08 Noyabr 2019 00:47
850
İQTİSADİYYAT
A- A+

Yeniləşən infrastruktur, modernləşən texnologiya


Dünyanın yeraltı yollar ailəsinə Yaxın Şərqdən daxil olan ilk metropoliten bu gün 52 illik fəaliyyət dövrü yaşayıb. Bakı Metropoliteni gün ərzində 630 mindən artıq paytaxt sərnişininə xidmət etməklə, şəhərin əsas nəqliyyat arteriyasına çevrilib.

Bakıda metro tikmək ideyasının, layihədən tutmuş ilk qatarın hərəkətə gətirilməsinə kimi, reallaşma yolu uzun və keşməkeşli olub. Ötən əsrin 30-cu illərində yaranan bu fikir 60-cı illərin ikinci yarısında həyata keçib. 1967-ci ilin bir payız səhəri şəhərin 5 yeraltı sarayı ilk sərnişinlərini paralel olaraq qəbul etdi. O günü Bakı sakinləri böyük səbirsizliklə gözləyirdilər. 6 noyabr 1967-ci il. Təqvimin bu günü bütün şəhərin, hətta bütün ölkənin həyatında əlamətdar bir tarixdir: Bakı metrosunun birinci növbəsinin birinci buraxılış sahəsi olan 5 stansiyanın - "İçərişəhər”, "Sahil”, "28 May”, "Gənclik”, "Nəriman Nərimanov” stansiyalarının ilk sərnişinlərini qəbul etdikləri gündür. 1968-ci il fevralın 17-də "Xətai” stansiyası da istifadəyə verilməklə birinci növbənin 9,92 kilometrlik ilk buraxılış sahəsində işlər başa çatdı.

1969-cu ildən Bakının yeraltı yollarının inkişafında yeni bir dövr başladı. Ümummilli Lider Heydər Əliyevin həmin ilin iyul ayında respublikaya rəhbər seçilməsi ilə sənayenin bütün sahələrində ciddi tədbirlər görüldü. Ulu Öndərin daim diqqət mərkəzində saxladığı sahələrdən biri də Bakı metrosunun tikintisi idi. O vaxt tikinti işləri üçüncü buraxılış sahəsində gedirdi. 1970-ci il aprelin 18-də Heydər Əliyevin iştirakı ilə istifadəyə verilən ilk yeraltı saray "Nəriman Nərimanov-Ulduz” oldu. Ümumən hazırda metronun istismar xətlərinin uzunluğu 36,6 kilometrə çatır ki, bunun da 22,3 kilometri Ulu Öndərin rəhbərliyi ilə tikilib.

Böyüməkdə olan və durmadan inkişaf edən Bakının yeraltı nəqliyyatının - Metropolitenin inkişafı Heydər Əliyevin arzularında önəmli yer tuturdu. O, paytaxt üçün həyati əhəmiyyətli olan bu sahəni diqqətdə saxlamağı xələflərinə, onun siyasətini davam etdirəcək varislərinə də vəsiyyət etmişdi. Ulu Öndərin tövsiyələri, tapşırıqları bu gün ardıcıl və uğurla yerinə yetirilir. Prezident İlham Əliyev metropolitenin inkişafına, metro işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hərtərəfli diqqət və qayğı göstərməklə Ulu Öndərin kursunu davam etdirir. Onun xüsusi tapşırığı ilə 2006-2011-ci illər ərzində "Nəsimi-Dərnəgül” sahəsinin inşası başa çatdırıldı. Ən əsası, Bakı metrosunun gələcəyini müəyyən edən yeni konseptual inkişaf sxemi təsdiq edildi.

Bakı metropoliteninin inkişaf tarixinin ən mühüm mərhələlərindən biri də öz başlanğıcını 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaranmasından götürür. Bakı metrosunun 52 illik tarixinin 5 ili məhz bu dövrü əhatə edir. Bu mərhələnin əsas vəzifələri, ilk növbədə, metronun inkişafı üzrə dövlət proqramının reallaşdırılması, istismarda olan xətləri müasir texnologiyaların tətbiqi ilə dövrün tələblərinə uyğunlaşdırması, istismar müddətini başa vurmuş vaqon və avadanlıqların yeniləşdirilməsi, hərəkətin təşkilində, yeni xətlərin tikintisində ən son yeniliklərin tətbiqi ilə Bakı metrosunun dünyanın ən qabaqcıl yeraltı nəqliyyatı sırasına çıxarılması idi. Bu, dövlət başçısının sənayenin bütün sahələrində inkişafa nail olmaq üçün irəli sürdüyü vəzifə idi: "Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır”.

"Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin 5 ildən bir qədər artıq dövrü ərzində yeni xətt üzərində 2 stansiya istifadəyə verilib. Sayca üçüncü olan Bənövşəyi xəttin "Avtovağzal” və "Memar Əcəmi” stansiyaları ən son texnologiyalarla təchizatı, müasir tələblərə cavab verən infrastrukturu, memarlıq xüsusiyyətləri ilə seçilirlər.

Dövlət proqramı mövcud xətlərin inkişafı üzrə qarşıya mühüm məsələlər qoyur. Onların həlli istiqamətində əsaslı layihələrin həyata keçirilməsi təmin edilməlidir. Bu işlərə başlamazdan əvvəl xidmət mədəniyyətinin keyfiyyətinə təsir edən amillərdən biri kimi, stansiyaların memarlıq görkəmini eybəcərləşdirən ticarət köşkləri, forma və məzmun mahiyyətinə görə bəsit, primitiv reklam lövhələri ləğv edilməli idi. QSC rəhbərliyi bütün maneələrə məhəl qoymadan bu işi qətiyyətlə tez bir zamanda həll etdi. Bundan sonra isə stansiyalarda konstruktiv dəyişikliklərə başlamaq olardı. 2009-cu ildə dövlət başçısının iştirakı ilə açılmış "28 May” stansiyasından sonra ən böyük problemlərdən biri də həllini tapdı - "Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı istifadəyə verildi. Stansiyaların yenidən qurulması, əsaslı təmir işləri daha yüksək sürətlə davam etdirildi. QSC-nin fəaliyyəti dövründə "Gənclik”, "Nəriman Nərimanov”, "İnşaatçılar”, "Qara Qarayev”, "Neftçilər” stansiyalarının vestibül və piyada keçidlərində, "Elmlər Akademiyası”, "Nizami”, "Sahil”, "Bakmil”, "Xətai” stansiyalarında əsaslı təmir və yenidənqurma işləri aparıldı. "İnşaatçılar”, "20 Yanvar”, "Elmlər Akademiyası”, "Sahil”, habelə əsaslı təmir işləri bu yaxınlarda başa çatmış "Xətai” stansiyalarında istismar müddəti ötmüş eskalatorlar Almaniyanın "Thyssen Krupp” şirkətinin istehsalı olan yeni, daha müasir, dünya standartlarına uyğun qurğularla əvəz edildi. "28 May”da olduğu kimi, "Xətai”, "Sahil” stansiyalarında da əvvəlki 3 eskalatorun əvəzinə 4 yenisi quraşdırıldı.

İstismar sahəsinin maddi texniki bazasının gücləndirilməsinin, hərəkətin təşkili və idarə olunmasında yeni texnologiyaların tətbiqi miqyasının genişləndirilməsi üzrə işlər gündən-günə sürətini artırmaqda idi. "Nərimanov” elektrik deposunda ehtiyat hissələrin tədarükündə, detal, maşın və mexanizmlərlə təchizatda köklü dəyişikliklər baş verməklə, günün tələblərinə uyğun iş norması və prinsiplərinin qurulmasına başlanıldı.

Qaldırma təmiri sexi əsaslı şəkildə yenidən qurulmaqla, orada istehsal prosesinin təkmilləşdirilməsi, əl əməyi həcminin azaldılması üçün tədbirlər görüldü. Arabacıqların, vaqon hissələrinin yuyulması üçün yeni qurğular alındı, vaqonları qaldıran domkratlar yeniləndi, baxış qanovlarının əsaslı təmiri, təkər cütlərinin təmiri sexində işin keyfiyyətini artıran tədbirlər tez bir zamanda öz bəhrəsini verdi. Bunun nəticəsində qatarların nasazlıq səbəbilə xətdən çıxarılması halları kəskin şəkildə azaldı.

Depo şəraitində vaqon təmirinin bütün növlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsinə nail olmaqla yanaşı, təmirin daha yüksək mərhələsi olan əsaslı təmir prosesi üçün də baza yaradıldı. Bunun üçün xüsusi olaraq tikilən vaqonların əsaslı təmir sexi artıq iki ildir ki, fəaliyyətdədir. İndi Bakı metropoliteni öz vaqonlarını əsaslı təmir üçün əvvəllər olduğu kimi, Moskva, Xarkov və Tbilisi şəhərlərinə göndərmir. Bu isə istismar xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla daşımanın maya dəyərini aşağı salır.

Eyni zamanda, vaqon parkının yeniləşdirilməsi üzrə işlər də mütəmadi şəkildə davam etdirilib. 2016-cı ilin aprel ayından başlayaraq bugünə kimi, Rusiyanın "Metrovaqonmaş” ASC-dən alınan 55 vaqon xəttə buraxılıb. Bunun davamı olaraq, elə bu günlərdə Rusiya vaqon istehsalçıları ilə yaxın 3 il ərzində daha 60 vaqonun alınması barədə müqavilə imzalanıb. Texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub olan yeni vaqonların idarəolunma sistemi mikroprosessor əsasında qurulub.

Metro üçün əlahiddə əhəmiyyətə malik metroloji təminat sistemi yenidən qurulub. Bakı Metropoliteni infrastrukturunun kompleks şəkildə texniki müayinəsi üçün hələ də dünyada bənzəri olmayan müasir diaqnostika kompleksi işə başlayıb.

Sürətlə yeniləşmə, əlbəttə, yeni texnologiyalarla işləyə bilən kadrlar tələb edir. Onların hazırlığı üçün MDB metropolitenlərinə nümunə ola biləcək təlim-tədris mərkəzi yaradılıb. Cari ilin oktyabr ayında isə illərin arzusu həyata keçirilərək, bu mərkəz metro tarixində xüsusi yeri olan bir təlim-tədris ocağına çevrildi. Aparılmış əsaslı yenidənqurma sayəsində müxtəlif əyani vəsaitlərin, o cümlədən 15 maket, 200-dən artıq texniki stend, avadanlıq, işçi vasitə, habelə audio-vizual, elektron və statik vəsaitlər bir mərkəzdə metropolitenin bütün sahələrini öyrənmək üçün əyani elm, təlim və tədris ocağına çevrilib.

Yeniliklər hərəkətin təşkili ilə bağlı olan bütün təsərrüfat sahələrində mütəmadi şəkildə həyata keçirilir. Tunellərdə 2014-cü ilin sonundan başlayan sağlamlaşdırma, əsaslı təmir işləri mütəmadi olaraq davam edir. Yol təsərrüfatında həyata keçirilən yeniliklər isə Bakı Metropoliteni tarixində yeni bir eranın başlanğıcından xəbər verir. Uzun illər yolda tətbiq edilən ağac şpalları iqtisadi cəhətdən daha sərfəli və ömrü bir neçə dəfə uzun olan beton şpallar əvəz edir. Yollarda isə gödək ağac şpalların əvəzinə QSC-nin öz istehsal sahəsində dünyanın aparıcı şirkətlərindən olan "Vollert”in texnologiyaları əsasında qurulmuş sexdə istehsal olunan konstruksiyalardan, ən müasir yolun üstquruluşu elementlərindən istifadə olunur. Yenilik pilot layihə kimi uzun illər mövcud olmayan qatarların sınaq yolunun inşasında tətbiq edildi. Onu da qeyd edək ki, sınaq yolu son 5 ildə böyük əhəmiyyətə malik olan bir tədbirlərdəndir. Bu vaxta qədər təmirdən çıxan qatarlar sərnişin qatarlarının hərəkəti vaxtı xətdə yoxlanılırdı ki, bu da hərəkətin təşkili prosesində ciddi problemlərin yaranmasına səbəb olurdu.

Ümumiyyətlə, yeni ballastsız yol dünyanın əsas dəmir yollarında geniş tətbiq olunur, iqtisadi cəhətdən sərfəli və təhlükəsizlik baxımından daha etibarlıdır. Bu yenilik metronun yeni tikilən xətlərində, o cümlədən Bənövşəyi xəttin "B-3” stansiyasının tikintisində tətbiq edilib. Bundan savayı, yenicə əsaslı təmir edilmiş "Xətai” stansiyasının yolunda da mövcud xətlərdə ilk dəfə tətbiq edilib.

Hərəkətin təşkilində yeni sistemlərin tətbiqinə gəldikdə, hərəkət prosesinə real vaxt müddətində operativ nəzarəti həyata keçirmək imkanı verən SCADA sistemlərin tətbiqinə başlanılıb. Bu sistem obyektlə rabitə qurğuları arasında informasiya mübadiləsini təmin edən, informasiyanı təhlil etməklə monitorda anlaşıqlı şəkildə əks etdirən, texniki göstəricilər bazasını yaratmaqla qəza siqnalizasiyasını və digər bu qəbildən olan funksiyaları yerinə yetirən proqram paketidir. "Thales” şirkəti ilə əməkdaşlıq şəraitində SCADA Bakı Metropoliteninin ancaq yeni "Bənövşəyi” xəttində qismən tətbiq olunur. Lakin "Nərimanov” elektrik deposundan başlamaqla yeni sistemlərin mövcud Qırmızı və Yaşıl xətlərdə də tətbiqinə başlanılacaq. "Ox sayğacı” sisteminin quraşdırılması ilə təməli qoyulacaq bu işlərin ilk mərhələsinə start verilib.

Ötən müddət ərzində metronun havalandırma sisteminin də yenidən qurulması sürətləndirilib. 2018-ci ildə ventilyatorların iş qrafiki tam yeni əsaslarla quruldusa, 2019-cu ildə 7 ən müasir ventilyatorun alınaraq müasir tələblər səviyyəsində fiberoptik xətlərlə quraşdırılması daha bir yeniliyin təməli oldu. 2020-ci ildə isə 16 yeni ventilyator alınaraq, onlardan 10-u məhz mövcud xətlərdə quraşdırılacaq.

2018-ci ildə Mingəçevir İES-də baş vermiş qəzadan sonra yaranan enerji böhranının ən çox təsir etdiyi sahələrdən biri kimi, metropolitendə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə dizel-generator stansiyalarının qurulması ilə unikal ehtiyat elektrik enerji mənbələri yaradılıb. Artıq yüksəkgərginlikli elektrik enerjisinin verilişi kəsiləndə də metro öz sərnişinlərinə xidmət göstərəcək.

Bu gün Bakı Metropoliteni dünya metropolitenləri ailəsinin layiqli üzvlərindən hesab edilir. Metropoliten bu haqqı sərnişinlərə göstərilən xidmətin yüksək səviyyəsinə, sərnişinlərin yeraltı nəqliyyat işçilərinin əməyinə verdiyi qiymətə görə qazanıb.

Bəxtiyar ƏZİZLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video