08 Noyabr 2019 00:54
629
İQTİSADİYYAT
A- A+

Azərbaycan maliyyə resurslarını “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçməsinə yönəldir


Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün maliyyə resurslarını onun həyata keçməsinə yönəldir.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Şanxayda davam edən II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində keçirilən "Qlobal ticarət və beynəlxalq logistika” forumunda deyib.

Ş.Mustafayev bildirib ki, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına dövlət səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun imzalanması, dövlət başçısının cari ilin aprelində Pekində 2-ci "Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakı ölkəmizin bu təşəbbüsə dəstəyinin göstəricisi olmaqla yanaşı, Azərbaycanın sözügedən strategiya çərçivəsində əməkdaşlığın inkişafına ən yüksək səviyyədə əhəmiyyət verdiyini nümayiş etdirir.

Baş Nazirin müavini Avrasiyada ticari-iqtisadi əlaqələrin fəallaşmasının beynəlxalq yükdaşımaların da çoxalmasına səbəb olduğunu, bu çərçivədə yeni və səmərəli marşrutlara ehtiyac yarandığını deyib. Bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çin ilə Avropa arasında yüklərin daha qısa müddətə və etibarlı daşınması üçün cəlbedici yoldur. Coğrafi-iqtisadi baxımdan əvəzolunmaz üstünlükləri olan bu dəhliz "Bir kəmər, bir yol”un icrası baxımından böyük əhəmiyyət daşıyır. Artıq bu yol vasitəsilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb.

Ş.Mustafayev Azərbaycanın son illər formalaşdırdığı nəqliyyat-logistika infrastrukturu barədə məlumat verərək deyib ki, ölkəmizdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir, böyük yük təyyarəsi parkı və Xəzər dənizində ən iri yük limanı var. Nəqliyyat infrastrukturunun önəmli hissəsi Xəzər dənizində ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.

Diqqətə çatdırılıb ki, Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan infrastrukturun səviyyəsinə görə 31-ci, dəmir yollarının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci, dəniz limanlarının səmərəliliyinə görə isə 25-ci yerdə qərarlaşıb.

Tədbirdə çıxış edən Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natia Turnava da ölkəsinin Azərbaycan və Türkiyə ilə birgə əməkdaşlığı sayəsində həyata keçirilən regional layihələrdən, xüsusən nəqliyyat layihələrindən danışıb.

Səfər çərçivəsində Baş Nazirin müavini Şahin Mustafayev Çinin Şensi vilayətinin vitse-qubernatoru Sü Daton, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov, İranın Sənaye, Mədən və Ticarət naziri Reza Rəhmani, habelə "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin rəhbər şəxsləri ilə də görüşüb. Görüşlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycan ilə Çinin müxtəlif qurumları və şirkətləri arasında sənədlər imzalanıb. Buraya Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə ÇXR Kommersiya Nazirliyinin Ticarət İnkişafı Bürosu və Şanxay Xarici İnvestisiyaların İnkişafı Mərkəzi arasında anlaşma memorandumları, Şensi vilayətinin Veynan şəhərində Azərbaycan Ticarət Evinin açılmasına dair əməkdaşlıq müqaviləsi, habelə Azərbaycan məhsullarının Çinə ixracı ilə bağlı şirkətlər arasında alqı-satqı və distribütorluq müqavilələri daxildir.

II Çin Beynəlxalq İdxal Sərgisində iştirak edən nümayəndə heyətimizin üzvləri sərgidə fəaliyyət göstərən Azərbaycan pavilyonlarına baş çəkib, şirkətlərimizin nümayəndələri ilə söhbət ediblər.

Qeyd edək ki, Azərbaycan bu il Çin Beynəlxalq İdxal Sərgisinin həm ölkələr, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunur. Ölkələr bölməsindəki 136 kvadratmetrlik Azərbaycan pavilyonunda ölkəmizin iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş olunur. Bundan başqa, ziyarətçilər üçün monitorlarda Azərbaycana aid videolara baxmaq imkanı yaradılıb.

Biznes bölməsindəki 300 kvadratmetr sahəsi olan Azərbaycan pavilyonunda isə "Made in Azerbaijan” brendi ilə bazara çıxarılan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar, o cümlədən şərablar və spirtli içkilər, qənnadı məmulatları, meyvə şirələri və kompot, quru meyvələr, mineral sular, konservlər istehsal edən 26 şirkətimiz mallarını yerli idxalçılara təqdim edir. Azərbaycan şirkətləri istehsal etdikləri məhsulların Çinə ixracına dair danışıqlar aparıb, ilkin razılaşmalar əldə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video