12 Noyabr 2019 16:36
1640
Səhiyyə
A- A+

DST: sağlam olmaq istəyirsinizsə, şəkil çəkin, mahnı oxuyun, rəqs edin


İncəsənətin sağlamlığa müsbət təsiri haqqında genişmiqyaslı yeni tədqiqatı BMT-də sözün həqiqi mənasında "inqilabi araşdırma” adlandırıblar. Bu araşdırmanın müəllifləri inandırıcı şəkildə sübut edirlər ki, musiqi, rəssamlıq və rəqs bir sıra xəstəliklərin profilaktikası üçün təsirli vasitə olmaqla bərabər, həm də səmərəli "dərman” hesab edilə bilər.

Kopenhagendə təqdim olunmuş məruzənin müəllifləri 900-dən çox beynəlxalq nəşrdə dərc edilmiş faktiki məlumatlar əsasında bildirirlər ki, incəsənət insan sağlamlığına bütün həyatı boyu – ana bətnində inkişafa başladığı gündən ömrünün sonuna qədər müsbət təsir göstərir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, əgər balaca uşaqlar yatmazdan əvvəl valideynləri onlar üçün kitab oxuyursa, belə uşaqlar gecə daha rahat yatır, dərslərdə daha diqqətli olur və üstəlik, bu uşaqların öz valideynləri ilə emosional əlaqəsi möhkəmlənir. Dram dərnəklərində məşğələlər gənclərin qərar qəbul etmək və zorakılıqdan qorunmaq məsələlərinə daha məsul yanaşmalarına kömək edə bilər. Musiqi isə ahıl yaşda demensiyaya meyilli insanların koqnitiv funksiyalarını dəstəkləyə bilər. Araşdırmalar göstərir ki, mahnı oxumaq diqqəti yaxşılaşdırır, gündəlik həyatda fəaliyyət qabiliyyətini artırır.

Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru vəzifəsini icra edən Piroska Ostlin deyir: "Bəşəriyyət penisillin və ya genetika nə olduğunu biləndən çox-çox əvvəl insanlar musiqi və rəngkarlığı yaradıblar. Bizim öz ümid və qorxularımızı bildirmək ehtiyacımız, ətraf mühiti qavramağımız və bu barədə başqaları ilə bölüşmək tələbatımız aclıq və susuzluğun rəf edilməsi qədər zəruridir. Buna görə də təəccüblü deyil ki, incəsənət bizim sağlamlığımıza və salamatlığımıza müsbət təsir göstərə bilər”.

İnsanlar özlərini incəsənətdə ifadə etməyə həmişə ehtiyac duyublar. Bu gün məlum olub ki, incəsənət həm də səmərəli "dərmandır”.

İncəsənət profilaktik funksiyadan əlavə, bəzən dərman rolu oynayır və "klinik əhəmiyyətli nəticələr” verir. Piroska Ostlin deyir: "DST-nin bu inqilabi məruzəsində göstərilıən nümunələr sübut edir ki, incəsənət diabet, piylənmə və ruhi pozğunluq kimi "məkrli” və mürəkkəb problemlərinin həlli kömək edə bilər. Müəlliflər sağlamlıq və salamatlıq anlayışlarını daha geniş sosial kontekstdə araşdırır və indiyə qədər tibbi metodlarla həll edilməsi mümkün olmayan problemlərin aradan qaldırılmasına yeni yanaşmalar təklif edirlər”.

Məsələn, musiqi və yaradıcılığın müxtəlif növləri xərçəng xəstəliyinin yanaşı effektlərini, o cümlədən yuxuculluq, iştahsızlıq, təngnəfəslik və ürəkbulanma kimi halları yüngülləşdirməyə kömək edir. İntensiv terapiya şöbəsinə düşmüş pasiyentlərin musiqi və əl işləri ilə məşğul olması onların təşviş və ağrı hissini yüngülləşdirir, arterial təzyiqini azaldır. Bir sıra ölkələrdə geniş yayılmış klounada isə həm xəstə uşaqların, həm də onların valideynlərinin əhvalını yaxşılaşdırmağa kömək edir. Çoxsaylı araşdırmalar göstərir ki, rəqslə məşğul olmaq Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin hərəki fəallığını xeyli artırır.

Məruzədə göstərilən məlumatlar sübut edir ki, incəsənətin müxtəlif növləri zədələnmiş insanların sağalmasına, nevroloji pozğunluqları, o cümlədən autizm, serebral iflic və insult keçirmiş insanları dəstəkləməyə kömək edir. İncəsənət ahıl insanlar üçün palliativ dəstək rolu oynayır, bu şəxsin doğmaları isə onun ölümünü sakit qarşılayırlar.

Araşdırmanın müəllifləri vurğulayırlar ki, art-terapiyanın bəzi növləri standart bioloji-tibbi müalicə metodları ilə müqayisədə yaxşı klinik nəticələr verməklə bərabər, həm də iqtisadi baxımdan daha sərfəli ola bilər.

Bundan əlavə, art-terapiya həm fiziki, həm də psixoloji problemləri həll edir və bir sıra dərman vasitələrindən fərqli olaraq neqativ effekt doğurmur.

Dünya Səhiyyə Təşkilatı ölkələrin hökumətlərinə incəsənət köməyi ilə sağlamlığı dəstəkləmək proqramları yaratmağı, incəsənət və mədəniyyət sahəsində çalışan müəssisə və təşkilatların fəaliyyətinə səhiyyə məsələlərinin də daxil olunmasını, həmçinin tibb işçilərinə art-terapiya metodlarının öydərilməsini tövsiyə edir.

Məruzədə incəsənətin beş növündən söhbət gedir. Bu növlərin hər biri öz növbəsində bir sıra istiqamətləri əhatə edir: ifaçılıq sənəti (musiqi, rəqs, oxuma, teatr, kino); vizual incəsənət (əl işi, dizayn, rəngkarlıq, fotoqrafiya); ədəbiyyat (bədii yaradıcılıq, qiraət, ədəbi festivallarda iştirak); mədəni tədbirlərdə iştirak (muzeylərə, qalereyalara, konsert və teatra getmək); internet-incəsənət (animasiya, rəqəmsal incəsənət və s.).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video