09 Noyabr 2019 01:37
2568
SİYASƏT
A- A+

İstiqlalın rəmzi


Bayraq hər bir dövlətin əsas rəmzlərindən biri və həm də xalqın müqəddəs and yeridir. Ona görə ki, tarixən bayraq xalqların varlığının sübutu, onların dövlət qurmaq bacarıqlarının milli göstəricisi olub. Təsadüfi deyil ki, ən qədim zamanlardan bügünümüzədək özünütəsdiq simvolu olan bayraq dünyanın bütün nöqtələrində qürur və güvənc yeri sayılır. Bununla yanaşı, dövlətin və onun xalqın kimliyinin, tarixən aparmalı olduğu mübarizələrin, keçdiyi inkişaf yollarının, eyni zamanda, təfəkkür və düşüncə tərzinin, daxili dünyasının göründüyü ən şəffaf və dəqiq mənəvi meyar bayraqdır.


Vüqarla dalğalanan bayrağımız


Belə bayraqlardan biri bu gün BMT-də, Avropa Şurasında və digər mötəbər beynəlxalq təşkilatlarda dalğalanaraq, bütün dünyaya müstəqil Azərbaycanın varlığını bəyan edir. Ən mötəbər idman yarışlarında qürurla ucalaraq xalqımızı zəfər çalmaq, qalib olmaq əzmini nümayiş etdirir. Beləliklə, azadlığı, suverenliyi, aparılan istiqlal mübarizəsini, milli kimliyi özündə tərənnüm edən üçrəngli Azərbaycan bayrağı bizi dünyada tanıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Azərbaycan bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.

Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir. 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.


Heydər Əliyev hələ sovet dövründə üçrəngli bayrağımızı ucaltdı


Lakin dövlət müstəqilliyimiz elan olunmazdan xeyli əvvəl, sovet hakimiyyətinin hələ mövcud olduğu dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaltmışdı. 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı Naxçıvandan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın rəsmən Naxçıvan MR-nın Dövlət bayrağı olması barədə qərar qəbul etdi.

Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə gedən proseslərə güclü təkan verdi. Prezident İlham Əliyev bu barədə deyib: "O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunduqdan sonra Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi.


Keçmişimizə ehtiramın nümunəsi


Bu gün Azərbaycanın dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində, o cümlədən beynəlxalq təşkilatlarda ucalır, mühüm tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amillərdir.

Bu istiqamətdə atılan ən mühüm addımlardan biri Dövlət Bayrağı Gününün təsis edilməsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının dövlət bayrağı ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilib. Bunu nəzərə alaraq, o cümlədən Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı meydanının yaradılması da dövlət atributlarına olan yüksək ehtiramın ən gözəl nümunəsidir.


Bayrağımız tezliklə Qarabağda dalğalanacaq


Üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir.

2016-cı ilin Aprel döyüşlərindən sonra isə Azərbaycan bayrağı Lələtəpədə, Cocuq Mərcanlıda dalğalanmağa başladı. Prezident İlham Əliyev 2016-cı ilin Aprel qələbəsində Azərbaycan Ordusunun xidmətlərini yüksək qiymətləndirərək deyib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir... Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

Bəli, o gün uzaqda deyil. Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət xalqımızı inamla Böyük Qələbəyə aparır. Tezliklə Şuşada, Xankəndidə, Ağdamda və işğal edilmiş bütün ərazilərimizdə Azərbaycan bayrağı yenidən ucalacaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video