07 Noyabr 2019 15:32
1357
PARLAMENT
A- A+

Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi Milli Məclisdə müzakirə olunur


Xəbər verdiyimiz kimi, məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş ikinci qanun layihələri paketi müzakirəyə çıxarılıb.

Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul edilmiş və islahatların institusional komponentini əhatə etmişdir. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək həmin dəyişikliklərə əsasən ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulmuşdur.

AZƏRTAC xəbər verir ki, hazırkı sənədlər toplusuna daxil olan layihələr 12 normativ hüquqi akta, o cümlədən Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, "Məhkəmələr və hakimlər haqqında”, "Məhkəmə-Hüquq Şurası haqqında”, "Dövlət məhkəmə ekspertizası haqqında”, "İnzibati icraat haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.

Qeyd edilən layihələrin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələrindən ibarət işçi qrupları yaradılmış, statistik məlumatlar və mövcud təcrübə təhlil edilmiş, qabaqcıl beynəlxalq təcrübə öyrənilmişdir. Həmçinin hüquq ictimaiyyətinin, akademik dairələrin, sahibkarların iştirakı ilə geniş ictimai dinləmələr keçirilmiş, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda Amerika Ticarət Palatasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təklifləri və rəyləri toplanmışdır.

Müzakirəyə çıxarılan layihələr vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir.

"Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən dəyişikliyə əsasən vahid məhkəmə təcrübəsi yaradılmasının məqsədi ədalət mühakiməsi həyata keçirilərkən məhkəmələr tərəfindən hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etməkdir.

Layihəyə əsasən Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini həm baxdığı ayrı-ayrı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, həm də Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırmalıdır. Ali Məhkəmə izahların dövrün tələblərinə uyğunluğunu təmin etmək məqsədilə onları daim yeniləməlidir.

Qanun layihələrinə əsasən məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi nəzərdə tutulur. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınacaqdır.

Qanun layihələri paketinə daxil olan ikinci mühüm istiqamət məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişləndirilməsidir. Təklif edilən dəyişikliklərə əsasən yeni bir hüquqi institut – özəl məhkəmə ekspertizası institutu yaradılır, özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir.

Layihəyə əsasən mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək.

Hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir. Bu sənədlər toplusuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi, mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlili və təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması ilə bağlı qanunvericilik aktlarının layihələri daxildir.

Bununla yanaşı, Məhkəmə-Hüquq Şurasından verilən məlumata əsasən 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq yeni inzibati və kommersiya məhkəmələrinin, habelə Ali Məhkəmənin və apellyasiya instansiyası məhkəmələrinin yeni məhkəmə kollegiyaları üçün hakim korpusunun formalaşdırılması işi davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video