.

Azərbaycanın xaricdə fəaliyyət göstərən ticarət nümayəndəliklərinin, səfirliklərin nəzdindəki mədəniyyət mərkəzlərinin saxlanmasına, diaspor fəaliyyətinin dəstəklənməsinə 20 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Milli Məclisə keçiriləcək seçkilər üçün büdcədən 51 milyon manat ayrılacaq. Bununla yanaşı, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinin təmini üçün də maliyyənin ayrılması nəzərdə tutulur. Siyasi partiyalara və qeyri-hökumət təşkilatlarına 40 milyon manat ayrılması proqnozlaşdırılır.


Neftin 1 barelinin qiyməti 55 dollardan götürülüb


İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, dövlətin iqtisadi sənədi Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasının proqnoz göstəriciləri, "Büdcə sistemi haqqında” qanuna əsasən qlobal iqtisadi çağırışlar, ölkə iqtisadiyyatının inkişaf meyilləri və dövlət başçısı tərəfindən müəyyən edilmiş hədəflər nəzərə alınmaqla hazırlanıb.

Beynəlxalq təşkilatların proqnozları, fiskal dayanıqlığın təmin edilməsi məqsədləri əsas götürülməklə neftin 1 barelinin qiyməti proqnozlaşdırılan dövr üçün 55 dollar qəbul edilib: "Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Dövlət başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan artıq postneft dövründə yaşayır. Bu dövrdə daha dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək üçün dərin islahatlar aparılmalıdır. Bu gün milli iqtisadiyyatın inkişafında neft-qaz sektoru öz lokomotiv rolunu saxlamaqda davam edir və qeyri-neft iqtisadiyyatının inkişafına dəstək göstərir. Ancaq bu, bizi arxayınlaşdırmamalıdır. Azərbaycanın sabit, dayanıqlı iqtisadi artımı sosial rifahın davamlı şəkildə inkişafını təmin etmək üçün hökmən yeni inkişaf drayverlərini işə salmalıdır”.

Nazirin sözlərinə görə, həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Ümumi daxili məhsulun gələn il 3, növbəti illərdə isə 3,3 faiz artacağı proqnozlaşdırılır.

Gələn il üçün inflyasiyanın 4,6 faiz, sonrakı il üçün isə 4 faiz ətrafında olacağı proqnozlaşdırılır: "Gələn il neft-qaz sektorunda 1,6 faiz, növbəti illərdə isə 3 faiz artım proqnozlaşdırılır. Bu ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 16,6 faiz artıb. Növbəti ildə aqrar sektorda 4,8 faiz, sonrakı 3 ildə orta hesabla 4,3 faiz artım gözlənilir”. Nazir qeyd etdi ki, görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir: "Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət, iqtisadiyyatın dayanıqlığının qorunub saxlanılması üçün görülən tədbirlər növbəti ildə yeni iqtisadi model çərçivəsində əhalinin sosial durumunun daha da yaxşılaşmasına səbəb olacaq”.


Büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir


Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun büdcə ilə bağlı hazırladığı rəyi təqdim etdi. Bildirdi ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyi "Hesablama Palatası haqqında”, "Büdcə sistemi haqqında” qanunların tələblərinə, həmçinin "Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyinin hazırlanması, baxılması və təsdiq edilməsi Qaydaları”na uyğun hazırlanıb.

Vüqar Gülməmmədovun sözlərinə görə, büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir. İlin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir. Onun fikrincə, 2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur. Eyni zamanda, 2020-ci ilin dövlət büdcəsində xərclərin həcmi 2019-cu ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır.

Vüqar Gülməmmədov vurğuladı ki, 2020-ci ilin dövlət büdcəsi layihəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir. Növbəti ildən qüvvədə olacaq təsnifat dövlət maliyyəsinin beynəlxalq metodologiyaya uyğunlaşması istiqamətində uğurlu addımlardan biridir. Onun sözlərinə görə, növbəti il həm mərkəzləşmiş, həm də yerli gəlirlərdə artım proqnozlaşdırılır. Hesablama Palatası tərəfindən hazırlanan rəydə büdcə layihəsinin icrası ilə bağlı rəy və tövsiyələr verilib. Palata hesab edir ki, təqdim edilən rəy dövlət maliyyəsinin şəffaflaşmasına xidmət edir.


Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılmalıdır


Nazirlərin və Hesablama Palatasının sədrinin təqdimatından sonra iclasda müzakirələr başlandı. İlk çıxış edən deputat Vahid Əhmədov bildirdi ki, ölkədə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılmalıdır. Deputatın sözlərinə görə, bu sahədə əsaslı vəsait qoyuluşuna daha geniş imkan yaradılmalıdır. Çünki qeyri-neft sektorunun inkişafında imkanlar həddən artıq böyükdür: "Son illər ölkəmizdə sənaye parkları istifadəyə verilib. Bu sənaye parklarının istifadəsinə 3,3 milyard dollar vəsait xərclənib. Bu parklarda 1,5 milyard manata yaxın məhsul istehsal edilib, 306 milyon manata yaxın məhsul isə xaricə ixrac edilib. Biz sənaye müəssisələrini 7 il müddətinə vergidən azad etmişik. Düşünürəm ki, 7 il bəs edər ki, həmin sənaye müəssisələri kifayət qədər effektiv işləsinlər və Azərbaycanın dövlət büdcəsinə vergi versinlər”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə dedi: "Çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın və mümkün olduğu təqdirdə bir qədər də artırılsın”. Deputat güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin çoxuşaqlı ailələrə və müəllim ailələrinə şamil olunmasını da təklif etdi. Onun fikrincə, uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün dövlət səviyyəsində istirahət mərkəzlərinin yaradılması üçün vəsait ayrılmasına böyük ehtiyac var.

Deputat Gövhər Baxşəliyeva gələn il üçün elm sahəsinə ayrılan vəsaitin artırılmasını dəstəklədi. Deputat vurğuladı ki, xarici ölkələrdə olan Azərbaycan xalqına məxsus əlyazmalar ölkəyə gətirilməlidir. Bunun üçün isə əlavə vəsait tələb olunur: "Ürək ağrısı ilə qeyd edirəm ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə qeyri-maddi mənəvi sərvətlər, əlyazmalar talanıb, digər ölkələrə aparılıb. Misal olaraq Füzulinin ərəb divanı uzun onilliklər ərzində mütəxəssislər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapıldı. Xarici ölkələrdə Azərbaycana məxsus kütləvi şəkildə əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olmalı, dünya kitabxanalarında mövcud olan əlyazmaları ölkəmizə gətirməliyik”.

Deputat Qənirə Paşayeva, Musa Qasımlı çıxış edərək qeyd etdilər ki, növbəti ilin dövlət büdcəsi Prezident İlham Əliyevin sosial-iqtisadi islahatlarının uğurlarını real təcəssüm etdirir.


Deputatlardan təklif: siyasi partiyalara ayrılan vəsait artırılsın


Günün ikinci yarısında büdcə ilə bağlı müzakirələr davam etdirildi. Deputatlardan Fəzail Ağamalı, Tahir Rzayev, Rəşad Mahmudov, Sahibə Qafarova, Elman Nəsirov çıxış edərək bildirdilər ki, 2019-cu il ölkəmizin həyatında əhəmiyyətli hadisələrlə zəngin olub. Kadr və struktur islahatları cəmiyyətimizə yüksək töhfə verməkdədir. Bu il əldə edilən uğurlar Prezident İlham Əliyevin islahatlarının alternativsizliyini bir daha təsdiq edir. 2019-cu ildə ölkəmizdə əksər sahələrdə əldə edilən uğurlar 2020-ci ilin dövlət büdcəsində öz əksini tapıb. Deputatlar hesab edirlər ki, gələn il qeyri-neft sektorunun inkişafında mühüm mərhələ olacaq.

"Büdcə müzakirələrinin formatı dəyişdirilməlidir. Hər bir nazir öz sahəsi üzrə ayrıca büdcə hazırlamalıdır, xərcləmələr sayəsində nə fayda görəcəyi ilə bağlı məlumat verməlidir”. Bunu isə deputat Fazil Mustafa söylədi. Deputatın digər təklifi isə kommunal xidmətlərlə bağlı idi. Belə ki, F.Mustafa düşünür ki, əhaliyə kommunal xidmətlər göstərən bir sıra şirkətlərin əlverişli şərtlərlə xarici investorlara ən azı 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə verilməsi zərurətdir. Bu addım dövlət büdcəsinin yükünü azalda bilər.

"Bu büdcə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ən böyük büdcədir. Sosial sahəyə ayrılan vəsait göstərir ki, 2020-ci ilin büdcəsi sosialyönümlüdür”. Bu fikirləri səsləndirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hesab etdi ki, xalq Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf etməsinin, dövlət büdcəsinin daha geniş şəkildə artmasının şahidi olur. Ancaq Azərbaycan inkişaf etdikcə, büdcəsi artdıqca düşmənlər aktivləşirlər: "Həmin qüvvələr ölkəmizin inkişafını istəmirlər. Onlar Azərbaycanın digər ölkələr kimi ağır vəziyyətdə olmasını, başqa dövlətlərin əlinə baxmasını istəyirlər. Milli Məclisdə oturan deputatların hər biri büdcəni müzakirə edir, öz dairələri, təmsil olunduqları ərazidə problemlərin həllini təklif edirlər. Bir qrup isə Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket edir. İndi soruşmaq lazımdır ki, onlar xalqın problemləri ilə maraqlanır, yoxsa parlamentdə oturanlar?

Əgər onlar BMT-nin ofisi qarşısında belə piket keçirsəydilər, onu başa düşərdim. Çünki işğal altında olan torpaqların sakinləri bələdiyyə seçmək hüququndan məhrum olublar. Bir dəfə də olsun Dağlıq Qarabağın adını çəkməyən insanlar gedib piket keçirirlər. Onların piketi nəticəsində bütün nəqliyyat dayanıb, təhsil sistemi pozulub”.

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan Prezidenti, hökuməti görülən işləri hərtərəfli təqdim edir: "Əgər hər hansı məsələ ilə bağlı iradınız varsa, şikayət edin. Heç bir sahədə narazılığa səbəb olan heç nə tapa bilmirlər. Ortaya iqtisadçı çıxararaq, terminlərlə nəsə demək istəyirlər. Amma onların büdcədən başları çıxmır”.

Gələn il parlament seçkilərinin keçiriləcəyini xatırladan komitə sədri dedi ki, büdcədən siyasi partiyalara ayrılan vəsait artırılarsa, müsbət addım kimi qiymətləndirilər.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə də təkliflə çıxış etdi. Deputatın fikrincə, ölkədə sosial evlərin tikintisi daha da genişləndirilməlidir. Paytaxtda, regionlarda bu məsələyə xüsusi diqqət ayrılmalıdır.

Deputat Əli Məsimli isə təklif etdi ki, büdcə layihəsi ilə bağlı rəyini hazırlayan Hesablama Palatasının irəli sürdüyü 30-a yaxın tövsiyəyə diqqətlə nəzər yetirilsin. Deputatlardan Novruzəli Aslanov, Elman Nəsirov, Musa Quliyev, Kamilə Əliyeva, Bəxtiyar Əliyev, Aytən Mustafayeva, Qüdrət Həsənquliyev, Nəsib Məhəməliyev, Fərəc Quliyev, Tahir Mirkişili, Cavid Osmanov, Aydın Hüseynov, Azər Badamov, Elmira Axundova, Mirkazım Kazımov çıxış edərək bildirdilər ki, 2020-ci ilin büdcəsi müstəqillik dövrünün ən böyük büdcəsidir. Yeni büdcə layihəsi 3 il müddətində xalqın sosial rifah halının yaxşılaşdırılmasına mühüm töhfəsini verəcək. Büdcədə xərclərin 39,5 faizinin sosial sahəyə həsr edilməsi bir daha təsdiq edir ki, dövlət əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atır. Müxtəlif təkliflər səsləndirən deputatlar siyasi partiyalara, QHT-lərə və KİV-lərə ayrılan vəsaitin artırılmasını istədilər.

Qanun layihəsinin müzakirəsi bu gün davam etdiriləcək.

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM