İraq təhlükəsizlik qüvvələri Bəsrə əyalətində hökumət əleyhinə etirazların iştirakçılarına qarşı döyüş güllələrindən istifadə etmişdir. Nəticədə 3 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Bu barədə "Anadolu” agentliyi xəbər verir.
Şahidlərin dediyinə görə, polislər nümayişçilərə qarşı qeyri-proporsional gücdən istifadə etmişlər.
Ölkədə hökumət əleyhinə aksiyalar ötən ayın 1-dən bəri davam edir. İraqlılar işsizliyə və korrupsiyaya etiraz edirlər.
Bu arada Avropa İttifaqı ölkələri İraq hökumətini etiraz aksiyaları zamanı nümayişçilərə qarşı ifrat gücdən istifadə olunduğuna görə pisləmişdir. Avropa diplomatiyasının başçısı Federika Mogerininin bəyanatında deyilir ki, İraq xalqı dinc etiraz hüququndan istifadə edir və hökumət Konstitusiyaya uyğun olaraq bu hüquqa hörmətlə yanaşmalıdır.