Fransa polisi paytaxt Parisin şimal-şərqində və şəhərin ətrafındakı Sen-Deni qəsəbəsində qaçqınların qanunsuz olaraq yaratdığı iki iri düşərgədən miqrantları köçürmüşdür. Qaçqınların əksəriyyəti Somali, Əfqanıstan və Çad vətəndaşlarıdır. Bu barədə "Euronews” telekanalı xəbər verir.
Məlumata görə, əməliyyat sübh çağı Port-de-lya-Şapeldə başlamışdır. Dünən səhər saat 06:00 radələrində çadır düşərgəsini sökmək üçün 600-ə yaxın asayiş keşikçisi gəlmişdir. 1200 qaçqın avtobusla gimnaziyalara və qaçqınların qəbulu mərkəzlərinə aparılmışdır. Bu, bölgədə qanunsuz düşərgələrin sökülməsinə yönəlik ilk əməliyyatdır. Prefektin vəd etdiyi kimi, bu cür əməliyyatlar ilin sonunadək davam edəcək.
Bu arada Fransanın Baş Naziri Eduar Filipp miqrasiya ilə bağlı qəbul olunmuş tədbirlər barədə məlumat vermişdir. Miqrasiya məsələsində hökumət tarazlıq tapmağa çalışır. Bir tərəfdən, hakimiyyət orqanları qaçqınlara humanist münasibət göstərmək, digər tərəfdən isə, miqrantların fırıldaqlarının qarşısını almaq niyyətindədir. Söhbət ilk növbədə tibbi xidmət sahəsindən gedir.